Əl əməyi, göz nurunun
bəhrəsi olan festival
Cırtdan
qurtarıb, Tıq-tıq xanım qalıb, xalça, kilm,
tar-kaman da var
Sentyabrın
27-də Dövlət Turizm Agentliyi tərəfindən
Ümumdünya Turizm Günü münasibətilə bir
sıra tədbirlər həyata
keçirildi. Ölkəmizə gələn
turistlər tamamilə fərqli qarşılandı.
Azərbaycana hava limanından daxil olan hər bir turistə
sərhəd buraxılış məntəqəsində
milli şirniyyatlardan ibarət hədiyyələr təqdim
olundu.
Həmin
gün yerli və xarici turistlər "Yanardağ”
Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğu, eləcə də "Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunun
xidmətlərindən pulsuz yararlandılar.
Ümumdünya
Turizm Günündə Bakının Fəvvarələr
meydanında da bayram ənənəsi davam etdirildi. Belə ki,
turistlər və yerli vətəndaşlar üçün nəzərdə
tutulmuş stendlərdə xalçaçı, kilimçi,
papaqçı, oymaçı, zərgər, dulusçu kimi
sənətkarların, eləcə də milli musiqi alətlərinin,
araqçın və qurama sənətkarlıq
nümunələrinin hazırlanması prosesi
göstərilir və buradaca hazırlanan əl işləri
satışa çıxarılırdı.
Bundan
başqa, keramika, gil və miniatür ustalarının əl
işlərindən ibarət sərgi təşkil edildi,
master-klasslar göstərildi.
4 gün
ərzində səhər saatlarından axşam saat
18:00-dək davam edəcək festivalda bal və milli
şirniyyat nümunələri də nümayiş olunur.
Biz də
turistlərin bayramına əhval qatmaq üçün
festivala yollandıq. Havanın küləkli və soyuq
olmasına baxmayaraq, sərginin və stendlərin
turistlərin diqqətini çəkdiyinə şahidlik etdik.
Burada bir növ bayram ab-havası hökm sürürdü.
Milli mədəniyyət nümunələri bizə köhnə
Bakını xatırlatdı
Kilimçi
Nazilə Əbilova kiçik kilim stendi qarşısında
bir turistlə söhbət edirdi. Onunla biz də
həmsöhbət olduq:
"Kilimlərimizə iranlılar,
ərəblər, ruslar, qırğızlar,
türkmənlər daha çox maraq göstərirlər.
Hətta türkmən və qırğız turistləri
kilimlərimizə baxanda, özlərində də kilim
istehsal edən müəssisələrinin olduqlarını
bildirirlər. Sadəcə olaraq, onların üslubları,
dəsti-xətləri tamam fərqlidir. Türkmənlər
bizim kilimlərimizdə olan naxışlarımızı
və ilmələrimizi çox bəyənirlər. Hətta
bəzilərini xatirə kimi alıb, nümunə olaraq
özləri ilə ölkələrinə aparırlar.
Satışa çıxardığımız kilimlərin
üzərinə Azərbaycan naxışları həkk
olunub. İstəyirik ki, buranı ziyarət edən
turistlər öz ölkələrinə gedəndə
Azərbaycanı xatırladan bir hədiyyə aparsınlar”.
Nazilə
xanım deyir ki, təqdim etdikləri kilimlərin
hamısı onun öz əl işləridir: "Elə
kilimlər var ki, bir günə, elələri də var 4
günə ərsəyə gəlib. Turistlər daha çox
rəngli kilimlərə üstünlük verirlər. Ancaq
iki gündür ki, alıcı sayı bir qədər azaldır
Stenddə
ən bahalı kilim 100, ən ucuzu isə 15 manat civarında
idi.
Kilimdən
sonrakı stenddə kiçik toxuma palaz və xalçalar
sərgilənirdi. Sərginin başında isə əl
palazlarının müəllifi Rəhilə Əhmədova
dayanmışdı. Rəhilə xanımdan turistlərlə
hansı dildə danışdığını soruşuruq:
"Turistlər bizimlə rus və ingiliscə
danışırlar. Xarici dili bilməsəm də, onlara fikrimi
izah edə bilirəm. Belə ki, xalçaların
qiymətlərini kağızlara yazıb göstəririk.
Bundan bir neçə dəqiqə əvvəl ingilis bir
xanım xalçaları alıb apardı. Turistlər daha
çox, üzərində zeytun şəkli olan xalçalar
alır. Əslində, bu xalçanı bazara
çıxaranda hesab edirdim ki, həmin xalçalar
satılmaz. Xalçadan da çox, palazlara böyük
diqqət var”.
Bu
stenddə ən bahalı xalça 60, ən ucuz
xalça isə 10 manat idi.
Festivalda
göz oxşayan stendlərdən biri də kuklaların
asıldığı stend idi. Kukla hazırlayan Sədaqət
Kərimova deyir ki, əsasən kiçik kuklalar
alınır: "Kuklaları evdə hazırlayıb,
mağazalara, satış obyektlərinə veririk.
Bugünkü festivalda bizim kuklalara böyük
diqqət var. Azərbaycan nağıllarının
qəhrəmanlarının kuklaları satılır.
Hətta hazırda Cırtdan və Tıq-tıq xanım kimi
nağıl qəhrəmanlarımızın kuklaları
satılıb qurtarıb. Satışda ancaq tez
ərsəyə gələn kuklalar var. Bütün bunlara
baxmayaraq, satış azdır. Bunu da havanın soyuq
keçməsi və alıcıların çoxunun belə
bir yarmarkanın açılmasından xəbərinin
olmamağı ilə əlaqələndirirəm”.
Bu
stenddə kuklaların ən bahalısı Cırtdandır
ki, onun qiyməti 100 manatdır. Ən ucuzu kulanın
qiyməti isə 6 manatadır
Festivalın
keçirildiyi küçədə milli musiqinin
sədası, qovurulmuş şabalıdın iyi və milli
ornamentlərin göz önündə hazırlanması
alıcılar və turistlərə xoş ovqat bəxş
edirdi. Adətən, Novruz bayramında və Yeni İl
şənliyində şəhərin mərkəzində
belə stendlərin hazırlanmasına öyrəşdiyimiz
halda, turizm günündə bu bayram ab-havası
vətəndaşların da sevincinə səbəb
olmuşdu.
Stendlərin
içərisində milli geyimlərin olduğu bölmə
rəngarəngliyi ilə diqqəti uzaqdan cəlb edirdi.
Həmin
bölməyə yaxınlaşaraq, bizi milli geyimləri
hazırlayan, Rəssamlar İttifaqının üzvü,
tətbiqi sənət ustası Səbinə Qarayeva ilə
söhbətləşdik. Səbinə xanım təkcə
milli geyimləri, araqçınları və
üstlükləri hazırlamır, o, eyni zamanda daşlardan
qolbaqlar, sırğalar, bilərziklər hazırlayaraq,
müştərilərə təqdim edirdi. Səbinə
xanım gün ərzində daha çox, arxaçın
satdığını deyir: "Turistlərin təbii
daşlara və onlardan hazırlanan əl işlərinə
olan marağını nəzərə aldım və bu
gün satışa məhz onları
çıxardım. Stendə yaxınlaşan
gənc xanımlar isə daha çox şəkil
çəkdirirlər. Milli kökümüzə
dönüş sevindirici haldır”.
Səbinə
xanım milli geyimləri göstərərək deyir ki, uzun
müddətdir bu işlə məşğuldur:
"Valideynlər öz uşaqlarına milli geyimlər
alırlar. Məktəbdəki tədbirlərdə bu
geyimlərdən istifadə edirlər. Mən bir neçə
bağça və məktəb üçün milli geyim
hazırlamışam. Kosa, keçəl geyimləri,
üzərində milli ornamentlər olan geyimlər hazırlayırıq.
Satışa çıxardığım geyimləri öz
emalatxanamda hazırlayıram. Uzun müddətdir ki, bu
işlə məşğulam. Nəinki milli geyim, başqa
xarici qəhrəmanların da geyimlərini
hazırlayırıq. Mən çox da bahalı parçadan
istifadə etmirəm. Müştərilərin
alıcılıq qabiliyyətini nəzərə alıram”.
Stenddə ən
bahalı geyim 100, ən ucuz geyim isə 40 manatdır.
Ərəb turist Ammar Vabbed deyir ki, bu, onun
Azərbaycana ikinci gəlişidir və hər dəfə
Bakıya gəldikdə özü ilə hədiyyələr
alır: "Elə düşünürdüm ki, milli
ornamentlərdən ibarət suvenirlər
yalnız Qoşa Qala qapıları tərəfdə
satılır. Bu stendlərdə nümayiş olunan
suvenirlər daha canlıdır və qiymətlər
də münasibdir, çeşidlər çoxdur. Ən
əsası isə bunların hamısı əl
əməyidir. Əl işləri bizim üçün
çox dəyərlidir. Mən daha çox sizin musiqi
alətlərinizin kiçik modelini aldım. Onlar mənə
daha maraqlı gəldi”.
Qeyd
edək ki, turizm sərgisi sabah saat 18:00-a qədər davam
edəcək.
Xəyalə
Rəis
Kaspi 2018.-
29 sentyabr - 1 oktyabr.- S.6.