QOŞA XALIN
“QAYIDIŞI”...
Mandala yaradıcısı Leyla
Şahbazovanın sənət
dünyası haqqında
Vaxtilə İrəvanda baş tutan toyların birində məşhur xanəndə Cabbar Qaryağdıoğlunun gəlin
tərifi kimi səsləndirdiyi "İrəvanda
xal qalmadı, O xal nə xaldı,
üzə düzdürmüsən? De görüm
nə xaldı, qoşa düzdürmüsən?”
sözləri bir əsrdən çoxdur ki,
ürəyəyatımlı musiqiyə bələnmiş
tutumda biz azərbaycanlıların
dilində dolaşmaqdadır,
desək, yanılmarıq.
Həmin qoşa xalın anadangəlmə olmasına heç birimizin şübhəsi qalmadığı halda,
indi məlum olur ki, gənc
qızın gözəlliyinə
gözəllik qatan həmin xallar təbii deyilmiş və zamanında onları gəlinin bəyaz çöhrəsində
əbədiləşdirən ustalar varmış. Bu döymələrin bədəni bəzəməsi
və onun tarixi barəsində
2000-ci illərin əvvəllərində
bu mövzunu təsviri sənətə
gətirən mərhum
rəssam Sara Manafova ilə xeyli söhbətlərimiz olmuşdu.
Odur ki, bu ilin
sentyabrında gənc
rəssam Leyla Şahbazovanın çəkdiyi
və xalq arasında daha çox tatu kimi tanınan çoxsaylı mandalaları
gördükdə içimdə
təsviri sənətimizə
yeni nəfəs gətirmək istəyi ilə yaşayan belə bir yaradıcının
mövcudluğuna çox
sevindim. Bundan bir müddət sonra-ötən ilin noyabr ayında tanınmış sənətşünas
Telman İbrahimovun
internet səhifələrində tatuların həyatımızda
yeri barəsində paylaşdığı məlumatda
həmin qoşa xalın-döymənin İrəvanlı
gözəlin üzündə
qərarlaşmasının qədim mədəni ənənələrdən qaynaqlandığını
dilə gətirməsi əslində,
gənc rəssamın
simasında tarixi keçmişə yeni yaradıcı münasibətin
baş verdiyini söyləməyə əsas
verirdi.
Tarixən kainatın həndəsi
sxemi, onun quruluşu kimi təsvir olunmaqla, həm də dini mahiyyətli rəmz sayılan və öncə buddizmdə - qədim Hindistan mədəniyyətində yer
almaqla dünyaya yayılan mandalanın uzaq Azərbaycana gəlişini-Qobustan qaya rəsmlərində
əksini tapmasını
da haradasa insanların ona olan marağı ilə izah etmək
olar. Amma onun zamanında Altaydan tutmuş Türkiyə ərazisinə
qədər yayılması
ilə yanaşı, Qədim Mesopotamiya, Afrika və Yaxın Şərq ölkələrinin
həyatında yer
almasını həm
də insanların yəqin ki, mandaların qoruyucu-magik gücünə inanmalarının
nəticəsi sayıla
bilər...
Mandalada
hifz olunan fəlsəfi tutum və onun çoxqatlı
məna-məzmunun müxtəlif
formalı rəmzlərdən
"boylanması”nın qədim
tarixə malik olması bəzən onun tamaşaçısını bu tükənməz qaynağın
az qala dünya
naxış saxlancının
qaynağı olmasına
inandırır. Əsas
bədii göstəricisi
kvadratın daxilinə
çəkilmiş dairə
olan mandala cizgi ritminə, bəzən rəng uyarlıl;ğına, bəzən
də -təzadına
görə, sonralar Şərq mədəniyyətinin
bütün sahələrinə
yayılmaqla, əslində,
onların həm də özünəməxsus
cizgilərlə-bədii məziyyətlərlə
zənginləşməsini şərtləndirmişdir. Təsviri, daha
çox isə dekorativ-tətbiqi sənətin
əksər sahələrinin
bəzək elementinə
və məna-məzmun
daşıyıcısına çevrilən mandalarda cəlbediciliyin duyulası
olmasındandır ki,
elə ilk baxışda
mənəvi qaynağa
çevrilən bu sənət nümunələri
ovsunlayıcı görünürlər.
Leyla xanımın Bakı sərgisində də belə əsərlər kifayət qədər çox idi. Yüksək
bədii-estetik dəyərinə
görə həm də zamansızlığa
və məkansızlığa
qovuşduğunu sərgiləyən
müəllifin bu mandaları göstərdi
ki, o, milli təsviri sənət məkanımıza yeni rəng qatmaq gücündədir. Odur
ki, həm qədim, həm də müasir olan mandalanın rəssamlığımıza yeni
qayıdışını yalnız alqışlamaq olar...
Yuxarıda qeyd etdiyimiz kimi çox qədim tarixə malik olan mandalaların
bizim günlərdə
Leylasayağı təqdimatında
da onların ənənəvi olaraq bələndikləri fəlsəfi-rəmzi
qatların yeni
və özünəməxsusluğu
görünürdü. Bu başqalarından fərqlənmənin
kökündə müəllifin
fərdi yaşantılarından
qaynaqlanan və rəssam təxəyyülü
ilə bənzərsiz
naxışlara çevrilən
mandalarında həm də suallı olması durur. Qənaətimizcə, bu mənada
rəssamın "sirr
qatı”na bələndiyi
danılmaz olan kompozisiyaları qarşısında
dayanan tamaşaçı
ilə təsvir arasında mənəvi dialoqun yaranmasının özü rəssamın məqsədinə çatdığının
göstəricisidir. Onun
rəng və cizgilərdə ifadə olunan arzu-kompozisiyalarında
ümumi formadan məzmun daşıyıcılığına
uzanan yol həm də zamanlar arasında mənəvi körpü yaradıcısı kimi çıxış etdiyindən,
onlar ümumi görüntüsündə həm
də müasirliyin duyulduğu "nur məcmusu” kimi görünürlər...
Gənc rəssamın zahiri görünüşü obrazlı
görkəm almış
mandalarının məna-məzmun
daşıyıcılığının
bilavasitə duyulası
düşüncə qaynağına
çevrilməsi də
onun bədii axtarışlarında çoxqatlılığa-Şərq
mədəniyyəti ənənələrindən
qaynaqlanmağa üstünlük
verməsinin göstəricisi
sayıla bilər. Bu mənada
Leyla xanımın bir əsərdə insanı, səmanı və dənizi, digər kompozisiyada isə nəbatat
və heyvanat aləminin bitki ilə vəhdətdə təqdimatı, şəfəq
formasını alan memarlıq elementlərinin
nəticə kimi qəbul olunan qovşağındakı harmoniyanın
gözəlliyin daşıyıcısı
kimi ifadəsi cəlbedici və yaddaqalandır. Mandaların ağ-qara cizgi axıcılığında, bəzən
də onlara əlavə olunmuş yığcam rənglərin
ümumi tutumunda müəllifin ovqat yaratmaq istedadının işartıları görünməkdədir.
Onun təkcə lələk formalı mandalasında bunu duymaq mümkündür.
Bu lələyin xüsusi
ritmli açılışından
"boylanan” və dünyadan "buta”sını
arzulayan ürəklərin
göz muncuğuna tapınmasına verilən
bədii görüntü
ilk növbədə obyektə
- mövzuya incə müəllif yanaşmasının
nəticəsidir. Həmin
mandalarda ali
reallığın rəsm-bədii
görüntü şəklində
əksi fəlsəfi
qata bələndiyindən
tamaşaçı düşüncələrini
pərvazlandırmaq gücündədir.
Tarixən məhəbbət, xoşbəxtlik,
uğur və sərvəti insana cəlb etmək kimi magik gücə
sahib olan qoruyucu-mandalalar
gənc rəssamın
təqdimatında qədim
nümunələrlə anım
yaradan olduqlarından tamaşaçısını ovsunlamaq
gücündədir. Mandalanın
klassik forması ilə səsləşən
bədii "göl”ün
qrafik ləçəklərindən
"boylanan” Şərq
ruhunda isə gənc rəssamın gerçəkliyin harmoniyasının
əldə olunmasına
yönəli bədii
axtarışlarının uğurlu nəticəsi görünməkdədir. Müəllifin
digər bir kompozisiyasında - dairəvi
mandalanın ləçəklərinin
memarlıq elementləri
ilə anım yaradan görüntülərində
də müəllifin
ənənəvi olaraq
"daşlaşmış musiqi” kimi qəbul
olunan və insan baxışlarını
ovsunlayan unikal tikili əzəmətini qabartmaq və mənalandırmaq istəyi
duyulur...
Qədim
zamanlardan gerçəkliyə
münasibətini mağara
rəsmlərində ifadə
edən insanların müxtəlif, o cümlədən,
də rəmzi-fəlsəfi
tutumlu formalardan – mandalalardan istifadəsi də göstərir ki, bu cür
özünüifadələr həm də onun yaradıcılarının
ruhlarında və iç dünyalarında hifz olunan gözəllik
duyumunun bədii təzahürüdür. Mandaların bir
qayda olaraq klassik tutumda ikonoqrafik təsvir və mürəkkəb naxışların toplu halına gətirildiyi, kainatın müqəddəs
rəmzlərdən "hörülmüş”
çeşnisi olması
qarşılığında ona müraciət etməyin hər yaradıcıdan həm də cəsarət tələb etdiyini etiraf etməliyik. Bu mənada ixtisasca hüquqşünas olan və rəssamlıq sahəsində xüsusi təhsil almayan Leyla xanımın çəkdiklərinin yalnız
təxəyyülün nəhayətsizliyindən
və fəhmdən yarandığını söyləsək,
həqiqəti ifadə
etmiş olarıq...
Mandaların ümumi tutumunun incəliyi birmənalı
olan naxış elementlərindən yaranmasının
qarşılığında, irili-xırdalı bu naxış toplusunun aşıladığı yüksək
estetik dəyərlərin
bir araya gələrək mənalandırılması
onun müəllifinin davamlı axtarışlarının
nəticəsidir, desək,
yanılmarıq. Bu gözoxşayan
sənət nümunələrində
Leyla Şahbazova dəst-xəttinin mövcudluğunu
şərtləndirən başlıca
səbəb onların
yaradıcı səmimiliyindən
qaynaqlanmasının nəticəsidir.
Etiraf edək ki, uzaq-yaxın
zaman kəsiyində yaradılan zəngin "mandala ensiklopediyası”nın
xofu ona təsir göstərməmiş
və gənc rəssam yalnız ürəyinin səsinin, yaradıcı təxəyyülünün
ruhuna tapınaraq arzularını fərqli
– başqalarına da maraqlı görünə
biləcək bədii
tutumda gerçəkləşdirməyə
çalışmışdır. Gərgin axtarışlar prosesi zamanı gənc fırça ustasının
insanların bədənlərində
həkk etdirdikləri
mandala-rəsmlərin tətbiq
sahəsinin mümkünlüyünü
sərgiləmişdir. Bakı sərgisinin ekspozisiyasına
daxil edilən və üzəri Leyla xanımın yaratdığı mandalarla
bəzədilmiş geyimlərin
orijinallığı birmənalı
olan estetikası qarşılığında əminliklə
söyləmək olar
ki, onlar artıq həyatımıza
daxil olmaq hüququ qazanıblar.
Həmin geyimlərin ümumi tutumunda ifadə olunan yüksək zövq nümunəsi həm də milli moda
sənətinə yeni
ruh gətirmək gücündədirlər..
Ziyadxan Əliyev
Kaspi $g 2018.- 6-8 yanvar.- S.24.