Nə olursa-olsun, ədəbiyyat,
kino, teatr ölməyəcək
Danil Salihov: “Biz dəmir pərdələr
arxasında böyüyürdük, dünyadan xəbərimiz
yox idi”
Danil Həbibrəhman oğlu Salihov Tatarıstanın ən məşhur yazıçılarından biridir. O, otuzdan çox pyesin müəllifidir. Onun pyesləri əsasında tamaşalar səhnəyə qoyulub və onlar dərin tamaşaçı sevgisi qazanaraq Rusiyanın bir çox teatr repertuarlarını bəzəyir. Bu, heç də təsadüfi deyil. "Qadın deyil, iblisdir", "Atamın qızıyla evlənəcəyəm", "Yolda dayanacaq", "Qəribə adam", "Güllə", "Bəyazid" pyesləri ən çox oynanılan səhnə əsərləridir. Bu gözəl yazıçı həm də Tatarıstan Yazıçılar Birliyinin sədridir.
– Necə oldu ki, vokal
sənətindən dramaturgiyaya keçid etdiniz?
– Musiqi məktəbinə
qəbul üçün çox
böyük konkurs
vardı. Buna baxmayaraq, mən qəbul olundum. Sadə kənd uşağı idim. Daha çox xalq
mahnılarını sevirdim.
Amma səsim opera səsidir.
O vaxtlarsa opera teatrları
Tatarıstanda bir o qədər də inkişaf etməmişdi.
Elə tamaşaçılar da operanı çox da sevmirdi. Amma mən istəyirdim ki, İlham Şakirov kimi oxuyum, onun kimi
tanınım, sevilim.
O, çox gözəl
ifaçıdır. Və
mən düşünməyə
başladım: tutalım
vokalçılığı bitirdim, bəs sonra? Kazanda filarmoniya var. Orda
xorda oxuya bilərəm, amma istəmirəm. Belə-belə fikirlər məndən əl çəkmirdi.
Oxuduğum musiqi məktəbi Q.Kamal adına Tatarıstan
Dövlət Akademik Teatrına yaxın idi. Bir dəfə yanından
keçəndə divara
vurulmuş elanı gördüm. Rejissor Marsel
Səlimcanov Teatr Məktəbinin aktyorluq kursuna qəbul elan edib. Səlimcanov
SSRİ Xalq artisti idi. O vaxtlar belə ad almaq, xüsusuilə də, avtonom respublika vətəndaşının belə
ad alması olduqca mürəkkəb bir iş idi. O, nəhəng
istedad idi. Və mən payızda ora daxil oldum.
Oxudum, orda da işləməyə başladım. İki il çalışandan
sonra K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrına dəvət aldım. İşləyəndə hamıya, hər
şeyə diqqət edirdim. Aktyorlar rol davası
edəndə, təyinat
gedəndə mən tamaşadakı, əsərdəki
əskikləri düşünürdüm.
Düşünürdüm ki, mən bunu belə yox, belə yazardım, bunu tamamilə çıxarardım,
bunu əlavə edərdim. Elə-elə düşüncələrə
dalıb, bir gün özüm yazmaq qərarına gəldim. Bütün düşüncələrimi toplayıb yazdım.
Qələmə aldığım üç pyes ard-arda tamaşaya qoyuldu.
Düzü, bu, elə də
rahat başa gəlmədi. Mən çətinliklərlə üzləşdim. Əvvəlcə pyesimi tamaşaya qoymaq istəmədilər.
Həmişə hər yerdə
pis adamlar olur. Əngəl olmağa çalışanlar
vardı. Lakin tətildən qayıdanda
teatrın rejissoru dedi ki, yay
uzunu qırx pyes oxumuşam, sənin əsərini çox bəyənmişəm.
Pyesini tamaşaya qoyuram. Sabahdan məşqə başlayırıq.
Sonra da bir-bir pyeslərim
tamaşaya qoyulmağa
başladı. Elə
olurdu ki, hər il
tamaşaya qoyulan premyeralardan biri mənim pyesim olurdu. İndiyə qədər otuzdan
çox pyesim səhnələşdirilib. Rusiyanın, Tatarıstanın,
Dağıstanın bir
çox teatr səhnələrində əsərlərim
oynanılıb. Hətta
Rusiya Federasiyası Mədəniyyət Nazirliyi mənim iki pyesimi satın
almışdı. Bu, mənim üçün böyük uğur idi.
– "Bəyazid”
pyesinizdə yazıçı
öz pərisi ilə danışır, onunla məsləhətləşir. Sizcə, Pəri
– ilham pərisi var?
– Əlbəttə, var. Yaradıcı insan İlham pərisiz yaza bilməz. Bu, mümkün deyil. Bilirsiniz ki, əvvəllər senzura, müəyyən qaydalar vardı: nəyi yazmaq olar, nəyi
yazmaq olmaz məsələsini onlar müəyyənləşdirirdi. Bəzən yazıçı fikirlərini
üstüörtülü, ötəri yazırdı.
Çox
çətin idi.
Yazıçı bəzən özü-özü
ilə ziddiyyətə
düşürdü, qarşı-qarşıya
dayanırdı. Müxtəlif səbəblərdən yazıçı
istədiyini tam yaza bilmirdi. Bax onda pəri
yazıçının qarşısına
keçir, niyə ürəyindəkini yox, beynindəkini yazdığına
görə məzəmmət
edir. "Bəyazid”də də eynən o cürdür.
Pəri,
Bəyazidi müəyyən
şeyləri ürəyindən
keçən kimi yox, ağlında emal edib yazdığı
üçün danlayır.
– "Bəyazid”də
qəhrəman hey keçmişini
xatırlayır. İtirdiyi övladlarını,
xanımı Xatirəni
xatırlayır. Demək
olar ki, əsər boyu onu xatirələri müşayiət edir. Siz necə, keçmişinizi çoxmu
xatırlayırsınız? Ümumiyyətlə, xatirələr
sizin üçün
nə anlam daşıyır, yoxsa, ancaq gələcəyə
baxırsınız?
– Xatirələrsiz insan olarmı? Olmaz! İnsan gələcəyə doğru
addımladıqca, etdiyi
səhvləri təkrarlamamaq
üçün keçmişini
yada salmalı, səhvlərini başa düşməlidir. Kənddə atam-anam hələ sağ idi, amma
şəhərə oxumağa
gələndə heç
nəyim yox idi. Çox çətin idi.
Amma məqsədim vardı, ona görə möhkəm idim. Evim-eşiyim
də yox idi. Kirayədə qalırdım. İndi oturub həmin günləri xatırlayıram.
Atamı,
anamı, tələbəlik
illərimi xatırlayıram.
Kövrəlirəm. Bəzən gözümdən yaş da axır
(kövrəlir).
– Qəhrəmanınız Bəyazidi
yazıçı kimi
narahat edən məsələlərdən biri
də gələcəkdə
bugünkü əsərlərin
oxunub-oxunmayacağıdır? Hey düşünür: "Onlar
kiməsə lazım
olacaqmı? Kimsə onların yolunu
davam edəcəkmi?"
Bəyazid sizin yazıçı
qəhrəmanınızdır. Bəlkə də, elə siz özünüzsünüz.
Bəs sizcə, sizi və dövrümüzün
digər yazıçılarını
gələcək nəsillər
oxuyacaqmı? Ədəbiyyat kiməsə lazım
olacaqmı?
– Bilirsinizmi, kino meydana çıxanda dedilər ki, teatr sənəti batdı, daha heç kimə lazım olmayacaq. Amma teatr ölmədi. O,
tamam başqa şeydir, başqa aləmdir. Yaşayır, yaşayacaq!
Biz dəmir pərdələr
arxasında böyüyürdük,
dünyadan xəbərimiz
yox idi. Sərhədlər açılandan, SSRİ dağılandan
sonra xaos yarandı. Hər şeyə maraq
artdı. Birdən-birə informasiya axını gəldi üstümüzə.
İndi telefon, planşet, kompüter dövrüdür.
Uşaqların kitaba, teatra
marağı azdır.
Amma yenə də nə olursa-olsun, ədəbiyyat, kino, teatr ölməyəcək.
Gələcək nəsillər bunu
sevəcək. Tatar xalqı teatral xalqdır. Tatar seyrçisi səs-küylü,
coşqun, qaynar səhnələri sevir.
Tamaşalar o cür olanda
anşlaq olur. Məsələn, dahi Üzeyir Hacıbəylinin
"Arşın mal alan”ı bu gün də bizdə – Tatarıstan teatrlarında tamaşaya qoyulur, həm də çox sevilir.
İnsanlar fərqlidir. Kimlərsə komediya sevir,
kimlərsə faciə.
Hərə bir cürdür.
Bir dəfə teatrda səhnəyə hansısa
komediya qoyulacaqmış.
Görünür, camaat gülmək
həvəsindəymiş. Lakin aktyorlardan xəstələnən
olub, səhnəyə
çıxa bilməyib.
Həmin
gün direktor səhnəyə çıxıb
tamaşaçılardan üzr
istəyir və bu gün səhnədə
həmin komediyanın
yox, "Bəyazid”in oynanılacağını elan
edir. Bəziləri əvvəlcə narazı olsalar da, tamaşa bitdikdən sonra çox məmnun qaldıqlarını və
gözəl əsər
olduğunu bildiriblər.
– "Qəribə
adam” pyesinizdə
baş qəhrəman
kordur. Sizcə korluq nədir?
– Orda qız anasından
soruşur ki, ana, sənin ən xoşbəxt günün hansı olub? Anası da istehza ilə deyir ki, sənin kor atana ərə
getdiyim gün. Bax, insanlar əlinin altında, böyür-başında
olan xoşbəxtlikləri,
gözəllikləri, sevincləri
bəzən görə
bilmirlər. Nəsə böyük
xoşbəxtliklər axtarırlar.
Amma həyat o qədər gözəldir
ki... Hər şeydə bir
gözəlik tapmaq olar, görmək olar. Əgər istəsək. Baxın, indi gözdən əlil insanlar zərrə boyda işığa həsrətdirlər.
Əslində, bütün bu
gözəllikləri görə
bilməyən insanlar
kordur, onlar yox.
– Tatarıstanda indiki zamanda yazıçı əməyi
ilə yaşamaq mümkündürmü?
– Bu gün yəqin ki, yox. Əvvəllər dramaturqlar aldığı
qonorarla normal dolanırdılar.
Qonorarlar
yüksək idi.
Elə mən də əsərlərimə görə
yaxşı pul alırdım. Amma indi
qonorarlar ya yoxdur, ya da
olduqca azdı. Onunla dolanmaq mümkün deyil. Mütləq yazıçı başqa işlə də məşğul olmalıdır. Yəni ayrı
gəlir yeri olmalıdır.
– Siz uğurlu yazıçısınız.
Sizcə
bu uğurun sirri nədədir?
– Yazıçının geniş dünyagörüşü olmalıdır. Mütləq olmalıdır. Həm kənd həyatına, həm şəhər həyatına, adət-ənənələrə, müxtəlif həyat tərzlərinə bələd olmalıdır. Mən kənddə doğulub böyümüşəm, şəhərdə oxuyub püxtələşmişəm. Kənddə də, şəhərdə hər cür tipaj, hər cür obraz var. Mən həmişə onları diqqətlə izləmişəm. Sözlərinə, hərəkətlərinə, xüsusiyyətlərinə fikir vermişəm. Bunları yaddaşıma yığa-yığa sonralar məndə süjetlər, obrazlar yaranmağa başlayıb. Məncə, elə budur mənim uğurumun sadə sirri.
– K.Tinçurin
adına Dram Teatrında bir
müddət aktyorluq etmisiniz.
Sizcə, necə aktyor idiniz,
tamaşaçıların rəğbətini, sevgisini qazana bilmişdiniz?
– Özümü tərifləmək kimi çıxmasın, yaxşı aktyor olmuşam. Həmişə də xarakterik obrazlar yaratmışam. Tamaşaçılar məni seviblər. Buna görə çox şadam. Hətta "Biz kənd uşaqları” tamaşasına dostlarımı dəvət etmişdim, onlar səhnədə məni tanımamışdılar. Mən hər zaman tamaşaçıların sevgisini duymuşam. Nə yaxşı ki dramaturgiyaya aktyorluqdan gəlmişəm. Çünki mən yazanda bütün obrazları ayrı-ayrılıqda oynaya-oynaya yazıram. Onları hiss edirəm. Hiss etməsəm, oynamasam yaza bilmərəm. Həm də yazacağım pyesi əvvəlcədən kinolent kimi görürəm. Onu tam şəkildə gözümdə canlandırandan sonra yazıram.
– Bəs daxilinizdə
bu proses necə gedir. Necə bilirsiniz ki, artıq bu əsər
hazırdır. Onu yaza
bilərəm?
– Yazacağım hansısa əsər məni rahat buraxmır. O qədər beynimdə, ürəyimdə qaynayır, qaynayır, qaynayır ki... Axır tam hazır olanda yazıram. Məsələn, "Arvad deyil, iblisdir” pyesimi bir gecəyə – əvvəl qaralamada yazdım, sonra ağartmaya köçürdüm. Köçürəndə heç bircə vergülü də dəyişmədim. O pyesim səkkiz teatrda səhnələşdirilib. Pyeslərimin redaktəsini də özüm edirəm. Yazanda, bircə sakitlik istəyirəm. Əsasən də gecələr yazıram. Zəhmətimi isə həyat yoldaşım çəkir. Tez-tez qəhvə dəmləyib gətirir. Yazı vaxtı qəhvə içməyi sevirəm.
Söhbətləşdi:
Xanım AYDIN
Kaspi 2018.- 6-8 yanvar.- S.12.