Xoşbəxt günlərimizin qəbzi olmayan yerdə
“Bir axşam payız”a aparmır bu yol”
Maşın təkərləri altındakı
xırıltılar, əslində, göydələnlərin
əhatəsində İçərişəhərin səsidir.
İçərişəhərin, yəni içimizdə hələ
də işartıları sezilən sevgi,
ümid, saflıq şəhərinin. Görəsən ətrafda göydələnlər
olmasa, nə ilə zamanda
səyahət edərik? Həmin göydələnlər əlimizdə
qalan yeganə sehrli çubuqdur. O çubuğu
bir-iki dəfə aşağı
sallayırıq və budur – biz artıq istədiyimiz zamandayıq. Bizim bu İçərişəhər
elədir ki, hər tərəfin divar olduğu, sədd olduğu, sərhəd olduğu
vaxtda anidən qarşına sənə yuva olacaq dibçəkli bir pəncərə çıxır. Sən
də o yuvanın qarşısında
dayanıb hiss etməyə
çalışırsan ki, bax, elə bu an, bu dəqiqə o isti yuvada
"səni sevirəm” nidası eşidilirmi?
Ya da qarşına sığınmağa
bir yer axtaran
balaca pişik çıxır. Tüklərinə baxaraq anlamaq
istəyirsən ki,
son dəfə üzərində
kimin sığalı
gəzib. Bax, İçərişəhər
belədir. Həm yuvasızların,
həm də yuvalıların pənahı.
Gün keçsə,
unudulsa divarlarına toxunan kişinin əl izinin xəritəsindən tapmaq
olar o şəhəri...
Şirvanşahlar sarayının tarixi
Şirvanşahlar saray kompleksi XV əsrdə Şirvanşah
hökmdarı I Xəlilullahın
hakimiyyəti illərində
inşa edilib. Kompleks İçərişəhərin
ən hündür nöqtələrindən birində
– qaya üzərindədir
və 22 hektarlıq İçərişəhərin 1 hektarlıq ərazisi məhz Şirvanşahlara
aiddir. Kompleks üç böyük
həyətdən – Yuxarı
həyət, Orta həyət, Aşağı
həyətdən ibarətdir
və ərazisində
9 böyük abidə
yerləşir. Biz ekskursiyaya elə Yuxarı həyətdəki
iki abidədən Divanxana (Fərrux Yasarın türbəsi) və hökmdar, onun ailəsi, saray xidmətçilərinin
yaşadığı ikimərtəbəli
Saray yaşayış
binasından başladıq.
Divanxana
və ya Fərrux Yasarın türbəsi – Abidənin
giriş qapısının
üzəri sanki Azərbaycan xalçalarını
xatırladan naxış
elementləri ilə bəzədilib. Qapının hər iki,
sol və sağ tərəfində isə
içərisində qədim
ərəb xətt növü – küfi xətti ilə yazılar olan medalyonlar var. Həmçinin
Divanxananın ərazisində
7 quyuya rast gəlirik. Güman olunur ki,
3-15 metr dərinliyindəki
bu quyular ərzaq saxlamaq məqsədi ilə istifadə olunub. Başqa bir versiyaya görə
isə bu abidəni Fərrux Yasar türbə kimi tikdirib. Sarayın ən möhtəşəm
hissəsi hökmdarın
əyləşdiyi – Taxt-tac
zalıdır. Saray şairi
olan Bədr Şirvaninin öz divanında möhtəşəmliyini
təsvir etdiyi şah taxtı, təəssüf ki, dövrümüzə qədər
gəlib çatmadığından
sarayda taxtın yalnız vizual görüntüsü əks
etdirilib. Həmçinin, saray ekspozisiyasında nümayiş olunan əşyalar da sonrakı dövrə –
XVIII-XX əsrlərə aiddir.
Saray ekspozisiyasında biz mis qabları, sini, ləyən, su qablarını, qədim musiqi alətləri olan səntur, çoxur (bu söz "çağır”
sözündən əmələ
gəlib. Allahı, haqqı
çağırmaq mənasında
başa düşülən
bu alətdən, əsasən, döyüşdən
əvvəl və ibadətlər zamanı istifadə olunarmış),
qavalı, qırxaçar
camının açarı
(üzərində Qurandan
götürülmüş müxtəlif şəfa
duaları əks olunan bu camlardan
suyu xəstə insanlar yuyunduqları zaman şəfa tapmaq üçün üzərlərinə tökərlərmiş.
Qırx simvolik açar isə belə qabların qırx dərdə çarə olduğuna işarəymiş), qəndil, və
başqa bu kimi alətləri müşahidə edirik. Sarayda diqqət çəkən ən zərif nümunə isə XVI əsr Təbriz miniatür məktəbinə aid, orta
əsrlərdəki saray
həyatının təsviri
canlandırılan miniatür
var. Müəllifi rəssam
Mirzə Əli olan bu əsər
Nizaminin "Xosrov və Şirin”inə çəkilmiş ən
gözəl miniatür
nümunələrindəndir. Maraqlısı budur ki, sarayın bu miniatür olan hissəsində çox ecazkar musiqi səslənir. Sonrakı
otaqlarda hökmdarın
ailə üzvlərinə
aid əşyalar, "Qurani-Kərim”in
saxlanıldığı və
Füzulinin "Leyli və Məcnun” əsərindən Məcnunun
dilindən deyilmiş
"Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni..” qəzəlinin
video-görüntüsü, yapışqan və mismardan istifadə edilməyən, 14.000 elementin
keçirmə üsulu
ilə yaranan şəbəkə nümunəsi,
bığqabı (qədim
zamanlarda uzun bığları olan kişilər yatarkən bığları
formasını itirməsin
deyə belə qablardan istifadə edərmişlər) bizi qarşılayır.
Saray kompleksinə
daxil olan tikintilərdən birinin
XV əsrdə yaşamış
alim Seyd Yəhya Bakuvinin türbəsi olduğu güman edilir. Türbənin üst örtüyünü
təşkil edən səkkizbucaqlı piramida da başqa abidələrdən
fərqlənir. Piramidanın tinləri düz xətlə deyil, lekal əyrisi ilə aparılıb.
Bundan başqa, Şirvanşahlar
sarayı kompleksinə
daxil olan tikintilər içərisində
Şərq darvazası
xüsusi yer tutur. Bu tikinti
başqa tikintilərdən
fərqli olaraq XV yox, XVI əsrdə tikilib. Şərq darvazası üzərində
bir kitabə var. Həmin kitabədə binanın ustad Əmirşah tərəfindən
tikildiyi bildirilir.
Bu, həmin əsrdə
ölkənin şimal
və cənub vilayətləri arasındakı
əlaqəni və xüsusən təbrizli memarların Bakıda da çalışdığını
göstərir.
Qeyd: Sentimentallar bu hissəni oxumaya da bilər
Divar, nə çox sevənin var
"Şirvanşahlar”ı gəzərkən ən çox diqqətimi çəkən yer o divar oldu. Divar boyda
təkliklə ən nəzərə çarpmayan
yerdə dayanıb, üzərindəki dəlmə-deşiklərdən
həyata, insanlara baxırdı. Görəsən, neçə həyatı
süzgəcindən keçirtmişdi
o deşiklər? Görəsən, neçə damcı göz yaşı əmanət saxlaya bilməmişdi özündə?
Qarşısında dayanıb
bunları düşündüyüm
o divar 1918-ci il
31 mart soyqırımı zamanı
ermənilər tərəfindən
güllələnənlərin "son dayanacağı” olan divardır. Ölümə hazırlaşanların yox olmasını, qeybə çəkilməsini,
ya da əksinə
nəhayətsizliyə qədər
uzanmasını istədikləri
divar.
Hansısa mənbədən oxumuşdum
ki, güllələnənlərin
əlləri arxadan möhkəm bağlanırmış. Qışqırmamaları üçün isə ağızlarına rezindən
tıxac tıxayırlarmış.
Bəlkə də, Bakıya
doğma olan külək bizim bu divarın sirdaşıymış. Bəlkə də,
tez-tez əsirmiş ki, o rezin dadını
divarın "damağı”ndan
apara bilsin. Küləkdən soruşmaq
lazımdır...
Divarın ən maraqlı yanı isə üzərindəki qırmızı
ləkələrdir. Baxan insan
ilk olaraq düşünür
ki, yəqin, bu ləkə ölümə məhkumların
qurumuş qan izləridir. Mən də belə düşünüb dəqiqləşdirmək
üçün bələdçidən
soruşdum, amma dedi ki, bu,
qan ləkəsi yox, sonralar baş
vermiş yanğının
Şirvanşahlardakı divara
"hədiyyə”sidir. Divar,
nə çox sevənin var...
Fridaya məktub
İstəyirəm ki, sənə məktubuma etirafla başlayım, Frida. Hə, hə,
Frida. Yadından çıxmayıb ki, bizə bələdçilik
etməyə başladığın
anda bir oğlanın gəlib səndən "adınız
necə oldu? Frida?” deyə təəccüblə
soruşmağı. Bəlkə də,
bunu da digər
hər şey kimi yaddaşının qaranlıq quyusuna kəndirsiz atmısan.
Amma mən bu məktubu
məhz Fridaya yazmaq istədim. Axı naməluma yazmaq çətindir. Bilirsən...
Təxminən bir saata yaxın
bizə elə yorulmadan, həyəcanla
"Şirvanşahlar” haqqında
danışdın ki,
özümdən, önyarğımdan
utandım. Frida, mən əvvəl
sənin bələdçilik
etməyini istəməmişdim.
O cümlələrdən, sözlərdən, lap elə
hərflərdən də
qaçıb XVI əsrə
sığınmışdım. Amma bacara bilmədim, yenə onlara pənah gətirdim.
Danışırdın, danışırdın...
Mən də səsini hansısa uzaqlardan eşidirdim. Səs kimi
yox, küy kimi. Onda bütün samitlərin
cingiltili gəlirdi qulağıma.
Danışırsan, danışırsan və birdən "ekskursiyamız buradaca yekunlaşdı” "təbilini
çalırsan”. Mən
də zənglərin
mənim üçün
çaldığını anlayıb bayaqdan ürəyimdə gizlətdiyim
sualı faş edirəm: Frida, yorulmursan hər gün eyni şeyləri
danışmaqdan? Sualı gözləmədiyindənmi
yoxsa bu sənin əzbərlədiyin
cavablara aid olmadığındanmı
təəccüblənirsən, amma tez özünə
gəlib, üzünə
yenə növbətçi
gülüşünü yerləşdirib
"yox, qarşımdakı
məni dinləyəndə
yorulmuram. Elələri var ki, qulaq
istəmirlər, onlara
könülsüz məlumatlar
verirəm”. Ah, Frida,
Frida. 25-30 ildə
sən deməyiblər
ki, qarşındakı
səni dinləməyəndə
danışmaq daha rahatdır?
Bu sadəliyin məni cəlb edir və ardınca ikinci sualı da verirəm: "Şirvanşahlar”la bağlı
maraqlı bir xatirəniz var? Ya da başınıza gələn fərqli hadisə?
Bir neçə saniyə sükutdan sonra qılıncını əlinə alan cəngavər kimi təbəssümünə qurşanıb "mənim heç nə yadımda qalmır e, tez unuduram, silirəm xatirələrimi. Heç dostlarımla bağlı olanlar da yadımda qalmır”.
İnanmıram, Frida,
inanmıram. Əslində, bəlkə də, sənin üçün birincindən daha
ağır olan ikinci
qəzada unutmusan bütün
yaddaşını. Amma nədənsə
bu sualı verə bilmədən "çox sağ olun”, "minnətdaram” kimi
ifadələr söyləyib XXI əsrə doğru
addımlamağa başlayıram...
Kaspi 2018.- 6-8 yanvar.- S.17.