Aşıq Əhliman: “Ustad aşıqların yaradıcılığı zamanla xalq yaradıcılığına çevrilir

 

Günümüzdə Şirvan aşıq məktəbinin ünlü simalarından biri də Aşıq Əhliman Rəhimovdur. Aşıq sənətinin dərin bilicilərindən biri kimi ustad Aşıq Əhliman bənzərsiz ifaları ilə dinləyicilər arasında böyük rəğbət qazanıb. Aşıq Əhliman sağlığında klassikləşən yaradıcı və ustad aşıqdır. Onun şeirləri, ifaları dillər əzbəridir. Aşıq sənətinə dəyərli töhfələr verən Aşıq Əhliman qısa zaman çərçivəsində sənətin mahir bilicilərindən birinə çevrilib. Əhliman müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aşıq sənəti” kafedrasının müdiridir. Aşıq Əhlimanla olan müsahibəni təqdim edirik.

 

- Əhliman müəllim, bu gün aşıqlarla bağlı vahid bir mötəbər ensiklopediyanın hazırlanmasına ehtiyac varmı? Bununla yanaşı, kafedranızda tədris prosesindən söhbət açardız.

- Əlbəttə, buna ehtiyac var. Bu cür bir mötəbər ensiklopediya tərtib etməyin vaxtı belə keçib. Biz tələbələrimizə ustad aşıqlarla bağlı dərslər keçirik. Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Şakir, Aşıq Əhməd və digər ustad aşıqların yaradıcılığı tələbələrə tədris olunur. Bizim kafedrada ustad aşıqların şəkilləri asılıb və bunlar el arasında tanınmış aşıqlardırlar. Onların yaradıcılığı zamanla xalq yaradıcılığına çevrilir. Həmin aşıqlarla bağlı elmi dissertasiyalar yazılır.

- Bu gün aşıq yaradıcılığında mübahisəli şeirlər var. Bir şeir bir neçə müəllifin adına çıxarılır. Və yaxud bir şeir bir neçə aşığın kitabında çap olunur. Buna münasibətiniz.

- Buna münasibətim mənfidir. Burada yaxşı münasibət görmürəm. Folklorçu alim bir dəfə mənə kitab hədiyyə etmişdi. Həmin kitabda bir şeirə rast gəldim. Şeir Tərtər rayonundan olan Aşıq Qədirin idi. Şeirin adı “Nə mənası var” adlanır. Amma şeir kitabda başqa adamın adı ilə çap olunmuşdu. Buna təəccüb elədim. Həmin alimlə əlaqə saxladım. Folklorçu alim mənə dedi ki, şeiri X sinifdə oxuyan bir şagirddən əldə edib. Bu fakt məni çox üzdü. Belə hadisələr çoxdubunun qarşısını almaq lazımdır. Yuxarıda qeyd etdiyim şeiri üç ustadın adına çıxarıblar. Həmin şeiri biri Borçalıdan olan Əhməd Sadaxlının, biri isə Kəlbəcərdən Ayrım Əhmədin adına çıxarıblar.

- El aşıqlarının şeirlərini təhlil edərkən görürük ki, bəzi aşıqlarda nəzəri biliklər güclü, bəzi aşıqlarda isə zəifdir. Bu aşıqların nəzəri bilikləri kafedranızda araşdırılırmı?

- Şəxsən mən bu işlə bir müddət məşğul olmuşam. Bu araşdırmalar zamanı çoxlu səhvlərə rast gəldim. Məsələn, Sarı Aşıq tanınmış bayatı ustasıdır. Çox zaman kitablarda onun adına qoşmalar çap ediblər. Həmçinin müğənnilər də çox vaxt şeirləri səhv oxuyurlar. Bu isə öz növbəsində sözlərin dəyişməsi ilə nəticələnir ki, zaman keçdikcə bu cür problemlər ortaya çıxır. Aşıqların nəzəri bilikləri isə, şübhəsiz ki, tədris prosesində öyrənilir. Bununla bağlı müəllimlərin mühazirələri təşkil olunur.

- İndi isə bizə Şirvan aşıq məktəbi haqqında məlumat verərdiz.

- Şirvan aşıq mühitinin dəqiq tarixini ancaq əsrlə deyə bilərəm. Qədim dövrlərdə yazı mədəniyyəti bugünkü kimi inkişaf etməmişdi. Bu səbəbdən çox zaman hadisələr tarixə dəqiq alınmayıb. Sadəcə, o dövrün məktəbinin yetirdiyi insanların sözləri yaşayır. Alimlər bu sözləri tədqiq edərək tarixi dəqiqləşdirə bilirlər. Şirvan aşıq mühiti XVI-XVII əsrlərə təsadüf edir. Şirvanda Dostu Şirvani, Aşıq İbrahims. aşıqlar olub. Bunlarla yanaşı, bizim kənddə Həbibi Bərgüşadi kimi şairlər olub. Hətta Ağqoyunlu hökmdarı Uzun Həsən 15 yaşında Həbibini öz yanına aparıb. Bunun ayrıca tarixçəsi var. Bunu danışmaq istəmirəm. Mənim köküm Həbibi Bərgüşadinin kökündəndir. Şirvan aşıq mühitində Mirzə Bilalın adını çəkmək istərdim. Bu aşığımız repressiya qurbanı olub. Aşıq Abbas Mirzə Bilalın şəyirdidir. Aşıq Məmmədağa isə Aşıq Abbasdan dərs alıb. Aşıq sənətində adını çəkdiyimiz və çəkə bilmədyimiz hər bir ustad hər zaman yad olunurlar. Onlarda dərin dastançılıq vardı. Sinələri sözlə dolu idi. Məclisləri ələ almağı bacarırdılar. Aşıqlıq sənətinə bu ustadlar elm kimi baxıblar. Bu ustadların hərəsi bir akademiya idi. Belə aşıqlar 500-1000 nəfərlik dinləyicini dastanları ilə ağladan olublar.

- Sinələrində dastan gəzdirən aşıqlardan kimlərin adlarını çəkə bilərsiz?

- Aşıq Xan Musa, Aşıq Əhməd və s. aşıqların adını çəkmək olar. Bilirsiz ki, dastanlar nəzm və nəsrin vəhdətindən yaranıb. Bu cür ustad aşıqlar dastanları elə söyləyirdilər ki, dinləyicilər sonunu gözləməmiş oturduqları yerdən qalxmırdılar.

- Ötən əsrlə müqayisədə bu gün aşıqlar əvvəlki nüfuzlarını qazana bilmirlər. Bu nədən qaynaqlanır?

- Bəlkə, indiki zaman aşıq zəmanəsi deyil. Bu problem bilavasitə aşıqların özləri ilə sıx bağlıdır. Gərək hər bir aşıq məclisə hazırlaşıb getsin. Çoxlu şeir, ifadastanlar öyrənsin. Əvvəlki ustadların yolları ilə getsin. Xalqın, elin istəyini nəzərə alsın.

- Ötən əsr aşıq sənəti üçün mötəbər bir əsr oldu. XX əsri aşıq sənəti üçün necə şərh edərdiz?

- Bu dövrdə güclü ustadlar yetişdi. İnkişaf ölkənin hər bir yerində mövcud oldu. Həmin dövrdə də aşıq sənətinə böyük ehtiyac vardı. Aşıqlar xalqı ilk maarifləndirən insanlar olublar. Bu dövr üçün zəif aşıqlar olmayıb. Demək olar ki, bütün aşıqlar güclü idi.

- Bu gün ustad aşıqların irsi öyrənilir? Bəs, tələbələr aşıq sənətini necə mənimsəyirlər?

- Əlbəttə, öyrənilir. Misal üçün deyim ki, mənim elmi işim ustadım Aşıq Əhməd haqqında olub. Bizim kafedrada bu istiqamətdə işlər görülür. Müəllimlərimiz aşıqlarla bağlı mövzular götürüb müdafiə edirlər. Həmçinin elmi məqalələr yazılır.

Tələbələrə gəldikdə yenə demək istərdim ki, hər dövrün öz tələbi var. Bəli, tələbələr arasında sənəti öyrənən gənclər var. Ancaq tələbələrin çoxu şeiri əzbərləmək istəmir. Bu gün biz müəllimlər tələbələrə şeiri sevdirmək üçün rəvayətlər danışırıq və bu zaman şeirlərdən də istifadə edirik. Bu, tələbələri daha çox maraqlandırır.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

AAB-nin üzvü.

 

 

Palitra  2018.- 10 yanvar.- S.13.