Təkrarsız və unudulmaz aktyor

 

Həsən ağa Turabov istər kino, istərsə də teatr tariximizdə elə izlər qoyub ki, heç zaman pozulmayacaq

 

Bu il böyük aktyor, unudulmaz sənətkarımız, xalq artisti Həsən Turabovun anadan olmasının 80 ili tamam olur. Baharda doğulmuşdu, bir qış günündə 64 yaşında dünyasını dəyişdi. Əslində adi bir ölüm deyildi, onu övlad xiffəti apardı... Oğlu Daşqının qəfil ölümü ömrünü soldurdu.

 

Hələ sağlığında korifeyliyinə imza atan, yaratdığı obrazları ilə yaddaşımıza dərin iz salan, Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi Həsən Turabov haqqında keçmiş zamanda danışmaq ağır olsa da, bu əbədi ayrılığın xiffətini çəkməkdən başqa heç nəyə gücümüz çatmaz. Ürəyə təskinlik gətirən məqam budur ki, Həsən Turabov Azərbaycan səhnəsinin, eləcə də milli kinomuzun inkişafındakı misilsiz xidmətlərinə görə həmişə anılacaq. Vaxtilə onun can verdiyi surətlərin bu gün biz başqa həmkarları tərəfindən təqdimatını görəndə də belə, yenə Həsən Turabovu xatırlayır, onun fərqli jestləri barəsində düşünür, təsiredici səsinin ahəngindəki qürur notlarından danışırıq.

 

Xalq artisti, dövlət mükafatları laureatı, prezidentin fərdi təqaüdçüsü olmuş Həsən Turabov Azərbaycan mədəniyyətində elə bir mövqe qazanmışdı ki, yaratdığı rolların sənətkarlıq miqyası çox geniş idi.

 

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli: "Pasportda adı Həsəndir. Ancaq tələbə vaxtından ağayanalığı ilə seçildiyi, öz ləyaqətini uca tutduğu üçün dostları ona "Həsən ağa" deyərdilər. Ayrı-ayrı tamaşaların əksər proqramlarında, bir qisim resenziyalarda, barəsində yazılmış məqalələrdə də o, Həsən ağa Turabov kimi təqdim olunub".

 

Həsən Turabov 1938-ci ildə Bakıda anadan olub. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq fakültəsinə qəbul olunub. İkinci kursda ikən telestudiyada fəaliyyət göstərən aktyor truppasına işə götürülüb. Bir müddət radioda diktorluq edən Həsən Turabov hələ tələbə ikən mavi ekranda Fatma xanım Cabbarova ilə birlikdə "Son xəbərlər"i oxuyub. Tədqiqatçılar haqlı olaraq yazırlar ki, "Azərbaycan televiziyasının ilk kişi diktoru məhz Həsən Turabov oldu". Bu o zaman idi ki, televiziya hələ respublikanın bölgələrinə geniş yayılmamışdı. Heç Bakı əhalisinin də çoxunun evində televizor yox idi. Yəni radio daha şöhrətli, daha diqqət mərkəzində idi. Az keçmir ki, Həsən Turabov elə bu səbəbdən də "Son xəbərlər"i oxumaqdan imtina edərək radioya işə gedir. Həsən Turabovun yaratdığı ilk rol "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşasında Hacı Qəmbər olub. Əslində bu tamaşa gənc aktyorun diplom işi idi. Boy-buxunu, aydın diksiyası, xüsusilə də əzəmətli səsi Akademik Dram Teatrının baş rejissoru Adil İsgəndərovun diqqətini çəkib.

 

Müxtəlif maneə və təzyiqlərlə üzləşməsinə baxmayaraq, Həsən Turabov sənətdə bəxti gətirmiş aktyorlardan olub. O, Mehdi Məmmədov kimi sənətkarın kursunda təhsil alıb. Ələsgər Ələkbərovun məsləhətlərini eşidib. Əli Zeynalovun bədii qiraət ustalığından öyrənib. Fatma Qədiri, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Mərziyyə Davudova kimi korifey sənətkarlarla bir səhnədə çalışıb. Milli Dram Teatrında gənc aktyorun ilk dəfə iştirak etdiyi tamaşaya baxan görkəmli sənətkarımız Ələsgər Ələkbərovun xalq artisti Ağasadıq Gəraybəyliyə bildirdiyi fikirlər hələ səhnədə ilk addımlarını atan Həsənin gələcəkdəki böyük uğurlarından xəbər verirdi: "Ağasadıq, sözlərimdən incimə, mən səhnədə sənə yox, o cavan oğlanın oyununa baxırdım. Nə qədər təbii idi, səhnədə heç boş qalmırdı. Bizi, bax, belə gənclər əvəz etməlidir".

 

Yarım əsr həm teatrda, həm də kinoda müxtəlif rolların yaradılmasında fədakar iştirak edən, tamaşa və filmlərin maraqlı, baxımlı alınmasında canyanğısı göstərən Həsən Turabovun obrazlar qalereyası çox zəngindir. İstər Azərbaycan dramaturqlarının, istərsə də xarici ölkə yazıçılarının səhnələşdirilmiş əsərlərində Həsən Turabovun can verdiyi Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük"), Qatil ("Şöhrət və ya unudulan adam"), Kamal ("Əliqulu evlənir"), Azər ("Yaxşı adam"), İsgəndər ("Ölülər"), Hamlet ("Hamlet"), Xəyyam ("Xəyyam"), Kamran ("Unuda bilmirəm"), Mirzə Cəlil ("Sizi deyib gəlmişəm"), Vaqif ("Vaqif"), Şeyx Xiyabani ("Şeyx Xiyabani") və gedər tamaşalarda oynadığı baş rollara Həsən Turabov həqiqi mənada öz möhürünü vurub. Azərbaycanın görkəmli rejissorlarından Adil İsgəndərov, Mehdi Məmmədov, Əşrəf Quliyev, Ələsgər Şərifov, Tofiq Kazımov, Əliheydər Ələkbərov, Lütfi Məmmədbəyov, Mərahim Fərzəlibəyov, Azər Paşa Nemətov və başqaları Həsən Turabovla yaradıcılıq əlaqəsi qurmağı çox sevirdilər. Lütfi Məmmədbəyov deyərdi: "Həsən Turabovla işləmək hər bir rejissor üçün çox rahatdır. Çünki sənin düşündüklərini, fikrindən keçirdiklərini Həsən daha canlı, təbii, olduqca mükəmməl şəkildə özü ifadə edə bilir. Həmişə belə düşünürəm ki, Həsən Turabovun iştirak etdiyi tamaşada ikinci rejissor elə onun özüdür. Bu insanda teatr sənətinə vacib olan nüansların hamısı var. Ssenaristdən tutmuş baş rejissora, hətta bədii və musiqi tərtibatına kimi - bütün ölçüləri dəqiq və səlis bilir". Bu səbəbdən də onunla tərəfmüqabili olanlar sevinərdilər. Bilirdilər ki, ən çətin məqamda Həsən Turabovun qəfil jestləri onları xilas edəcək. Həsən Turabov olan tamaşada darıxdırıcılıq, sükut yox idi. Maraqlıdır ki, oyunundan, səhnə hərəkətlərindən daha çox Həsən Turabov səsi ilə tamaşaçını ovsunlamağı bacarırdı. Fərqi yox idi, yaratdığı obraz baş qəhrəmandır, ya adi surətdir, müsbət, yaxud da mənfi xarakterə malikdir. Aktyor üçün vacib olan şərt təqdim etdiyi obrazın daxili aləmini özününküləşdirərək onun psixoloji durumunu tamaşaçıya çatdırmasıdır. Yaratdığı saysız-hesabsız obrazların içərisində bircəciyni belə tapmaq mümkün deyildi ki, fikirləşəsən, Həsən Turabov bu rola candərdi yanaşıb. Xoşbəxtlikdən həmişə maraqlı, sanballı tamaşalarda ikinci həyatını məmnuniyyətlə yaşamağa razılıq verib. Sənət dostları danışırdılar ki, Həsən heç zaman zəif əsərlərin teatra yol tapmasına imkan verməzdi. Teatra rəhbərlik etdiyi illər ərzində bu sənət ocağında fəaliyyət göstərən bədii şura, sözün həqiqi mənasında, əsl səhnə əsərlərinin qəbul edilməsinə çalışardı.

 

Həsən Turabovun yaradıcılığında kino sahəsi də teatrla bərabər addımlayırdı. İlk çəkildiyi bədii film "Qara daşlar" olub. Radist Hüseyn obrazı Həsən Turabovun kinoda debütü idi. Sonralar "Telefonçu qız", "Yun şal", "Sən niyə susursan", "Sevil", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Səmt küləyi", "Qatır Məmməd", "Babək", "Nizami", "Qorxma, mən səninləyəm", "Atları yəhərləyin", "Bəyin oğurlanması", "Qəm pəncərəsi", "Nakəs", "Təhminə" və digər filmlərdə maraqlı obrazlar yaratmış Həsən Turabov 50-dən çox filmin lent yaddaşında özgə ömrü yaşamaqdadır.

 

İstər teatr sənətinin, istərsə də milli kinomuzun inkişafında, eləcə də gənc kadrların yetişməsində fədakar xidmətləri olan Həsən Turabov müxtəlif fəxri adlara, iki dəfə dövlət mükafatına layiq görülüb. 1998-ci ildə anadan olmasının 60 illiyi ilə əlaqədar ümummilli lider Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni, 1994-cü ildə Avropa Türkləri İslam Birliyinin "Bilim və Sənət ödülü" qızıl medalı ilə təltif olunub. 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinin prezidenti olan Həsən Turabovun bu sahədə də fəaliyyəti diqqət çəkən idi. O çalışırdı ki, Azərbaycan teatrının səsi və sorağı müxtəlif ölkələrin səhnəsindən gəlsin. Buna görə də beynəlxalq teatr əlaqələrinin yaradılmasına, simpozium və konfransların keçirilməsinə can atırdı. Xüsusilə də monotamaşalar müsabiqəsi təşkil edərək ayrı-ayrı istedadlı aktyorların üzə çıxmasına, mükafatlandırılmasına xüsusi diqqət və qayğı göstərərdi.

 

Həsən Turabov kövrək təbiətli, emosional, həssas insan idi. Onun daxili məziyyətləri yaratdığı obrazların ovqatında da duyulardı. İlyas Əfəndiyevin "Unuda bilmirəm" tamaşasında yaratdığı Kamran obrazı bu əsərə baxanların könlündə dərin iz salıb. Həsən Turabovdan sonra səhnəyə bir neçə Kamran gəldi. Amma Həsən Turabovun romantik, duyğulu, yaraşıqlı, bütün jestləri ilə tamaşaçıya nüfuz edən, qəlbində yaşayan Kamrandan olmadı. Qəribədir, indinin özündə də bu sənətkar haqqında düşünəndə Milli Dram Teatrının səhnəsində divara söykənərək kədərli baxışları çox uzaqlara dikilmiş Kamranın - Həsən Turabovun unudulmaz obrazı canlanır. Bəlkə də elə bu xiffətin təsirindən hərdən Milli Dram Teatra üz tuturuq ki, xəyalımızın qanad açdığı yerdə unuda bilmədiyimiz aktyorla bağlı xatirələri bir daha yada salaq. Obrazları dolaşan bu mədəniyyət ocağında Həsən Turabovun ruhuna dualar oxuyaq. Yaxşı yadımdadır, onun bu teatra rəhbərliyi dövründə mən bədii şuranın üzvü idim. Zəif əsərlərin qənimi idi. Bir dəfə hətta rejissorun da razılığı alınmış bir pyesi tənqid etdim. Mikayıl Müşfiq haqqında yazılmışdı, amma adi şagird inşasına bənzəyirdi. Olduqca zəif idi, nə şairmizin adına yaraşırdı, nə də bu səhnəyə...Adamlar elə bil tənqid etməyə çəkinirdilər. Bəziləri də kiçik nöqsanların olduğunu desələr də əsərin tamaşaya qoyulmasına etiraz etmirdilər. Mən və İlham Rəhimlinin rəyindən sonra Həsən Turabov üzünü həmkarlarına tutaraq qətiyyətlə dedi: "Sözünüz var?” Cavab gəlmədi. Həsən müəllim həmişə mükəmməl əsərlərin tamaşaya qoyulmasının tərəfdarı idi. Bəzən bu istəyi alınmayanda necə əzab çəkdiyini dolmuş gözlərindən, səsinin ahəngindən hiss etmək çətin deyildi.

 

Həsən ağa Turabov xoşbəxt sənətkar idi. İstər kino, istərsə də teatr tariximizdə elə izlər qoyub ki, heç zaman pozulmayacaq. Onun yaratdığı məktəb həmişə sədalı və məzunlu olacaq.

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

 

Kaspi  2018.- 10 yanvar.- S.11.