Yaddaşlardan
silinməyəcək mahnıların bəstəkarı
Azərbaycan
olmasaydı, o, dünya musiqisinə bu qədər əsər
bəxş edə bilməzdi
Onun mahnılarını ən məşhur
müğənnilər oxuyub - Müslüm Maqomayev, Alla
Puqaçova, Anna German, Edita Pyexa, Lev Leşenko, Lyudmila Qurçenko,
İosif Kabzon, Soviya Rotaru, Lyudmila Zıkina, Valentina Tolkunova,
Andrey Mironov, Valeriy Leontyev, Vadim Mulerman... Uşaqlar onun mahnılarını
daha yaxşı oxuyublar. Hələ çox illər bundan
sonra da oxuyacaqlar.
92 yaşında vəfat edən
görkəmli bəstəkar Vladimir Şainskinin ölüm xəbəri
təkcə Rusiyada deyil, həmçinin Azərbaycanda da kədərlə
qarşılandı. Onun musiqisi ilə Rusiyanın və
yaxın xarici ölkələrin bir neçə nəsli
böyüyüb. Bir-birindən şirin nəğmələrin,
uşaqlar üçün mahnıların, animasiyaların musiqisinin
müəllifi kimi V.Şainski çox sevilib. V.Şainski
timsah Gena və Çeburaşka haqqında "Mavi vaqon"
və "Qoy dəcəllər qaçsın" da daxil
olmaqla, 40-dan artıq cizgi filminə musiqi bəstələyib.
O "Əsgər şəhəri gəzir", "Ata
evi" kimi mahnıların, "Şən və hazırcavablar
klubu"nun (KVN) himninin müəllifi kimi tanınıb.
Pianino arzusu
Tanınmış bəstəkarın
həyatının müəyyən bir dönəmi Bakı
ilə bağlı olub. Əgər Azərbaycan olmasaydı,
o, dünya musiqisinə bu qədər əsərlər bəxş
edə bilməzdi. V.Şainski Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasını (Konservatoriya) bitirib.
Görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb.
İlk əsərlərini də Bakıda yazıb. O, öz
arzularının arxasınca Bakıya gəlib. O zaman
bakılılar heç bir maddi imkanı olmayan gələcək
bəstəkara çox kömək ediblər.
Anası onu Leninin şərəfinə
Vladimir adlandırıb. Ancaq bəstəkarın qalan
bütün həyatı norma və qaydalardan tamamilə kənarda
davam edib.
V.Şainski
uşaqlıqdan bəstəkar olmaq istəmişdi. O, 7
yaşında Qoqolun əsərlərini oxuyurdu. 15
yaşında məktəbdə ilk sevgisini etiraf etmişdi. 45
yaşında isə ailə qurmuşdu. Melodiyalar isə
özünü tanıyandan ömrünün sonuna qədər
onun qəlbində aşıb-daşırdı. "Çətin
illər idi. O zaman anam və atam universitetdə oxuyurdular.
Sonradan onlar ayrıldılar. Anam məktəbdə biologiya
müəlliməsi işləyirdi. Onun maaşı mənə
dayə tutmağa kifayət edirdi. Daha sonra uşaq
bağçasına getdim. Yadımdadır ki, bizə
böyük Stalin, qüdrətli dövlət haqqında
siyasi mövzuda mətnləri əzbərlədirdilər.
Onları söyləmək lazım gələndə isə
məni sırada ön cərgədə saxlayırdılar.
Bir dəfə Stalin haqqında şeiri unutduğum
üçün bir həftə səhər yeməyindən
məhrum edildim. 4 yaşım olanda anam məni operaya gətirdi.
Biz Rimski Korsakovun "Sadko" operasına baxdıq. Anam sadə
ailədən olsa da, gimnaziyanı bitirə bilmişdi və
musiqi haqqında təsəvvürü var idi. Tamaşadan ən
çox yadımda qalan qəhrəmanın ağlayaraq
"Sadko məni daha sevmir" deyərək oxuması idi.
Musiqi yaddaşıma həkk olundu. Bu, anamın gözündən
yayınmadı. O, istəmirdi ki, mən işsiz-gücsüz
qalıb küçədəki uşaqlarla boş vaxt
keçirim. 6 yaşım olanda məni musiqi məktəbinin
royal sinfinə verməyi qərara aldı. Məktəb pullu
idi. Müəllim məni yoxladı, notları bildiyimi
görüb məktəbə qəbul etdi. Mən Kiyev
Konservatoriyasının nəzdində olan bu məktəbə
10 il skripka daşıdım. Skripka həyatıma ona görə
daxil olmamışdı ki, royala olan sevgimdən əl çəkmişdim,
sadəcə, uşaq skripkası baha deyildi. Anamla mən
pianinonu heç arzu edə bilməzdik. Sonra mən klassik
janrda musiqi bəstələməkdə özümü
sınadım".
Bakı xatirələri
Onun gəncliyi müharibə illərinə
təsadüf edir. 18 yaşlı Şainski orduya
çağırılır. Özbəkistanda rabitə
hazırlıqları kursu keçir. 1945-ci ildə isə tərxis
olunur. Ordu ilə onu bağlayan çoxlu xatirələri
vardı. Orada hərbi mahnılar yazmışdı. Əsgərlər
onun mahnılarını xorla oxuyurdular. Tərxis olunandan sonra
V.Şainski Kiyevə qayıdıb anasını tapır.
Müharibənin dağıtdığı evlər,
bombardmanların izləri, meydanda asılan satqınların cəsədləri
- Kiyevdə onu qarşılayan bu səhnələr idi.
Əslində bu dəhşətləri özü də
yaşamışdı. Ancaq ümidini itirmirdi: "Müharibə bitəndə mən
gənc idim və həyatımı qurmalı idim. Müharibədən
rabitəçi kimi tərxis olundum. Ancaq qəlbimdən musiqi
silinməmişdi. Bəlkə mənə təsəlli olan
yeganə şey də bu idi. Kiyevdə musiqi təhsilimi davam
etdirdim. Ancaq başa düşürdüm ki, Moskva skripka məktəbi
daha yaxşıdır. Çantamı yığıb
anamı öpərək Moskva Konservatoriyasına daxil olmaq
üçün yollandım. Əgər o zaman
üçüncü kursa deyil, birinci kursa qəbul
olunsaydım, bəlkə də onda məndən Paqanini kimi
böyük skripkaçı alınardı. Ancaq mən bu
gün sadə bəstəkaram" - deyə o,
xatırlayırdı.
Moskva Konservatoriyasının skripka
sinfinə daxil olsa da, yəhudilərin bəstəkarlıq
fakültəsinə qəbulu ilə bağlı
qadağanı eşitməsi onu məyus edir. Ancaq o,
konservatoriyanı bitirir. Dolanışıq üçün məktəbdə
musiqi dərsi deməkdən savayı, restoranda skripka
çalmağa məcbur idi. Bir gün Moskvada
çalışan azərbaycanlı bəstəkar Asiya
xanım ona Bakı Konservatoriyasına daxil olmağı məsləhət
gördü. O zaman gənc musiqiçi Leonid Utyosovun orkestrində
çalırdı. Ancaq gəncin istedadı layiqincə qiymətləndirilmirdi.
O, hər şeyi ataraq Bakıya gəldi. 1962-1965-ci illərdə
Konservatoriyada - möhtəşəm musiqi ocağında təhsil
aldı. Görkəmli bəstəkar və pedaqoq Qara Qarayev tələbəsinin
bacarığına heyran qalmışdı. Gələcək
bəstəkarın pulu yox idi. Ancaq Bakının hər
küçəsində onun üzünə evlərin
qapılarını açırdılar. "Bakıda yeməklə
bağlı hər şey qaydasında idi. Bakı gözəl
və mehriban şəhər idi. Bütün qonşular, hətta,
tanış olmayan insanlar da bir-birinə kömək edirdilər.
Mən idmanı, xüsusilə
üzgüçülüyü və balıq tutmağı
xoşlayırdım. Bakıda oxuduğum illərdə
qayıqla Nargin adasına qədər gedirdim. Bu, mənə
xüsusi zövq verirdi" - deyə bəstəkar sonralar
xatırlayırdı.
Bakıdakı
təhsil illərində Vladimir Şainski özünün ilk
əsərlərini yazır. Bundan başqa, o zaman dəbdə
olan caza maraq göstərir və "Nizami"
kinoteatrında çalırdı. 1965-ci ildə o,
konservatoriyanı bitirəndən sonra çoxlu ideyalarla
Moskvaya qayıdır. Bir il sonra isə onu SSRİ Bəstəkarlar
İttifaqına qəbul edirlər. Beləcə, musiqi
dünyasına böyüklər və kiçiklər
üçün 400-dən çox məşhur mahnı bəxş
edən bəstəkarın yaradıcılıq yolu
başlayır.
O, uşaqlar üçün ən
yaxşı mahnıların müəllifi olmasına
baxmayaraq, uşaq bəstəkarı adlandırılanda o qədər
də xoşlanmırdı: "Mən heç də uşaq
bəstəkarı deyiləm!" - deyirdi. Ancaq onun necə bəstəkar
olması uşaqlara sirr deyildi. Çünki yaxşı
uşaq mahnılarını yazmaq o qədər də asan
deyil. Əgər bu mövzuda yazan bəstəkarlar xatırlansa,
onların dairəsi o qədər də geniş olmayacaq.
V.Şainski isə onların içərisində ən seviləni
idi.
"Qocalıq
məni evdə tapmayacaq"
V.Şainski 2000-ci ilədək
Moskvada yaşayır. Daha sonra İsrailə
köçür. Bir neçə il bundan əvvəl
yazdığı "Mənim ürəyim" adlı
mahnısı hitə çevriləndə, mahnının
"Qocalıq məni evdə tapmayacaq" sözləri dillər
əzbəri idi. Çünki bu mahnını yazanda o,
artıq 85 yaşında idi və okeanın o tayına -
Amerikaya yaşamağa gedirdi. V.Şayinski ABŞ-ın
San-Dieqo şəhərində yaşamağa qərar verir və
oturum izni alır. O, 2013-cü ildən daimi olaraq ABŞ-da
yaşayırdı. İsti okean və yaxşı tibb onu cəlb
edirdi. Onun mahnıları da Amerikada yazılırdı. Həmçinin
okeanın o tayında mahnılarını dinləyənlər
də az deyildi.
"Pul mənim üçün
heç vaxt əhəmiyyətli olmayıb, kasıb, ancaq
şən yaşamışam"
deyirdi bəstəkar: "Mən ümumiyyətlə, həyatım
boyu kasıb, ancaq qayğısız ömür
sürmüşəm. Özüm üçün
yazırdım və demək olar ki, heç kimdən
heç nə almırdım. Ancaq həyat mənim
üçün şən keçirdi. Məndə biznesmen
istedadı yoxdur. Mən bəstəkaram və hesab edirəm
ki, estrada janrında yazıram, ancaq tanrı üçün
işləyirəm. İnsan özündən məmnun olanda,
sakitcə uzanıb həyatla vidalaşa bilər. Bahalı
maşın, dəbdəbəli mənzil almaq cibimə
görə deyil. Mənim bağım çox rahatdır,
ancaq "yeni ruslar"ın tikdiyinə oxşamır. O
cür bağları yalnız xəyal etmək olar. Ancaq mən
heç xəyal da etmirəm. Nəyim varsa, bu, mənə
kifayətdir. Mən böyük tələbləri olmayan
insanam. Küçədə rahat gəzirəm, fikirləşmirəm
ki, pulumu oğurlaya bilərlər. Çoxları indi bu barədə
danışır. Hə, onlar zəngindirlər, ancaq
onları evlərinin girişində güllələyirlər.
Əgər hansısa axmaq məni güllələsə
çox peşman olar, çünki götürməyə
heç nə yoxdur" deyən bəstəkar, həyatından
məmnun idi.
V.Şainskinin həyatından məmnunluğunun
digər səbəbi sevib evləndiyi gənc qadınla
bağlı idi. Aralarında 41 yaş fərq olsa da bunu sevgi
üçün əngəl hesab etmir. Bu barədə ondan
soruşanda belə deyirdi: "Əgər mən
özümü qoca hiss etsəm, onda bu haqda düşünərdim.
Qoy aramızdakı yaş fərqi böyük olsun. Ancaq mən
özümü mənəvi və fiziki cəhətdən
arvadımdan yaşlı hesab etmirəm. Təkcə
üzümdə qırışlar və dazlaşma var. Mənim
yaşıdlarımın isə artıq böyük nəvələri
var. Mən birinci yoldaşımdan ayrılanda daha evlənməyəcəyimi
düşünürdüm. Hesab edirdim ki, tək özümə
görə yaşayacağam, amma alınmadı. Yenidən evləndim
və bizim sevgimiz əvvəlki kimi
ehtiraslıdır".
"Vladimir Şainski sakitcə səhnədən
gedə bilərdi. Çünki o, heç zaman yaddaşlardan
silinməyəcək mahnılarını dünyaya bəxş
etmişdi. Ancaq o, son günə qədər pianodan
ayrılmadı". Amerikada vəfat
edən bəstəkarın ölümünü Rusiyada belə
şərh etdilər. O, isə yüzlərlə sevilən
mahnını insanlara həmişəlik
bağışlayıb vidalaşdı...
Rusiya mətbuatından
çevirdi
Təranə
Məhərrəmova
Kaspi.- 2018.-
13-15 yanvar.- S.8.