Ədəbi mükafatların “qazanc”ı
Beynəlxalq və ölkə miqyaslı ədəbi mükafatların ədəbiyyat adamlarının - şair, yazıçı və ya tənqidçilərin həyatında rolu danılmazdır. Mükafatın statusundan asılı olaraq, onun yazara gətirdiyi nüfuz da təbii ki, fərqlidir. Yazarlar bu nüfuzdan istifadə edərək, oxucu kütləsini həmişə ətraflarında qoruyub saxlaya bilirlərmi? Ümumiyyətlə, ədəbi mükafatlar yazarlara nə qazandırır? Ömürlük nüfuz, ətalət, yoxsa yaradıcılıq motivasiyası?
"Müzakirə”mizdə səslənən fikirlər birmənalı deyil.
Mükafat insan əməyini stimullaşdırır
Şair Vaqif Bəhmənliyə
görə, hər bir yaradıcı insan çəkdiyi əziyyətin
qiymətini görmək istəyir. Belə ki, əgər
bir şair oxucu sözü, alim rəyi eşidirsə, bu da
onun mükafatıdır. Onun yaradıcılığına,
zəhmətinə, bədii kəşfinə verilən qiymətdir:
"Həm dövlət, həm ictimai təşkilatlar, həm
yaradıcılıq evləri, həm nəşriyyatlar və
qəzet və jurnallar tərəfindən verilən
ödüllər var. Bu, bütün dünyada qəbul
olunmuş təcrübələrdən biridir. Biz beynəlxalq
səviyyəli toplantılarda, sərgilərdə,
müşavirələrdə mükafata yazıçının
layiq görülməsini yaradıcılıq mərhələsi
kimi müşahidə etmişik. Elə yazıçılar
müşahidə elədim ki, onun
yaradıcılığının mərhələlərini
elə bu ödüllər müəyyənləşdirir. Sözün yaxşı mənasında,
ödülü qazanmağın bir yarışma olduğunu
müşahidə etmişəm”. Şairin fikrincə,
mükafat qazanmaq üçün əsər müəyyən
estetik dəyərə malik olmalı, oxucuların bədii
zövqünü oxşamalı, müəyyən tələbatlara
cavab verməlidir: "İnsan təfəkkürünün
yaratdığı müəyyən təşəbbüslər
içərisində pisi yoxdur. Bu mənada, ödüllər
olmalıdır və yaradıcı insan bilməlidir ki, onun əməyi
hansısa şəkildə dəyərləndirilir.
Düzdür, ona münasibətlər müxtəlif ola bilər.
Elə yazıçılar, şairlər ola bilər ki, onlar
ödül barədə ümumiyyətlə,
düşünmürlər. Yaxud elə insanlar var ki, ifrat dərəcədə
ödül qazanmağa can atırlar. Elə sənətkarlar
da var ki, onların yaradıcılığını cəmiyyət
və dövlət görür və özünün xəbəri
olmadan onu mükafata layiq bilir. Mükafat insan əməyini
stimullaşdıran, ona qol-qanad verən bir amildir». V.Bəhmənli hesab edir ki,
hər bir yazarın əməyi müəyyən bir
mükafata layiq görülsə, yaxşı olar:
«Yazıçının əməyi sonda hansısa bir saraya,
qəsrə çevrilmir. Bu, mənəvi xəzinədir.
Yazıçı, sənət adamı,
şair bu mənəvi qiyməti görmək istəyir.
Haqqında yazılmış tərifli məqalə
yazıçı üçün çox dəyərlidir.
Və ya tamaşaçı əl
çalırsa, bu alqışlar sənət adamı
üçün əhəmiyyətlidir”. V.Bəhmənli
hesab edir ki, bütün mükafatlardan daha üstün
mükafat sənətkarın kəşf etdiyi bədii həqiqətdir:
" Yəni sənətkarın
özünün layiq olduğu bədii həqiqətdir. Ola bilər ki, onu heç on illər ərzində
oxucu da görməsin. Ancaq həqiqətən
bu varsa, mütləq üzə çıxacaq və
doğurdan da o yazarın embleminə,
yaradıcılığının mahiyyətinə
çevriləcək. Əsas məsələ
budur”.
Mükafat və
anti-mükafat
"Elə yazar var ki, o,
mükafata layiq olur. Layiq olduğu üçün də
aldığı mükafat ona nüfuz gətirir. Məsələn, «Qızıl kəlmə»
mükafatı. Bu, Azərbaycanın ali
ədəbiyyat mükafatıdır” deyən tənqidçi
Əsəd Cahangir hesab edir ki, belə bir mükafatı almaq hər
bir qələm adamı üçün qürur və fərəhdir:
"Hərçənd bəzən müəyyən məqsədlərlə
təsis edilən mükafatlar da olur. Yəni ciddi xarakter
daşımır, kimlərinsə məqsədinə xidmət
edir və ya həmin mükafatı almaq qələm
adamına o qədər hörmət gətirmir: "Elə
mükafatlar da var ki, ola bilər çox
nüfuzlu olsun, ancaq müəyyən amillər üzündən
həmin ödülü daha çox layiq olan deyil, nisbətən
layiq olmayan şəxs alanda, nəinki alan şəxsə, həmçinin
o mükafatın nüfuzuna da xələl gətirir. Məsələn, «Milli kitab mükafatı» təzə
təsis ediləndə bütün ədəbi aləm ona
ciddi ədəbi mükafat kimi yanaşdı. Hamı belə bir mükafatın yaranmasına
sevindi. Düzdür, mükafatı alan
müəyyən şəxslər ona doğurdan layiqdirlər.
Bu mükafatın ilk ödülçülərindən
biri hazırda Amerikada yaşayan gənc yazar Elxan Qaraqan idi.
O, bir-birinin ardınca bir neçə roman yazdı və
doğrudan da həmin mükafata layiq olduğunu sübut etdi. Beləcə, Azərbaycan ədəbiyyatı
üçün gənc bir imza meydana çıxdı.
Sonradan isə bu mükafat ətrafında ədəbi-estetik
meyarları siyasi düşüncə üstələdi.
Bu da həmin mükafatın nüfuzunun
aşağı düşməsinə səbəb oldu.
Şəxsən mən Azərbaycan ədəbiyyatının
oxucusu kimi o mükafata ədəbi mükafat kimi deyil, siyasi
xarakter daşıyan bir ödül kimi baxmağa
başladım. Yəni hansısa xarici
qüvvələrin əlində Azərbaycan ədəbi-bədii
düşüncəsini idarə etmək üçün
qurulmuş siyasi oyun kimi yanaşdım. Və
bu mükafat mənim gözümdə əvvəlki
nüfuzunu itirdi”. Tənqidçinin sözlərinə
görə, indi dövlətimiz maddi imkanları çərçivəsində
ədəbiyyat adamlarını qiymətləndirir və bu
cür anlaşılmaz halların qarşısı yalnız ali dövlət mükafatı çərçivəsində
aradan qaldırılır. Yəni mükafatlandırmanın
nizam tərəfi bərpa olunur: "Mən 2014-cü ildə
«Qızıl kəlmə» mükafatının ədəbi tənqid
üzrə ödülçülərindən biri
olmuşam. Eləcə də Heydər Əliyev Fondunun elm və
ədəbiyyat adamlarına verdiyi mükafatı ali mükafat hesab edirəm. Ramiz
Əsgər Mahmud Kaşğarinin «Divani lüğət
-it-türk» adlı əsərini Azərbaycan dilinə
çevirdi. Bununla da Azərbaycan filologiya
elminin türk xalqlarının filologiya elmi
qarşısında böyük bir missiyanı icra etdi”.
Tənqidçi "hansısa yazar ədəbi mükafat alıb
və onun əsərini mütləq oxumaq lazımdır”
fikrinə birmənalı yanaşmır: «Əgər desək
ki, həmin yazarın əsərini oxumaq və ya oxumamaq
lazımdır, onda bir qədər ədəbi diktatura
qurmuş olarıq. Çünki bu, oxucunun
şəxsi işidir və o, öz seçimində
azaddır. Çünki zövq barəsində
mübahisə etmirlər. Ancaq təbiidir
ki, istəsək də, istəməsək də mükafata
layiq görülən müəllifin əsərlərini əks
fikirli insanlar oxuyurlar. Çünki əksəriyyətində
«madam ki, bu yazar mükafata layiq görülüb, onun
yazısını oxuyaq» fikri yaranır. Bəzən də
az qisim adamlar psixoloji, əqli cəhətdən
çoxluğa tərs mütənasibdirlər. Onlar məhz reklam olunan, mükafata layiq görülən
yazarların əsərlərini oxumurlar. Əksəriyyət
isə oxuyur və mənə elə gəlir ki, oxumaq da
lazımdır. Çünki layiq olmadığı
halda qiymətləndirilən yazarlarla yanaşı, layiq olaraq
qiymətləndirilənlər də var. Onların imzası
ilə tanış olmaq lazımdır. Münsiflər heyətinin nə qədər
haqlı olub-olmadığını bilmək
üçün oxumaq lazımdır ki, ədəbiyyatla
maraqlanan adamın müəyyən düşüncəsi
formalaşsın. Mən bir tənqidçi
kimi mükafata layiq görülənləri oxumalıyam.
«Xoşum gəlmir, bunu oxumayım» deyə bilmərəm. Onu da deyim ki, oxuduqlarım məni əksər
hallarda peşman etmir. Müsabiqələr
keçiriləndə, qaliblər müəyyənləşəndə
yeni imzalarla tanış oluram və bu, tənqidçi kimi
işimi xeyli asanlaşdırır». Tənqidçi bəzən
mükafatın kölgəsində qalan, yəni bir əsər
yazıb ödülə layiq görülən, sonra da həmin
nüfuzu ömür boyu xərcləyən yazarların
olduğunu da istisna etmir: «Bu, yazıçının
özündən asılıdır. Mükafat
qazanıb daha da ruhlanan və bir-birindən gözəl əsərlər
yazan yazarlar da var, bir mükafat alandan sonra həmin
mükafatın kölgəsində gizlənənlər də”.
Ə.Cahangirin fikrincə, xarici ədəbiyyatda
olduğu kimi, bizim ədəbiyyatda da anti-mükafat təsis
etməyə ehtiyac var: "Bu mükafat ən yaxşı
yazıçıya deyil, ən pis yazıçıya verilən
mükafatdır. Bəzən bizim müsabiqələrdə ən
zəif əsərlərin müəllifini axtarıb
tapır, mükafatı ona verir və onu həqiqi mükafat alan kimi təqdim edirlər. Halbuki
onun adı anti-mükafat siyahısında olmalıdır.
Arzu edərdim ki, bizdə də anti-mükafatlar
yaradılsın”.
Bu gün Azərbaycan ədəbi
mühitində yeni mükafatların da
yaradıldığını deyən tənqidçi hesab
edir ki, ümumiyyətlə mükafatların olması
insanların maddi vəziyyətinə kömək, gənc
istedadların üzə çıxmasına yardım edir, o
cümlədən qələm adamına müəyyən mənəvi
stimul verir, onu yeni yaradıcılıq uğurlarına istiqamətləndirir:
"Sənət adamlarına ömürlük təqaüdlərin
verilməsini bu sıraya aid etmək olar”.
Mükafatlar
nisbidir
Yazar Mirmehdi Ağaoğlu verilən ədəbi
mükafatları mütləq etalon hesab etmir: "Ancaq
nüfuzuna görə fərqlənən ədəbi
mükafatlar var ki, onların adı öz-özlüyündə
nüfuzdur. Və bu mükafat
yazıçının əsərinin keyfiyyətli
olmasından xəbər verir. Məsələn,
"Buker”, "Qonkur” və s. ədəbi mükafatları
var. Hər bir ölkənin özünün ədəbi
mükafatları mövcuddur. Bu mükafatlar hər
hansı yazıçı və əsər haqqında
yüksək fikir bildirir. Bəzən bu
mükafatlara istinadən kitab seçmək rahatdır. Yəni ədəbi məsələlərin içərisində
olmayan oxucu bu mükafatlara istinad edərək həmin müəllifin
əsərini oxuya bilər. Bu mənada
mükafat yazıçıya nüfuz qazandırır. Ancaq bu o demək deyil ki, oradakı seçimlər
mütləq mənada yaxşıdır. Nobel
mükafatı yüz ildən artıq verildiyi müddətdə
həm nüfuzlu yazıçılara, həm də adı
sonradan heç yerdə çəkilməyən
yazıçılara verilib. Bütün
hallarda o yazıçıların Nobelə layiq görülməsinin
özü kifayət qədər nüfuzlu olmalarına dəlalət
edir. Buna şübhə etmək olmaz”.
Yazar adətən kitab oxuyanda "Buker”
mükafatının qaliblərinə üstünlük
verdiyini deyir: "Mənim üçün bu mükafatın
önəmi var. Hansı kitab bu mükafatı alıbsa, onun
yaxşı kitab olduğunu düşünürəm. Məsələn, Salman Rüşdinin «Gecəyarısı
uşaqları» üç dəfə "Buker”
mükafatı alıb. Mən bu kitabın
sanballı olduğunu düşünürəm. Digər tərəfdən, "Buker”
mükafatının adı hələ ki, "Nobel”
ödülü kimi, qalmaqallarda hallanmayıb. Bu mükafat hələ ki, öz nüfuzunu qoruya
bilib. Bu baxımdan, mən bu mükafatı alan əsərləri oxumağa can atıram. Düşünürəm ki, bu mükafat sırf ədəbi
kriteriyalar nəzərə alınaraq verilib». Mükafatları həmçinin
nisbi hesab edən yazar bildirir ki, münsiflərin seçimi
zamanı hansısa etirazlara səbəb olan mükafat sahibləri
də olur: "Belə hallar da var. Mükafat alan
yazarlar birmənalı qarşılanmır və ya münsiflərin
rəyi etirazlara səbəb olur”.
Təranə Məhərrəmova
Kaspi.- 2018.-
13-15 yanvar.- S.10.