Mənim bir
yazı günüm
"Kaspi” qəzetinin "Mənim
bir yazı günüm” layihəyəsi davam edir. Bu layihə
çərçivəsində yaradıcılıqla məşğul
olan tanınmış simalar özlərinin məhsuldar hesab
etdikləri bir yaradıcı günü təsvir edirlər.
Növbəti qonağımız
yazıçı, tərcüməçi Kamran Nəzirlidir.
Mən Əkizlər
bürcündənəm, bəxtim hər zaman gətirir,
xüsusilə, yazı yazanda, yaradıcılıqla məşğul
olanda. Ömrüm boyu həm xidməti fəaliyyətlə,
həm də yaradıcılıqla və ictimai işlərlə
məşğul olmuşam, hər iki sahədə
uğurlarım olur. Əlbəttə,
sırf yazıçılıqla məşğuliyyət
adama su və çörək vermir, yazıçılıq
yalnız mənəvi stimul gətirir. Həmişə
arzulamışam ki, kaş mənə də atamdan, babamdan
böyük bir sərvət qalaydı Con Qolsuorsi kimi
(çox da yox, 1-2 milyon), oturub yalnız gözəl hekayələr
yazardım, kitablarımı çıxarıb yayardım,
dünya səyahətinə çıxardım, hələ
bir Nobel mükafatı da alardım... Təəssüf ki, arzularla imkanlar arasında
çox vaxt uzun məsafələr olur. Bununla
belə, çalışıram ki, hər iki sahədə
balansı qoruyub saxlaya bilim, maddi-mənəvi təsərrüfatımı
əldə etdiyim, qazandığım xırda resurslarla da
olsa, idarə edə bilim.
Əvvəla, gün ərzində
çalışıram ki, vaxtımı yox, enerjimi idarə
edim. Ümumiyyətlə, məncə, insanlar öz
enerjisindən düzgün istifadə eləsələr, daha
faydalı olar. Günün hər hansı
bir saatında mənə yazmaq həvəsi gələ bilər,
amma bu həvəs, necə deyirlər, "ilham pərisi” də
enerjiyə bağlıdır. Bu enerjini vaxtında və
düzgün sərf edə bilirəm: xidməti işimə,
evə, ailəyə, yaradıcılığa, dostlara... Mənim gündəlik
planlarım olmur, adətən. Amma il
ərzində görəcəyim, yaxud görməli
olduğum işlərin siyahısını tərtib edirəm.
Bunu hər ilin sonunda özümə hesabat vermək
üçün edirəm. Tələsmədən,
səbirlə illik işlərimi həyata keçirirəm.
Xüsusilə kitablar, tərcümələr və
yaradıcılıq ezamiyyətləri barədə əvvəlcədən
hazırlıq işləri görürəm. Onu da deyim
ki, hələ orta məktəbdən qeyd dəftərçələrim,
bloknotlarım durur, saxlamışam; müxtəlif tarixlər,
mövzular, xidməti fəaliyyətlə bağlı qeydlər,
insanlar, şəhərlər, kəndlər, kəlamlar,
müsahibələr üçün
hazırladığım suallar, cavablar və s. Buna adət eləmişəm.
Mütləq 7 saat
yatmalıyam, yatmasam, işləyə bilmirəm. Adətən
yataqda olanda düşünürəm, əlbəttə,
bütün günü hekayə və ya görəcəyim
işlər barədə düşünmürəm, amma əksər
hekayələrimin süjeti və ideyası yataqda, yuxu öncəsi
düşünülüb. Sonra onların qısa
icmalını hazırlayıram, kompüterdə ayrıca
fayllarım var: hazır hekayələr, çapa gedəcək
yazılar, yaxud da hazır mövzu və süjetlər. 130 hazır süjet var ki, onları gərək
işləyəm. Hər bir hekayəyə
gərək özünü kökləyəsən. Elə ki, kökləndin, yazmaq asan olur, 1-2 saata
yazırsan. Sonra onları dəfələrlə
oxuyub düzəlişlər edirəm. Qoyuram
qalsın, əhvalım olanda bir də götürüb
oxuyuram, yenə düzəlişlər edirəm, ta ki mətn
məni qane etsin. Bu cəhətdən
çox vasvasıyam. Bəzən elə
olur ki, bir müddətdən sonra eyni hekayənin
üstündə yenə işləyirəm. Çox vaxt əvvəlcədən
hazırladığım süjet, yaxud ideya alınmır,
tamam başqa bir ovqat, başqa ruhlu hekayə alınır.
Mənim üçün hazır, qəlibə
salınmış iş qrafiki yoxdur. Yenə təkrar
edirəm ki, özümü bəlkə də iki yerə yox,
yüz yerə parçalamışam. Tələbə
vaxtımdan beləyəm. Buna görə
də yaradıcılıqla bağlı hər hansı bir cədvəl,
ya da qrafik tutmuram. Harda olsa, nə vaxt olsa,
yaza bilərəm. Lap səsli-küylü, ya da sakit bir
yer olsun, fərq eləməz. Sübh
çağı işləməyi xoşlayıram, elə
hallar olur ki, tez yatıram, amma səhər saat 4-5 arası
durub işləyirəm, iki-üç saat çəkir.
Spirtli içki qəbul etdikdən sonra heç
vaxt yaradıcılıqla məşğul olmamışam və
olmuram. Bəzən deyirlər ki, içki içəndə
adam yaxşı yazır, amma mən belə
düşünmürəm. Yazı yazanda
masamın üstündə mütləq çay və ya kofe
olmalıdır. Olmasa, yaza bilmərəm.
Yazı yazanda siqaret çəkmirəm. Çox isti, çox soyuq otaqda işləyə
bilmirəm. Oturduğum yer narahat olsa da
olar, mənim üçün fərq eləmir. Amma otaq temperaturu normal olmalıdır. Bir balaca isti, ya soyuq olanda bütün yazı
ovqatım ölür. Çox az
danışıram. Bəzən bir saat ərzində
3-4 işi eyni zamanda görə bilirəm. Bu zaman fikirlərim qarışmır,
uşaqlıqdan beləyəm. Bəzən
bir hekayə barədə uzun müddət
düşünürəm, amma yaza bilmirəm. Belə vaxtlarda qaraqabaq oluram, hər xırda şey
məni qıcıqlandıra bilər. Elə
ki, hekayəni yazdım və mətn ürəyimcə oldu, həmin
vaxt məndən yaxşı hədiyyə də ala bilərlər,
uşaq kimi sevinirəm. Xanımım
xasiyyətimi bilir, yazıçı qızıdır və
33 ildir ləyaqətlə dözür, mənim bütün
sevinclərimə məmnuniyyətlə şərik
çıxır. Bu cəhətdən də
bəxtim gətirib.
Məni ən çox yoran
yazmaq deyil, boş-boş söhbətlər olur. Bəzən
elə olur ki, bir məclisə məcburən
düşürsən, adamlar çox olur, hərə bir
şey danışır, mən də qulaq asmaqdan yoruluram.
Yəni təəccübləndirici, ya da heyrətləndirici
şeylər eşitməyəndə, yoruluram,
çalışıram ki, həmin məclisdən, yaxud adamlardan
tez aralanım. Bəzən yeməyə,
dostlarla axşam yeməyinə çox vaxt ayırıram, təxminən
3-4 saat. O da hər gün olmur, cümə günləri,
adətən, axşam saat altıdan sonra. Çalışıram ki, telefonda
az danışım. Gün ərzində
demək olar ki, telefon danışıqlarına 15-20 dəqiqə
vaxtım gedir. Geyinməyə, yuyunmağa, qısa idman
hərəkətlərinə və piyada gəzintiyə də
az vaxt sərf edirəm. Gün
ərzində demək olar ki, 20-30 dəqiqə. Son vaxtlar gec-gec maşın sürürəm. Yalnız şənbə və ya bazar günləri,
qalan günlərdə ictimai nəqliyyatdan istifadə edirəm.
Evdə tək olanda
çalışıram ki, vaxtımın çox hissəsini
yazı-pozuya həsr edim. Xüsusilə şənbə-bazar
günləri. Mütaliəyə də
çox vaxt ayırıram. Həftənin şənbə
günü mütləq qonşuluqda qəzetçi
Talıbdan "Ədəbiyyat qəzeti", "525-ci qəzet",
"Kaspi" və "Ədalət" qəzetlərini
alıram və oxuyuram. Talıb məni
tanıyır və həmin gün qəzetlərimi də
ayrıca büküb saxlayır. Bir dəfə iki şənbə
Bakıda olmadım, növbəti şənbə gəlib qəzet
alanda Talıb gülə-gülə "qəzetlərini
saxlamışam!" dedi. "Heç kimə
satmamışam!". Mənə ləzzət verdi bu sözlər, köhnə qəzetləri
də aldım. Qalan günləri internetdə
oxuyuram. Ümumiyyətlə, mütaliəyə
(qəzet, kitab, internet, facebook) gün ərzində 1-2 saat
ayırıram.
Qəribə görünsə
də, məndə uşaqlıqdan kitabxana yaratmaq həvəsi
olub – anamdan, xalamdan keçib. Evdə kitab rəflərim
doludur, hətta iki cərgə ilə yığılan
kitablarımın üstünə də kitablar
yığıram, hansı kitabın hansı cərgədə
olduğunu da yaxşı bilirəm. Ola bilsin ki, 20-30 il
bundan qabaq oxuduğum, yaxud da dünən oxuduğum kitabın
bütöv məzmunu yadımdan çıxsın, bu barədə yaddaşım zəifdir, amma o
kitabın rəngi, mövzusu, formatı... heç vaxt
yadımdan çıxmır və hara qoymuşamsa, o yer
yadımdan çıxmır. Mən sovet dövründə
anamdan qalan köhnə kitabları da saxlamışam, yer yoxdu
deyə, hamısını karton yeşiklərdə
saxlayıram, bir hissəsi balkonda, bir hissəsi bağda, bir
hissəsi rayonda... Allah qoysa, mənzil şəraitimi
yaxşılaşdırandan sonra böyük bir kitabxanam
olacaq. Ən böyük arzum da budur.
Hərdən evdə deyirlər ki, nəyə
lazımdı bunlar, at getsin, onsuz da hər şey internetdə
var. Atmıram, internetdə o kitablardan yoxdu. Misal üçün, bir dəfə Yaponiya
haqqında məlumat əldə eləmək istəyirdim, istədiyim
şeyi kompüterdən tapa bilmirdim. Yadımda
idi ki, sovet dövründə aldığım "Sakura
budağı" kitabım var, rus jurnalisti Ovçinnikov
yazıb; hansı cərgədə olduğunu da dəqiq
bilirdim. Axtardım, tapmadım. Sən demə, rəhmətlik qaynanam kitab rəflərini
təmizləyərkən həmin kitabın yerini dəyişib,
harasa qoyub. Evdə qırğın
düşdü, hamı əl-ayağa düşüb
axtarmağa başladı. Tapdıq.
Hamı təəccüblə deyirdi ki, axı sən düz
iyirmi ildi o kitabın üzünü açmamısan, necə
oldu ki, yadına düşdü və yerini də dəqiq
bildin... Ümumiyyətlə, kitablarıma kimsə
əl vuranda, yaxud götürüb istifadə edəndən
sonra yerinə qoymayanda, əsəbiləşirəm. Artıq bunu evdə hər kəs bilir.
Mən gün ərzində
daha çox müşahidə edirəm. Çalışıram
ki, diqqətimdən heç bir şey yayınmasın, yəni
ətrafımda baş verən hadisələr və proseslərə
daha diqqətlə vaxt ayırıram. Düşünürəm
ki, bu, həyatdı, ondan öyrənmək daha
faydalıdır. Günümün əsas
hissəsi də həyata, real proses və hadisələrə
sərf olunur.
Kamran Nəzirli
Kaspi.- 2018.-
13-15 yanvar.- S.16.