Mahirə Yaqubova: “Tələbələrimlə
fəxr edirəm”
Bəlkə də hər insan müəllim, pedaqoq olmaq gücünə malikdir. Ancaq hər pedaqoq tələbələrinin sevgisini, məhəbbətini qazana bilmir. Müsahibim əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasının dosenti Mahirə Yaqubovanın bəxti bu baxımdan çox gətirib.
Bu gün teatr, kino aləmində adlı, sanlı sənət adamları bizimlə söhbətində onlara dərs deyən Mahirə xanımı hər dəfə xatırlayırlar. Bir çoxları sənətə gəldikləri üçün və bu sənəti sevdikləri üçün məhz ona təşəkkürlərini bildirirlər.
Biz də Mahirə xanımla görüşüb, onunla söhbət etmək qərarına gəldik. Mahirə Yaqubova 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir. Mahirə xanım elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də 20 ildən çoxdur ki, Bakı Bələdiyyə teatrının aparıcı aktrisalarındandır. Teatrın repertuarında olan dəyərli tamaşalarda baş rollarda çıxış edib. Ölməz C.Məmmədquluzadənin "Ölülər” əsərində Kərbəlayi Fatma, A.Məmmədovun "Dəli Domrul” pyesində Domrulun anası, Sofoklun "Elektra” faciəsində Korifey, N.Hikmətin "Demokl qılıncı” pyesində Karın arvadı, "Unutqanlıq Qorxunc Bəladır” kompozisiyasında şəhid anası, A.Babayevin "Oğul” tamaşasında Səriyyə, Ə.Nesinin "Tənha Qadınlar” pyesində Diha bəyim, C.Cabbarlının "Dönüş” tamaşasında Asya və s. obrazları böyük ustalıqla canlandırıb. Anarın "Ötən ilin son gecəsi” televiziya tamaşasında Leyla, S.Dağlının iki hissəli "Sabiqlər” tamaşasında Xanım rollarının ifaçısı olub. Bir neçə bədii filmdə çəkilib. "De ki, Məni Sevirsən!” filmində Rəfiqə, "Ünvansız Qız”da Qaçqın qadın, "Əlvida” filmində Solmaz, "Yalan”da Xəzinədar qadın obrazlarını yaradıb.
İlk film təcrübəsi isə 1977-ci ildə çəkildiyi "De ki, məni sevirsən!” adlı tammetrajlı bədii film olub. O illəri xatırlayan Mahirə xanım deyir ki, həmin filmdə heç bir sözü yox imiş, filmi çəkərkən rejissor kameradan onun simasını görür və həmin an Rəfiqə obrazına sözlər yazılırmış. Mahirə xanımla söhbətimizə tələbələrinin onun haqqında danışdığı sözlərlə başladıq. Tələbələrinə olan sevgisi onun gözlərindən də sezilirdi.
- Mahirə
xanım, tələbələrin sevimli
müəlliməsi olmaq necə bir hissdir?
- Çox gözəl. Tələbə ilə müəllim hər şeydən əvvəl dost olmalıdır. 39 ildir ki, İncəsənət Universitetində müəllim olaraq çalışıram və hər tələbəmdən nələrisə öyrənirəm.
- 39 il bundan əvvəlki Mahirə xanımla indiki Mahirə müəllimə arasında nə kimi fərqlər var?
- O vaxtdan indiyə çox şeylər dəyişib. 39 il bundan əvvəl arıq, cılız, ürkək bir qız idim. İlk dəfə müəllim olaraq auditoriyaya daxil olanda gördüm ki, müəllimin stolunun qabağında kök, hündürboy bir qadın əyləşib. Onu görəndə sanki otaq başıma fırlandı. Dərsdən çıxıb, başqa otağa girdim və məni ağlamaq tutdu. İçimdə bir qorxu var idi. Ancaq indi elə deyiləm. Tələbələrimi çox istəyirəm, onların daxili dünyalarından xəbərdaram. Tələbələrimə övlad gözü ilə baxıram, hətta elə olur ki, analarına demədiyi problemlərini mənimlə bölüşürlər. Bu da inamdan irəli gəlir. 10 il bundan əvvəlki tələbələrim bu gün də məni axtarır. Onlarla görüşürük, saatlarla söhbət edirik, ötən günləri xatırlayırıq. Tələbələrimin hər birini ayrı bir fərd kimi yüksək qiymətləndirirəm və onlardan çox şey öyrənirəm. Onlar həyatı başqa cür düşünürlər. Kənardan baxanda tələbələrin düşüncələri bir qədər fərqli təsir edirdi mənə, ancaq onlarla söhbət edəndə, onların dünyasına qonaq olanda, həyata onların gözü ilə baxanda görürdüm ki, bəzən belə də düşünmək lazımdır. Bu gün həyata onların baxışı ilə baxanda həyat mənə başqa cür görünür. İnsanın həyat sevgisi artır.
- Bu
gün tələbələriniz ölkənin
nüfuzlu teatrlarında
çalışır, hətta onların arasında xalq, əməkdar artistlər də az deyil. Sizin
yetirmələrinizin nüfuzlu,
sayılıb-seçilən sənətkar olmasını
görmək müəllim olaraq sizə
hansı hissləri aşılayır?
- Fəxr edirəm onlarla. Elələri var ki, artıq həyatda yoxdur. Mən Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov üçün çox darıxıram. Məmədbağır mənim dərs dediyim kursun sinif nümayəndəsi olub. O, dərsinə gecikməyən, çalışqan bir tələbə idi. Mən onları unuda bilmirəm (Gözləri dolur-X.Rəis). Onlar çox yüksək mədəniyyətə malik insanlar idilər. Səxavətin kövrək baxışları vardı. Allaha qurban olum. Onlar öləsi insan deyildilər.
Universitetdən əlavə, Musiqili Teatrın aktyorları üçün müqavilə əsasında dərs deyirdim. O dövrdə teatrlarla yaradıcı müqavilələr bağlanırdı. Bu gün teatrlarda yetişən bir çox tanınmış xalq və əməkdar artistlərə də dərs demişəm.
- Bəs bu günün tələbələri?
- İndiki gənclər də çox ümidvericidirlər. Misal üçün mənim 3-cü kurs tələbələrim var, orada 7 oğlan təhsil alır. İnandırım sizi ki, onların 7-si də nüfuzlu aktyorlardan geri qalmır. Bu yaxınlarda C.Cabbarlının "Almaz” pyesindən 1 hissə tamaşa hazırladılar. Tamaşa o qədər gözəl alınmışdı ki, biz onların istedadlarına heyran qaldıq. Nə yalan deyim, onların gələcəyi üçün çox narahatam. Onlar özlərinə yol aça biləcəklərmi? Bunu bilmirəm. İstəmirəm yoxa çıxsınlar.
- Mahirə xanım, pedaqoqludan əlavə, siz həm bizim səhnəmizin sevilən aktrisalarındansınız. 20 ildir ki, Bakı Bələdiyyə Teatrında maraqlı obrazların yaradıcısınız. Bu teatr sizə nələr qazandırdı?
- Bələdiyyə teatrı mənə çox doğma bir məkandır. Bəlkə də mənim ixtisasım ora ilə daha çox bağlıdır deyə teatr səhnəsini çox sevirəm. "Dram kino” aktyorluğunu fərqlənmə diplomu ilə bitirmişəm. O zaman Universiteti qırmızı diplomla bitirmək heç də asan məsələ deyildi.
Teatr mənə çox şey qazandırdı. Teatra gedəndən sonra burda tamam öz iş strukturumu dəyişdirdim. Tələbələrlə daha ətraflı və fərqli şəkildə işləməyə başladım.
- Teatrı sevsəniz
də universiteti bitirən kimi
aktrisa işləmədiniz. Səbəb nə
idi?
- Universiteti bitirəndə
deyirdim ki, yer göylə birləşsə də aktrisa olacam. Ancaq qismət elə gətirdi ki,
universiteti bitirən kimi
ailə qurdum. Və yalnız
övladlarım böyüyəndən sonra
teatra gedə bildim. Sağ olsun,
teatrımızın direktoru, xalq artisti Amaliya
Pənahova məni yaxşı qəbul etdi.
Teatra gedən kimi mənə repertuarda olan tamaşalarda rollar həvalə edildi.
- Bu illər ərzində niyə başqa teatrlara getmədiniz?
- Əslində teatrda
işləməyi tələbə
yaşlarımdan qətiləşdirmişdim. Ancaq ana
olduqdan sonra müəyyən qədər
yol qət etmişdim və daha ətraflı şəkildə fikirləşə
bilirdim. Mənə iki
teatr məsləhət
görüldü. Hər ikisi barədə düşündüm və
dedim ki, onlardan biri bataqlıdır.
Ora getsəm bataram. Bəlkə də yeniyetmə
olsaydım düşünmədən
gedərdim. Ancaq
Bələdiyyə Teatrının rəhbəri
xanımdır. Həm
də Amaliya xanımın pərəstişkarı
idim. Onunla görüşdük, söhbət etdik. Orada işləmək qərarına
gəldim. Çox şükür,
indi hər şey qaydasındadır.
Bizə
mane olan əsas məsələ binamızın
şəraitsizliyidir. Teatrda yaradıcı mühit
var. Elə gənclərimiz
var ki, bu
gün yerli telekanallarda nümayiş olunan serialların çoxunda bizim gənclər iştirak edir.
- Serillardan söhbət düşmüşkən,
niyə çəkilən
serial və filmlərdə
sizi görmürük?
- Çəkilirəm.
Misal üçün, axrıncı
dəfə Rövşən
İsaxın çəkdiyi
"Sonuncu fəsil”də
çəkildim.
- Bu gün film və serial çəkənlərin, eyni
zamanda, çəkilənlərin
çoxu sizin tələbələrinizdir. Bu baxımdan, sizə çəkilmək heç
də çətin olmamalıdır.
- Mən başqa rejissorlarla işləyə
bilmərəm. Yayda bir
seriala dəvət aldım. Gedib çəkiliş prosesinin şəraitinə,
yaradıcı insanların
mühitinə baxdım.
Rejissor asissentinin aktyorlara qarşı kobud davranmağını bəyənmədim.
Bundan əlavə, sentyabrdan hər gün dərsim olduğu üçün mənim rejimimə uyğun gəlmədi. Serial çəkilişləri
elədir ki, hər gün çəkiliş məkanına
getmək şərtdir.
Heç
zaman pul dalınca qaçan olmamışam. Bəlkə
həqiqətən də
özümü serial və
kino aləmində görsəydim, gedərdim.
Mənim
pula ehtiyacım yoxdur məsələsi deyil.
Pul hər kəsə lazımdır. Aktyorun özünə
olan hörməti əsasdır. Hər şeyə
görə pulun dalınca getmərəm.
Bu şəkildə məşhur
olmağı istəmirəm.
- Bu sənəti
seçdiyiniz üçün
geriyə baxanda nə zamansa peşmanlıq hissi keçirmisinizmi?
- Heç vaxt. Əvvəl düşünürdüm ki,
gərək elə universiteti bitirən kimi teatra gedərdim.
İndi isə düşünürəm ki,
yox elə aktrisalar var universiteti bitirən kimi teatra getdilər,
məşhur oldular, ancaq ailələrinə baxanda o qədər də xoşbəxt deyillər. Mən həyatımdan narazı
deyiləm. Bəlkə də
universitetdə işləməsəydim,
mənə pis təsir edərdi.
Biz burada hər il müəllim
kimi yaradıcı ifa işi veririk.
Tədbirlər keçirir və
tədbirlərdə iştirak
edirik. Sənətin
içində olduğum
üçün özümü
kənar hiss etməmişəm.
-Bu gün bizi narahat edən
əsas məsələlərdən
biri də filmlərin dublyaj məsələsidir. Televiziyalarımızda dublyaj olunan filmlər sizi qane edir?
- Özüm də zamanında bir neçə filmin dublyajında iştirak etmişəm. Dublyaj çox ağır
işdir. Bu sahədə çalışanlar
çoxdur, artıq püxtələşirlər. Dublyaj sənətinə gənclr
gəlməli, yeni nəsil yetişməlidir.
- Bəs tamaşaçı kimi necə, həmin filmləri bəyənirsinizmi?
- Həmin filmləri izlədikdə çox böyük nöqsanların
şahidinə çevrilirik.
Bir dəfə uşaqlarımızdan birini
görəndə dedim
ki, sən axı bizim Universiteti bitirmisən, niyə vurğuları səhv vurursan, qaydaları pozursan, orfoepik qaydalara əməl etmirsən?! Əgər o
studiyada nə isə səhv deyiləndə sən onu düzəltməlisən.
Tələbələrim deyirlər ki,
biz başa düşürük
ki, harada səhvlər edirik, ancaq rejissorlar bizdən belə tələb edirlər.
Dublyajda ümumi qəbul olunmuş ədəbi dil normalarından istifadə edilməlidir.
Amma rejissor onlardan tələb edir ki, vurğunu bura vur. Həmin səhvlər rejissordan qaynaqlanır, aktyordan yox.
- Pedaqoqlar deyirlər ki, il ötdükdə
intellektual və yaradıcılıq baxımından
daha zəif gənclər yetişir. Bu da gəncliyin
gələcəyini sual
altına alır.
39 ilin pedaqoqu
olaraq bu fikirlərlə razısınızmı?
- Müasir zəmanədir. Nə dəyişmir ki? Düzdür,
bugünkü gənclərin
həyata baxışı,
düşüncə tərzi
dəyişib. Misal üçün,
gənclər kitab oxumaq istəmirlər.
Çox az
tələbələr kitaba
maraq bəsləyir. Dediklərinə görə, vaxtları
yoxdur. Ancaq baxırsan ki,
bütün günü
internetdədirlər. İnternetdən elə mətnlər
tapıb gətirirlər
ki, onların bir çoxunda bağışlanmaz səhvlər
mövcuddur. Nə yaxşı
ki, universitetimizin kitabxanası var.
- İndi sosial şəbəkələr də o qədər artıb ki, gənclərin əllərindən telefon düşmür. Hətta məclisdə belə canlı ünsiyyət qurmaq əvəzinə sosial şəbəkə vasitəsi ilə danışırlar. Bu da tələbələrin nitq mədəniyyətinin inkişafdan qalmasına gətirib çıxarır.
- Biz tələbə olanda 3-4-cü kurs tələbələri qəzet, teatr jurnalları oxuyurdular. Teatr jurnalında çap olunan məqalələri müzakirə, təhlil edirdilər. Elə peşəkar şəkildə təhlil edirdilər ki, heç indiki bəzi teatrşünaslardan o fikirləri eşitmirik. İndiki gəncləri biz yönləndirməsək, onlar oxumaq istəmirlər. Hər şeyi internetdən öyrənməyə daha çox üstünlük verirlər. İnternetin yaxşı cəhətləri çoxdur, ancaq pis tərəfləri də az deyil. Xəbəri oxuyarkən elə reklamlar, spamlar gəlir ki, mən özüm onlara baxanda utanıram. Bu cavandır axı, belə şeylər onu pozur, başqa tərəfə yönəldir. Belə şey olar? İnternetin əleyhinə deyiləm, ancaq ondan ağıllı istifadə etmək lazımdır. Bu, təkcə gənclərə aid olan bir xəstəlik deyil. Gündəlik nəqliyyat vasitələrindən istifadə edəndə böyüklü-kiçikli hər kəsin əlində bir telefon var. Bu qədər də olmaz axı...
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2018.-11 yanvar.-S.10.