Tələbəlikdə məşhurlaşan
jurnalist
İlyas Adıgözəlli: “Dərsdən
çıxan kimi redaksiyalara gedirdim”
Uzun illərdir
ki, jurnalistikadadır və 54 il radioda
çalışıb. Bir adamın eyni iş yerində bu qədər
çalışması çoxları üçün
darıxdırıcı, dəyişiklik olmayan bir abı-hava
yaratsa da, o, işindən razı olub. Çünki,
radio onun üçün maraq kəsb edib. Düzdür, təqaüd yaşı
çatdığı üçün artıq əvvəlki
kimi intensiv fəaliyyətlə məşğul olmur, amma
işindən tam uzaqlaşmayıb. Müsahibimiz
"Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar
Cəmiyyətində hazırda ştatdankənar müqavilə
ilə çalışan Əməkdar jurnalist, iki dəfə
"Qızıl qələm” mükafatına layiq
görülən İlyas Adıgözəllidir.
"Uzun
müddət bizi anam təkbaşına saxladı”
Müsahibimiz 1938-ci ildə Gürcüstanda -
Borçalının Sadaxlı kəndində dünyaya
göz açıb. Uşaqlığı da elə həmin kənddə
keçib və İkinci Dünya Müharibəsinin çətin
illərinə təsadüf edib: "Uşaqlıq illərim
müharibə dövrünə təsadüf etdiyi
üçün elə də asan keçməyib. Müharibədən əvvəl - 1942-ci ildə
atamı hərbiyə apardılar, müharibədən sonra -
47-ci ildə qayıtdı. Müharibə
45-ci ildə artıq yekunlaşmışdı, amma müharibədən
sonra atamgili saxlayıb tikintidə işlədirmişlər,
dağılan yerləri bərpa edirmişlər. Ona görə uzun müddət bizi anam təkbaşına
saxladı. Amma biz balaca vaxtlarımızdan
anama kömək edirdik. Ümumilikdə
ailədə 8 uşaq olmuşuq, amma müharibə
dövründə iki qardaş idik, o biri uşaqlar müharibədən
sonra doğulublar. Mən evin böyük
uşağı olmuşam. Anam
kolxozçu qadın idi, işləyirdi. Amma
kolxoz da elə bir şey verə bilmirdi. Qapıda
torpağımız vardı, təsərrüfat işləri
ilə məşğul olurduq, o bizim ailəmizi
saxlayırdı. Taxıl əkirdik, balaca
bağımız vardı. Evin
yaxınlığından çay keçirdi, çaydan
balıq tutub dolanırdıq. Balıqçılıq
o vaxt məşhur idi. Atam qayıdandan
sonra ailə vəziyyətimiz bir qədər
yaxşılaşmağa doğru getdi”.
"…rayonda
yeganə kənd bizimki idi ki, elektrik işığı
vardı”
1945-ci ildə
məktəbə gedib, deyir ki, bütün fənləri
yaxşı oxuyub: "Həmişə qiymətim 5 olurdu. Bir
az riyaziyyatdan zəif idim, həmişə
4 alırdım. Amma ümumilikdə dərslərinə
məsuliyyətlə yanaşan şagird olmuşam”.
1957-ci ildə
orta məktəbi bitirir, elə həmin il
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) jurnalistika ixtisasına qəbul olur. Jurnalistikanı
seçməyinin səbəbi isə bu sahəyə
xüsusi sevgi bəsləməsi olur: "Biz
Gürcüstanda yaşayırdıq, ora kitab, qəzet, jurnal
çətinliklə gəlib çıxırdı. Əsasən, yenilikləri, xəbərləri radio
vasitəsilə əldə edirdik. Müharibədən
sonra - 45-46-cı illərdə rayonda yeganə kənd bizimki
idi ki, elektrik vardı. Səbəb kəndimizdə
su dəyirmanının olması idi. Gündüzlər
dəyirman kimi işləyirdi, axşamlar isə dəyirmanın
suyunu elektrik stansiyasına ötürürdülər,
generator vasitəsilə kəndə işıq verirdi. Kənddə elektrik dirəklərinin üstündə
radio qurğular qoyurdular. Bizdə ən
çox Bakıya qulaq asırdılar. O radio məni
jurnalistika sahəsinə istiqamətləndirdi. Bir
dəfə qəzetə məktub yazmışdım ki, orta məktəbdə
oxuyuruq, ancaq tarix kitabımız yoxdur. Ondan
sonra hamı deyirdi ki, sən qəzetə də yazırsan,
bacarığın var. Belə-belə jurnalistikaya
marağım yarandı”.
"Tələbəlik
illərində qonorar hesabına yaxşı dolanırdıq”
Sevdiyi
ixtisası üzrə təhsil alan İlyas dərslərini
yaxşı oxumaqla yanaşı, həm də iş həyatına
atılır: "Dərsdən çıxan kimi redaksiyalara
gedirdim. "Kommunist”, "Bakı”, "Azərbaycan
gəncləri” qəzetləri, televiziya və radio ilə əməkdaşlıq
edirdim. Redaksiyalardan tapşırıqlar
alıb, obyektlərə gedirdim. "Kommunist”
qəzetində "Siz yatandan sonra” adlı bir rubrika
açmışdım. O rubrikada gecə növbəsində
işləyən həkimlər, maşinistlər,
çörək zavodlarında çalışanlarla
bağlı gecələr veriliş hazırlayırdım. Eyni zamanda Tiflisdə, Yerevanda çıxan qəzetlərə
yazırdım. Tələbəlik illərində
qonorar hesabına yaxşı dolanırdıq. Bir az qonorar alırdıq, bir az da tələbə
təqaüdü vardı. İndi o qədər
tanınmasam da, tələbəlik illərində məşhur
jurnalist kimi tanınırdım”.
"Çiy
kotletlər satılırdı, ondan alıb
qızardırdıq”
Tələbə vaxtı universitetin yataqxanasında
qalıb.
Deyir öz işlərini özü görürmüş,
yeməyini bişirirmiş: "Əlövsət Bəşirov
adlı tələbə yoldaşımla bir otaqda
qalırdıq. Səhər və axşamı
evdə, günortanı universitet yeməkxanasında yeyirdik.
Evdə olanda kartof bişirirdik, yaxud hazır
çiy kotletlər satılırdı, ondan alıb
qızardırdıq. Kolbasa, pendir də
menyumuza daxil idi. Tələbənin yeməyi
bundan artıq nə olacaqdı ki? Amma buna
baxmayaraq, o vaxtın həyatı daha maraqlı idi”.
Deyir ki,
çalışdığı müddətdə öz
işinə olan sevgisi, can yandırmağı nəticəsini
verib: "Sədrimiz Qurban Yusifzadə məni ən
yaxşı işçi kimi 1971-ci ildə Moskvaya qurultaya
göndərdi. Ümummilli liderimiz Heydər
Əliyevlə birlikdə qurultaya gedən nümayəndələr
sırasında ilk jurnalist məni idim ki, Moskvaya qurultaya
göndərirdilər. Bir də 81-ci ildə
qurultaya göndərmişdilər. 1993-cü
ildə Amerikada Azərbaycan səfirliyi açılanda ora da
məni ezam etmişdilər”.
"…bir
sıra məsələlərdə biz amerikalılardan da
qabağa gedibsiniz”
Amerika səfərindən
yadında qalan bir xatirəsini də bizimlə
bölüşdü: "Amerikada Azərbaycan səfirliyi
açılırdı. Səfirimiz Hafiz
Paşayev idi. İlk dəfə idi ki,
Bakıya Amerikadan reportaj verilirdi. Mən səfirliyin
açılışı haqqında reportaj hazırladım,
Hafiz Paşayevdən qısa müsahibə
almışdım. 16 gün orda qaldıq,
bizi gəzdirdilər, Marqaret adlı bir amerikalı qız bizi
müşayiət edirdi, məlumat verirdi, bizə suallar
ünvanlayırdı. Axırıncı
gün idi, qayıdırdıq, ona bir sual verdim. Dedim ki,
burda olduğumuz müddətdə biz azərbaycanlılar
haqqında sizdə hansı təsəvvür yarandı? Dedi
ki, siz gəlməmişdən öncə elə bilirdik ki,
Afrikanın geridə qalmış bir ölkəsindən gələn
insanlarsınız. Amma gördük ki, siz bir
sıra məsələlərdə biz amerikalılardan da
qabağa getmisiniz”.
"Əla
hazırlamısan, amma efirə verməyəcəm”
Müsahibimiz
radioda hazırladığı ilk reportajı
unutmadığını deyir: "O qədər gərgin
idim ki, az qala özümü itirə bilərdim. İlk reportajımı Opera və Balet Teatrından
etmişdim. Hazırlayıb, təqdim
etdim. Baş redaktor qulaq asdı, dedi ki, əla
hazırlamısan, amma efirə verməyəcəm. Dedim əgər
yaxşıdırsa, niyə verilmir? Dedi ki, bir sözün
vurğusunu düz deməmisən. Opera
sözündə vurğu "o” hərfinin üstündə
olur, amma mən səsləndirəndə "e” hərfinə
düşmüşdü. Ona görə
təzədən səsləndirdim və qulağıma
sırğa etdim ki, bütün sözlərin vurğusunun
yerini dəqiq demək lazımdır”.
"Tələbələrlə
işləmək gözəl idi”
Nə az, nə çox 54 il radioda, eyni iş yerində
çalışıb. Bəs, bu illər ərzində
başqa yerə keçmək haqqında fikirləşməyib?
Ona bu sualla müraciət etdik: "1962-ci ilə universiteti
bitirdim, sonra "Abşeron” adlı qəzet
açılmışdı, orda məni işə
götürdülər. İl yarım orda
çalışandan sonra radioya dəvət etdilər, gəldim.
O vaxtdan sonra özümü ancaq radioya həsr etdim. 54 ildir. "Kommunist” qəzetində
tanınırdım. Radioda
çalışdığım vaxtlarda – 1967-ci il idi - bir dəfə "Kommunist” qəzetindən
Hidayət Zeynalov məni çağırdı ki, bəs bizdə
bir yer boşalıb, səni demişik, gəl. Dedim fikirləşim,
səhər bir də zəng etdilər. Dedim üzr istəyirəm,
amma gələ bilməyəcəm. Dedi ki, respublikanın bir
nömrəli qəzeti səni işə dəvət edir, sən
istəmirsən? Radio mənim üçün
daha maraqlı idi, ona görə burda qalmağı
seçdim”.
Müsahibimiz
8 il də universitetdə müəllim kimi
də fəaliyyət göstərib: "Bakı Avrasiya
Universitetində dərs keçmək təklifi gəlmişdi,
iş rejimim ağır olduğu üçün əvvəlcə
getməyə bir az çəkinirdim, sonra vaxtları elə
nizamladılar ki, mən pedaqoji fəaliyyətlə də məşğul
oldum. Gənclərlə səmimi, mehriban bir fəaliyyətim
oldu. Tələbələrlə işləmək
gözəl idi”.
"Gənclik
illərində daha məhsuldar işləyirdim”
Gənclik
illərindən razıdır, çünki o illərdə məhsuldar
çalışa bilib: "Təəssüf ki, indi səhhətim
mənə bir az imkan vermir. O illər çox maraqlı
keçib. Hətta yayda kəndə gedəndə
də ordan material hazırlayıb gətirirdim ki, çap
edim. Gürcüstanda Azərbaycan dilində
çıxan qəzetlərə material hazırlayıb
verirdim. Orda fəaliyyət göstərən
"Sovet Gürcüstanı” qəzeti ən çox əməkdaşlıq
etdiyim qəzetlərdən idi. Gənclik
illərində daha məhsuldar işləyirdim. İndi səhhət imkan vermir”.
Universiteti
bitirən ili ailə qurur: "1962-ci ildə
evləndim, sonra ailəmi Bakıya gətirdim. Uzun
illər kirayədə yaşadıq. 1969-cu ildə
dövlət ev verdi. 3
oğlum, bir qızım, 5 nəvəm və iki nəticəm
var. Nəticələr hələ çox balacadır”.
"Seçdiyin
sənəti yaxşı bilməli və möhkəm
bağlanmalısan”
Müsahibimizin oğlu Fikrət Adıgözəlli
atasının sənətini davam etdirib. İ.Adıgözəlli
deyir ki, oğluna uşaqlıqdan bu sahəyə maraq
aşılayıb: "Oğlum Fikrət mənim yolumla getdi,
bu sahədə davam etdi. O birilər də ali
təhsil alıb başqa sahələrdə
çalışırlar. Oğlumun bu sahəyə
yönəlməsində mənim böyük rolum olub. Hələ orta məktəbdə oxuyanda onu məktəb
həyatından balaca xəbərlər hazırlamağa məcbur
edirdim. "Azərbaycan pioneri” qəzetində
çap olunurdu. O vaxt jurnalistikaya sənəd verəndə
qayda belə idi ki, abituriyentin mütləq haradasa - radioda,
televiziyada və ya qəzetdə materialı getməliydi. Oğlum hələ orta məktəbə oxuyanda
yazıları radioda və qəzetdə gedirdi. Onları təqdim elədi deyə, sənədlərini
götürdülər. Bu gün artıq
Əməkdar jurnalistdir”.
İ.Adıgözəlli sonda gənclərə məsləhətini də verdi. Bildirdi ki, gələcəkdə məşğul olacaqları sahə seçiminə ciddi yanaşsınlar: "İxtisas seçməyi və seçdikləri sahəni qiymətləndirməyi bacarsınlar. 54 il radioda işləmişəm, mənim ala gözümə aşiq olub saxlamayıblar. Adamlar olub redaksiyaya gəlib, bir neçə ay sonra deyiblər ki, bura sənin sahən deyil, başqa istiqamətə get. Seçdiyin sənəti yaxşı bilməli və möhkəm bağlanmalısan”.
Aygün
Asimqızı
Kaspi.-2018.-12 yanvar.-S.12.