Çexiyada azərbaycanlıların milli birliyini formalaşdıran ziyalı

 

Azər Kərimov: “Dövlətimizin maraqlarını həyata keçirmək ən vacib və önəmli məsələlərdəndir”

 

Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, texnika elmləri doktoru, professor Azər Kərimov qonağımız oldu.  Müsahibimiz 1953-cü ilin dekabrın 29-da Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində, el şairi Qəmgin Fəzinin ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində, ailəsi doğma yurddan Bərdə rayonuna deportasiya olunub. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə qəbul olunub və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirib. İnstitut istedadlı məzununu öz ocağında saxlamağa qərar versə də, o, təhsilini artırmaq üçün aspiranturanı Moskvada davam etdirib. Tezliklə dissertasiya müdafiə edərək, elmlər namizədi - alimlik adı qazanıb. Dosent adına layiq görüldükdən sonra yaradıcılığındakı elmi işinin nəticələrinin qiymətini Moskvada tapıb. Elm, texnika sahəsindəki nailiyyətlərinə görə, Lenin komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, o, bu mükafata institut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.

  

Moskva şəhərindəki iki illik xarici dil kursu keçdikdən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil NazirliyiXarici işlər Nazirliyinin təqdimatı ilə müsabiqəyə buraxılır və 20 namizəd arasında qalib olur. Qalibiyyət əldə etdikdən sonra pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilir. Oradakı texniki universitetdə müəllim kimi çalışır. Bundan sonra elmi uğurları bir-birini əvəzləyir. Belə ki, Çexoslovakiyada doktorluq elmi dərəcəsini qazanır. Az müddətdə əldə etdiyi yaradıcılıq diapazonumetodiki göstəricilərinə görə, professor elmi adını alır. Ona ayrılan vaxtın başa çatmasına baxmayaraq Çexoslovakiya Texniki Universitetinin rəhbərliyi SSRİ tərəfinə Azər Kərimovun daha bir neçə il bu ölkədə qalması xahişi ilə müraciət edib. Müsahibimiz Azər Kərimov hazırda Çexiya Universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir. Bundan başqa, Azər Kərimov Beynəlxalq Diaspor Mərkəzinin Avropaa təmsilçisi kimi Azərbaycanın problemlərini, ermənilərin işğalçılıq siyasətini dünya ölkələrinin nəzərinə çatdırmaqla, böyük ictimai-siyasi fəallıq göstərir. Geniş elmiictimai-siyasi fəaliyyətlə məşğul olub, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Altı dildə sərbəst danışır. 20 ildən çoxdur ki, Çexiyanın qədim elm ocağı, 110 ildən artıq tarixi olan Maraviya Texniki Universitetində müəllim işləyir. Maraviya Təhsil Komitəsinin qərarı ilə Azər Kərimov Çexiya dövlət təhsil müəssisələri ilə MDB dövlətləri universitetlərinin əlaqəsini tənzimləyən koordinator-kurator təyin edilib. O, Avropada lobbiçiliyinin möhkəmlənməsi işində də hərtərəfli fəaliyyət göstərir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

 

Redaksiyamızın qonağı olan Azər Kərimov söhbətə babası Məşədi Qasım Hacı Kərim oğlu ilə başladı. Belə ki, Məşədi Qasım öz dövründə Göyçə mahalının ən seçilmiş-sayılmış kişilərindən biri olaraq, 1905-1918-ci illər erməni-müsəlman davasında Göyçədən Əskəran qalasına qədər döyüş bölgələrinə rəhbərlik etmişŞuşada dəfn olunmuşdur. Atası Fəzi Məşədi Qasım oğlu ustad aşıqların vətəni olan Göyçə ədəbi mühitində böyümüş, saza, sözə böyük maraq göstərmişdir. Qəmgin təxəllüsü ilə tanına el şairidir. Azər Kərimov da övladlıq borcunu yerinə yetirərək, atasının şeirlər kitabını çap etdirib.

 

- Azər bəy, istərdik Çexiyada diaspora fəaliyyətiniz barədə danışasınız. Ümumiyyətlə, orda yaşayan azərbaycanlılar birlik nümayiş etdirə bilirlərmi?

- Əlbəttə. Praqada hamımız bir-birimizi tanıyırıq. Azərbaycanın matəm günlərində və digər özəl günlərdə bir araya gəlirik. Qarşıdan 20 Yanvar və Xoclı faciələrinin ildönümləri gəlir. Biz hər il matəm günlərimizdə Çexiyada tədbirlər keçiririk. 20 Yanvar, Xocalı faciəsi ilə bağlı tədbirlər qışın "oğlan çağı” vaxtlarına düşür. Gənclər o çovğunda, qarda əllərində plakat küçələrə çıxırlar. Əllərindən gəldiyi qədər insanlara bizim haqq səsimizi çatdırmağa çalışırlar. Biz bu yöndə əlimizdən gələn hər şeyi edirik. Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etməyə çalışırıq, bu hadisələrin əslində necə törədildiyini bəyan edirik. Bu yöndə gənclərimiz bizə çox kömək edirlər. Onların qəlbində vətən sevgisi yaşayır. Bizim də fəxr olunası gənclərimiz var, hansı ki, bu gün Çexiyada tanınmış universitetlərdə təhsil alırlar. Diaspor olaraq da Azərbaycanın haqq səsini beynəlxalq arenada tanıdırıq. Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşəsi yaradıb. Bizim bu tip layihələrimiz saysızdır. İndi onların hamısını bir-bir burada sadalayıb zamanınızı almaq istəmirəm. O ki, qaldı sualınıza, diasporun formalaşmasında milli ideya, tarixi yaddaş, dini əqidə böyük amildir. Hansı ki, bu faktorlar fərqli etnik mühitdə ərimənin qarşısının alınmasında xüsusi rol oynayır. Assimlyasiyaya qarşı dayana bilməyən xalqlar heç də hamısı diaspor yarada bilmirlər. Birmənalı şəkildə deyə bilərik ki, diaspor öz xalqının mili xüsusiyyətlərini daşıyan etnik birlikdir. Fəaliyyətə başladığımız gündən var gücümüzlə bu birliyi qorumağa çalışırıq. Hər işdə həmyerlilərimizə dəstək olmaqla yanaşı, dövlətimizin maraqlarını həyata keçirmək ən vacib və önəmli məsələlərdəndir.

 

-  Çexiyada Azərbaycan alimlərini tanıyırlarmı?

- Bizim elə alimlərimiz var ki, onların əsərləri çexiyalı alimlərin stolüstü kitabına çevrilib. Belə ki, arxitektura və memarlıq universitetinin müəllimi olan mərhum Abbas Mustafayevlə çexiyalı alim, professor M.Doqnalla Brüsseldə tanış olublar. Bu günə kimi onu istedadlı elm xadimi kimi xatırlayırlar. Tanınmış fizik Eldar Məsumovun atom fizikası haqqında əsərləri maraqla qarşılanıb. Onun əsərlərinin əksəriyyəti çex dilinə tərcümə olunub.

 

- Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin əsas vəzifəsi nədən ibarətdir?

- Mərkəz 1998-ci ildə yaranıb. Azərbaycandan gedən bacarıqlı tələbələr burada çalışır. Mərkəzdə Avstriya, Belarus, Çexiya və digər ölkələrdən olan istedadlı müəllimlər fəaliyyət göstərir. Bizim SlavyanTexniki universitetlər, Bilik Fondu ilə müqavilələrimiz var. Hər il Çexiyanın 3-4 universitetinin rektorunu Azərbaycana gətirirəm. Tədris ocaqlarında görüşlər keçiririk. Tələbələrimiz var ki, çex dilini gözəl öyrənirlər. Ümumiyyətlə, Azərbaycanın Avropaya inteqrasiyasına xidmət edən əlaqələrin əsas işi təhsildən keçir. Azərbaycanın təhsil modeli Avropa modelidir. Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin təşəbbüskarlığı və Bilik Fondunun dəstəyi ilə Azərbaycanın tanıdılması məqsədilə tədbirlər keçirmişik. Ümumiyyətlə, bütün dünyada Azərbaycan diasporumuzun fəaliyyəti öz nəticəsini göstərib. İndi bizi daha yaxşı tanıyır, Azərbaycanla bağlı məsələlərə həssaslıqla yanaşırlar.

 

Xəyalə Rəis

 

Kaspi  2018.- 16 yanvar.- S.7.