Toyu məktəbə çevirənlər
El şənlikləri bəlkə
də məktəbdir, amma dəqiq, ali məktəb deyil
Tez-tez efirlərdə və mətbuatda ifaçıların dilindən "Mən toy məktəbi keçmişəm”, "Toylar özü də kiçik bir səhnədir”, "Toy mənim üçün konsert salonlarını əvəz edir” kimi ifadələr eşidirik. Müğənnilər el şənliklərində tamaşaçı qarşısında çıxış etməyin çətinliklərindən danışır və bunun özünün bir məktəb olduğunu iddia edirlər. Biz də ölkəmizin nüfuzlu, tanınmış ifaçılarına müraciət edərək onlardan toyların məktəb funksiyasını yerinə yetirib-yetirmədiyini soruşduq. Xanəndələr, ifaçılar fərqli fikirlərlə toy biznesini ifadə etməyə çalışdılar.
"Biz sənətə toy xatirinə gəlməmişik”
Xalq artisti Gülyanaq Məmmədova bizimlə söhbətində müəllimlərinin xanəndənin el şənliklərində yetişməsinin vacib olduğunu vurğuladıqlarını bildirdi: "Bu ifadələri bizdən əvvəl yaşayıb-yaradan ustadlarımız işlədib. Biz bu sözləri eşidə-eşidə böyümüşük. Şəxsən mən Nəriman Əliyevdən, Ağaxan Abdullayevdən və başqa bir çox görkəmli sənətkarlarımızdan dəfələrlə "xanəndə el şənliklərində püxtələşir” sözünü eşitmişəm. Tələbəlik illərində ustad sənətkarlarımızın yanında muğam dərsləri almışam. Bilirsiniz ki, Bakı kəndlərində toylarda muğama böyük önəm verilir. Ağaxan Abdullayev, Qəndab Quliyeva, Nəriman Əliyev kimi sənətkarlarımız məni dəfələrlə toylara aparıblar. Mən o toylarda tələbə kimi, öyrənmək, görüb-götürmək xatirinə iştirak etmişəm. Təbii ki, burada maddi qazancdan söhbət gedə bilməzdi. Toyun bir başqa oxunuş tərzi var. Orada hər ifaçının özünəməxsus improvizasiyası olur. Öyrənmək mənə hər şeydən önəmli idi. Toyun bir məktəb olması fikri ilə razıyam, ancaq bu o demək deyil ki, özümüzü toya kökləməli və hər şeyi onunla ölçməliyik. Biz sənətə toy xatirinə gəlməmişik. Mən sənətə səhnəni, muğamı, xalq musiqisini sevib gəlmişəm. Toy bizim üçün hazırda böyük bir səhnədir. Düzdür, əvvəllər püxtələşmək, yetişmək üçün toylara gedirdim. Tələbə vaxtlarımızda adətən toylar kiçik restoran, "palatka”larda keçirilirdi. Onda səhnəyə alışmaq üçün gedib ifa edirdim və məhz bu şəkildə püxtələşdim. Orada sərbəstliyi öyrənir və teatrın səhnəsində tətbiq edirdim. Mahnı Teatrında çalışdığım 10 il ərzində mənim səhnə yerişim, duruşum, danışığım, oxu tərzim, tamaşaçı ilə ünsiyyətdə sərbəstliyim püxtələşdi”.
Xalq artisti toyda ifa etməyin heç də asan olmadığını dilə gətirdi: "Toy heç kimə asan gəlməsin. Hərdən kimisə göstərib, dırnaqarası toy müğənnisi deyirlər. Halbuki, məsələn mən 6 saat ayaq üstə toyda canlı oxuyuram. Bir tikə çörək qazanmaq və insanları razı salmaq üçün toylara gedirəm. Hərdən "bunlar toy mahnılarıdır” deyib lağ edirlər. Biz toyda xalq, muğam, bəstəkar mahnıları da ifa edirik. Hazırda gündəmdə olan mahnıları bir-iki nəfər gəlib xahiş edir, məcburiyyət qarşısında qalıb oxuyuruqsa da, ancaq onları sənət xatirinə oxumuruq. Təbii ki, zövqlər müxtəlifdir. Orada gözəl mahnı oxuyanda zövqlü tamaşaçı da dinləyir, alqışlayır”.
Gülyanaq Məmmədova əvvəlki toylarla indikilər arasında böyük fərq olduğunu da vurğuladı. Bildirdi ki, əvvəllər bölgələrimizdə keçirilən el şənliklərində muğama daha çox yer ayrılırdı: "Yadımdadır, Şəmkirdə iştirak etdiyim elə toy olmayıb ki, "Heyratı”nı, "Cahargah”ı ən azı iki dəfə oxutdurmasınlar. Mən bütün şəmkirlilərə "Heyratı” muğamını sevdirmişəm. Bunu sizə əminliklə deyirəm. İştirak etdiyim toylarda muğamlarımızı təbliğ etməyə çalışmışam. İndi daha çox gündəmdə olan mahnılara və estradaya meyl var. Bəzən toyda çıxışımızı o qədər gözəl alqışlayırlar ki, həmin insanlar sabah mənim konsertimə bilet alıb gələcəklər. Biz onlar üçün oxuyuruq, onlar bizi sevdilər, ucaltdılar və xalq artisti etdilər. Öz toylarına da sevə-sevə dəvət edirlər. Toylar həm maddi tərəfdən bizə kömək edir, həm də böyük hörmət görürük. O sevgini onların gözlərindən oxuyuruq, bu, bizim üçün böyük bir xoşbəxtlikdir. Bəzən heç maddiyatı yox, onların sevgisini düşünürük. Elə toylar olur ki, biz oradan az pul alırıq və ya heç nə almırıq. Ancaq elə böyük sevgi ilə qarşılaşırıq ki, pulun azlığı gözümüzə görünmür”.
"Məktəbsiz ifaçı kordur”
Xalq artisti Mənsum İbrahimov mövzu ilə bağlı fikirlərini bizimlə bölüşərkən bildirdi ki, hər sənətdə olduğu kimi, xanəndəlik sənətində də təhsil mütləqdir. Təhsilsiz ifaçı ola bilməz: "Toy bir məktəb deyil, sadəcə olaraq təcrübə mənbəyidir. Toy heç zaman məktəb rolunu oynaya bilməz. Əgər toy məktəb olsaydı, təhsil ocaqları yaradılmazdı. O dövrdə ustadlar öz şagirdlərini öz yanlarında yetişdirirdilər. Toy da təhsildə öyrəndiyini tətbiq etmək üçün bir vasitə idi. Toy xanəndələrin özlərini təsdiq etmələri üçün bir meydandır. Əlbəttə, təcrübə baxımından xanəndələrin el şənliklərində ifası çox yaxşıdır. Həm maddiyat, həm də səhnədə açılışmaq baxımından toyda ifa etmək çox yaxşıdır. Amma "toy məktəbi” anlayışını qəbul etmirəm. Məktəbsiz ifaçı kordur. Xüsusilə bizim sənətdə məktəbsiz ifaçı mümkün deyil”.
Xalq artisti "toyda ifa edə bilməyən ifaçı səhnədə heç nə ifa də bilməz” fikirlərinə də aydınlıq gətirdi: "SSRİ xalq artisti, dünyaca məşhur ifaçımız Zeynəb Xanlarova heç zaman toya getməyib. Bu gün bütün ifaçılar, şəxsən mən özüm də onun repertuarından mahnılar ifa edirik. Bizim o qədər belə sənətkarlarımız var ki. Düzdür, konsert səhnələri ifaçını püxtələşdirir. Meydan olaraq toy səhnəsi təcrübə mərkəzidir”.
Müasir toylara gəlincə isə, M.İbrahimov deyir ki, dövr, zaman dəyişdikcə ifaçıların repertuarlarında və tamaşaçının istəyində də dəyişiklik olur: "El şənliklərinin adət-ənənəsi elə həminki kimidir. Tək fərq odur ki, əvvəllər toyları çadırlarda, "palatka”larda edirdilər. İndi şadlıq evlərində və daha şəraitli yerlərdə keçirilir. Və bu dəyişiklik də göz önündədir. İnsanların zövqü də dəyişir, indi internet dövrüdür. Toylarda zəmanə uşaqları estrada, xarici mahnılar tələb etməyə başlayıblar. Bu da normaldır”.
"Peşələrinə
sahiblənməmiş, "mənəm-mənəmlik” edirlər”
Xalq artisti Nəzakət Teymurova isə söhbətimizdə müasir dövrün şou-biznesindən danışmaq istəmədiyini və toy məktəbinin əvvəllər başqa xarakter daşıdığını bildirdi: "İndiki şou-biznes nümayəndələrinin öz aləmləri var. Toy indi məktəb rolunu oynamır. Toy - bizim ustadlarımız, sevilən sənətkarlarımız Hacıbaba Hüseynov, Qəndab Quliyeva, Arif Babayev oxuyanda, haradasa məktəb rolunu oynayırdı. Gənclər də, böyük sənətkarlarımız, xalq artistlərimiz də o toydan bəhrələnirdilər. Bu günkü toylardan kim nə dərs götürəcək? Elə bil, heç kim dəyərli musiqi dinləyib, ondan həzz almaq istəmir. Toya gələn qonaqların əlləri göydədir ki, musiqi çalınsın, rəqs etsinlər. Toy heç vaxt məktəb ola bilməz. Onda bu universitetlər niyə var ki? Gərək o qədər fitri istedadlı olasan ki, məktəbə getməmiş birbaşa toylara gedəsən. Keçmişdə məclisi-ünslər keçirilirdi, orada Xan Şuşinski dərs deyirdi. Ancaq indi, müasir dövrdə toy məktəbini qəbul edə bilmirəm. Müğənnilər yarım saatlıq gəlirlər, ifa edib gedirlər. Çoxu qazanc məqsədi ilə toylara gedir. Bəzi ifaçıları var ki, mikrofon görəndə, onu əllərindən yerə qoymaq istəmirlər”.
Xalq artisti musiqi təhsilinin önəmli olduğunu dönə-dönə vurğuladı: "O dövrlə indiki dövr bir deyil. İndi yeni çıxan müğənnilər hər yerdə görünmək istəyirlər. Belə ki, efirdə, toyda, hətta bəzi verilişlər var ki, ora daha təcrübəli insanlar gəlib fikir bildirməlidir, burda da ifaçılar çıxış etmək istəyirlər. İnsan özü də çaş-baş qalır. İndi oxuyanlar hər şeydən danışmaq istəyirlər. Peşələrinə sahiblənməmiş, "mənəm-mənəmlik” edirlər. Ona görə də onların hər şeyə yanaşmaları fərqlidir. Sözü də söz xatirinə deyirlər. Hansı ki, o sözün mənasını, ağırlığını bilmirlər. Onlar xanəndəlik peşəsinin ağırlığını anlamırlar”.
"Vaxtilə
mahnılarım toyların bəzəyi idi”
Əməkdar artist Baloğlan Əşrəfov deyir
ki, vaxtilə konsertlərdə silsilə
çıxışları olurdu.
İfaçı doğulub boya-başa çatdığı cənub
zonasında keçirilən konsert
proqramlarında özünü təsdiq edib: "Mən bölgəmizdə
keçirilən bir çox
tədbirlərdə çıxış edirdim.
Hətta Bakıdan gələn ən xırda müğənnidən
tutmuş, Zeynəb Xanlarovaya
qədər ifaçılarla bir səhnəni
bölüşmüşəm. Yəni deməyim odur ki, səsimi konsertlərdə
yetişdirmişəm. Ondan sonra toylara dəvətlər
aldım. Əvvəllər toylara getmək
istəməsəm də, sonra gördüm ki, toy da bir
məktəbdir. Onu kimlərsə tamam başqa bir şey kimi
anlayırsa, onlara deyiləsi sözüm yoxdur. Televiziyada mənasız mahnılar çox səsləndirilir.
Çalışmışam ki, konsert proqramında səsləndirdiyim
mahnıları toya gətirim. Vaxtilə
mahnılarım toyların bəzəyi idi.
Belə ki, mən "Gözlərim gəzir
səni”, "İtən eşqim”,
"Qayıtma” mahnılarını ifa etdim və toy biznesində
bu mahnılar sevildi. Daha sonra toylarda
mənə elə bəstəkarların mahnılarını
sifariş verirdilər ki,
yavaş-yavaş toylarda
bəstəkar mahnıları da ifa etməyə başladım. Bu, bir az
da zövq məsələsidir.
İndi toyda oxuyan müğənniyə yuxarıdan
aşağı baxırlar. Toy da hər kəsin həyatında baş verən bir hadisədir.
Burada pis nə var axı? Toyda bacarığın olar, elə oxuyarsan ki, hər kəsi
razı salarsan”.
B.Əşrəfov "toy məktəbi” deyib, bu biznesi lağa qoyanları sərt şəkildə qınadı: "Toyda kimlər olur? Tamaşaçı. İfaçı ilə tamaşaçı canlı şəkildə ünsiyyətdə olur. İfaçı çalışmalıdır ki, toyda öz mahnıları ilə tamaşaçıları cəlb etsin. Ona bayağı mahnılar səsləndirməyə şərait yaratmasın. Əgər xalq mahnılarımızı, bəstəkar mahnılarını bilmirsənsə, məcbursan ki, yüngül mahnıları ifa edəsən. Mən heç zaman belə şeylərə yol verməmişəm. Hər şey müğənninin özündən asılıdır. Əgər sən özünə güvənirsənsə, proqramında gözəl bəstəkarlarımızın lazım olan mahnıları varsa, sənin mahnıların günün tələblərinə uyğundursa, orada mənasız və səviyyəsiz mahnılar yoxdursa, əlbəttə, o mahnılarla konsertlərdə də çıxış edə bilərsən. Şəxsən mən konsert müğənnisi olmuşam. Respublika Sarayı, Filarmoniya, Şəhriyar Mədəniyyət Mərkəzi, Mahnı Teatrı, Yaşıl Teatrda konsertlər vermişəm. Tamaşaçı məni belə qəbul edib”.
Xəyalə Rəis
Kaspi.-2018.-17 yanvar.-S.12.