“Bir gün 24 saatdan yox,
12 saatdan ibarətdir”
Teyyub Aslanov: “Fransızlar mənim
kiçik sənətimi böyük qiymətləndirdilər”
Muğam insanların ruhuna sığal çəkərək,
xoş duyğular bəxş edir. Hansı ki, bu xoş
duyğuların təsirindən uzun müddət ayrılmaq
mümkün olmur. Müsahibimiz muğam sənətinin
kamil bilicisi, pedaqoq, əməkdar artist Teyyub Aslanovdur. O,
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə,
Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna,
Belarus, Moldova, Tacikistan, İran və digər ölkələrdə konsert proqramları ilə
çıxış edib, beynəlxalq festivallarda
iştirakçısı olub. Hazırda Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti ilə bərabər Milli Konservatoriyada pedaqoq kimi
çalışan xanəndə, gənc muğam
ifaçılarının yetişməsində misilsiz rol
oynayır. Qonağımız bizimlə
söhbətində həm pedaqoji fəaliyyətindən, həm
də bu gün muğam sənətinə olan maraqdan
danışdı.
- Teyyub
müəllim, gələn ay sizin 51 yaşınız tamam
olacaq. Xatirəmdədir ki, ötən il
50 illik yubileyinizi təntənəli şəkildə qeyd
etdiniz. Bu il necə, doğum
gününüzü qeyd edəcəksiniz?
-
Ümumiyyətlə, ad günümü təmtəraqlı
qeyd etməyin tərəfdarı deyiləm. Məndən olsa,
heç ötən il də qeyd etməzdim.
Dostlarım, çevrəmdəki yaxın
insanlar təkidlə bildirdilər ki, 50 illik yubiley mütləq
qeyd edilməlidir. Mən də məcbur
olub, ad günümü qeyd etdim. Ancaq
peşman deyiləm. Çünki 50
yaşımın son günü ilə bağlı çox
gözəl təəssüratlarım var. Hər zaman
doğum günlərimi ailəmlə, yaxınlarımla
keçirmişəm. Bu da bir ilk idi.
- Hətta yubileyi qeyd edənlərə
"düşər-düşməzi olur” deyirlər. Belə
deyimlərə necə, inanırsınız?
- Əslində inanmıram. Əgər biz
sağlam və rahat şəkildə ad günümüzü
qeyd ediriksə, deməli, düşərlidir ki, Allah o
günü bizə bəxş edib. Bu,
Allahın qismətidir. Biz Allahdan qismətimizə
imanlı, sağlam bir ömür yazmasını istəyirik.
Yerdə qalanlar isə boş bir deyimdən
başqa bir şey deyil.
- Bilirik
ki, Firəngiz Əlizadənin Nəsiminin sözlərinə
bəstələdiyi məşhur "Dərviş” əsərini
UNESCO-nun səhnəsində, Fransada ifa etmisiniz. İstərdik oradakı təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
- Bu əsəri
çoxdan eşitmişdim. İlk dəfə "Dərviş” əsərini
eşidəndə bu, mənə çox təsir etmişdi. O
zamandan, ən böyük istəyim bu əsəri ifa etmək
olub. Qismət belə gətirdi ki, bu, mənə
nəsib oldu. Mayın 18-də Parisdə
UNESCO-nun baş qərargahında Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin
birgə təşkilatçılığı ilə
ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin
qeyd edilməsi çərçivəsində böyük
şair və mütəfəkkir İmadəddin Nəsiminin
vəfatının 600-cü ildönümü ilə əlaqədar
tədbir keçirildi. Orada Firəngiz
xanımın iki əsəri nümayiş olundu. Onlardan biri də "Dərviş” idi. Bu əsəri də mən ifa etdim. Mütəxəssislər bu ifa ilə bağlı
gözəl fikirlər səsləndirdilər. Fransa mətbuatında
bununla bağlı yazılar dərc olundu. Fransızlar mənim kiçik sənətimi
böyük qiymətləndirdilər. Əslində,
əsər möhtəşəmdir və gözəl
sözləri var. Mən də üzərimə düşəni
etdim. Bu əsəri ifa etməklə, xəyallarımı
gerçəkləşdirdim. Növbəti
dəfə də bu əsəri ifa etmək mənə təklif
olunsa, böyük məmnuniyyətlə qəbul edərəm.
- Siz beynəlxalq festivallarda, səfərlərdə
çox iştirak edirsiniz. Ümumiyyətlə,
beynəlxalq arenalarda muğamlarımıza münasibət necədir?
- Xaricilər
muğamlarımızı çox maraqla dinləyirlər. O qədər
həssaslıqla dinləyirlər ki, ifamdan sonra mənə
yaxınlaşıb muğamı təhlil etməyə
çalışırlar. Hətta
elə əcnəbi
tamaşaçılar olur ki, muğamı çox
xırdalığına qədər analiz edirlər. Onlarla söhbət edəndə
düşünürsən ki, bəlkə onun kökündə
bir Azərbaycan qarışığı var.
Muğamlarımızı digər musiqilərdən ayırd
edirlər, onların adını çəkirlər.
Onu da diqqətinizə
çatdırım ki, bizim dərs dediyimiz təhsil müəssisələrində
xaricdən gəlib muğamı öyrənmək istəyən
tələbələrimiz də az deyil. İrandan, Koreyadan və digər ölkələrdən
əcnəbi tələbələr muğamın sirlərini
öyrənmək istəyirlər. Əslində onları heç kim buna məcbur etmir. Onlar özləri
muğamı dinləyib, buna maraq göstərirlər.
- Beynəlxalq Muğam Mərkəzində "Seyid
Əzim Şirvani” adlı ədəbi musiqili gecədə
sizin və tələbələrinizin möhtəşəm
ifası oldu.
- Bu
konsert Mədəniyyət və İncəsənət
Universitetinin təşkilatçılığı ilə
baş tutmuşdu. Konsertdə xalq artisti Simarə İmanova, xanəndələr
Günay Mehdiyeva, Məftun Səfərli, Xalid İmanov və
başqaları çıxış etdilər. Böyük şairin qəzəlləri muğam
üstə ifa olunmaqla yanaşı, bir sıra xalq və bəstəkar
mahnıları da səsləndirildi. Konsertin
məqsədi isə Şirvan ədəbi irsinin qorunub
saxlanması, gənc nəslə ötürülməsi,
şairin əsərlərinin təbliği məqsədi
daşıyırdı. Çox gözəl
və maraqlı bir konsert oldu. Konserti
kompozisiya şəklində təşkil etdik. Oxuduğumuz muğam təsnifləri keçidlə
əvəzlənirdi. Böyük maraqla
qarşılandı.
- Elə bir konsert proqramı yenidən
gözlənilirmi?
- Əslində, çox istəyərəm ki, belə
bir konsert təşkil edək. İstəyirəm ki, tələbələrlə
yenə maraqlı
bir layihəyə imza ataq. Təəssüf
hissi ilə qeyd edim ki, bütün bunlara vaxt çatdıra
bilmirəm. Zaman
sürətlə uçub gedir. Mənə
elə gəlir ki, bir gün 24 saat yox, 12 saatdan ibarətdir.
- Teyyub
müəllim, eşitdiyimizə görə, siz həm də
yaxşı qiraətçisiniz.
- Bilmirəm,
siz bunu haradan eşidibsiniz. Bəlkə də
"Dərviş” əsərində ifa etdiyim qəzələ
görə deyirsiniz. Tədbirin təşkilatçıları dedilər ki, bu əsərdə
arada fasilələr yaranır, bu fasilələr olmasın deyə,
Nəsiminin qəzəlləri 3 yerdə qiraət edilsin. Məsləhət görüldü ki, elə həmin
qəzəlləri Teyyub Aslanov səsləndirsin. Bizim çox peşəkar aktyor və qiraət
ustalarımız var. "Dərviş” əsərində səsləndirdiyim
qəzəl onların xoşuna gəldi. Ancaq
sırf qiraətlə məşğul olmamışam.
- Siz bu
yaxınlarda "Şur” təsnifini yeni aranjemanda təqdim
etdiniz. Bu zərurət nədən yarandı?
-
Bilirsiniz ki, bizim musiqi qrupumuz var. Onlarla mütəmadi məşqlər
edirik. Bir dəfə dostumuz, qarmon
ifaçısı Aydın Əliyev mənə belə bir təklif
etdi. Əbülfət
Əliyevin ifa etdiyi köhnə "Şur” təsnifini dinlədik.
Məsləhətləşdik, onu aranjeman edərək
yeni üslubda təqdim etmək qərarına gəldik.
Tar ifaçımız Əliağa Sədiyev, nağara
ifaçımız Elşad Şəkili ilə birlikdə
belə bir layihəni ərsəyə gətirdik. Mahnı 2017-ci ilin
sonunda hazır oldu.
- Yenilikdən
söhbət düşmüşkən, istərdik bizə tələbələrinizin
muğama olan münasibətindən, bu sənətə gətirmək
istədiyi yeniliklərdən danışasınız.
- Bu
günün gəncləri yenilikçidirlər. Kurslarda təhsil
alan hər tələbə sırf o sənətin
arxasınca getmir. Bir kursdan yalnız 1,
uzağı 2 xanəndə çıxır. Muğam ömrünün inkişaf
dövrünü yaşayıb. Onu da deyim
ki, muğam sənətinin diqqətdən kənar qalan
dövrü mənim gənclik illərimə təsadüf
edib. Həmin dövrdə belə, bu sənət nə
yaddaşlardan silinib,
nə də xalqın sevgisindən məhrum olub. Bu sənət bizə dədə-babalarımızdan
miras kimi yadigar qalıb. Muğam sənəti
bizdən sonra da yaşayacaq. Bizim məqsədimiz
odur ki, bu sənəti gənclərimizə öyrədək
və onlar da yetişməkdə olan gənc nəslə
ötürsünlər. Bunun
üçün gənclər də səylə
muğamı öyrənirlər.
- Muğamın tənəzzül
dövrünü gördüyünüzü bildirirsiniz. "Bu gün muğam intibah dövrünü
yaşayır” deyə bilərikmi?
- Əlbəttə.
Bu da Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın muğama olan diqqət və
qayğısının nəticəsidir. Neçə
illərdir ölkəmizdə Beynəlxalq və Respublika səviyyəli
muğam müsabiqələri keçirilir. Bu müsabiqələrdə
nə qədər istedadlı xanəndələrimiz
yetişib, yetişir və yetişməkdədir
-
Muğam müsabiqəsindən çıxmış
hansı ifaçıların gələcəyini daha parlaq və
uğurlu görürsünüz?
- Hər
müsabiqədən 3-4 yaxşı ifaçılar
çıxıb. Birinin adını çəkib
o birisinin adını çəkməməyim yaxşı
çıxmaz. Elə müsabiqə var
ki, oradan sizə 5-6 nəfərin adını çəkə
bilərəm. Hətta elə olur ki, o
iştirakçılarla verilişlərdə, bəzi tədbirlərdə
bir səhnəni paylaşırıq. Çox
istedadlı gənclərimiz var. Elələri var ki, artıq
xanəndə kimi yetişiblər. Misal
üçün Ehtiram Hüseynov. Axır
ki, mənə ad çəkdirdiniz (gülürük). Ehtiram çox tərbiyəli,
əxlaqlı bir insandır. Bütün məsuliyyətimlə
deyirəm, o, tam şəkildə yetişmiş bir xanəndədir.
Bu sənət elədir ki, gərək
ömrün boyu öyrənəsən. Yaşın
buna aidiyyəti yoxdur. Xüsusən də
gənclər öz üzərilərində işləməlidirlər.
Çünki muğam bir dəryadır, nə
qədər işləyirsən, yeni çalarlar üzə
çıxır.
- Bu müsabiqələr
ölkəmizə nə qazandırır?
- Müsabiqələr nəticəsində çox gözəl səslər ortaya çıxır. Münsiflər heyəti həmin səsləri tapır, yetişdirir və gələcək üçün xanəndə hazırlayır. Təsəvvür edin ki, bir müsabiqəyə 1000 nəfərdən çox iştirakçı müraciət edir. O 1000 nəfərin içindən 20 nəfər müsabiqəyə vəsiqə qazanır. 20 gəncin səsi xalqa çatdırılır. 3-4 ay ərzində onlar hər həftə yeni qəzəllər öyrənir və artıq bu sənətdə yetişir və püxtələşirlər. Nəticədə 4 aydan sonra bir xanəndə kimi tanınırlar. Deməzdim ki, peşəkar xanəndə olurlar. Çünki bir xanəndənin tam yetişməsi üçün uzun zaman tələb olunur. Biz o səsləri qazanırıq. Tamaşaçılar o müsabiqəyə çox maraqla baxırlar. Danılmaz faktdır ki, bu müsabiqələr tamaşaçıların böyük sevgisini qazanıb.
- Bizə bir
nüans maraqlıdır, şou-biznes ulduzları toylara gedib,
oradan gəlir əldə edirlər. Bəs muğam
ifaçılarının əsas
gəlir yeri haradır, toylar?
- Muğam ifaçıları Opera və Balet Teatrında çalışır, təhsil müəssisələrində pedaqoq kimi çalışırlar. Digər qazanc yerləri isə el şənlikləridir. Toy xalqımızın adətidir. Müğənnilərin də, xanəndələrin də əsas gəlir yeri el şənlikləridir. Xaricdə sənət adamlarının əsas gəlir mənbələri konsertlər, albomlar və səfərlər olur. Bizdə isə o sistem yoxdur.
- Əvvəllər
toylarda muğama daha çox yer verilirdi. Ancaq indi estrada janrına daha çox üstünlük
verilir. Bu tendensiyanın çoxalması sizin toyların
sayını azaltmır ki?
-
Zövqlər fərqlidir. Elə ev sahibləri
var ki, toylarında yalnız muğam
ifaçılarını görmək istəyir. Hansı ki, o toylar şəhərin ən gözəl
restoranlarında keçirilir və böyük auditoriyası
var. Onu da
diqqətinizə çatdırım ki, mən yalnız
muğam ifa etmirəm. Bunun nəyi pisdir
ki? Yeri gələndə xanəndələr
xalq, oynaq, lirik mahnılar da ifa edirlər. Bacarığı
varsa, niyə ifa etməsin? Yaxud da əksinə, estrada ifaçısı muğam ifa edə
bilirsə, niyə də olmasın? Xanəndə estrada janrında mahnı ifa edə bilirsə,
kimsə ona qəbahət tuta bilməz. Mən
vokal sənəti ixtisasını bitirmişəm. Vokal
dərsləri almağım, mahnı janrında mənə
çox kömək
olur.
Xəyalə Rəis
Kaspi.-2018.-18 yanvar.-S.14.