Bir nəslin üç nümayəndəsi

 

I yazı. Səhnə mücahidi Mirmahmud Kazımovski

 

Tədbirlə bağlı yolum C.Cabbarlı adına Teatr Muzeyinə düşmüşdü. Salonların birində bir fotoşəkil diqqətimi cəlb etdi. Şəkildə səhnə mücahidləri Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski əks olunmuşdu. Gənclər gimnaziyada oxuduqları vaxt bu şəkli çəkdirmişdilər. Şəkilin qarşısında durub uzun-uzadı baxdıqca xəyal məni çox-çox uzaqlara, teatr xadimi, dramaturq, rejissor, pedaqoq, Azərbaycanın ilk peşəkar aktyorlarından biri, əməkdar artist M.Kazımovskinin yaşayıb fəaliyyət göstərdiyi dövrə apardı. Bu böyük insan və sənətkar haqqında oxuduqlarım, müxtəlif sənət adamlarından, o cümlədən ailə üzvlərindən eşitdiyim xatirələr kinolenti kimi gözlərim önündən gəlib keçdi...

 

Atanın ruhu oğulun köməyinə çatdı

 

Mirmahmud Kazımovskinin oğlu Rauf 1953-cü ildə 25 yaşı olanda "O olmasın, bu olsun” musiqili komediyanın radio tamaşasını hazırlamağı qərara alır. O vaxtı bəstəkar Üzeyir bəy Hacıbəyli artıq dünyasını dəyişmişdi. Gənc rejissor böyük həvəs və şövqlə işə başlayır. O çalışırdı ki, radio tamaşası dahi bəstəkarın dəst-xəttinə uyğun olsun. Ssenari müəllifi və rejissor da Raufun özü idi. O, Məşədi İbad roluna SSRİ xalq artisti Mirzağa Əliyevi nəzərdə tutmuşdu. Lakin görkəmli sənətkar xəstə olduğu üçün Məşədi İbadı oynaya bilməyəcəyini bildirmişdi. Gənc rejissor nə qədər çalışsa da M.Əliyevi yola gətirə bilmirdi.

 

Bir gün aktyor radio komitəsinə gəlir. O, sədr Adil Əfəndiyevlə görüşüb, ona demək istəyirmiş ki, xəstəliyi ilə əlaqədar müəyyən müddət verilişlərdə iştirak edə bilməyəcək. Lakin nə sədri, nə də Raufu yerində tapa bilmir. Dəhlizə çıxarkən radiomuzun ilk diktorlarından biri Soltan Nəcəfovla rastlaşır. Onların arasında belə bir dialoq olur.

 

M.A.Əliyev: − Ay Soltan, sizdə cavan bir rejissor peyda olub. Elə hey bizə zəng edir, dinclik vermir mənə. Mən də ki, özün bilirsən də, xəstəyəm, Məşədi İbadı oynamağa halım yoxdur.

 

Soltan Nəcəfov məsələdən hali idi. Çünki həmin radio tamaşasında aparıcı diktor olacaqdı. Ona görə də gülə-gülə M.Əliyevə deyir:

 

− Ay Mirzağa, tanımırsan Raufu? Sənin yaxın dostunun oğludur də, rəhmətlik Mirmahmud Kazımovskini deyirəm. Yəqin yadından çıxıb.

 

M.A.Əliyev duruxsunub cavab verir:

 

− Əşi, sən nə danışırsan. O rəhmətliyin mənim boynumda haqqı çoxdur. Həmyaşıd olsaq da, mənim səhnədə gözəl və savadlı aktyor kimi püxtələşməyimdə, səhnə davranışımda, rus  sözlərini yeri gələndə düzgün tələffüz etməyimdə bir dost- müəllim kimi Mirmahmud daim yardımçım olub. Mən bunu heç vaxt itirə bilmərəm. Allah ona qəni-qəni rəhmət eləsin.

 

Sonra Mirzağa müəllim nəfəsini dərindən dərib bir qədər uca səslə dedi:

 

 − Ona de ki, nə vaxt istəyir gəlsin bizə, gözləyəcəyəm...

 

Rauf Kazımovski vaxtı itirmədən ertəsi günü sevincək Mirzağa Əliyevgilə gedir. Kişi onu görcək çox sevinir. Sanki qarşısında duran Rauf deyil, dostu Mirmahmud idi. O, gülümsünüb deyir: "Mən Məşədi İbad rolunu dostum Mirmahmud Kazımovskinin ruhuna xatir ifa edəcəyəm...”

 

Mirzağa Əliyevin fisincan plovu

 

Rejissor Rauf  Kazımovski "Məşədi İbad” radio tamaşasını 1953-cü ilin aprel ayında hazırlayıb başa çatdırdı. Tamaşa radioda veriləndən sonra nəinki dinləyicilərin, həm də mütəxəssislərin diqqətini cəlb etdi.

 

Bu hadisədən bir neçə gün keçdi. Aktyor Mirzağa Əliyev Raufu evinə qonaq çağırdı. Aktyor gözəl və məşhur Azərbaycan xörəyi – fisincan plov bişirtdirmişdi. M.A.Əliyev üzünü Raufa tutub dedi: "Oğlum, Allah-təala o arağı necə haram sayıbsa, bir gör , plovnan getmir”. O, bunu deyib stolun üstünə iki qədəh qoydu və konyakdan süzdü. Sonra sözünə əlavə edərək dedi: "Bilirəm, bu fisincandan Mirmahmudun da evində bişir. Amma qarşındakı fisincanı görürsən də. Tərkibi qovurulmuş və çəkilmiş qozdur, lavaşanadır, doğranmış yağlı quş ətidir, yağdır. Bir də ki, ən əsas rənginin qapqara olmasıdır. Bu çox vacibdir, belə də olmalıdır. Qəhvəyi olsa ko deyil” (əslində - kov deyil, yəni sayılmır – A.K). M.A.Əliyev bunu deyəndə hər ikisi güldü.

 

Sonralar Rauf Kazımovski ötən günləri xatırlayıb deyirdi: "Böyük sənətkarımızın evində fisincan plovu yeyəndən sonra düzü, bu yeməyə elə aludə oldum ki, mənim ən çox sevdiyim xörək oldu. Xoşbəxtlikdən nənəm içərişəhərli olduğundan fisincanı bişirməyi gözəl bilirdi...”

                         

Mollaxanadan teatra

 

Dövrünün sayılıb seçilən ziyalılarından olan Mirmahmud Kazımovskinin adı Azərbaycan teatr tarixinə ilk peşəkar aktyorlardan biri kimi yazılıb.

 

Nəslin ağsaqqalı M.Kazımovski Bakıda Mirələkbər kişinin ailəsində 1882-ci il fevralın 27-də dünyaya göz açıb. O, əvvəlcə mollaxanada oxuyub, sonra isə teatr xadimi Həbib bəy Mahmudbəyovun üçsiniflik rus-tatar (Azərbaycan – A.K) məktəbində gələcəyin böyük sənətkarı Hüseyn Ərəblinski ilə birgə təhsil alıb. Hətta onlar ilk dəfə səhnəyə 1897-ci il martın 9-da "Lənkəran xanının vəziri” tamaşasında da birgə çıxıb.

 

M.Kazımovski bununla bağlı "Xatiratım” da yazır: "Ərəblinskinin və mənim səhnəyə qayət həvəsimiz olduğu üçün xəyalımız bu idi ki, gedib artistlik dərsi oxuyaq. Mixaylovski adına şəhər məktəbində oxuduğumuz zaman orada Dmitri Yakovleviç adında bir qoca gürcü müəllimimiz var idi. Yaxşı oxuduğumuz üçün o mərhum bizi çox sevərdi. Artistlik barədə ona müraciət edib məsləhət istədikdə, çox şad olub dedi: "Çox gözəl olar. Siz müsəlmanlarda heç oxumuş, yəni kurs qurtarmış artist yoxdur”.

 

Bundan sonra Həbib bəyin istedadlı şagirdləri Cahangir Zeynalovun ev tamaşalarında, müxtəlif teatr truppalarında, teatr bölmələrində, hətta həvəskarların dərnəklərində aktyor kimi çıxış ediblər.

 

M.Kazımovski "Axşam səbri xeyir olar” tamaşasında ilk dəfə qadın rolunda (Çimnaz xanım) oynamaqla, sonralar da qadın rollarını ifa edib. Bununla əlaqədar aktyorun tərcümeyi-halına müraciət edək: "Mənim qadın rolunda oynamağım başıma böyük müsibətlər gətirdi. Hər dəfə tamaşadan çıxandan sonra mürtəce gənclər dalımca düşüb söyüş yağdırırdılar. Hətta onlar dəstə ilə üstümə hücum çəkir, küçələrdən afişaları qopardır, olmazın oyunlar çıxarırdılar. Odur ki, mən bu təqib və tənədən yaxamı qurtarmaq üçün afişalarda familiyamı "Kazımovskaya” yazdırırdım”.

 

Günlərin birində səhər tezdən iş dalınca getməyə hazırlaşan Mirmahmudun mənzilinə polislər girib, onu polis idarəsinə getməli olduğunu bildirirlər. Polis idarəsində pristav onun adını və soyadını soruşur. Sonra qəzəblənib yumruğunu stola çırpır: "Yalan deyirsiniz. Sizin əsl soyadınız Kazımovskayadır. Siz nə məqsədlə qadın soyadını daşıyırsınız? Bu, nə fırıldaqdır? Mirmahmud başına gələnləri danışsa da, pristav ona inanmır.  Aktyoru yalnız ertəsi günü həbsdən azad edir.

 

Vaxtilə aktyorların çətin şəraitdə fəaliyyət göstərmələrini xatırlayaraq ümummilli lider Heydər Əliyev demişdi:"İncəsənət xadimlərinə divan tutulması bütün tərəqqipərvər ictimaiyyəti, teatrın bütün dostlarını hiddətləndirirdi. Hüseyn Ərəblinskinin öldürülməsi onları xüsusilə bərk sarsıtmışdı.

 

Hüseyn Ərəblinski, onun həmkarları və məsləkdaşları olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirmahmud Kazımovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əbülfət Vəli və başqaları teatrın özünü qoruyub saxlamaq uğrunda daimi, hətta fədakarcasına mübarizə şəraitində xalqı Azərbaycan və rus dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin ən yaxşı əsərləri ilə tanış edirdilər”.

 

Aktyorlarımız həqiqətən teatrımızı yaşadıb inkişaf etdirmək naminə sözün əsl mənasında özlərini fəda edirdilər.

 

Mirmahmud Kazımovski təkcə dram səhnəsində deyil, operada da çıxış edib. 1908-ci il yanvarın 12-də bəstəkar  Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası ilk dəfə tamaşaya qoyulanda Mirmahmud  Kazımovski Leylinin atası rolunu ifa etməklə bərabər, həm də səhnədə ərəb rollarında da oynayıb. Hətta o, opera teatrı üçün dörd operetta, dram teatrı üçün "Həmşəri mənzili”, "Kəndxuda”, "Nadanlar”, "Uşaq mənimdir...” pyeslərini yazıb. Onun 14-ə  qədər böyük və kiçik həcmli səhnə əsəri vardır:  "Daşım-daşım”, "Molla Cəbi”, "Vurhavur”, "Nə qanır, nə qandırır”, "Yaftiməli”, "Ədalət divanı”, "Kəblə Xoşməmməd”, "Vəfasız məşuqə”, "Cümşüd bəy” və s.

 

Aktyor 20-ci illərin əvvəllərində Bakı Azad Tənqid-Təbliğ Teatrında işləyib, Azərbaycan Dövlət Dram Teatrında ömrünün sonuna qədər çalışıb. 1921-ci ildə Dərbənddə teatr yaradıcılarından biri olub. O, müxtəlif  teatr səhnələrində "Lənkəran xanının vəziri” (Ağa Bəşir), "Keçmişdə qaçaqlar” (İvan bəy), "Pəhlivanani zəmanə” (Cahangir bəy), "Müsibəti Fəxrəddin” (Əhməd), "Ölülər” (Mirzə Hüseyn və Azarlı), "Çəkməci Seyfulla” (Allahqulu), "Dəmirçi Gavə” (Nozər), "Otello” (Rodriqo), "Romeo və Culyetta” (Əczacı), "Vaqif” (Qurban kişi), "Toy” (Kolxozçu) və s. tamaşalarda bir-birindən maraqlı rollar ifa edib. Bundan başqa rejissor kimi, teatr dəstələrində, özfəaliyyət dərnəklərində öz əsərlərini, digər yazıçıların "Yadımdadır”, "Güzəməlinin övrəti”, "Müsibəti Fəxrəddin”, "Vətən”, "Müfəttiş”, "Bəxtsiz cavan”, "Pəri cadu” pyeslərini tamaşaya qoyub.

 

İdmana aid ilk dərsliyin müəllifi

 

M.Kazımovski səhnə fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyət də göstərirdi. O, "Nicat” Maarif Cəmiyyəti nəzdindəki məktəb komissiyasının işində fəal çalışır, öz təşəbbüsü ilə açdığı məktəbdə dərs deyir, axşam kurslarında müəllimlik edirdi.

 

Jurnalist  H.Cümşüdlü "Mirmahmud Kazımovski” kitabında bu maarifpərvər ziyalı haqqında yazır ki, o bir müddət rus dili, rəsm, nəğmə, hesab dərsləri deməklə yanaşı, həm də məktəblərdə idman dərsi aparıb. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycanda idmana aid ilk dərsliyin müəllifi Mirmahmud  Kazımovskidir. Orta məktəb dərsliyi həcmində yazılmış bu kitabın iki yüzə yaxın şəkli vardır. Maraqlı burasıdır ki, müəllif çapa hazırladığı dərsliyin şəkillərini də özü çəkib...

 

M.Kazımovski uşaqlarda Azərbaycan ədəbiyyatına böyük  məhəbbət oyadırdı. O, həmişə şagirdlərinə deyərdi: "Ədəbiyyat  xalqın  güzgüsüdür. Əgər bir xalqın tarixi və mədəni həyatı ilə, onun arzu və istəkləri ilə, sevinc və kədəri ilə tanış olmaq istəyirsinizsə onun ədəbiyyatına müraciət edin”.

 

Mirmahmud Kazımovskinin tərif vərəqəsi

 

Maraqlıdır ki, o vaxtlar qabaqcıl müəllimlərə yaxşı işlərinə görə tərif vərəqəsi verilirdi. 30-cu illərin əvvəlində M.Kazımovskiyə də belə bir təşəkkür vərəqəsi verilib. Bu tərif vərəqəsində yazılıb: "Mədəni ordu nəfərinə tərif vərəqəsi. Yol. Kazımovski. 1-ci dairə mədəni hücum ştabı 1931-32-ci tədris ilində öz savadsızlığını ləğv edən zəhmətkeşlər adından, mədəni cəbhədə aktiv iştirak etdiyin üçün sənə Proletar təşəkkürü izhar edir. Savadsızlığı ləğv mübarizəsində aktiv iştirakınla, sən sosialist quruluşu işinə yardım etdin.

 

Yeni qalibiyyətlərə doğru. Mədəni cəbhəni gələcəkdə də buraxma, onun birinci sıralarında ol.

 

Yaşasın böyük mədəni inqlab!

 

1-ci dairə ştabı.”

 

Azərbaycanın əməkdar artisti, teatr xadimi Mirmahmud Kazımovski yorulmaq bilmədən çalışırdı. O, bir müddət Bakı kinostudiyasında da işləyib, "Bismillah” (1925), "Bakılılar” (1938), "Kəndlilər” (1939) və s. filmlərdə epizodik rollarda çəkilib.

 

Azərbaycan mədəniyyətinin və incəsənətinin fədakar mücahidi, artist, rejissor, dramaturq və pedaqoq Mirmahmud  Kazımovski 1940-cı il dekabrın 1-də, 58 yaşında vəfat edib.

 

Bu il unudulmaz sənətkar Mirmahmud Kazımovskinin 135 yaşı tamam olub.

 

Aydın Kazımzadə

 

Kaspi.-2018.-18 yanvar.-S.13.