“Dəftəri alıb öpdü,
“başına hərlənim” dedi”
Tanrıverdi
Mustafayev: “Anam dedi ki, Moldovaya gedəcəksən, rus
qızlarla tanış olarsan, gəl səni evləndirək”
"Yaxşı at özünə qamçı vurdurmaz” prinsipi ilə hərəkət edir. Deyir ki, zəhmətin, alın tərinin açmadığı qapı yoxdur. Ona görə, doğru yol gedən insan, getdiyi yoldan yorulmaz. Təki, əlinin silahı düzgünlük olsun.
Müsahibimiz "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. Həmsöhbətimizlə birlikdə onun həyat yoluna "səyahət” etdik.
"Pulun nə olduğunu bilmirdik”
Rubrikamızın qəhrəmanı 1962-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu elinin Gölkənd kəndində anadan olub. Uşaqlığından danışarkən kövrəlir. Doğulub, böyüdüyü kəndi o qədər sevir ki... : "Dünyanın harasında olmuşamsa, doğma kəndim Gölkənd kimi gözəl yer görməmişəm. Buz bulaqları, yaşıl meşələri, təmiz havası can dərmanı idi. Kolxozçu ailəsində anadan olmuşam. Atam çoban idi. Çox sadə, qonaqpərvər ailəmiz var idi. Müharibə illərinin gətirdiyi kasıbçılıqdan əziyyət çəksək də, xoşbəxt idik. Öz təsərrüfatımız var idi. Tərbiyəmiz, əqidəmiz, doğru-düzgün olub. Kənddə 7-8 ay soyuq, qar olardı. Səfalı yaylaqlarda soyuq aylar üçün azuqəmizi toplayardıq. Ümumiyyətlə, pulun nə olduğunu bilmirdik. Pul bizə yalnız rayon mərkəzinə gedərkən, yol pulu vermək üçün lazım olardı. Özümüzün 45 keçi, 100-ə yaxın qoyunumuz, 10-15 iribuynuzlu heyvanımız var idi. Zəhmətin hesabına normal da yaşayırdıq. Ailədə 9 uşaq olmuşuq - 5 qardaş, 4 bacı. Ağlımız kəsəndən zəhmətə alışmışıq”.
"O valideyn kənd içinə çıxmazdı”
Müsahibimiz deyir ki, kənd əhalisi səhərdən axşama qədər təsərrüfatda işləsə də, övladlarının təhsil alması üçün əllərindən gələni edirdilər: "Hamı istəyirdi ki, övladı yaxşı təhsil alsın. Çox gözəl məktəbimiz var idi. Valideynlər təhsilsiz olsalar da, elə ailə tapmazdın ki, orada ali təhsilli uşaq olmasın. Yaxşı qiymət almağa görə, bir-birimizlə bəhs edərdik. Üstəlik, bu rəqabət təkcə, uşaqlar arasında yox, valideynlər arasında da var idi. Valideyn iclasından kiminin valideyni gülə-gülə çıxırdı, kimininki utanırdı. Hər il iyulun axırlarında məktəbimizin məzunları attestatlarını alıb, Bakıya imtahan verməyə gələrdilər. Kiminsə övladı universitetə qəbul oluna bilməsəydi, o valideyn kənd içinə çıxmazdı. Əksinə, qəbul olunanlar, həmçinin, bizlər də kənd içində alnıaçıq, üzüağ gəzərdik. Ən çoxu da ona görə ki, yaxşı nəticə ilə valideynlərimizin başını yuxarı etmişik”.
Deyir ki,
müəllimi ali insan hesab edirdilər. Hətta
yolda görəndə qaçıb gizlənirdilər:
"Müəllimi görəndə gizlənirdik. Elə bilirdik ki, müəllim yemək yemir.
Bizə görə, müəllim toxunulmaz, ali
varlıq idi. Hətta yolda rastlaşanda gizlənirdik
ki, müəllim bizi çöldə görməsin”.
"Valideyn
çox oxuduğuna görə, övladından şikayət
edirdi”
Kəndimizdə
təhsil bir nömrəli məqsəd olsa da, işləmək,
zəhmət də vəzifən idi: "Babamın yanında
qalırdım. Babama kənddə "topal
İsmayıl” deyirdilər. Çox zəhmətkeş
insan idi. Səhər saat 5-dən gecə
1-ə qədər işləyirdi. Topal
ayağı ilə bütün işləri
görürdü. Çox işgüzar
idi. İşgüzarlıq, işə
aludə olmaq, işi sevmək bizim bir nömrəli tərbiyəmiz
idi. Həm oxuyub, həm işləyirdik.
İşlədiyimizə görə, bizə məvacib
verirdilər. Gəlib məktəb ləvazimatı
alırdıq. Düzdür, valideynlərimiz
də kömək edirdi, amma biz də zəhmətə
alışırdıq. O vaxt "mən dərs oxuyuram,
yorğunam” deyə bilməzdik. Yadımdadır,
məndən böyük bacım riyaziyyatı çox
yaxşı bilirdi. İndi riyaziyyat müəlliməsidir.
Bir dəfə təsərrüfat işləri çox idi və
o, oxuyanda anam kitabı alıb əlindən atmışdı
ki, kitab vaxtı deyil, dur işlərə kömək et. Bacım işlərini
görüb, gecə dərslərini oxuyurdu. Hətta elə tələbələr var idi ki,
valideyni direktora şikayət edirdi ki, sənin şagirdin gecə
işıqları yandırır, dərs oxuyur, bizi yatmağa
qoymur. Valideyn öz övladının
çox oxumağından şikayət edirdi. Oxumağa həvəs çox idi. Çoban ailəsində dünyaya göz açsaq
da, hamımız təhsil aldıq. O vaxt oxumamaq hörmətsizlik
sayılırdı. Oxuyanlara hörmət edirdilər”.
"Bir
uşağın sevinc qırıqlığını təsəvvür
edin...”
6-cı
sinifdə oxuyarkən, atasını yol qəzasında itirən
həmsöhbətimiz deyir ki, bu itkidən sonra
böyüdü: "Atamı başı qarlı, əyilməz
dağlara bənzədirdim. Payız vaxtı
idi. Yaylaqdan qışlağa
köçürdük. Atama "hədiyyə”
hazırlamışdım. Həvəslə
yazdığım hüsnxətt dəftəri əlimdə,
qoyun sürüsünü yara-yara qabağına
qaçdım. Dəftəri ona göstərdim.
Gözlərindəki sevinc bu gün də
yadımdadır. Dəftəri alıb, öpdü,
"başına hərlənim” dedi. Elə sevindim ki... Amma bu sevinc uzun çəkmədi. Evin arxasından axan suyun yaratdığı
palçıq ayağımı sürüşdürdü və
dəftər əlimdən düşüb
palçığa bulaşdı. Bir uşağın
sevinc qırıqlığını təsəvvür
edin... Mənə elə gəlir ki, xəttim
bir də heç vaxt elə gözəl olmadı. Atam bir gün toydan qayıdanda, avtomobil qəzasında
dünyasını dəyişdi”.
"Kəndə
xəbər tez yayılır axı...”
Yeganə
məqsədi ali təhsil almaq olan
müsahibimiz, hərbçi olmaq sevdasına düşür.
Lakin hərbi məktəbin qarşısında
bu istəyindən daşınır. Tale onu texniki
universitetə gətirir: "O vaxt biz sonuncu sinifdə hərbi
hazırlıq keçirdik. Mən də hərbiçi
olmaq üçün yazıldım. Bacım
məni hərbi məktəbə gətirdi, lakin məktəbin
qarşısında fikrimdən danışdım. Həyatımda birinci dəfə idi ki, Bakıya gəlirdim.
Hərbi məktəbə ən yaxın
universitet Texniki Universitet idi, oranı gəzdik və xoşum
gəldi. Elə həmin gün fakültələri
seçdim. İmtahan verdiyim günləri
də unutmuram. Kəndə çox
bağlı insan olmuşam. İnanın,
qəbula gəlmək istəmirdim. Məni
zorla gətirdirlər ki, yaxşı deyil, məktəbi
bitiribsənsə, imtahan verməlisən. Dərslərimi
yaxşı oxumuşam, amma kəndə, torpağa, anama və təsərrüfata
çox bağlı idim. Avqustun 20-si ədəbiyyatdan sonuncu
yazılı imtahanı verib, bir gün sonra Bakı-Krasnoselo avtobusu ilə
geri qayıtdım. Daha qəbul
olunub-olunmayacağımı bilmirdim. Əsas
o idi ki, kəndə qayıdım. Rahat
idim ki, qəbul olunacağam, çünki əvvəlki
imtahanlardan yaxşı qiymət almışdım. Amma qəbul olunmaya da bilərdim, o zaman güclü
"konkurs” var idi. Lakin bunların heç
birini düşünməyib, həmən kəndə
qayıtdım. Sonradan da bilmədim ki, qəbul
olunmuşam, ya yox. Bakıda da elə bir adam
da yox idi ki, nəticəni soruşaq. Sentyabr
ayının 4-də mənə kəndin poçtu vasitəsilə
teleqram gəldi. Teleqramda "siz Politexnik
İnstitutuna qəbul olunubsunuz, dərslərə niyə gəlmirsiniz?!”
yazılmışdı. Sevinə-sevinə
Bakıya gəldim. Bu teleqrama qədər az
qala, universitetə girmədiyimi qətiləşdirmişdim.
Dedim, yəqin, "konkurs”a düşmüşəm. Elə kənddə də hamı bu cür bilirdi.
Kənddə xəbər tez yayılır
axı. Ondan sonra sevincək Bakıya gəldim.
5 il universitetdə yüksək səviyyədə
təhsil aldım. İctimai fəaliyyətimə
görə də aktiv tələbə kimi tanındım”.
Nehrə
yağı ilə hazırlanan kartof qızartması, kəfi
alınmayan kənd əti...
İlk dəfə Bakıya gələn kənd
uşağının şəhər həyatı
başlayır. Deyir ki, yataqxanada uşaqlar onun nehrə yağı ilə
bişirdiyi kartof qızartmasını çox sevirdilər:
"Mənə görə, pis insan yoxdur, pis xarakterli insanlar
var. Ondan da kənar gəzəndə, hər şey həll
olunur. Çox yaxşı hörmət
qazandım. Yataqxana həyatı da bir həyat
tərzidir. Qab yumaq çətin idi.
Yağlı qabları soyuq suda yuyurduq. Bir dəfə kənddən quzu əti gəlmişdi.
Mən də elə bilirdim ki, şəhərdəki ətin
kəfi alınır, amma kənddən gələnin kəfi
alınmır. Kənddən göndərilən
ətin kəfini almadığıma görə, şəhər
uşaqları onu yemədilər”.
"Kənd
uşaqları göründüyü kimi olur”
Kənd uşağı olduğu üçün onun da
müəyyən kompleksləri olub. Amma gün keçdikcə, şəhərə
də alışıb: "Kənd uşaqları ilə
şəhər uşaqları arasında fərq bu gün də
var. Bizim tələbəlik illərimizdə isə daha
çox idi. Gəncədən olan Fərhad adlı bir
oğlanla dost idik. Onu özüm kimi bilir, xətrini
çox istəyirdim. Birinci kursda oxuyurduq.
İdman geyimini hər kəs çantasında,
ya nəyinsə içində gətirmişdi. Mən isə qoltuğumda kitablarımın
arasında gətirmişdim. İdman dərsindən
sonra formamı əlimdə tutmamaq üçün dostumun
çantasına qoymaq istədim. Çantanı
açar-açmaz "icazə aldınmı” deyib, mənə
sillə vurdu. Bəlkə də o, öz
düşüncəsində haqlı idi, amma mənim də
özümə görə haqlı səbəblərim var
idi. Mənim düşüncələrimə
görə, dostluq bərabərlikdir, bölüşməkdir.
Mən heç vaxt elə hərəkət etməzdim.
Bizi kəndimizdə hər zaman bu cür
"icazəsiz” doğmalıqlar birləşdirib
insanları. Qonşuda çörək
olmayanda, gəlib dəhnədən çörək
götürüb gedərdi. Bu, çox normal idi və
hamıya da ləzzət edərdi... Amma şəhər... Nə
isə, şəhərdə hələ belə ruhi
sınıqlar çox olacaqdı... Çəkişməsən,
bərkiməzsən... Kənd uşaqları
göründüyü kimi olur, yaxud olduqları kimi
görünməyi bacarırlar. O sillə mənə
böyük dər oldu. Sonralar yataqxanada qalanda
da, hələ şəhər mühitində çox soyuq
rüzgarların əsəcəyini öyrəndim”.
"Uşaqları
pis vəziyyətdə qoydum”
Tələbəlik illərimiz maraqlı idi. Təqaüd
almaq üçün qiymət kitabçamda "4”
olmamağına çalışırdım. Bir dəfə 5 fəndən
"5” almışdım, 6-cı fəndən imtahan
günü idi. Məndən sonra 3 nəfər
qalmışdı. Müəllimin
suallarına cavab verdim və mənə baxıb ictimai siyasi həyatdan
suallar verməyə başladı. Cavab
verirdim deyirdi ki, "4” yazacağam. Əlimi
atırdım kitabçaya ki, qoymayacağam. Suallardan
birində dedim ki, baxın, o sualı uşaqlardan birinə
verin, görək kim cavablayacaq? Uşaqlar bilməmişdi. Mən
"5” alsam da, hamısı "3” aldı. Uşaqları pis vəziyyətdə qoydum”.
"Dəftərimin
"qulağına” yazdım ki, səni sevirəm”
İkinci sinifdə oxuyurdum. Sinfimizdə qəşəng qız var idi, dəftərimin "qulağından” qoparıb ona yazdım ki, mən səni sevirəm. Bu, məndən 4 yaş böyük bacım Pərinin əlinə keçdi. Əvvəlcə elə bildim ki, cırıb atdı. Amma sən demə, mənə o cür göstəribmiş, kağıza heç nə etməyib. Onu gülmək üçün atama da göstərmişdi. Uşaqlıqdan mənə ən böyük yadigar bu sevgi qalıb. Sevgi deyərkən, ancaq bir oğlanın gözəl bir qıza eşqini nəzərdə tutmuram. Burada hamıya; anaya, vətənə, torpağa, suya, yaylağa, kəndə sevgini deyirəm. İndi də elə bilirəm ki, hər işə, hər kəsə sevgi ilə yanaşmalıyam. Elə buna görə də Allahdan çox razıyam. Həyat yoldaşımla da 10 il eyni sinifdə oxumuşuq, eyni ildə, eyni gündə anadan olmuşuq... İnsanın ailədən əziz ikinci neməti yoxdur. İnstitutu qurtardıqdan sonra Moldovaya - aspiranturaya gedirdim. Anam dedi ki, Moldovaya gedəcəksən, rus qızlarla tanış olarsan, gəl səni evləndirək. Beləcə, evləndik və çox xoşbəxtəm”.
İnstitutu bitirdikdən sonra müsahibimizin Moldova həyatı başlayır: "Mən Heydər Əliyevə ömrü boyu borclu qalacam. Adi, rus dilini belə bilməyən kənd uşağı idim və bizi xaricdə təhsil almaq üçün göndərdi. 1987-ci ildə biofizika üzrə aspiranturaya daxil oldum, 1991-ci ildə isə biologiya elmləri namizədi, alimlik dərəcəsinə yiyələndim”.
Müsahibimiz özünü
dünyanın ən şanslı insanı hesab edir və gənclərə
məsləhət görür ki, qarşılarına
qoyduqları məqsədə doğru "öldü var,
döndü yoxdur” prinsipi ilə getsinlər. Çünki zəhmət,
dürüstük olduqdan sonra həyat insana mütləq istədiyini
verir.
Aygün
ƏZİZ
Kaspi.-2018.-19 yanvar.-S.12.