Hərdən insan olmaqdan yorulursan
Xəyalə Sevil AZərbaycan Yazıçılar Birliyinin üzvi, Prezident təqaüdçüsü, bir neçə şeir kitabının müəllifi, çağdaş ədəbiyyatımızın seçilən gənc qadın şairlərindən biridir. Onun müsahibəsini təqdim edir.
– Oktavio Pasa görə "Poeziya səhrada yalvarışdır, gözəgörünməzlə söhbətdir. O, nifrət, qüssə, ümidsizliklə qidalanır”. Bu mənada, hazırki çağdaş poeziyamızda mövcud olan "hava” sizi sıxmır?
– Bizim bugünkü ədəbiyyatımız təəssüf ki, dost-tanış ədəbiyyatıdır. Yəni, indi istedad yox, "təbliğat” ön plandadır. Kimin ki, geniş ətrafı var, dost-tanışı var, onun yaradıcılığı yüksək səviyyədə qiymətləndirilir və təqdim olunur. Kütləni inandırmaq çox asandır. Əgər, hansısa bir şeirə 5-10 nəfər müsbət fikir söyləyirsə, ətraf mühit təsirə düşür, söylənilənləri təkrar edir. Amma, müqayisə etsək, baxıb görərik ki, az oxunan, az tanınan o qədər gözəl müəlliflər var ki... Kimin ki, bir növ "üzü”, təbliğatçılıq bacarığı var onlar qabağa gedirlər. Bu baxımdan mövcud olan "ədəbi hava” məni çox sıxır. Əvvəllər düşünürdüm ki, istənilən sahədə kim məşhurdursa, deməli, istedadlıdır. Lakin illərin və gördüklərimin qənaəti belə olmadı.
– Şair olmaq
qadınlar üçün "uyğun" deyil.
Çünki qadın sevilir, bəzən
sıxışdırılır, geyiminə görə təcrid
olunur, "kürəyindən əsasını, qarnından
dayçanı" əskik etməmək lazımdır. Bu
cür zehin dünyasında qadın kimi doğulmaq
azmış kimi, "şair qadın” kimi yaşamaq nə qədər
dözüləndir?
– Mən hardasa cəsarətliyəm. Kimliyindən, mövqeyindən, cinsiyyətindən, yaşından asılı olmayaraq, zəif bildiyim, ağlına güvənmədiyim heç kimə tabe olmamışam. Yaxşı, pis həmişə öz qərarım olub. Mənimçün idarəetmə mütləq şəkildə kişilərdə və ya yaşca böyüklərdə olmamalıdır. Ağıllı olan idarə etməlidir. Düzdü, hərdən tabe olan, qane olan qadınlara həsəd aparıram, onlar daha asan, daha sakit yaşayırlar. Ancaq, bütün bunlara baxmayaraq, mən yenə də öz xarakterimə sadiq qalıram.
– Bir şeirdə oxumuşdum: Bir axşamüstü
Bir Şərq şəhərində
Yoruldum qadın olmaqdan...
– Bəzən qadınlar deyir ki, kaş ki, kişi gələ biləydim dünyaya. Amma, bu fikrə nədənsə həmişə qarşı olmuşam. Qadın olmaq, qadın doğulmaq mənim üçün bir ayrıcalıqdır. Əgər yaxşı ailədə doğulmusansa, yaxşı mühitdə böyümüsənsə, qadın olmağın avantajı çoxdur. Bir də davranış əsasdır. Hərdən insanlardan tələb etməlisən ki, sənə hörmət eləsinlər. Mən, deyəsən, qadın olmağı bacarıram. Ancaq, hərdən adam insan olmaqdan yorulur. Ruh adamlarının əskikliyini hiss edəndə bu hal daha tez-tez baş verir. Mən, ümumiyyətlə, qapalı insanam. Gec ünsiyyət qururam. Bir növ az tanıdıqlarımdan özümü qoruyuram. Bir şeyə inanıram ki, danışdığın mövzunun 20 faizi qarşındakı insana anlaşıla bilər. Qalan 80 faizi həmin insanın öz analizidi, öz xarakteridi. İnsanlar səni necə görmək istəyirlərsə, danışdığın sözdən asılı olmayaraq sən "o” olursan, həmin adama çevrilirsən. Məhz buna görə də problem qadın olmaq deyil. İnsan olmaqdan yorulur adam. Şair kimi yaşamağa qaldıqda isə, əgər səni başa düşən heç olmasa bir nəfərin varsa, əgər sən tamamlanırsansa, nə gözəl... Əks halda gərək ya tək yaşayasan, ya da tək yaşamış kimi bir şey olasan.
– Ötən 30 ildə cavan qalıb "neylədiniz?”
– (Gülür). 30 yox, hətta 33 ildə. Neylədim? Mənim iki övladım var. Mən nə uğur qazanmışamsa, qazanacağamsa, onların hamısından yuxarıda mənim övladlarım dayanır. Bilirəm, dünyadakı bütün analar müqəddəsdir. – Cəmiyyətdə bu ada xilaf çıxanlar istisna olmaqla təbii – Övladlarıma baxanda, qürur hissindən gözlərimin dolmağı nəyə desən dəyər. Oğlumun 5, qızımın 8 yaşı olacaq. Deyim ki, elə böyük uğurları belə yoxdu. Yaşları azdı hələ, ancaq, onların varlığı belə qürurumdu. Əgər qocalanda geriyə boylanıb, özümü yaxşı ana kimi, övladlarımı ağıllı, təhsilli, cəmiyyətdə nüfuz sahibi kimi görsəm, demək ki, mən uğur qazanmışam, Vicdan rahatlığından böyük xoşbəxtlik yoxdur, məncə.
–
Yaradıcılığınızda necə?
– AYB-nin üzvü, Prezident təqaüdçüsüyəm, kitablarım var, çap olunuram. İstedadlı yazıçı və şairlər, tənqidçilər tərəfindən qiymətləndirilib, xoş münasibət görmüşəm. Bilirsiniz, mən heç vaxt üzdə olmağı sevməmişəm. Niyəsə, insanlar üzdə olmağa çox can atırlar. Qapıları açıb birbaş keçirlər içəri. Mənsə, heç vaxt heç qapı döyən tərəf olmamışam. Hər zaman qapı arxasındayam. Çağırırlarsa, gəlirəm, çağırmırlarsa getmirəm.
– Şeirlərinizi ayrılıq, (Ağlamadım sən gözümdən düşəndə, qorxdum yağışa düşəsən), Allaha üsyan (Tanrım, sən də günahkarsan, Qaçıb gizlənmisən göyə. Əllərimi danlayıram, Dizlərimə döyə-döyə), göz yaşları (Sonra səssizlik çökər gözlərinə. Kirpiyindən asdığın yaş da quruyar ) və bu kimi ağır tonlarda ifadə etmisiniz... Daha bəşəri mövzulara – məsələn, müharibə, insan amili, cəmiyyətin digər ümdə ağrısına xitab sizi düşündürürmü? Bu mövzularda niyə sanballı ədəbi nümunələrimiz yox dərəcəsindədir?
– Mən deməzdim yoxdur. Müharibə mövzusunda yetəri qədər ədəbi nümunəyə rast gəlmək mümkündür. Və əsasən kişi müəlliflərdə bu mövzular daha yaxşı alınır. Yəqin ki, onlar daha yaxşı duyur müharibə mövzusunu. Məndə sevgi mövzusu başlıcalıq təşkil edir. Ancaq, elə vaxtlarım olub ki, sevgi mövzusunda yazmaq istəmişəm, alınmayıb. Bu həm də zaman-zaman keçirilən hisslərdir, ruh məsələsidir. Bir də bir şey var ki, mənə görə yaxşı oxucu, yaxşı tənqidçi şairin nə yazdığına yox, necə yazdığına fikir verməlidir.
– Qadınlar taleyi insafa gətirməyi bacarmadıqda şeir olur, yoxsa "ürəyin sol tərəfindən sağ keçə bilmədikdə?
– Əslində, elə budur mövzu – Şeirimdə dediyim kimi, "ürəyimizin sol tərəfindən sağ çıxa bilmədik”... Taledən insaflı olmağı gözləmək də lazım deyil. Mən fikirləşirəm ki, qarşımızda bir çətinlik varsa, mütləq onu keçmək üçün də bir yol var. Məğlubiyyəti qəbul etmək ikinci məğlubiyyətdir. Yəni taleyə boyun əymirəm. Amma, bir də ürək məsələsi var ki, bu çox incə məsələdir. Həqiqətən, ordan sağ çıxanlara qibtə edirəm.
– Andre Jidə görə "Ən çətin şey yazmağa başladıqda içdən olmaqdır”. "Asaram özümü göyün üzündən”, "Qadınlardan tanıdım göz yaşını”, "Susdum”, "Əllərimin uzağı” və s. şeirlərinizdə qəlbinizi mətnə verdiyiniz aydın görünür. Sizcədəmi şeir ovqat məsələsidir? Yəni həmişə eyni qəlblə yazmaq mümkünsüzdür.
– Bilirsiniz bu bir növ başqa-başqa pəncərələri olan bir evdir. Həmişə eyni pəncərədən baxsan, eyni mənzərəni görüb, eyni mənzərəni yazacaqsan. Lazımdır ki, başqa pəncərədən də baxasan. Qəlb eynidir, düşüncələr fərqli olur. Dolğun desəm, situasiya. Yəni həmin vaxtın sənə təsir etdiyi ovqatı yazırsan.
– Sizdə şeir yazmaq prosesi necədir?
–
Heç kəs danışdırmasın məni, pis adamam mən
(gülür). Təxmini belə bir şeydir.
Çəkilərəm bir kənara, öz
işimi görərəm. Bu əsasən
evli və uşaqlı qadında daha çətindir. Gündəlik qayğılardan
uzaqlaşmağın ancaq gecə olur. Baxmayaraq
ki, gecənin qaranlığını sevmirəm, amma, gecənin
səssizliyi möhtəşəmdir. Çünki
o səssizlikdə öz səsini daha aydın eşidirsən.
– Məişət işləri
yaradıcılıqla məşğul olmağı məhdudlaşdırır?
– Mən
daha çox evimə, uşaqlarıma bağlıyam. Bir dəfə Seyran Səxavət demişdi ki, əgər
yaradıcılığını ikinci plana salsan, ailəni
daha üstün tutsan, yaradıcılığın ikiyə
yox, lap axıra düşəcək. Düz
demişdi. Amma, neyləyim ki, məndə
başqa cür alınmır.
–
Yaradıcılığını izlədiyim bir neçə
qadın şairlərin şeirlərində analıq
duyğuları daha qabarıqdır. Ana
olmağınıza baxmayaraq, şeirlərinizdə nədənsə
bu hala rast gələ bilmədim. Sətirlərdə
daha çox gənc, sentimental, həyatından gileylənən
bir qadınla rastlaşırdım...
–
Görünən və görünməyən tərəf
var. Rastlaşdığınız tərəf yəqin ki, mənim
görünməyəm tərəfimdir. Və
şeirlərimdə özümü nə dərəcədə
tanıdıramsa, real həyatda heç onun yarısı qədər
belə tanıtmıram. Həmişə
susduqlarım danışdıqlarımdan çox olur. Düşünürəm ki, dostum, doğmam dediyim
insan özü məni tanımalıdı, əgər mən
tanıdıramsa, o sehr pozulur. Bir şeirimdə
demişdim – "Və bir gün qarşıma bir adam çıxa”. Məncə,
bütün ruh adamlarının o adama ehtiyacı var.
Övladlarıma gəldikdə isə onlarla bağlı hər
şey qaydasındadı, onlar mənim
reallığımdır.
– Onda
şeirləriniz narahat duyğuların toplusudur...
– Elə
xoşbəxt vaxtlarım var idi ki, mən hətta şeir yaza
bilmirdim. Və düşündüm ki, daha
heç vaxt yaza bilməyəcəm. İndi
düşünürəm həmin dönəmlər demə,
başım xoşbəxtliyə çox
qarışıbmış. Xoşbəxtlikdən
nə yazasan? Nə qədər yazasan?
Xoşbəxtlik elə göründüyü qədərdir,
ancaq, əksi açıldıqca açılır,
yazıldıqca yazılır və həmişə də
yazmalı nəsə qalır. Nə yaxşı ki
şeir var... Və nə yaxşı ki, övladlarım
var... Hərdən adam başını
öz çiyninə qoyub ağlamağa məcbur olur. Elə vaxtlarda başımı qaldıran səbəblər,
övladlarım və şeirlərimdır.
– Xəyalə Sevil daha
çox kimdir? Xəyalə Abbasovamı,
qadınmı, anamı, yoxsa şairmi?
– Hər
şeydən birinci ana gəlir. Xəyalə
Sevil nə yaxşı ki, anadır. Sonra
qadını deyərdim. Şair ən
sonlardadır. Öz həyatım ikinci
plandadır. Ən böyük problemin
içində belə qızımın tutalım dərsindən
aldığı yaxşı qiymət hər şeyi unutdurur,
uşaq kimi sevinirəm. Bir də mütləq
şəkildə mübariz ana olmalısan. Mən övladlarıma nəyisə bacarmaran deyəndə
təəccüblə baxırlar. Elə
bilirlər ki, analar hər şeyi bacarırlar. Onları mən inandırmışam. Qoy elə inansınlar. Həqiqətən
də, onlar üçün hər şeyi bacararam.
– Sevil təxəllüsü necə
yarandı?
–
Yoldaşımın anasının adıdır. Biz ailə quranda dünyasını dəyişmişdi.
Yoldaşıma olan hörmətimdən onun istəkli
anasının adını özümə təxəllüs
götürdüm. Həm də içərimdə
güclü bir hiss var idi ki, mənim qızım olacaq. Mən balıq bürcüyəm. Hisslərim qüvvətlidir.
– "Nə
getməklə getmək oldu,
Nə qalmaq xeyir eylədi.
Sənin
sevgin,
Mənim
sevgim
Üst-üstə şeir elədi”
– sevginin şeirdən başqa hansısa halı
varıydımı?
– Sevgi
real bir şey deyil, onun ən yaxşısı xəyallarda
olur. Mən xəyallarımda çox gözəl
şəkildə sevib-sevilə bilərəm. Tamam
başqa adam ola bilərəm. Real həyatda özümə kənardan baxdıqda,
soyuq bir qadınla qarşılaşıram. İçimdə bu deyiləm, təbii. Salam
Sarvanın bir şeiri var: "Məni sevməyin də yolu
başqadır, Bununçün məhəbbət filan şərt
deyil”. Sevirəm bu misranı. Mənimçün sevgidən çox güvən
önəmlidir. Əgər sevdiyim adama
güvənmirəmsə, onu sevdiyimi heç özümə
də etiraf etmərəm və mütləq unudaram.
Güclü xarakter yoxdursa, nə sevgi, nə dostluq mövzu ola bilməz. Bu baxımdan
özümü bir növ güclü qadın hesab edirəm.
Ancaq, bilirəm ki, bütün güclü qadınlar bədbəxtdirlər,
içindəki təkliyi heç kim
görmür. Güclü olmaq, əslində,
bir növ qorxudur. Bir şeirimdə də
yazmışdım, "insan qorxduğuna görə
güclü olur”. Özünü,
doğmalarını qorumaq üçün güclü olur.
Bir də fədakarlıq hissi var. Fədakarlıq etməyi
bacarmayandan, verdiyi sözün adamı ola
bilməyəndən nə dost olar, nə sevgili. Bu baxımdan mən şanslıyam. Yoldaşımı nəzərdə tuturam.
– Nə mütaliə edirsiz
hazırda, nə oxuyursunuz?
– "Kerri bacı”nı oxuyuram hal-hazırda. Drayzeri sevirəm,
Remarkı sevirəm. "Ovod” isə məni
günlərcə təsirində saxlamışdı.
Cek Londonun "Bəyaz dişi” də həmçinin. Əsas şeir oxumağı sevirəm. Şeir vaxtımı çox almır. Və bir növ təzələyir məni.
– Kitab
dediniz bayaq.
– Mən
düşünürəm kitab çıxarmağa bir az tələsmişəm. İlk
kitabım qohumların, ətrafın təsiri ilə 15
yaşımda çıxdı. Sonrakı
kitabım universitet illərində, qızların həvəsləndirməyi
ilə, 3-cü kitab AYB-yə üzvlük üçün
şeirlərim cəmlənməli idi deyə, kitab halında
çap olundu. Ancaq bütün bunları
kənara qoyarsaq, sonuncu kitabımı "Saçlarıma ay
qonub” sırf öz istəyimlə çap etdirdim. Bu baxımdan elə bilirəm çap olunmuş bir
kitabım var. İndi çıxarmaq istədiyim kitab
üstündə sanki daha çox əsirəm. Bu yəqin ki, yaşla əlaqədardır həm də.
Ciddi nəsə ərsəyə gətirmək
istəyirəm.
– Çağdaş şairlərimizdən
kimi oxuyursunuz?
–Salam
Sarvanın, Sabir Yusifoğlunun, Əlizadə Nurinin və s.
şairlərin şeirlərini sevirəm. Cavanlardan Elvin
Bakiroğlunu, Emin Pirini, Vasif Zöhraboğlunu, Vəfa
Mürsəlqızını, Arzu Hüseyni, Ceyhunə
Mehmanqızını, Şəfa Vəlinin isə nəsrini
bəyənirəm.
Söhbətləşdi:
Aysu Kərimova
Kaspi 2018.- 20-22 yanvar.- S.16.