20 Yanvar faciəsi ədəbiyyatımızda
Qəhrəmanlar,
şəhidlər bədii mətndə əksini taparsa, millət
öz tarixini o əsərlər əsasında bərpa edə
bilər
20 Yanvar
faciəsindən 28 il ötür. Xalqımızın azadlıq, müstəqillik yolu
uğrunda mübarizəsi o vaxtdan bəri ədəbiyyat və
incəsənət adamlarının mövzusuna çevrilib.
Ancaq xalqımızın təcavüzə məruz
qalmasını daha dolğun əks etdirən nəsr nümunəsinin
olmadığı qeyd edilir. Elə bir əsər
ki, faciənin miqyasını dünya oxucularının diqqətinə
yönəltsin, haqq səsimizi dünyaya yaya bilsin. Ədəbiyyat adamlarının 20 Yanvar faciəsinə
mükəmməl bir əsər həsr etməmələrinin
səbəb nədir?
"Müzakirə”mizdə bu suala aydınlıq gətirməyə
çalışdıq.
"Son
illərdə bu mövzu sanki unudulmaqdadır”
Yazıçı
Aqil Abbas:
- Ədəbiyyatda, jurnalistikada 20 Yanvar faciəsi daim təbliğ
olunur. Amma ədəbiyyatda, xüsusən nəsrdə istənilən
səviyyədə hadisələrin təfərrüatını
əks etdirən mükəmməl bir əsər yazılmayıb.
Düzdür, müəyyən şeirlər, poemalar
yazılıb - poeziya nümunələri var. Məmməd
Aslan, Məmməd Araz, Qabil, Bəxtiyar Vahabzadə bu
mövzuda yazıblar. 20 Yanvar hadisələri ilə
bağlı film çəkilib. Bilirsiniz
ki, film daha böyük auditoriyaya ünvanlanır. Əgər bir əsəri 100 min insan oxuyarsa, bir filmə
100 milyon tamaşaçı baxa bilir. 20
Yanvarla bağlı Rafiq Səməndərin «Şəhidlər»
kitabı sanballı bir əsərdir. Ancaq
roman və ya povest janrında faciəni tam əks etdirən səviyyəli
bir əsərlə rastlaşmamışıq. Qarabağ müharibəsi
ilə bağlı isə daha çox bədii əsər
yazılıb. Və yaxud əsrin əvvəllərindəki
hadisələrlə bağlı romanlar qələmə
alınıb. Düzdür, bu mövzuda
dövlət sifarişi ilə də əsər yazmaq olar.
Ancaq sifarişlə yazmaqdansa, içdən gələni
yazmaq lazımdır. Nə
üçün dövlət sifariş verməlidir? Sadəcə, dövlət ən yaxşı roman
mövzusunda müsabiqə edə bilər. Onda da bəlkə 100 mənasız roman yazacaqlar.
Bu cür mövzular insanın içindən gəlməli,
onun vətəndaşlıq mövqeyindən süzülməlidir.
Dövlət bu istiqamətdə öz təbliğatını
aparıb və aparır. Eyni zamanda,
dünya ölkələrində bu faciə ilə
bağlı tədbirlər keçirilir. Bu
faciə ilə bağlı yazmaq yazıçıların
işidir”.
"Faciə poeziyada
olduğu kimi nəsrdə dolğun əks olunmayıb”
Tənqidçi
Vaqif Yusifli:
- 20 Yanvar
hadisələri başlayandan bəri indiyə qədər
poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir.
Bununla bağlı şikayətlənməyə
dəyməz. 90-cı ilin əvvəllərində
Qabilin «Mərsiyə» şeiri dillər əzbəri idi.
Məmməd Aslanın «Ağla qərənfil,
ağla» şeiri hamı tərəfindən oxunurdu.
Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli
və başqa şairlərin yaradıcılığında
20 Yanvar faciəsi ilə bağlı mövzu işlənməkdə
idi. Zəlimxan Yaqubun bu mövzuda şeirlərini
unutmaq olmaz. Yəni yara hələ təzə
idi və Azərbaycan şairləri və
yazıçıları daha çox 20 Yanvarın müsibətinin
xalqımıza, mənəviyyatımıza, tariximizə gətirdiyi
bəlalardan yazırdılar. Yadımdadır
ki, Əzizə Cəfərzadə 20 Yanvar şəhidlərinin
məzarı üstündə bayatılar deyirdi. Təbii ki, şəhidlik Azərbaycan ədəbiyyatında
ilk mövzu deyil. Füzulinin «Hədiqətüs-sühəda”
adlı əsəri dünya ədəbiyyatı
üçün də şəhidlik mövzusunda yazılan ən
yaxşı əsərlərdən biridir. 20 Yanvar faciəsinin ən klassik nümunəsini xalq
şairi Bəxtiyar Vahabzadə yazdı. Şairin
«Şənbə gecəsinə gedən yol» publisistik əsərində
20 Yanvar faciəsinin yaranmasının səbəbləri,
mahiyyəti əks olundu. Şairin «Şəhidlər»
poemasının alternativi yoxdur. Hələ
bu mövzuda elə bir sanballı əsər meydana
çıxmayıb ki, bu poemadakı fikirləri həm
xalqın faciəsi, həm də qəhrəmanlıq tarixi
kimi əks etdirsin. Füzuli də «Həqiqətüs-sühəda»
əsərində «Ya şəhid olmaq gərək, ya qəhrəman
olmaq gərək” deyir. Əgər şəhidlik adı
psixoloji mənada başa düşülərsə, təbii
ki, bu, əsas ola bilməz. Çünki
igidlər qəhrəmanlığa gedər. 20 Yanvarda da xalq rus ordusunun törətdiyi vəhşilikləri
heç cür unuda bilməzdi. Bu mənada
Azərbaycan poeziyasında da həmin mövzu layiqli yerini
tapdı. Həmçinin faciə poeziyada
daha çox əks olundu. Elə bir
şairimiz yoxdur ki, 20 Yanvar hadisəsinə aid şeir
yazmasın. Təbii ki, yazılan bu
şeirlərin, poemaların çoxu bədii nöqteyi-nəzərdən
qaneedici deyil. Sadəcə, təsir məqamları
var. Ancaq elə şeirlər var ki, onlar həmişə
yaşayacaq. Azərbaycan nasirləri isə
demək olar ki, 20 Yanvar hadisələrini hələ layiqincə
əks etdirməyiblər. Ortada Sabir Əhmədlinin «20
Yanvar» hekayələri, Arif Abdullazadənin «Qanlı yaddaş»
romanı, İsi Məlikzadənin povesti var. Amma faciə poeziyada
olduğu kimi nəsrdə dolğun əks olunmayıb. Publisistikada isə 20 Yanvar şəhidlərinin hər
biri və yaxud bir rayonun, bir kəndin şəhidləri
haqqında çoxlu yazılar var. Rafiq Səməndərin,
Hidayətin və başqa publisistlərin əsərləri
çap olunub. Təəssüf ki, son illərdə
bu mövzu sanki unudulmaqdadır. Arzu edirəm ki, xalqımızın
tarixində həmişəlik qalacaq, şəhidliyi qəhrəmanlığa
çevirən, xalqın özünü dərk etməsinə
səbəb olan belə bir mövzunu daim
işıqlandıracaq əsərlər yazılsın.
"20
Yanvarla bağlı fundamental bir əsər ortaya
qoyulmalıdır”
Şair,
publisist Vasif Süleyman:
- 20 Yanvar
bir millətin milli-azadlıq mübarizəsinin ən
şanlı səhifələrindən biridir. 20 Yanvar hadisələri
şair və yazıçılarımızın əsərlərində
bir çox hallarda əks olunub. Amma
ümumilikdə nə ədəbiyyatda, nə tarixin
yaddaşında bu hadisə lazımınca əks
olunmayıb. 20 Yanvar deyəndə, ilk yada
düşən Rafiq Səməndərin "Şəhidlər”
kitabı olur. Sonralar Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,
Mirvarid Dilbazi, Xəlil Rza, Məmməd Aslan, Sabir Rüstəmxanlı,
Nüsrət Kəsəmənli, Musa Ələkbərli və
digərləri 20 Yanvar hadisəsinə onlarla şeir həsr
ediblər. Hadisələr zamanı Fəqanə Ənvərqızı
adlı bir şagirdin yazdığı şeir daha çox
yadımda qalıb:
Qan rəngində
çiçəksən,
Qərənfil!
Allah səni
yaradıb,
Ona
görə qəşəngsən,
Qərənfil!
Hansı prizmadan yanaşmağından asılı
olmayaraq, düşünürəm ki, 20 Yanvarla bağlı
fundamental bir əsər ortaya qoyulmalıdır.
Bəzən
20 Yanvara "QARA YANVAR” deyirlər. Amma bu qara bədlik,
bədbinlik nişanəsi deyil ki. Qara
dünyanı yaradan rənglərdən biridir. Qara qorxunc, dəhşətli, vahiməli, zəhmli,
olduqca qorxulu, çox dəhşətli epitet funksiyası
daşımaqla bərabər, "cəsarət və
güclülük” mənasını da daşıyır.
Bu
baxımdan, "QARA YANVAR” deməkdən çəkinmək
yox, qürur duymaq lazımdır - yəni qəhrəmanlıq
tarixinin şərəfli bir səhifəsi
kimi. Bu baxımdan, şair Elbarizin 20 Yanvar haqqında yazdığı
şeiri bunun ən yaxşı nümunələrindən
hesab edirəm:
Siz ona
baxmayan qara gün kimi,
Elin haqq səsidir, 20 Yanvar.
Bütün
zalımlara, qaniçənlərə,
Nifrət hədəsidir, 20 Yanvar.
Nə
vaxtdan buxovda donan millətin,
«Azadlıq»- hayqırıb, yanan millətin.
Bu atam
millətin, anam millətin,
Savaş həvəsidir, 20 Yanvar.
Namərd
yarasıdır, dev günahıdır,
Çox da ki, millətin dərdi, ahıdır.
Bu gün
hamımızın səcdəgahıdır,
Şöhrət zirvəsidir, 20 Yanvar.
"Azərbaycan
ədəbiyyatında kifayət qədər əks olunub”
Millət
vəkili Musa Urud:
- 20 Yanvar
faciəsi Azərbaycan ədəbiyyatında kifayət qədər
əks olunub. Belə ki, artıq şair və
yazıçılarımız, jurnalistlər, ziyalılar fəal
vətəndaş mövqeyi tutaraq, faciə ilə
bağlı öz fikirlərini ortaya qoyublar. Məmməd Aslan, Qabil, Bəxtiyar Vahabzadə, Məmməd
Arazın 20 Yanvarla bağlı şeirləri mətbuata
çıxdı. Mən özüm də
20 Yanvar şəhidlərinə şeir həsr etmişəm
və çap olunub. Bundan əlavə,
hadisələrlə bağlı tamaşalar səhnələşdirilib,
bədii-publisistik əsərlər yazılıb. 20 Yanvar faciəsinin öyrənilməsində,
xatırlanmasında istər təhsil ocaqlarının, istərsə
mətbuatın, istərsə də ədəbiyyat
adamlarının mövqeyi məni qane edir.
"Bu
sahədə böyük bir boşluq mövcuddur”
Ədəbiyyatşünas,
tənqidçi Rüstəm Kamal:
- Nə
bir ədəbiyyatçı, nə bir oxucu, nə də bir vətəndaş
kimi 20 Yanvar faciəsinin Azərbaycan ədəbiyyatında əksi
məni qane etmir. Biz bu gün
uşaqlarımıza o hadisələri canlandıra, o qəhrəmanları
təqdim edə, şəhidlərimizin obrazlarını
göstərə biləcək mətnlərə həsrətik.
Yalnız göz yaşları və romantika,
pafos, çağırışlar, emosiyalar əksini
tapır. Xüsusən poeziyada psevdoemosionallıq
baş alıb gedir. Nəsirdə isə
ümumiyyətlə, 20 Yanvar hadisələrinin təsvirindən
danışmaq olmaz. Düzü, bilmirəm,
20 Yanvarla bağlı hansı bədii əsər, hekayə,
povest, romanın adını çəkmək olar ki, oxucu bu
millətin üzləşdiyi fəlakətin miqyasını
anlaya, o milli faciənin bədii ifadəsini görə bilsin.
Təəssüf ki, belə bir mətn mənim
əlimə keçməyib. Hər halda,
belə bir əsər olsaydı, yəqin ki, sorağı
yayılardı. Bəxtiyar Vahabzadənin
«Şəhidlər» poemasından başqa orta məktəb
müəllimləri 20 Yanvarla bağlı əlavə
materiallardan istifadə etməyə normal mətnlər
tapmırlar. Görünür, bizim faciəmizdən
xüsusən nəsrdə ifadə etmək təcrübəmiz
yoxdur. Biz şəxsi
acılarımızı bayatıda, oxşamada, ağıda
deyə bilirik, amma hələ epik janrda söyləməyə
gücümüz çatmır. Baxmayaraq
ki, bu xalq zaman-zaman, tarix boyunca müharibələr içində
olub, qan-qadalar görüb, torpaqları gedib, şəhidlər
verib, işğal olunub, amma bizdə bu faciəni yazmaq ənənəsi
yoxdur. Ancaq bu faciəni yazmaq
lazımdır. Görünür, hələ
bizdə şəhidlik kultu əsas kulta çevrilə bilməyib.
Məsələn, Kərbəla şəhidləri
bizim ədəbiyyatımızda özünə o qədər
kök salıb ki, Füzulidən üzü bəri vətən
şəhidləri o mükəmməl obrazların kölgəsində
qalır. Bu baxımdan, bizim hələ
şəhidlik kultunu qabarda biləcək səviyyədə nə
mərsiyələrimiz, nə də romanlarımız var. Bu
sahədə böyük bir boşluq mövcuddur. İnanıram ki, bizim müharibə
travmalarımız mükəmməl bir ədəbi təcrübəyə
çevriləcək. Buna həm Azərbaycan ədəbiyyatının,
həm oxucusunun, həm də tariximizin ehtiyacı və tələbatı
var. Ola bilsin ki, xalq tarixin bir çox konkret faktlarını və
hadisələrini unutsun, ancaq həmin hadisələr, qəhrəmanlar,
şəhidlər bədii mətndə əksini taparsa, millət
öz tarixini o əsərlər əsasında bərpa edə
bilər. Ona görə də, 20 Yanvar faciələrinin
ədəbiyyatda əks olunmasına ehtiyac var.
Təranə Məhərrəmova
Kaspi 2018.- 20-22 yanvar.- S.10.