Ürəyim istəyəni edirəm
Nura Suri: “Hər zaman xoşuma gələni deyil, özümə yaraşanı
geyinirəm”
Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Amma nədənsə bir çox xanımlar bu deyimlə razılaşmır. Çünki gözəlliyin ilahi
tərəfindən xanımlara
bəxş edildiyini düşünürlər. Gözəllik, baxımlılıq bir kənara, bir də var
ki, xanım şarmlı olsun, yerişi-duruşu, geyimi, rəftarında xüsusi bir cazibədarlıq sezilsin. "Məşhurların gözəllik
sirləri” rubrikamızın
qonağı Nura Suri də belə
xanımlardandır. Nura xanım
uzun müddətdir ki, səhnədədir.
Onun özünəməxsus ifa
tərzi olduğu kimi, özünəməxsus
incə bir şarmı da var. Belə ki, ifaçı
hər zaman formadadır və illər keçdikcə də gözəlliyinə
gözəllik əlavə
olunur. Gözəlliyi ilə zamana
meydan oxuyan Nura xanımın necə formada qalması, hansı dietalardan, idman növlərindən və
qida məhsullarından
istifadə etməsi bizə də maraqlıdır. Ondan gözəllik
sirlərini bizimlə
bölüşməsini istədik.
Söhbətimiz əsnasında öyrəndik
ki, uzun müddətdir öz formasına sadiq qalan Nura xanımın
heç bir dieta resepti yoxdur.
- Nura xanım, hər zaman şıq və formadasınız. Bu bədən quruluşunu
necə qoruyub saxlayırsınız? Eyni formada
qalmaq üçün
nələrdən istifadə
edirsiniz?
- Formada qalmaq üçün sağlam
həyat tərzi keçirirəm. Belə ki,
ilk növbədə spirtli
içki qəbul etmirəm, siqaret çəkmirəm, daha çox ailəmlə zaman keçirirəm.
Özümü ailəmlə
daha rahat və xoşbəxt hiss edirəm. Çalışıram ki, neqativ insanlardan və pis hadisələrdən uzaq durum. Bunlar ən vacib amillərdir. Pis xəbərlərdən
və qeybətdən,
paxıllıqdan, mənə
neqativ enerji ötürən insanlardan
özümü uzaq tuturam. Sağlam həyat yaşamaq
üçün beyni
yormaq olmaz.
Sağlam həyat tərzi yaşamaq üçün
özünə çox
zaman sərf etməlisən. Misal üçün, bilirsiniz ki, biz tədbirlərdə və
məclislərdə çox
oluruq. Əgər harasa dəvət
almışamsa və
ora getmək istəmirəmsə, buna özümü məcbur etmirəm. Düşünmürəm ki, ürəyim
istəmir, ancaq gedim, kiminsə xətrinə dəyməsin.
Özümü yaxşı
hiss etmirəmsə, həmin
an evdə olmaq, idman etmək istəyirəmsə, istəyimə
uyğun davranıram.
Ürəyimin istədiyini edirəm.
Özümü istəmədiyim bir şeyə məcbur etmirəm.
- İstərdik, xanımlarımızla
öz dietanızın
reseptini bölüşəsiniz.
- Heç zaman dieta saxlamamışam. Buna görə də
xanımlarımıza hansısa
bir dieta resepti məsləhət edə bilməyəcəyəm.
Sadəcə onlara deyə
bilərəm ki, yeməklərinə fikir versinlər. Mən özümə
yemək qadağası
qoymuram, ürəyim istəyən hər bir şeyi yeyirəm.
Düzdür, az-az, amma tez-tez yeyirəm. Gündə
5-6 dəfə yemək
yeyirəm. Bundan başqa,
idmanla mütəmadi məşğul oluram.
İdmanla məşğul olan insanlara daha çox protein məsləhət görülür,
əzələləri formada
olsun deyə. Meyvə-tərəvəzi günün birinci
yarısında yemək
məsləhət görülür.
Gecə yatana yaxın qatıq, kəsmik daha çox məsləhət görülür,
xüsusilə də idman edənlər üçün. Əslində, mən heç bir qaydaya əməl
etmirəm. Çünki peşəkar idmançı
deyiləm. İdmanla məşğul
oluram ki, həm formada qalım, həm də özümü xoşbəxt hiss edim.
İdmanla məşğul olanda insan orqanizmində
xoşbəxtlik hormonları
istehsal olunur, insan özünü daha yaxşı hiss edir. Səhər yuxudan duranda
acqarına iki stəkan su içirəm. Bundan yarım
saat sonra yemək yeyirəm. Çalışıram ki, təbii
vasitələrlə qidalanım.
Belə ki, tərəvəz və digər qida məhsullarının
təbii olmasına arxayın olmaq üçün bunları
rayondan sifariş verirəm. Süd, kəsmik, göyərti,
yumurtanı Gəncədən
gətizdirirəm. Arıq görünmək
və formada qalmaq üçün özümü ac saxlamıram.
- Bəs estetik əməliyyatdan necə, istifadə etmisinizmi?
- Bunu bir neçə
dəfə demişəm,
yenə də xatırladıram, 1997-ci ildə
həyat yoldaşımla
avtomobil qəzasına
düşmüşəm. Ondan sonra burnumda sınıq olduğundan dəfələrlə əməliyyat
etdirmişəm. Əslində, bu, estetik deyil,
rekonstruktiv bir əməliyyat oldu. Çünki həkimlər sınmış
burnumu düzəltməyə
çalışıblar. Bu da avtomobil
qəzasının nəticəsində
olub. Ona qədər burnumda
heç bir problem olmayıb. Dəfələrlə sosial şəbəkələrdə
əməliyyatdan əvvəlki
burnumun şəklini paylaşmışam. Uzun müddət
çəki azlığından
əziyyət çəkmişəm.
Belə ki, çəkim 46-48 kiloqramdan çox olmurdu. Ancaq sonradan sağlam
rejimə düşdükdən
sonra çəkim düzəlib.
- Nura xanım, siz zövqlü geyinən ifaçılardansınız. Geyimlərinizi
özünüz seçirsiniz,
yoxsa stilistlərlə
işləyirsiniz?
- Mən deməzdim ki, hər zaman
zövqlü geyinirəm.
Elə vaxtlar olur ki,
geyimlərim xoşuma
gəlmir. Bəzən tanınmış
mağazaların reklamını
edirəm və reklam zamanı bəzən o qədər
də xoşuma gəlməyən geyimləri
də geyinirəm.
Amma yenə də, onları özümə yaraşdırmağa çalışmışam.
Hər zaman xoşuma gələni deyil, özümə yaraşanı
geyinirəm.
- Bəs dəbi
izləyirsinizmi?
- Mən dəb arxasınca qaçan insan deyiləm. Ümumiyyətlə dəb arxasınca qaçanları anlamıram. Onlarla heç bir problemim yoxdur, ancaq başa düşə bilmirəm. Dəb, moda bir gəlir mənbəyidir. Dünyada bəzi qurumlar var ki, yenilik adı ilə ortalığa nəsə çıxarırlar, yeni bir məhsul kimi onu insanlara təqdim edirlər. Əsas məqsədləri məhsullarının daha çox satılmasıdır. Moda mütəxəssisləri diktə edirlər ki, hər mövsümə uyğun bir rəng dəbdə olur. Moda, dəb elədir ki, hər mövsüm fərqlilik olmalıdır. Məsələn, ötən il sarı rəng dəbdə idisə, keçən il insanlar nə almışdılarsa, bu il ondan istifadə etməsinlər. Gedib yenilərini alsınlar. Əslində bu mövzu çox dərindir. Bir də hamı kimi olmaqdan çəkinmək lazımdır. İnsanın bir imici və stili olmalıdır. Hər gün stilini dəyişməməlidir. Görürsünüz ki, saç rəngim uzun müddətdir dəyişməyərək qalır. Demək olar ki, eyni saç rəngindən istifadə edirəm. Ya yığıram, ya da açıq qoyuram. Bundan başqa, mənim özümə məxsus geyim tərzim var. Ancaq bu rəng mənim imicimdir. Bu, özünəməxsusluq və individuallıq deməkdir. "Bu gün hamı bunu geyinirsə, mən də geyinməliyəm” fikirlərindən uzağam. SSRİ dövründə bir cür "layka plaş”lar və "dublyonka”lar var idi, hamı ondan geyinirdi. Kimdə yox idisə, ona pis baxırdılar. Şəhərə çıxırdın "inkubator” cücələri kimi hamı eyni cür geyinirdi. Mən bunların əleyhinəyəm.
- Sizcə, bir qadın cazibədar,
"cool” görünmək üçün nə etməlidir?
- Bir xanım "cool” görünmək üçün ilk növbədə öz bədəninin ölçülərini bilməlidir, bədənini tanımalıdır, xoşuna gələni deyil, özünə yaraşanı geyinməlidir.
- Eşitdik ki, gələn aydan sizi həm də aparıcı kimi efirdə görəcəyik.
- Bəli, bu mənim aparıcı kimi ilk işim deyil. 2004-cü ildə səhnəyə gələndən sonra 2006-cı ildə artıq veriliş aparıcısıydım. Rəhmətlik Gülşən Qurbanovadan sonra onun verilişinin aparıcısı oldum. Lider telekanalında aparıcılıq etdiyim "Ləziz mətbəx” verilişim həftə içi hər gün yayımlanıb, bundan sonra ANS-də "Qadın saatı”, ATV kanalında "Yeni ulduz” və "Gün keçir” verilişlərinin aparıcısı olmuşam. Mənim üçün bu normaldır. Səhnəyə gəldiyim vaxtlardan müğənniliklə yanaşı, aparıcılıq da etmişəm. Bu mənim üçün çox asandır və çox sevirəm aparıcılığı, özümü çox rahat hiss edirəm. Aparıcılıq etdiyim verilişlərimdə heç zaman qalmaqal olmayıb. Hər zaman məsuliyyətini daşıdığım verilişimə gələn qonaqların ancaq müsbət tərəflərini önə çıxarmağa çalışmışam. İndi yenidən kanalların birində gündəlik olaraq həftə içi mətbəx verilişinə başlayacağıq. Hazırda verilişin danışıqları gedir. Yəqin ki, fevralın ilk günlərindən efirdə görə bilərsiniz.
Xəyalə Rəis
Kaspi 2018.- 24 yanvar.- S.12.