Milli ideallara bağlı vətənpərvər ziyalı xanım

 

Zəhra Quliyeva Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərib, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olub

 

Azərbaycanın ziyalı qızı, görkəmli oftalmoloq, tanınmış ictimai və dövlət xadimi, professor  Zəhra xanım Quliyevanın anadan olmasından  95 il ötür.  Şərəfli bir ömür  yaşamış Zəhra xanım Quliyeva respublikada səhiyyənin, tibb elminin inkişafına töhfələr vermiş, qadın hərəkatının liderlərindən olmuşdur.

 

     Azərbaycanda onu tanımayan yox idi. Zəhra xanım Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, görkəmli oftalmoloq-alim, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, tanınmış ziyalı, ictimai xadim idi. Ancaq bunların hamısından əvvəl o, doğmaları, ona öz problemləri, ağrıları ilə müraciət edən hər kəs üçün fədakarlığa hazır olan qayğıkeş ana, əsl insan idi. Gözəl, yumşaq xasiyyəti, müdrikliyi, savadı, tibb elminə verdiyi töhfələri, vətənpərvərliyi, rəvan natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə böyük nüfuz qazanmışdı. O, ömrünün əsas hissəsini tibb elminin, Azərbaycan səhiyyəsinin inkişafına həsr etmiş, insanların sağlamlığı keşiyində durmuşdur.

 

     Ziyalı ailəsində dünyaya gəlmiş Zəhra Quliyeva bu ziyalılığı irsi bir sərvət kimi ömrü boyu şərəflə daşımışdı. Atası Tahir bəy Moskvada ali təhsil almış dəmir yolu mühəndisi idi. O, professor adına layiq görülən ilk azərbaycanlılardan olmuşdur. Zəhra xanımın belə bir ailədə böyüməsi, sözsüz ki, onun gələcək taleyində izsiz qalmayacaqdı. Təcrübəli pedaqoq, istedadlı alim, mahir cərrah Zəhra xanım Quliyeva uzun müddət Tibb İnstitutunun Oftalmologiya kafedrasına rəhbərlik etmiş, yüksək səviyyəli həkim və elmi-pedaqoji kadrların hazırlanmasında əzmlə çalışmış, ölkə üçün gənc tibb kadrlarının hazırlanmasında xüsusi xidmət göstərmişdir. İnstitutun elmi işlər üzrə dekan müavini, kafedra müdiri, tədris hissə üzrə prorektor vəzifələrində çalışdığı zaman qazandığı zəngin təcrübə, idarəetmə məharəti, böyük elmi potensialı, hərtərəfli dünyagörüşü, gözəl mənəviyyatı bütün həyatı boyu işlədiyi sahələrdə ona yalnız uğurlar gətirmişdir. Zəhra xanım ilk növbədə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, intizamın möhkəmləndirilməsinə diqqət yetirmişdir. Nəticədə instituta tələbə qəbulunun sayı artırılmış, yeni kafedralar, təlim kursları yaradılmışdı.

 

O, özünün ictimai fəaliyyəti ilə də respublikamızın həyatında mühüm rol oynamışdır. Dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin deputatı seçilmiş, müxtəlif beynəlxalq cəmiyyətlərin və şuraların üzvü olmuşdur. Dünyanın bir çox ölkələrində keçirilmiş qadın qurultaylarında, elmi simpoziumlarda, sülh günlərində, yüksək səviyyəli toplantılarda iştirak etmiş, bir çox beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını təmsil etmişdir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. O, namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri, bir çox monoqrafiya və elmi məqalələrin, Tibb Universitetinin tələbələri və müəllimləri üçün tədris vəsaitlərinin müəllifi olmuş, tibb elminin inkişafına böyük töhfələr vermişdir. Ayrı-ayrı illərdə səhiyyə sahəsindəki xidmətlərinə görə vətənin yüksək mükafatlarına layiq görülmüşdür. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", həmçinin müstəqil respublikamızın "Şöhrət" ordenlərinə layiq görülmüşdür. İctimai fəaliyyəti bir çox medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.

 

       Ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Zəhra Quliyeva da milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərmiş, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olmuşdur. İşinin vurğunu olan Zəhra xanım ən ağır cərrahiyyə əməliyyatlarını uğurla apararaq yüzlərlə xəstənin gözünə nur vermişdir. Hərdən bəzi peşə sahiblərinə, xüsusən həkimlərə öz işlərini yerinə yetirməkdə yüksək vəzifələrin mane olmasından söz düşəndə Zəhra xanım deyərdi ki, bu, hər kəsin şəxsi keyfiyyətlərindən, fərdi xüsusiyyətlərindən asılıdır: "Doğrudur, həkim vəzifə kürsüsündə itirdiyi vaxtı xəstələrinə həsr etsə, cəmiyyət bundan daha çox faydalanar. Lakin elə insanlar var ki, tutduğu vəzifəni xəstələri üçün ayırdığı zamana xələl gətirmədən yerinə yetirə bilir. Peşəsində də, ictimai işlərdə də eyni uğurla çalışır".

 

       Zəhra xanım ağır, kəşməkəşli illər yaşayıb. Öz sözləri ilə desək,  "Həyatda büdrəmişəm, amma əyilməmişəm. Həyatda çarpışmışam, mübarizə aparmışam”. Və bu mübarizədə bütün çətinliklərə onun inamı, gərgin zəhməti qalib gəlib. Zəhra xanımın bir xoşbəxtliyi də ondan ibarət idi ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla birgə yaşamış, çalışmış, onları özünə arxa-dayaq saymışdır. Çətin anlarında Əziz müəllimin ailəsi, xüsusən də Zərifə xanım ona arxa olub. Zəhra xanımın hələ gənclik illərindən xalqımızın ziyalı qızı, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə tanışlığı, onların mənəvi bağlılığı sonradan yaxın dostluğa çevrildi. Onlar eyni peşəni seçdilər, birlikdə ciddi oftalmologiya məktəbi yaratdılar, mötəbər elmi konfrans və simpoziumlarda iştirak etdilər. Bu dostluq ömürlərinin sonunadək davam edərək sədaqət nümunəsi oldu. Ümummilli Liderimiz Heydər Əliyev Zəhra xanımın biliyini, bacarığını, təşkilatçılığını, ən əsası isə vətənpərvərliyini çox yüksək qiymətləndirirdi. Heç kimə sirr deyil ki, Ulu Öndərin kadr seçmək bacarığı özü bir məktəbdir. Elə Zəhra xanımın rektor təyin edilməsi, komitə sədri olması da bu dahi şəxsiyyətin ona göstərdiyi etimadın, qayğının, münasibətin təzahürüdür.

 

    1998-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunması onun həyatını tamamilə dəyişdi; ölkədə qadın məsələlərinin dövlət səviyyəsində həlli və Zəhra xanımın insanlara kömək etməsi, eyni zamanda qadınların öz potensiallarından daha geniş istifadə etmələri üçün yaxşı imkan yarandı. O, müxtəlif problemlərlə komitəyə müraciət edən insanları səbirlə, təmkinlə dinləyərək məsələlərinin həllində imkan daxilində kömək edir, mərhəmətini əsirgəmirdi. İnsanlara münasibətində olduqca xeyirxah və müdrik idi. Hər hərəkətində, hər sözündə mərhəmət, şəfqət hiss olunurdu. Çünki insanları çox sevir, onların problemlərinə biganə qala bilmirdi.

 

         İşinə son dərəcə bağlı, zəhmətsevər bir insan kimi Azərbaycan qadınlarının problemləri Zəhra xanımı həmişə narahat edirdi. Bölgələrdə, kənd yerlərində qadınların fəallığını, tədbirlərdəki çıxışlarını görəndə sevinc və fərəh hissi keçirirdi. Çox çalışırdı ki, qadınlar öz hüquqlarını başa düşsünlər, daha fəal və təşəbbüskar olsunlar. Zəhra xanım qadınların problemlərini yaxşı bilirdi. Ümumiyyətlə, o, başqalarının dərdini öz ürəyindən keçirməyi bacarırdı. Yəqin ki, bu, həkimliyindən və daxili dünyasının zənginliyindən irəli gəlirdi. "Qadın ailədə evin dayağı olduğu kimi, cəmiyyətin də əsas sütunudur. Buna görə də qadınla hesablaşmaq, ona həmişə diqqət göstərmək lazımdır", - bu da Zəhra xanımın sözləridir. O, qadının hər şeydən əvvəl ana, ocağının çırağı olduğunu hesab etsə də, çox sevinirdi ki, bu gün qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar cəmiyyətin həyatında bütövlükdə iştirak edirlər. Qadınlarımız rəhbər vəzifələrdə çalışır, onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar. O, bir tərbiyəçi kimi qadınları milli-mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısı olmağa, gənc nəsli bu dəyərlər üzərində böyütməyə səsləyirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi  dövlət qadın siyasətində bir komitə sədri kimi Zəhra xanım çox fəal iş aparırdı. Eyni zamanda, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər və fondun prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin icrasında öz əməyini əsirgəmirdi.

 

     Özümü xoşbəxt hesab edirəm ki, Zəhra xanımın rəhbərliyi altında işləmək mənə də nəsib olmuşdur. Onun bütün fəaliyyəti bizim üçün əsl məktəb idi. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir əməkdaşla mehriban, səmimi rəftar edirdi. Özünə və başqalarına qarşı ciddi tələbkarlığı, incə qəlbi, duzlu söz-söhbəti onu hamıya sevdirirdi. Özünün idarəçilik təcrübəsini həvəslə gənclərə öyrədir, onların hər addımını dəstəkləyirdi. Hər hərəkəti, hər sözü ilə qazandığı nüfuzu qoruyub saxlayırdı. Zəhra xanım yorulmaq bilmədən respublikanın rayonlarına gedir, əhali ilə görüşürdü. Hər yerdə onu mehribanlıqla, hərarətlə qarşılayırdılar. İnsanlarla son dərəcə mədəni və səmimi davranışı, müdrik söhbətləri, kübarlığı ilə ətrafındakılarda inam oyatmışdı. Ona ürəkdən inanır, etibar edirdilər. Çünki özünə son dərəcə tələbkar olan Zəhra xanım sözünün üstündə durmağı bacarır, onun məsuliyyətini daşıyırdı. Təsadüfi deyil ki, Zəhra xanım işlədiyi sahələrdə çoxlu sayda davamçılarının yetişdirilməsinə nail olmuşdu. Heç kəsi narahat etmədən, daxili nigarançılığını üzə vurmadan hamıya müsbət enerji bəxş edərdi. Onun zahiri sakitliyinin arxasında həssas bir ürək döyünürdü. Zəhra xanım torpaqlarımızın işğalını, ailələrin qaçqın və köçkün həyatı yaşamasını sakit qarşılaya bilmirdi. Xalqının taleyini övladlarının taleyindən ayırmırdı. Bu, onun beynəlxalq forumlardakı nitqlərində də öz əksini tapırdı.

 

O, sadə, xeyirxah olduğu qədər də müdrik və təmkinli idi. İradəli insan, məşhur alim, pedaqoq, sədaqətli dövlət xadimi, yüksək təşkilatçı olmaqla yanaşı, çox gözəl xanım, qayğıkeş ana idi. Təkcə öz övladına deyil, yüzlərlə gəncə analıq qayğısı göstərirdi. Ayrı-ayrı tanınmış şəxslər tərəfindən Zəhra xanım haqqında məqalələr yazılıb,  ona şerlər həsr olunub, həyatı və fəaliyyətindən bəhs edən əsərlər çap edilib. Zəhra xanımın ömür yolunu, müəllim, həkim, ziyalı, ictimai və dövlət xadimi kimi fəaliyyətini bir yazıya  sığışdırmaq mümkün deyil.

 

Deyirlər ki, insanların dəyərini onları itirəndən sonra anlayırlar. Əsl xoşbəxtlik ondadır ki, insan sağlığında öz  qiymətini alsın. Bu mənada Zəhra xanım Quliyeva bəxti gətirənlərdəndir. O, hələ sağlığında ikən xalqımız və dövlətimiz tərəfindən layiqli qiymətini almış şəxsiyyətlərdəndir. Zəhra xanımın zəngin təcrübəsi, faydalı məsləhətləri bu gün də əlimizdin tutur. Zəhra xanım mənalı, şərəfli bir ömür yaşayaraq, özündən sonra örnək olacaq bir ömür yolu, alim ömrü, vətəndaş ömrü qoyub getdi. Odur ki, həmişə xatırlanır, yada düşür, ona istinad edilir. Sadəliyin, nəcibliyin, kübarlığın, ziyalılığın timsalı olan Zəhra xanım böyük qəlbə malik bir insan, ən əsası isə özünü təsdiq edən şəxsiyyət kimi yaddaşlarda daim yaşayacaqdır.

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

 

 kaspi.-2018.-24 yanvar.-S.10.