Bir illik gəlib,
45 ildir Lənkəranda
qalan aktyor
Qabil Quliyev: “Qızım,
köçəri quşun
öz yuvası olmaz”
Lənkəran Dövlət Dram Teatrının
adı çəkilən
zaman ağlıma gələn ilk aktyor, Xalq
artisti Qabil Quliyev olur. Qabil
müəllim, 1973-cü ildən
Nəcəf bəy Vəzirov adına
Lənkəran Dövlət
Dram Teatrında çalışır.
100-dən artıq tamaşada rol alıb. Bir neçə bədii
filmə çəkilib.
Lənkəran Dövlət
Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib. Onunla bir
neçə il bundan qabaq redaksiyamızda görüşmüşdüm. Səbri, təmkini və səmimiyyəti ilə diqqətimi çəkmişdi.
Teatrın mövsüm bağlanışında
Lənkərana səfərim
zamanı gözlərim
səhnədə, zalda
onu axtarsa da, görüşmək qismətdə deyilmiş.
Ancaq
2018-ci ilin ilk müsahibəsini
ondan almaq varmış qismətimizdə. Söhbətimiz
uzun çəkdi, ona görə də müsahibəni oxuculara ixtisarla təqdim etmək məcburiyyətindəyəm.
- Qabil müəllim, sizi 2018-ci ildə xoş gördük. Bu ildən
gözləntiləriniz nələrdir?
- Mən bu il milli teatrımızdan güclü
bir yaradıcılıq
sıçrayışı, yazarlarımızdan sanballı
əsərlər gözləyirəm. Bundan başqa, aktyor olmaq arzusu ilə
Mədəniyyət və
İncəsənət Universitetini bitirəcək
məzunlardan
sənətin acısını,
sirrini dadmaq üçün bölgə
teatrlarına
təyinat almalarını
gözləyirəm.
- Bəs geridə qoyduğumuz il sizin
yaddaşınızda necə
qaldı?
- . Ötən il şəxsi
həyatımda olduqca
ağır oldu. Həyat yoldaşımı
və qardaşım Ələddin
Quliyevi itirdim. Bu itkilər məni
çox kədərləndirdi.
O ki qaldı yaradıcılığıma, 2017-ci ildə J.B.Molyerin "Jorj Danden yaxud aldadılmış
ər” tamaşasında
Cənab
De Sotonvil,
Ə.Haqverdiyevin
"Xortdanın cəhənnəm
mktubları”nda dərviş,
C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi”ndə naçalnik rollarını oynamaq qismət oldu.
- Hazırda
Lənkəran Teatrında
vəziyyət necədir? Teatrda hansı tendensiyalar
yaşanır?
- Hazırda teatrda yaradıcılıq prosesləri
davam edir. 2018-ci ildə hələ
ki, planda 3 böyük əsər
var. Üç nəhəngin
üç ağır
əsəri.
Sofoklun "Antiqona”,
Meterlingin "Korlar”, Saqalın
"Husunu itirmiş
at” əsərlərini səhnələşdirəcəyik.
Amma istərdim ki, repertuara milli dramaturgiyamızın nümunələri
daha çox salınsın. Çünki müasir gənclik Nizamini, Füzulini, H.Cavidi, Cəfər Cabbarlını tanımır.
Bu yaxınlarda telekanalların birində
30-35 yaşlı birindən
"Nizami kimdir?” soruşdular, gözlərini
döydü. tanımadı. O ki, qaldı teatrın digər məsələlərinə,
bütün sənət
adamlarına, mətbuat
nümayəndələrinə yaradıcılıq prosesləri
və ümumi vəziyyət çox yaxşı bəllidir. Birinci növbədə kadr problemləri, iqtisadi problemlər və bir sıra digər
məsələlər var
ki,
onlar öz
həllini gözləyir. Lənkəran
Teatrı kadr məsələsini teatrda
fəaliyyət göstərən studiya vasitəsi ilə yerli kadrlar hazırlamaqla
həll edir. Amma bu, məsələnin
köklü həlli demək deyil. Teatr digər bölgə teatrları ilə müqayisədə
yaradıcılıq məsələsində fərqli mövqedir. Bu gün bizim tamaşaçıların əsas
hissəsini məktəblilər və tələbələr təşkil edir. Bununla da teatr
öz gələcək
tamaşaçısını yetişdirir. Hazırda teatrda Moris Meterlinqin "Korlar” əsərinin məşqləri
gedir. Əsəri
teatra təyinatla gəlmiş gənc rejissor Emil Əsgərov hazırlayır. Bu mövsümdən
artıq teatrın baş rejissoru, əməkdar incəsənət
xadimi Oruc Qurbanovdur. O, peşəkar
səhnədə ilk addımlarını Lənkəran
Teatrında atıb. Kollektivi yaxşı tanıyır,
teatra bələddir.
Onunla işləmək kollektiv üçün də rahatdır.
- Vaxtilə kaskadyorluq sənətinin sirlərinə yiyələnibsiniz.
Bəs nə üçün istifadə etməyibsiniz?
- Kənddə, təbiətin qoynunda,
at belində böyümüşəm.
Yaxşı yadımdadır, uşaq idim, məktəbə də getmirdim. Bir kəhər atımız var idi. Atam yayın istisində 14 kilometr yolu maşınla yanaşı çaparaq gəlmişdi. Maşın
atı ötə bilməsə də, at həyətə çatan
kimi ürəyi partlamışdı. O atın
basdırıldığı yer indiyə kimi yadımdadır. Sonralar həyətimizdə daha gözəl, surətli atlar olub. Uşaqlıqda at çaparkən o qədər atdan yıxılmışam ki.
Amma ilk dəfə Hüseyn
Seyidzadənin "Səmt
küləyi” filmində mərhum aktyorumuz Ələddin Şahbazovu atlı döyüş səhnələrində əvəz
etmişəm. Bundan başqa
"Cavad xan” filmində Aleksandr Mirzənin döyüş
zamanı atdan yıxıldığı epizodda
çəkilmişəm. Ancaq onu da diqqətinizə çatdırım
ki, kaskadyorluq təhlükəli peşədir. Aktyor üçün deyil.
- Siz Universitetdə Əliheydər Ələkbərovun, Rza Təhmasibin sinfini bitiribsiniz. Onlar sizin
yaddaşınızda necə
qalıblar?
- Hər ikisi gözəl sənətkar
idi. Allah onlara
rəhmət etsin. Əliheydər
müəllim tələbələrinə
böyük ata məhəbbəti ilə
yanaşardı, olduqca
səmimi və mehriban idi. Təhmasib müəllim sənətdə
dahi idi, hər işi bəyənməzdi.
Sənətdə xırdalıqlara diqqət edərdi, şablon işləri sevməzdi. Hər obrazdan özünəməxsus
xarakter tələb
edirdi.
- Universiteti bitirdikdən sonra sizi təyinatla Sumqayıt
Teatrına göndərsələr
də, bundan imtina edib, hərbi
xidmətə yollanıbsınız.
Sizi bu addımı atmağa məcbur edən nə idi?
- Tələbə vaxtlarımdan
Akademik Milli Dram Teatrında çalışdım. Rəhmətlik Əliheydər müəllim
məni ora işə götürmüşdü.
Orada əvvəlcə səhnə
fəhləsi işlədim,
sonra isə aktyor kimi fəaliyyətimə
davam etdim. Təyinat bölgüsü olanda Əliheydər müəllim Bakıda deyildi. Universitetə teatrdan arayış
aparmalı idim. Beləliklə, mənim təyinatımı
Sumqayıt Teatrına
yazdılar. İmtahanlarımı
bitirəndən sonra Sumqayıta təyinatımdan
imtina cavabı aldım, hərbi xidmətə getdim. "Mostfilm”in hərbiləşdirilmiş kino
bazası olan Norafominck rayonuna. Sonra bizi film çəkilişinə
görə Bakıya dəvət etdilər.
Çexoslavakiya ilə Azərbaycanın
birgə istehsalı olan "Semt küləyi” filmini, "Nəsimi”ni, "Qatır Məmməd”i çəkdik. Mən Moskvadan qayıdandan sonra Akademik Milli Dram Teatrına getdim. Onda artıq gec
idi, Əliheydər müəllim dünyasını
dəyişmişdi. Sumqayıta isə getmək
istəmirdim. Mədəniyyət nazirliyinə getdim, rəhmətlik Məmməd
Ziyadov birinci müavin idi. Müəllimimin dostu idi və məni tanıyırdı. Görüşdük, vəziyyəti danışdım.
Dedi ki, indiki vəziyyəti görürsən, Lənkəranda
yeni teatr açmışıq, sənin
də təcrübən
var. Bir il
orda işlə, sonra bir şey
fikirləşərik. Teatrın direktoru mərhum
Məbud müəllimə
zəng vurdu. Məni xüsusi sərəncamla
Lənkəran Teatrına
göndərdi. 1973-cü il, dekabrın
20-də əmrim verildi.
O, vaxtdan artıq 45 il ötür, mən
hələ də Lənkərandayam.
- Bəs, bu 45 ildə iş yerinizi dəyişmək üçün
nazirliyə müraciət
etmədiniz?
- 45 ildir ki, Lənkəran
Teatrında çalışıram.
Teatra gəldiyim illərdə başım sənətə,
ictimai işlərə
o qədər qarışdı
ki, zamanım olmadı. Daha sonra
isə övladlarım
dünyaya gəldi.
Hiss etdim ki, bu teatra lazımam,
burada öz yerimdəyəm.
- Axı siz Lənkəranda
doğulmayıbsınız...
- Düzdür, mən Lənkəranda doğulmamışam,
ancaq vətənin o başı, bu başı yoxdur. Bir neçə dəfə
evimi dəyişmək
üçün imkan
yarandı.
Bu barədə elan da vermişdim.
Evi dəyişmək üçün
müraciət edən
olub. O vaxt mən qastrol səfərində olduğumdan,
xanımım onlara bildirmişdi ki, biz ev dəyişmirik,
sizə səhv məlumat verilib. Yəqin ki, elə belə
olmalı imiş. Lənkəran Teatrında qaldığıma
görə, heç zaman peşmançılıq
hissi keçirməmişəm
və indi də peşman deyiləm. Görünür, mən burda
daha çox lazımam. Qızım, köçəri quşun öz yuvası olmaz.
- Sonuncu dəfə 2013-cü ildə
"Sevginin göz yaşları” filminə çəkilibsniz. Bu 4 ildə sizi heç bir serialda və filmdə görmədik. Filmlərə özünüz
çəkilmək istəmirsiniz,
yoxsa təklif gəlmir?
- "Sevginin göz yaşları” filminə qədər bir neçə filmdə rol almışam. Rejissor İntiqam Hacılının çəkdiyi "Qız yükü " serialına çəkildim. Onu da deyim ki, film yüksək reytinq qazanmışdı. Hazırda yenə İntiqam Hacılının "Ayna” serialında çəkilirəm. Güman edirəm ki, bu film də uğurlu olar. Ümumiyyətlə, bu gün çəkilən filmlərə ciddi nəzarət olunsa, çox yaxşı olar. Bu gün efirə daha çox, milli-mənəvi dəyərlərimizə ləkə olan üzdəniraq seriallar yol tapır. Bu seriallar çox asanlıqla maliyyə vəsaiti əldə edə bilirlər.
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2018.-25 yanvar.-S.14.