“Çayımı özüm gətirəcəyim
iş daha maraqlıdır”
Rəcəb
Davudov: “Sevdiyi işlə məşğul olanın nailiyyətlər
əldə etmə şansı daha çoxdur”
Öyrənməyi sevir, hətta nə qədər yaxşı işi olsa da, çalışdığı iş yerində iş ab-havası yoxdursa, oradan uzaqlaşır. İşləməyi də sevir, amma işçi kimi. Deyir ki, rəhbər olanda sevdiyin işdən uzaqlaşıb idarəetmənin problemlərinin içinə düşürsən. Bir çox böyük şirkətlərdə çalışsa da, heç vaxt rəhbər vəzifəyə maraq göstərmədiyini deyən müsahibimiz "Simbrella” şirkətinin telekom həllər üzrə mütəxəssisi Rəcəb Davudovdur.
Qeyd edək ki, R.Davudovun 12 ildən artıq telekom təcrübəsi var. "HP", "Turkcell", "Vodafone" və "Nar" şirkətlərində uzunmüddətli iş stajına sahibdir. Java dilində ümumilikdə 16 ildən artıq təcrübəsi var.
- Hələ orta məktəb vaxtı respublikada və ölkə xaricində informatika yarışlarına qatılmısınız, hətta qızıl medal almısınız. Deyəsən, elə o vaxtdan bu sahəyə meyillənmisiniz...
- İnsanın həyatda verdiyi vacib qərarlardan biri də ixtisas seçimidir. 660 bal yığan bir şəxs sevmədiyi, amma "yaxşı yer” deyilən bir ixtisasda təhsil alıb, sonra o sahə üzrə işləməyə, işləsə belə heç nə əldə etməyə də bilər. Amma peşə məktəbini qurtarmış bir aşpaz öz işini çox sevirsə, o "yaxşı yer”də təhsil alandan daha uğurlu ola bilər. Təhsil cəhətdən fərq ola bilər, amma sevdiyi işlə məşğul olanın nailiyyətlər əldə etmə şansı daha çoxdur. O cəhətdən, mənim bəxtim gətirib. Atamın iş yerində kompüter vardı, ora tez-tez getdiyim üçün kompüterlə ilkin tanışlığım olmuşdu. 5-ci sinifdə oxuyanda isə evə artıq kompüter aldılar. İlk olaraq oyun üçün istifadə edirdim. Sonra riyazi məsələləri həll etmək üçün də yararlanırdım. Belə-belə kompüterə marağım yarandı. Ailənin tək uşağı olduğum üçün ev mühitində daha çox olmuşam, nəinki həyət-bacalarda, "razborka”larda. Ona görə əsas məşğuliyyətim kompüter olub. Bu məşğuliyyət sonra peşəkar tərəfə yönəlməyə gətirib çıxardı.
- Uşaq kompüterə, oyunlara
meyl edəndə dərslərə marağı azala bilir. Amma
siz həm də orta məktəbi fərqlənmə ilə
bitirmisiniz. Kompüterə maraq dərslərinizi arxa plana
atmağınıza gətirib çıxarmırdı?
- Mən türk liseyində oxuyurdum. Orada dərsə getməmək, yaxşı oxumamaq kimi seçimlər yox idi. Türk müəllimlər elə abı-hava yaradırdılar ki, hamı bir-biri ilə yaxşı mənada rəqabətdə olub oxuyurdu, nəsə əldə etməyə çalışırdı. Dərslərlə yanaşı, məktəbdə olimpiyaçı qruplar da yaradılmışdı. Mən də informatika üzrə olimpiya qrupuna daxil oldum. Bundan sonra kompüterlə daha da çox məşğul olmağa başladıq. 10-cu sinifdə respublika olimpiadasında 4-cü yeri tutdum, 11-ci sinifdə 1-ci yeri. Həmçinin, Finlandiyada dünya olimpiadasına da qatılmışdım. Düzdür, medal ala bilmədim, amma iştirak etmişdim. Bəzən olimpiadaya hazırlaşanda dərsdən icazə alıb kompüter otaqlarında məşğul olurduq. Amma belə dərsləri arxa plana atmaq yox idi.
- Məlumatlı
olduğunuz üçün ixtisas olaraq da bu istiqaməti
seçdiniz?
- Düzü, atam hüquqşünas, anam isə
həkim olmağımı istəyirdi. Atam mühəndis, anam isə
həkimdir. Mənim həkimliyə marağım var idi. Amma nədənsə, sonra bir anda ağlıma gəldi
ki, kompüterdə oyun oynayıram və bunu da kimsə
yaradıb, necə edirlər? Bəlkə,
mən də bu işlə məşğul olum? Bu ideya əsasında fikrimi dəyişib,
ixtisasımı seçdim. Ailəm də
mənim istədiyimi dəstəklədi.
- Ali təhsilinizi Türkiyədə
almısınız. CV-nizdə ordakı şirkətlərin
adı daha çoxdur. Tələbəlik müddətində
işə başlamısız, yoxsa universitetin bitməsini
gözlədiniz?
- Xaricə
gedən tələbələr ilkin bir şok
yaşayırlar. Türkiyə bizə nə qədər
yaxın olsa da, orda da olur. Biz burda avtobusdan
düşəndə pul verirdik, onlar minəndə. Avtobusa minib keçirdim, tutub saxlayırdılar ki,
hara gedirsən, pulu ödə keç (Gülür-red).
Ön qapıdan minməli olduğum halda, arxa
qapıdan keçirdim. Bu kimi xırda
detallardan başlayaraq, öyrəşmə şokları
olur. Ona görə tələbəlikdə
düşdüyün yerə öyrəşmək istər-istəməz
heç də az olmayan bir zaman tələb
edir. Türk dilini yaxşı bilirdim, qısa
müddətdə daha da təkmilləşdirdim. Dərs və imtahanlar da çətin idi, təqaüd
almaq imkanı olduğu üçün daha yaxşı
oxumalı idim. 4 il ərzində
işləməyə vaxt olmadı. Ümumiyyətlə,
işləyənlər az idi. Mərmərə
Universiteti Türkiyənin məşhur ali
təhsil ocaqları siyahısındadır, müəllimləri
isə çox tələbkardır. Tələbəlik
müddətində çalışmasam da, işdən,
iş mühitində istifadə olunan texnologiyalardan xəbərim
var idi. Həftə sonları və yay tətillərində
bir evə yığışıb özümüzü təkmilləşdirirdik,
bilmədiyimiz sahələri öyrənirdik.
- Bəs orda iş mühitinə
düşməyiniz necə oldu?
- 2005-ci
ildə universitetdə məzun oldum. Mən
akademik sahədə irəliləmək, Amerikada magistr təhsili
planı qururdum. 4-cü kursdakı elmi rəhbərimin
biri Türkiyənin Sabancı Universitetinin müəllimi idi.
Mənə dedi ki, gəl bizdə oxu, təhsil haqqı olmayacaq,
üstəlik təqaüd veriləcək. Düşündüm
ki, müəllim çağırırsa, onun
sözünü yerə salmaq düz deyil. Üstəlik də, təhsil haqqı istənilmirdi.
Doktoranturanı Amerikada oxuya biləcəyimi
düşündüm. Sabancı
Universitetinə müraciət etdim və qəbul etdilər.
Lakin sonra məlum oldu ki, 15 min TL təhsil
haqqı ödəməliyəm, bunu isə ödəmək
imkanımız yox idi. Ona görə
işləməyə qərar verdim. Sonrakı il Türkiyənin Yıldız Teknik
Universitetində magistraturaya qəbul olub, işləyə-işləyə
oxudum. İlkin olaraq adi bir şirkətdən
başladım, sonra digər yerlərə keçdim.
-
Karyeranızın sonrakı mərhələsində
Türkiyədə HP, "Turkcell” və "Vodafone” şirkətlərinin
adları var...
- Mən
Türkiyədə çalışdığım birinci
şirkətdə olarkən kurs yoldaşım da
"Turkcell”də işləyirdi. Dedi ki, burda perspektiv
yaxşıdır, sən də müraciət et.
Müraciət etdim, amma mənim sahəm üzrə
vakansiyaları yox idi. Dedilər ki,
"Turkcell” şirkəti HP ilə böyük bir layihə həyata
keçirir, ora götürə bilərik. Mən də razılaşdım. Layihədə 60-70 nəfərlik bir komanda
çalışırdı. 5-6-sı
türk idi, qalanlarını isə HP-nin dünyadakı ofislərindən
gətirmişdilər. 2006-cı ilin sonu
layihənin əsas hissəsi başa çatdı, amma tam
bitməmişdi, hələ davam edirdi. Artıq həyəcanverici
iş yox idi, hər şey qurulmuşdu, bəzən xırda
nə isə etmək lazım olurdu. Məndə belə bir
xasiyyət var ki, bir iş yerində öyrənəcəyim
nəsə qalmayanda çıxıram. Ona
görə işimi dəyişməyə qərar verdim.
Sonra Portuqaliya şirkətlərindən birinin
Türkiyə ofisində işə başladım.
Şirkətə elə adam lazım idi
ki, onu Türkiyədə tapmaları çətin məsələ
idi. Qazaxıstan, Moldova, Ukrayna və Yunanıstan kimi ölkələrə
Türkiyədəki ofisdən xidmət göstərilirdi. Yunanıstanı çıxmaq şərtilə o biriləri
ilə işləmək üçün rus dili biliyin
olmalı idi. Bu şirkətə elə adam
lazım idi ki, həm proqramlaşdırmanı güclü
bilsin, həm də rus dili biliyi yüksək olsun. Müraciət etdim və işə
götürdülər.
Çalışdığım işdə çıxmaq
istədiyimi dedim, qalmağım üçün bir neçə
yaxşı təklif verdilər, amma o biri şirkətə
razılıq verdiyim üçün qala bilməzdim. Bir il də o şirkətdə işlədikdən
sonra "Vodafone”a keçdim, 2 il də orda işlədim.
Çox maraqlı bir iş yeri olaraq o şirkəti
vurğulaya bilərəm.
- Amma ordakı işinizdən
çıxıb Bakıya qayıtmısınız. O cür
maraqlı iş yerini qoyub gəlməyinizə səbəb nə
oldu?
-
Bilirsiniz, mən ailənin tək uşağıyam və məktəb
illərindən sonra artıq valideynlərimdən uzaq
düşmüşdüm. Belə desək,
onlar mənim dəliqanlı vaxtımı görməmişdilər.
9 il idi ki, Türkiyədəydim. Valideynlərim dedilər ki, gəl burda da
özünü sına, alınmasa, bəyənməsən,
yenə qayıdıb gedərsən. Türkiyədə
ola-ola iş üçün "Azerfon”
ilə əlaqə saxladım, gəlib müsahibədə
iştirak etdim. Dedilər ki, istəsən gəl
burda işlə. "Vodafone”da dedilər
ki, səni itirmək istəmirik, çıxma səbəbin
nədirsə, de, həll edək. Ailə
ilə bağlı olduğunu deyib, çıxdım və
qayıdıb Bakıda işə başladım.
- Hər şeyi atıb gəlmək
çətin olmadı?
- Əlbəttə ki, asan deyildi. İş əlaqələri
ilə yanaşı, mənim orda bir həyatım var idi.
Ən çətini isə motosikletimdən
ayrı qalmaq oldu (Gülür-red). Arada
motosiklet qruplarımızla gəzməyə gedirdik, xeyriyyəçilik
tədbirlərində iştirak edirdik, manqal partiləri
verirdik. Bəzən 40-50 motosikl sürən
yığışıb şou təşkil edirdik. Gələndə satdım. Burda
hələ ki almamışam, çünki Bakı
yollarında motosiklet sürmək üçün şərait
yoxdur. İşə gəlincə,
artıq 8 iə yaxındır ki, Bakıdayam. Ötən ilin aprel ayına qədər
"Azerfon”da çalışdım.
-
Hazırkı iş yeriniz isə "Simbrella”dır. Bir az da şirkət haqqında məlumat verin.
- Mən
çalışdığım şirkətlər əsasən
telekom olub. Bu da bir telekom şirkətidir. "Simbrella” Azərbaycanda xaricə xidmət
göstərən tək-tük şirkətlərdəndir.
Dünyanın 20-dən artıq ölkəsində
"Simbrella”nın xidmətləri var. Həm də gözəl
mühiti və maraqlı işləri diqqətimi cəlb
edir.
- Deyəsən,
işsiz qaldığınız vaxt olmayıb.
-
Heç vaxt işsiz qalmamışam. Bu gün burda işdən
çıxıb sabah başqasında
başlamışam.
- Bir
çox böyük şirkətlərdə
çalışsanız da, karyeranızda rəhbər vəzifə
olmadığını gördüm…
-
Çünki heç vaxt rəhbər vəzifəyə
meyilli olmamışam. Mən mühəndis
adamam. İşçi kimi işlərimdən
əlavə vaxt qalanda, başqa layihələrə, işlərə
vaxt ayırıram. Yeni işlər
görməyi, maraqlı layihələr etməyi sevirəm. İdarəçi
adamın digər işlərə vaxtı olmur. Sizi yuxarının tələb etdiyi hesabatlar, idarəetmə
yorur. Sevdiyin işdən uzaqlaşıb
idarəetmənin problemlərinin içinə
düşürsən. İş görək,
fərqli texnologiyaları işimizdə tətbiq edək.
Amma qalstuk geyinib, otağa daxil olum, köməkçi
çayımı gətirsin, tipli iş abı-havası məndən
çox uzaqdır. Çayımı özüm gətirəcəyim
iş daha maraqlıdır.
- "Hackathon Azerbaijan” layihəsində
də sizin adınız çəkilir. Orda rolunuz nədən ibarətdir?
- 2012-ci
ildə smartfonlar bizdə populyarlaşmağa başlayanda bir
neçə dostumuzla bunu yaratdıq. Məqsədimiz
nəsə öyrətməyə çalışmaq idi.
Bu, iki-üç gün ərzində çox
sayda proqramçının qapalı binaya qapanıb müəyyən
məsələləri həll etdikləri bir
yarışdır. Məsələnin həlli
üçün iki gün vaxt verilir, axırda qalibə priz təqdim
olunur. Bu işi 2 gün etmək
üçün isə çox bacarıqlı
proqramçılar lazımdır. Azərbaycanda
isə o vaxt elələri çox deyildi. Ona
görə biz müddəti 3 ay etdik. Arada müəyyən
fasilə verdik, amma indi il ərzində
iki-üç yarış keçiririk.
- Uğur sizə görə nədir?
- İnsan özünə hədəf qoymalıdır. Onlara çatdıqca uğurlu addımlarını davam etdirmiş olur. Məncə, insanın həm də heç vaxt çatmayacağı hədəfi olmalıdır. Çatılması çox çətin olan hədəf deyək. Bu hədəf insana motivasiya verir. Maşın almaq hədəf ola bilər, amma ona çatmaq o qədər də çətin deyil. Uğurlu olmaq üçün öz sahəmdəki bütün yeniliklərdən xəbərdar olmaqla yanaşı, başqalarına da nəsə öyrətməyə çalışmışam. Bir müddət Xəzər Universitetində dərs də keçirdim. Sonra layihələr çox oldu deyə, çatdıra bilmədim. Öyrətməyi sevirəm.
Aygün
Asimqızı
Kaspi 2018.- 26 yanvar.- S.8.