“Həmişə
başqalaşmağı sevirəm”
Xalq artisti Rafiq Əzimov: “80 illik həyatımda
boş vaxtımın olması yadıma gəlmir”
Sənət yolu onu azman sənətkarlarla rast salıb. Bilmədiklərini
onlardan öyrənib, bildiklərini teatra yeni gələnlərə
aşılayıb. Ömrünün
sıralanan onillikləri teatrdan, kinodan bircə gün də kənar
keçməyib. Bu gün
şükranlığının səbəbi də budur.
80 yaşını qeyd edən Xalq artisti Rafiq
Əzimov "Kaspi”yə müsahibəsində hələ səhnə
ilə bağlı arzularının olduğunu dedi.
- 80 yaş sizin üçün nədir,
xatirələrin ağır yükü, hələ
yaşanacaq illər üçün işlər, yoxsa həyata
keçməyən hansısa arzular?
- 80 illik
ömrümdə çox maraqlı hadisələrlə
qarşılaşmışam. Uşaqlıq illərim
müharibə dövrünə düşdüyündən
çox ağır keçib. Əzab-əziyyətlə
böyümüşəm. 3 yaşım
olanda atam əsgərliyə getdi. Anam –
çarşablı qadın bizi böyütmək
üçün işləməyə məcbur oldu. Demək olar ki, həyatımın gənclik illərindən
başlayaraq sənət aləminə məndə
böyük maraq vardı. Həmçinin tar
çalmağı xoşlayırdım. Xalq
teatrında oynadığım rollar məni aktyor olmağa həvəsləndirirdi.
Ancaq əksər ailələrdə olduğu
kimi, bizim evimizdə də aktyorluq istəyimə qarşı
çıxırdılar. «Biz axund nəsliyik,
aktyorluq bizə yaraşmaz» deyirdilər. Ancaq
mən fikrimdən dönmədim, hətta, xalq teatrında
oynadığım «Qatır Məmməd» tamaşasına
evimizdəkiləri də dəvət etdim. Artıq atam hərbi xidmətdən
qayıtmışdı. Tamaşanın ikinci hissəsində səhnəyə
çıxdığım üçün ata-anamın
yanında oturub reaksiyalarına diqqət edirdim. Tamaşanın birinci hissəsi bitəndən sonra
su içmək bəhanəsi ilə çıxıb səhnə
paltarımı geyindim, saqqalımı, bığımı
taxdım. Sonra səhnəyə
çıxıb Hacı bəy rolunu oynadım. Oyunum bitəndən sonra yenidən valideynlərimin
yanına qayıtdım. «Tamaşa
xoşunuza gəlirmi? Hacı bəy rolunu bəyəndinizmi?» - deyə suallar verdim. Ata-anam tamaşadan razı qaldıqlarını
söylədilər. . Ümumiyyətlə, atamın
muğamata, tara böyük həvəsi
vardı. O, məni tarzən görmək istəyirdi. Doğulduğum və yaşadığım Vidadi
küçəsində görkəmli tarzən Qurban Pirimov
yaşayırdı. Onun əlində tar Filarmoniyaya getməsini
həmişə iftixarla izləyirdim. Ancaq mən
tarzən olmadım, sənədlərimi Teatr İnstitutuna
verdim. O vaxt institutda cəmi 33 tələbə oxuyurdu. Biz 22 nəfər də daxil olandan sonra institutun 55 tələbəsi
oldu. O vaxt aktyor seçimini Ədil İsgəndərov,
Tofiq Kazımov, Mehdi Məmmədov, Rza Təhmasib kimi azman sənətkarlar
həyata keçirirdi. Bizi isə Rus Dram
Teatrının baş rejissoru olan Məhərrəm
Haşımov qəbul etdi. Çox çətin proses
idi. Qəbula yazılanlar da çox idi. Mən adımı 22 nəfərin içərisində
görəndə sevincimdən uçmağa qanadım
çatmırdı. Çünki o vaxt bizimlə Xalq
Teatrında iştirak edən çoxlu istedadlı uşaqlar
dil qüsurları olduğundan, instituta daxil ola
bilmirdilər.
Həsən Məmmədov, Hacımurad Yegizarov, Elmira
Şabanova və gələcəyin tanınmış
aktyorları olacaq bir çoxları mənimlə eyni qrupda
oxuyurdular. Səhnə danışığı müəllimimiz
Əli Zeynalov idi. "Biz burda aktyor
yetişdirmirik, istiqamətini göstəririk. Hansı
yolla getməyin lazım olduğunu öyrədirik” deyirdi müəllimimiz.
Həmin müddətdə 5 tamaşa
hazırladıq. Mədəniyyət Nazirliyinin təlimatı
ilə Milli Dram Teatrına təyinat alan
üç məzundan biri mən oldum. 1962-ci ildən
bu teatra vəsiqə aldım. O vaxtdan bu günə qədər
– 56 ildir ki, fasiləsiz olaraq bu teatrda
çalışıram. 80 il də beləcə
gəlib-getdi - sanki illər bir göz qırpımında
keçdi.
- Siz bu
illər ərzində teatrın səhnəsində
böyük sənətkarlarla tərəf-müqabil olubsunuz.
İndi o pleyada da yoxdur...
- Şükür edirəm ki, çox görkəmli sənətkarlarla
birlikdə işləmişəm. O vaxt onların hərəsi bir məktəb
idi. Oturduğum bu yerdə Xalq artisti
İsmayıl Osmanlı əyləşirdi. Mən onun zərgər işinə həmişə
maraqla yanaşırdım. Mənə ilk
dəfə Mehdi Məmmədovun hazırladığı
«Şadlıq sorağında» tamaşasında Leonid
Pavloviç rolunu tapşırdılar. Fatma Qədri,
Ağasadıq Gəraybəyli, Həsənağa Turabov ilə
tərəf-müqabil oldum. Teatrdakı fəaliyyətimdə
bir-birindən fərqli rollar həvalə olunub mənə.
İstər faciə, istər dramatik, istərsə
də komediya janrında müxtəlif xarakterik rollarda
çıxış edirdim. Bu
tamaşalardakı iştirakım get-gedə kollektiv içərisində
nüfuzumu artırdı, mətbuatda haqqımda yazılar dərc
olundu. 80 illik həyatımda boş
vaxtımın olması yadıma gəlmir. Repertuarda həmişə irili-xırdalı rollarla
üzdə olmuşam. Rolun böyük və
kiçikliyinin, xarakterlərin də mənim
üçün heç vaxt fərqi olmayıb. Mən həmişə başqalaşmağı
sevirəm.
- Yəqin
ki, haqsızlıqlarla da üzləşibsiniz. Axı
teatr aləmi də daxili qalmaqallardan kənarda olmayıb.
-
Haqsızlıqlar da çox gördüm. Bir dəfə
Həsən Əblucun mənə təqdim etdiyi Ənvər
Məmmədxanlının «Adsız ulduz» əsərini oxudum
və bu tamaşada müəllim rolunu bəyəndim. Həsən
Əbluc «Mən də elə bu rolu sənin üçün
nəzərdə tutmuşam» dedi. Bu, Həsən
Əblucun diplom tamaşası idi. Mənimlə bərabər
tamaşada Hamlet Qurbanov, Amaliya Pənahova, Hamlet Xanızadə,
Eldəniz Zeynalov, Sofya Bəsirzadə tərəf-müqabil
idi. Tamaşa çox maraqla
qarşılandı. Bəxtiyar Vahabzadə
ilə Nurəddin Rzayev də bu tamaşaya vurulmuşdular, hər
dəfə repertuarda olanda baxmağa gəlirdilər.
Moskvadan, Teatr Xadimləri İttifaqından Tamara Makarova,
rumınşünas Azareva gələrək tamaşaya
baxıb çox bəyəndilər və "festivala bu
tamaşadan bir səhnə dəvət edərik» dedilər. Ancaq elə oldu ki, 1972-ci ildə festivala təkcə
məni dəvət etdilər. Moskvada kitablarda
haqlarında oxuduğum Mixail Çaryov,Yefremov,
Tabakov, Tavstonoqov kimi sənətkarları gördüm, onlarla
bir yerdə festivalda iştirak etdim. Təqdimat
keçirildi və mən "Ən yaxşı kino
ifaçısı” diplomuna layiq görüldüm. Otelə gələndən sonra Rumıniya səfirinin
mənə göndərdiyi dəvətnaməni də
gördüm. Bu tədbirdə sanki «Hərb
və Sülh» filminə düşmüşdüm. Bütün tanıdığım aktyorlar frakda idilər.
Bakıya qayıdandan sonra «Ədəbiyyat və İncəsənət»
qəzetində tamaşa haqqında sifarişlə
yazılmış tənqidi məqaləni oxuyub pərişan
oldum. Teatra gələndə həmkarlarımın əlində,
direktor Əli İsmayılovun stolunun üstündə də
həmin qəzeti gördüm. Onun bir şakəri
vardı: haqsız cümlələrin altından
qırmızı xətt çəkərdi. Mən səfərlə
bağlı xoş təəssüratlarımı ona
danışdım və əlimdəki diplomu göstərərək
«burdakı imzaların mürəkkəbi hələ
qurumayıb» dedim.
Bu haqsızlıq o zaman Mərkəzi Komitəyə
qədər gedib çıxdı. Amma
sonradan tamaşa haqqında müsbət məqalələr də
yazıldı. Bu baxımdan,
haqsızlıqlar həmişə olub. Yəni
aktyor kimi çalışdığım bu illər ərzində
haqqımda telekanallarda, radioda verilişlər olub, qəzet-jurnallarda
məqalələr, oynadığım tamaşalar haqqında
resenziyalar yazılıb. Ulu öndərin
imzası ilə Əməkdar artist, Xalq artisti fəxri
adlarına, prezident təqaüdünə layiq
görülmüşəm. Həmçinin
prezident İlham Əliyevin sərəncamı ilə prezident
təqaüdü alıram. Bütün
bunları fəaliyyətimə görə veriblər. Mən bu gün də fəalam. Bu
gün yeganə aktyoram ki, 80 yaşında səhnəyə
çıxıram. Yadıma
Ağasadıq Gəraybəyli düşür. Onun gözləri görmürdü, ancaq «Natəvan»
tamaşasında Qoca Knyaz rolunda səhnəyə
çıxıb bütün mizanları dəqiqliklə
oynayırdı. Həmçinin Sona
Hacıyevanın ahıl yaşda səhnədə necə
möhtəşəm oynadığını
görmüşəm. Allaha
şükür edirəm ki, məni hələ səhnədən
ayırmaq istəmir. Bu gün də səhnəyə
çıxıram, rollarım var, məşqlərə gəlirəm.
Həmçinin Teatr Xadimləri İttifaqında
açılan Mustafa Mərdanov adına «Zəfər»
studiyasında Hacı İsmayılovla birlikdə Mustafa Mərdanovun
«Mənim müasirlərim», «Mənim xatirələrim» əsərləri
əsasında tamaşa hazırladıq. Daha sonra Ejen İoneskonun "Stullar” əsəri
əsasında hazırlanmış eyniadlı tamaşanı
oynadıq. Rumıniya və Moldova səfirləri
də tamaşaya baxdılar və «ola bilər ki, bu
tamaşanı öz ölkəmizdə keçirilən
festivala dəvət etdik» dedilər.
- Kinolarda yaddaqalan rollarınız
olub. Bu gün necə, rejissorlar
potensialınızdan lazımı qədər istifadə edirlərmi?
- Yaralı yerimə toxundunuz. O dövrdən barmaqla sayılası aktyorlar, rejissorlar qalıblar. Hamısı haqq dünyasındadır. Səməndər Rzayev, Həsən Məmmədov, Eldəniz Zeynalov, Şahmar Ələkbərov, Hamlet Xanızadə, Hamlet Qurbanov, Həsən Turabov, Həsən Seyidbəyli, Tofiq Tağızadə… Sağıma baxıram yoxdurlar, soluma baxıram yoxdurlar... Əgər onlar bu gün yaşasaydılar, Azərbaycan kinosunda nə qədər gözəl filmlər yaranardı. Onlar böyük istedadlar idilər. Bizim canımızda hələ su var. İstəyirik elə ssenarilər yazılsın və elə filmlər çəkilsin ki, kino tariximizdə yaşasın. O zaman «Yeddi oğul istərəm» filmi dünyanın elə bir ölkəsi yox idi ki, orada nümayiş olunmasın. Film «Sovetskiy Ekran» jurnalının 12-ci nömrəsində ən çox valyuta gətirən 10 filmin içərisində yer almışdı. Tamaşaçılar da «Hanı o filmlər?» sualını verirlər. Bəli, o filmlər tarixdir. «Arxadan vurulan zərbə»nin adını çəkəndə «yüz dəfə baxmışıq, yenə də baxırıq» deyirlər. Belə filmlərin sayı çoxdur. Mən 1969-cu ildən kinoda çəkilirəm. Demək olar ki, hər il filmlərə dəvət alırdım. «Yeddi oğul istərəm», «Xatirələr sahili», «Qızıl qaz», «Ömrün ilk saatı», "Arxadan vurulan zərbə”, "Sevil”, "Ad günü” və s. filmlərə çəkildim. «Lider» kanalının "Azərbaycan” redaksiyası tərəfindən Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Aşıq Molla Cümə, Səməd Mənsur və Abbasqulu Ağa Bakıxanov haqqında 5 filmə, həmçinin İctimai Televiziyanın «Qarabağnamə» filmində çəkilmişəm. Rejissor İlqar Nəcəf məni «Buta» filminə dəvət etdi. Bu film bir çox festivallarda mükafatlar qazanıb. Təəssüf ki, az sayda qalan ahıl aktyorların potensialından kinoda lazımı qədər istifadə olunmur. Amma kinomuzun gələcəyinə ümidlə baxıram. Mən optimist adamam. Həmişə «Su gələn arxa bir də gələr» deyərək, o illərdəki kimi filmlərin çəkiləcəyinə ümid edirəm. İnanıram ki, yenə də elə rejissorlar, aktyorlar yetişəcək.
- Mərhum rus aktyoru Aleksey Batalovun "Tələbəmdən "tamaşalarıma baxmısanmı?” soruşanda "internetdə baxmışıq” cavabını verirlər” təəssüfünü son müsahibələrinin birində oxumuşdum. Siz də uzun müddət müəllim kimi çalışıbsınız. İndiki gənclər sizin nəsil kimi cəfakeşdirlərmi?
- Dövr çox dəyişib. Dörd nəvəm var – üçü tələbədir, biri isə ali məktəbi bitirib. Onlar imtahana kompüterlə hazırlaşırlar. Bu vasitələri onların əlindən almaq mümkün deyil. Hər gün avtobusda gedib-gələndə əllərindəki telefonla məşğul olan gəncləri müşahidə edirəm. O qədər aludə olurlar ki, başları üzərində dayanan yaşlı adamları belə görmürlər. Biz isə o zaman kitabxanada gecə-gündüz imtahana hazırlaşardıq. Zaman fərqlidir. Ancaq deyim ki, gənclərin içərisində də istedadlıları çoxdur. Çalışmaq lazımdır ki, hər bir sənətdə yaxşılardan olasan. Çünki sənin yaratdıqların bu xalq üçün qalacaq.
-
Özünüzə arzunuz nədir?
- Özümə yalnız cansağlığı arzulayıram. Çünki canın sağlam oldusa, sən səhnədə də, ekranda da varsan. Demək, sən hələ yararlısan. Xəstələnmək lazım deyil. Tofiq Kazımov həmişə deyərdi ki, aktyor gərək xəstələnməsin. O xəstələndisə, həm özünə, həm də sənətimizə ziyandır. Buna görə mən həmişə özümü qorumağa, səhnədə olmağa, fəal olmağa çalışıram. Sevinirəm ki, jurnalistlər məni unutmur. Dövlət başçısı mənə şəhərin mərkəzində mənzil hədiyyə edib. Heç vaxt nə titul, nə təqaüd arxasınca qaçmamışam. Özləri əməyimi qiymətləndirərək mənə təqdim ediblər. Sağ olsunlar! Övladlarımı yerbəyer etmişəm, nəticəm də var. Canım sağlamdır, sevdiyim işə gedib-gəlirəmsə, səhnəyə çıxıramsa, bundan artıq mənə nə lazımdır?
Söhbətləşdi
Təranə Məhərrəmova
Kaspi 2018.- 27-29 yanvar.- S.8.