Çox kasıb
Timoti Arturdan hekayə
– Bəs Vaytmanlar necədir? Onlardan nə xəbər
var? – Mən köhnə dostum Paysondan soruşdum.
Mən bir neçə ildən sonra, nəhayət,
doğma şəhərimizə qayıtmışdım,
köhnə dostlarımı bir-bir axtarıb tapmaq istəyirdim. Sualımı eşidəndə
Payson fikirli-fikirli başını bulayanda mən dedim:
– Ümid
edirəm ki, onların vəziyyəti normaldır. Vaytman ağıllı insandır, onun çox
gözəl ailəsi var.
Dostum yenə də başını buladı.
– Son dəfə
onu görəndə onlar çox yaxşı
yaşayırdılar, – sözümə əlavə etdim.
– Sonra hər
şey alt-üst oldu, – dostum dedi. – O bir neçə il bundan qabaq müflis oldu.
–
Çox təəssüf! Bu xəbəri
eşidib pis oldum. Bəs o indi
haralardadır?
– Mən
onu hərdənbir görürəm. Ancaq onun nə
işlə məşğul olduğunu bilmirəm.
– Bəs
ailəsi? Ailəsi ilə bir yerdədir?
– Hə,
indi onlar hardasa Köhnə şəhərdə
yaşayırlar. Neçə vaxtdır, onun ailə
üzvlərindən heç biri ilə rastlaşmamışam.
Bir nəfər mənə demişdi ki, onlar
çox kasıb yaşayırlar.
Dostumun son cümləsi ürəyimi ağrıtdı. Payson
"çox kasıb” sözünü elə tonda dedi ki,
ürəyim ağrımaya bilməzdi. Bir
anlıq Vaytmanları təsəvvürümə gətirdim,
heç bir rahatlığı olmayan ağır şəraitdə
yaşayan halda gözlərim önünə gəldilər.
Beynim belə xoşagəlməz fikirlərlə dolanda Payson
dedi:
– Sabah bir
yerdə nahar edərik. Misiz Payson səni
görməyinə çox şad olacaq. Səninlə
köhnə günləri yada salarıq. Biz
günorta saat 3-də nahar edirik.
Mən
ona söz verdim ki, sabah onlarla birlikdə
nahar edəcəm, sonra biz ayrıldıq.
İş vaxtı idi, dostumun fikri-zikri işində idi,
onun vaxtını çox almaq istəmədim. Mənim beynim
Vaytmanlarla "məşğul” idi. Onları
fikrimdən çıxara bilmirdim. Onlar
hörmətə layiq insanlar idi. "Çox
kasıb” – bu sözləri beynimdən çıxara bilmirdim.
Bu iki söz özlüyündə çox
şeyi ifadə edirdi.
Köhnə
tanışlardan kimi görürdümsə Vaytmanları
soruşurdum. Hamısı eyni sözü təkrar
edirdi: Bir neçə il qabaq Vaytman
biznesində müflis olub. İndi hardasa köhnə
şəhərdə çox kasıb şəraitdə
yaşayırlar.
– Onlar
çox kasıb yaşayırlar, çox kasıb, – köhnə
dostlardan biri dedi. – Mən arabir Vaytmanla rastlaşıram. O
çox miskin görünür.
–
Eşitdiyimə görə, hətta onun qızları dərzilik
edirlər, – tanışlarımdan biri dedi.
O "dərzilik
edirlər” sözünü elə tonda dedi ki, sanki dərzilik
etmək utancverici bir işdir.
Mən Vaytmanla görüşmək istəyirdim, ancaq
harda yaşadığını bilmirdim.
O biri
gün saat 2 ilə 3 arasında dostumun mağazasına getdim,
o məni görən kimi əl uzadıb dedi:
– Səni
görməyə şadam! Keç otur, qəzetlərə
bax! Bir neçə dəqiqəyə işimi
bitirəcəm. Bankla bağlı işimi günortayacan
qurtarmalıydım!
– Sən
narahat olma, işinlə məşğul ol, – mən stolun
üstündəki qəzeti götürüb dedim.
Payson başını aşağı salıb işi ilə
məşğul olanda özümdən ixtiyarsız
gülümsədim. O işi ilə məşğul olanda çox
soyuqqanlı görünürdü. Stolun
üstündə çoxlu bank çekləri vardı.
O çekləri saydı, sonra kağıza qeyd etdi, narahat
halda qol saatına baxdı, ah çəkdi, sonra qapıya tərəf
boylandı. Elə bu vaxt onun köməkçisi
otağa daxil oldu, Paysona nə dedisə onun əhvalı dəyişdi.
– Get
Vilsonun yanına, – o köməkçisinə dedi. – Ona de ki,
mənə təcili 500 dollar göndərsin. De ki, bankın
borclarını ödəməliyəm, bir az
çatmır. Daha gecdir, başqa heç yerdən
tapa bilmərəm. Yubanma! Hələ saat
3-ə 20 dəqiqə qalıb.
Paysonun köməkçisi tələsik otaqdan
çıxdı. Payson isə hələ də
başını yuxarı qaldırmamışdı. Çox narahat olduğu üzündən bilinirdi.
Təxminən 10 dəqiqə sonra onun köməkçisi
qayıtdı, əlində də pul. Dostum gileyləndi:
– Bu necə
həyatdır! Belə yaşamaq olar? Hərdən arzulayıram ki, okeanın ortasında
bir adada yaşayım. Təkcə,
yaxşı, sən C-ni xatırlayırsan?
– Hə,
çox yaxşı xatırlayıram, – dedim.
– Bir il bundan qabaq C. biznesi atdı, gedib özünə
ferma aldı. Bir neçə gün bundan qabaq
onunla rastlaşdım. Bilirsən mənə nə dedi?
Dedi ki, 12 aydır bank bildirişi görmür! Nə xoşbəxt
adamdır! Elə bil Allah məni lənətləyib!
Qazandığımı banka ödəyirəm!
İşim-gücüm harasa pul ödəməkdir
Bilirsən "ödəmək” sözünə necə nifrət
edirəm? Yaxşı, sən narahat olma, gəl gedək!
Misiz Payson səni görüb sevinəcək.
Sən neçə vaxtdır buralara gəlmirsən?
Səhv etmirəmsə, 10 il olar.
Özün də görəcəksən, qızlarım necə
böyüyüb! Klaranın indi 20 yaşı var. Əlbəttə,
sən onu son dəfə görəndə o məktəbli
qız idi! Ah, zaman elə bil uçur! İllər nə tez gəlib-keçir!
Məlum oldu ki, köhnə dostum indi Frankilin
küçəsində yaşayır. Evi dəbdəbəli
idi, ancaq mənim zövqümcə deyildi. Arvadı və qızları da bahalı geyimdə
idi, onların geyimi də zövqsüz idi. Mən
neçə il bundan qabaq onların evində
nahar edəndə, evləri balaca idi, ancaq rahatlıq vardı.
Arvadının, qızlarının
üzündən sevinc yağırdı. İndi
isə pəncərələrdən bahalı pərdələr
asılsa da, evdə bahalı mebel olsa da evdə, elə bil, nəsə
çatmırdı. O vaxt misiz Payson sadə, çitdən
don geymişdi. Elə qızları da. Misiz Paysonun saçı çiyinlərinə
dağılmışdı. Ona bəzək-düzək
lazım deyildi. Amma indi? Bahalı sırğa, bahalı boyunbağı.
Bahalı daş-qaşların
parıltısı gözümü
qamaşdırırdı. Qızları da
onun kimi bəzənmişdi. O vaxtkı Klaradan əsər-əlamət
qalmamışdı.
Mən misiz Paysonla rəsmi qaydada söhbət etdim, elə
bil heç o vaxtkı mehriban qadın deyildi. Bir azdan nahar
vaxtı idi. Biz yemək otağına
keçdik. Doğrusu, yeməkdən də
razı qalmadım. Bir vaxtlar onların
evində yediyim yeməyin dadını vermirdi. Misiz Payson
yalnız özü bəzənməmişdi, yeməklər
də "bəzənmişdi” .
Mən nahar edərkən bir neçə dəfə
misiz Paysondan Vaytmanları soruşdum, ancaq o da, qızları
da özlərini elə göstərdi ki, sanki heç
onları tanımırlar.
Onların evində nahar edərkən mənə bir
şey məlum oldu. Belə lüks evdə
yaşamağına baxmayaraq, onlar xoşbəxtlikdən
çox uzaq idilər. Hiss edirdim ki, misiz Payson və
qızları lovğa, təkəbbürlü olduqları qədər
də acgöz, paxıldır. Onlar daha böyük ev, daha bahalı mebel arzulayırdı. Deyirdilər ki, onlardan aşağı səviyyəli
olanların mebeli bahalıdır, onlara lağ edirdilər.
Fikir verirdim ki, onlar belə söhbət edəndə
köhnə dostum söhbətə müdaxilə etmir, sakitcə
durub qulaq asırdı.
Arabir
süni təbəssümlə deyirdi:
–
Arvadımla qızlarım elə bilirlər ki, mən puldan
yoğurulmuşam. Kaş onlar biləydi pulu necə çətinliklə
qazanıram! Əgər bilsəydilər neçə çətinliklə
qazanıram, onda az xərcləyirdilər.
Onlara deyirəm ki, mən kasıb adamam, ancaq elə
bil sözlərimi küləyə deyirəm, heç biri əhəmiyyət
vermir.
Dostumun
arvadı süni təbəssümlə dedi:
– Bu necə
danışıqdır? Kasıb adam! Bu nə sözdür işlədirsən?
Dostum
arvadına cavab verdi:
– İstədiyini almağa maddi gücü çatmayan
insan kasıbdır. O mənada mən nə dediyimi yaxşı başa
düşürəm. Çox
tanışlarım kimi, mən özüm də daxil, gəlirindən
çox pul xərcləyirsə lap kasıbdır.
Dostum
sözünü bitirən kimi arvadı onu məzəmmət
etdi:
– Deyəsən,
bu mövzuda söhbət etmək sənin ürəyincədir.
Unutma ki, nahar edərkən belə söhbət
etmək ədəb qaydalarına ziddir, ikincisi isə, belə
söhbət heç kimə xoş təsir
bağışlamaz.
Qadın
üzünü mənə tutdu: – Siz ona fikir verməyin! O, hərdənbir
belə olur!
Dostum daha sonra o mövzuda söhbət etmədi. Arvadı dəbdən,
yenilikdən danışanda da dostum səsini
çıxarmadı. Nəhayət, dostumun arvadı və
qızları otaqdan çıxandan sonra o dedi:
–
Arvadım və qızlarım həmişə həyatın
bir tərəfini görür, romantikanı. Mən
isə əsl reallığı görürəm. Onların arzularını yerinə yetirməyə
daha tabım qalmayıb. Hər gün pul tələb
edirlər. Ah, bir vaxtlar etdiyim səhvi indi düzəltmək
çox çətindir. Mən onlara deyirəm
ki, kasıb adamam, ancaq onlar gülümsəyir, məndən
aldıqları 100 dolları bircə dəqiqənin
içində mağazada xərcləyirlər. Mən etiraz edirəm, amma etirazıma fikir verən
kimdir? Hərdən fikirləşirəm ki, mən
çox kasıb, çox kasıbam! İşçilərimdən
də kasıbam! Hətta ən fağır bir işçim il ərzində 400 dollar olan maaşından qənaət
edib 50 dollar dar günü üçün saxlayır. Mən hər gün yüzlərlə dollar
axtarıram ki, arvadım, qızlarım gün ərzində
xərcləsin, ancaq o işçim heç 1 dollar da
axtarmır. Bilirəm ki, o balaca, kasıb
evində rahat yaşayır. Ancaq mənimkilər
o boyda evi də bəyənmirlər. Daha
bahalı mebel, daha böyük mülk arzulayırlar. Bəlkə də, milyoner olsaydım onların
bütün ehtiyaclarını ödəyə bilərdim.
Yox, onların arzuları sonsuzdur, nə qədər
xərcləsələr də yenə gözləri doymur.
Mənim iki yolum var, ya arvadımdan,
qızımdan imtina etməliyəm, ya da müflis
olmalıyam. Onlar qonşularla bəhs edirlər,
harda bahalı bir şey görsələr almaq istəyirlər.
Payson bu mövzuda çox danışdı. Mən
onların evindən çıxanda heç də onların o
böyük evinə paxılıq etmirdim, onların həyatına
qibtə etmirdim. Bütün dost-tanışlarım onu
varlı adam kimi tanısalar da, o mənim
gözümdə kasıb adam idi.
Paysonların evində qonaq olandan bir neçə gün
sonra küçədə təsadüfən mister
Vaytmanı gördüm. O çox dəyişmişdi, əgər o
danışmasaydı onu tanımazdım. O mənim gözlərimə
son dəfə onu gördüyümdən 20 yaş qoca
göründü. Düzdür, onun geyimi
köhnə idi, ancaq çox təmiz idi.
O məni
görən kimi bağrına basdı, məni sorğu-suala
tutdu, necə dolandığımı,
sağlamlığımı soruşdu. Mən ona qısaca
cavab verdim, sonra dedim:
–
Eşitdiyimə görə, mən şəhərdən gedəndən
sonra sənin işlərin heç də düz gətirmir.
Mən
ona belə sual verəndə bircə anlıq onun
üzünün ifadəsi dəyişdi, ancaq o bir dəqiqə
sonra xoş təbəssümlə dedi:
– Həyatda
xoşbəxt olmağın bir sirri də taleyinlə
barışmaqdır, olanlarına şükür etməkdir.
Həyatımızda hər şey qaydasında
olanda biz bunu öyrənə bilmirik, bu sirri varlı olarkən
öyrənmək mümkün deyil.
–
Yaxşı, sən bu dərsi öyrənə bildin?
– Öyrənməyə
çalışıram, – dostum gülümsədi – ancaq mənə
görə bu çox çətin dərsdir. Heç
ümid etmirəm ki, hər şeyi mükəmməl qavrayam.
Köhnə dostum məni evlərinə şam etməyə
dəvət etdi. Onun dəvətini dərhal qəbul etdim.
Bütün tanışlarım Vaytmandan söz
düşəndə "çox kasıbdır” demişdilər.
Köhnə dostum həyat fəlsəfəsini
dəyişmişdi, ancaq düşünmürdüm ki, onun
arvadı da bu fəlsəfəni qəbul edər. Çünki onun arvadı qəşəng geyinməyi,
ziyafətlərdə, mərasimlərdə iştirak etməyi
sevirdi.
Mən onların balaca evinin qapısını döyəndə
belə düşünürdüm. Qapını
döyüb azca kənara çəkildim, qapını ucaboy,
səliqəli geyinmiş bir qız açdı. Məni
görən kimi gülümsədi, mən tez soruşdum:
– Sən Meri deyilsən? – mən onun əlini
sıxıb soruşdum.
– Hə,
mən o balaca Meriym, – atam gələcəyinizi demişdi.
Qapı
açılan kimi misiz Vaytman da qapıya gəldi, mənə
ürəkdən "xoş gəldin” dedi.
Düşdükləri
çətinliklər onu bir az dəyişmişdi,
rəngi solğun idi, arıqlamışdı, ancaq yenə də
əvvəlki kimi səmimi idi. Gözlərinə
baxan kimi bunu duymaq mümkün idi.
– Sizi
yenidən görməyimə çox şadam, – misiz Vaytman
dedi.
Onun
üzünə baxan kimi hiss etdim ki, o bu sözləri ürəkdən
deyir, doğrudan da, o sevinirdi. Səsinin tonu,
üzünün ifadəsi bunu sübut edirdi. Mister Vaytman otağa girəndə arvadı üzr
istəyib otaqdan çıxdı, belə başa
düşdüm ki, yemək tədarük etməyə getdi.
Bir azdan şam yeməyi süfrəyə gəldi.
O balaca otaqda iştaha yedim yeməyi. Biz yemək
yeyəndə onun ikinci qızı, dərzilik öyrənən
qızı da gəlib çıxdı. Onun
üzündə necə məmnunluq vardı! O
sağlamlıq, sevinc mücəssəməsi idi.
Dostumu ilk dəfə küçədə görəndə
mənə soyuqqanlı görünmüşdü. Bu, ilk təəssürat
imiş. Dostum çox şən idi.
Onun sözlərini qulaq asdıqca "çox
kasıb” fikri beynimdən çıxırdı.
Sağollaşıb gedəndə qapının ağzında
ona sual verdim:
– Vaytman,
ailəni necə dolandırırsan?
–
Çox yaxşı, – o gülümsədi. – Mən ilk
vaxtlar ildə 500 dollar alırdım, uşaqlarım balaca idi.
İndi qızların ikisi da az-çox
qazanırlar. Pul toplayıb bu rahat evi ala
bildik. Son maaşımızı bir ay
bundan qabaq almışıq, mən indi özümü
varlı hesab edirəm, – o sözünü bitirib
güldü.
Dostumdan
ayrılıb gedəndə öz-özümə elə hey təkrar
edirdim, "çox kasıb” ,
"çox kasıbdır”. Ona aid edilən bu
sözü düz seçməmişdilər.
Növbəti gün yolda Paysonla rastlaşdım.
– Dünən
axşam Vaytmanlorla birlikdə şam etdim, – ona dedim.
–
Doğrudan? Yaxşı, onların vəziyyəti
necə idi? Kasıb? Çox
kasıb? Heç şübhəsiz, çox kasıb!
– İnan mənə, son illərdə hələ belə
xoşbəxt, şən ailə görməmişdim. Yox, mister
Payson, onlar çox kasıb deyil. Böyük
Allahın verdiyi hər şeyə şükür edirlər.
Qazandıqları ilə qane olmayıb daha
çox arzulayanlar kasıbdır. Vaytmanlar
belə deyil.
Payson bir neçə dəqiqə gözlərini məndən
çəkmədi, sonra başını aşağı
saldı. Bir az fikrə getdi.
– Razı
olmaq və şükür etmək! – o
baxışlarını yerdən çəkib dedi. – Ah,
dostum, kaş arvadımla qızım da şükür etməyi
biləydi! Allahın verdiyi ilə razılaşaydı!
– Ən
azı sən şükür etməlisən, – dedim. –
Böyük Allah sənə çox şey verib!
– Hə,
haqlısan, ancaq biz Allahın verdiyinə nə
şükür edirik, nə də razı qalırıq. Nə qədər qazansaq da yenə istəyirik.
Bəli, biz əlbəttə, Vaytmanlar kimi deyilik, çox
kasıbıq, çox kasıb!
Dostum belə deyə-deyə məndən
uzaqlaşdı. O yol gedərkən də başını
aşağı dikmişdi, fikirli idi. Bir
müddət keçəndən sonra eşitdim ki, Payson
müflis olub.
Bu xəbəri
eşidəndə öz-özümə dedim:
– Hə,
dostum Payson, indi çox kasıbsan! Çox kasıb!
Doğrudan da, belə idi.
İngilis dilindən tərcümə edən:
Sevil Gültən
Kaspi 2018.- 27-29 yanvar.- S.10.