Cehiz “Karvan”
xalçası
...Qardaşı
yenə həmişəki kimi darvazanın
qıfılını çətinliklə açdı. Qışdan yazadək açar salınmayan
qıfıl sanki hər dəfəsində bir müqavimət
göstərir, son anadək dizini yerə qoymurdu. Sanki bu paslı qıfıl ortadakı dəmir dilini
dişi ilə sıxır, bununla da, öz etirazını
büruzə verirdi. Amma onun bu müqavimətinə
qardaşı elə də əhəmiyyət vermirdi. Əslində isə, o, Zərifə qədər
buna fəlsəfi don geydirmirdi. Nəhayət,
darvazanın qıfılı qardaşının gücü
qarşısında yenə ram olur. Artıq
2 ildir ki, bu qıfıla açar yazdan yaya salınır,
darvaza açılır, yayın müəyyən
vaxtlarında həyətdəki səs-küy burdakı məhzun
sakitliyi pozur. Zərifə üçün bu həyətə
daxil olmaq, burada valideynlərinin izlərini, onların xatirələrini,
onlarla bağlı olan və Zərifənin bütün
körpəliyinin, uşaqlığının xatirələrini,
yaşadığı o xoşbəxt, qayğısız,
gözəl illəri yada salmaq ağır və çətindir.
Artıq iki ildir ki, Zərifə hər gün, hər saat, hər
an ürəyinə basdığı daşın yerini bir az
da möhkəmləndirir, sanki üzdə sakit, soyuqqanlı,
bəzən acı və ruhsuz görünməklə bu əzaba,
bu ağrıya yenilməməyə çalışır. Amma bu, keçici ağrı, ötəri əzab-əziyyət
deyil. Bu, ruhun, qəlbin əzabıdır, həm də
kövrək, hüzn dolu bir ağrıdır bu...
- Zərifə,
qızım, harda qaldın?
-Zərifə,
tez ol.
-Zərifə,
gör kimdir gələn?
-Zərifə,
qaç qapını aç, atan gəldi
-Zərifə,
gör qardaşın nə deyir?
-Zərifə,
bacına zəng elə gör çatdılarmı?
-Zərifə,
sən mənim ən qoçaq qızımsan.
-Zərifə,
sən mənim ağıllı qızımsan.
-Ay
qız, Zərifə!
- Zərifə!
...Qardaşının
səsinə diksindi. Əlindəki çantanı ona uzatmışdı:
- Al,
çantan maşında qalıb, içindən bir şey itər,
zəhləmizi apararsan – deyərək yavaşça
gülümsədi. Gözlərini düz
bacısının gözünün içinə zillədi.
Bacısının yenə başqa aləmdə,
öz dünyasında olduğunu bilirdi. Əslində,
bəlkə də bu dünyasında onun qədər
bacısını anlayan, özü qədər yaxın olan
başqa kimsə yoxdu.
-
Yuxarı evlərin açarı hanı?
- Buyur –
deyib, qardaşı açarların hamısını ona
uzatdı. Zərifə açarların içərisindəki
bir açarı sanki sığallayırmış kimi
ayırdı və barmaqlarının arasında sıxdı.
Toz basmış pilləkənləri
qalxmağa başladı.
...Əlindəki
döşəmə silən taxtanın ucuna
doladığı əski parçasını pilləkənə
sürtüb həyətdə ipə sərilmiş
xalçaları və kilimləri seyr edən anasına tərəf
döndü:
- Axı
bu pilləkəni kim bu
hündürlükdə edib. Belim
qırıldı. Bu qədər də
pilləkən olar?
Anası
fəxrlə gülümsədi:
- Bax, o
pilləkənlərin kənarındakı dəmir
barmaqlıqları sənin dayın düzəldib. Mən gələndə bu pilləkənlərin hər
iki tərəfi açıq idi. Qorxurdum
çıxıb-düşməyə...
- Eh,
çox lazım imiş. Sən bu evi
sökdürüb, bu pilləkəni tamamilə ləğv
etməliydin. Hələ bir
qırağına da məhəccər düzəltdirmisən.
22 dənə də pilləkən olar?
Hər ikisi ürəkdən gülüşdülər. Əllərini böyük
ölçülü xalçanın qırmızı,
yaşıl, sarı naxışlarının, ilmələrinin
üzərində gəzdirən anası dedi:
- Bilirsənmi,
qızım, bu da bir dəb, adətdir. Xalqımız
çox istedadlı və yaradıcıdır. Məsələn, sən bizdəki məhəccərin
təsvirlərinə eynilə nənəngildə, əmingildə,
ya qonşuda rast gəlməzsən. Bir az
oxşaya bilər, amma eyni deyillər. Hər dəfə
bir başqa təsvirlər olur. Fikir versən,
70-80-ci illərdə eyni qayda ilə, eyni formaya malik,
qarşısı geniş şüşəbənd olan, aynabəndli
daş evlər, eyvanlı, məhəccərli evlər
tikilib. Bu, bizim xalqımızın həm
qurub-yaratmaq eşqini göstərir, həm də
xalqımızın bir növ həmin dövr tikinti və
arxitektura sənətinin tarixidir.
- Eh, deyirəm,
bu arxitekturanızı az mərtəbəli
etsəydiniz nolardı ki? Mən, məsələn,
on pilləkən silsəm pis olardı?
Anası
guya ciddiymiş kimi, amma gülərək:
-
Heç yaxşı olmazdı – dedi...
...Xatirələri
içində gəzdirə-gəzdirə qapını
açıb içəri keçdi, ayaqqabısını
çıxarıb aynabəndin ortasındakı
xalçanın üstdə dayandı. Divarda
atası və anasının böyüdülmüş
fotoları olan iki iri çərçivədəki
baxışlarla üz-üzə gəldi. Fotolara yaxınlaşıb həmişəki kimi əli
ilə hər iki şəklin üstündəki
şüşəni sığalladı "Gəldim,
baxın, mən yenə gəldim” – deyə
pıçıldadı. Bu an özü
öz səsini güclə eşitsə də, sanki ünvana
çatdı. Şəkildən iki
cüt mehriban simadan sevgi dolu baxışları yenə
gözünə yığdı Zərifə. Elə bil ki, ayağının altından ilıq
bir istilik keçdi. Elə bil ki,
ayağının altındakı xalçanı indi hiss etdi.
Bu xalçanı Zərifə universitetdə
oxuyanda almışdı anası. Aynabənd
üçün. Həmişə aynabəndin
pərdələrini dəyişir, yeni bəzəkli, təsvirli,
müxtəlif tül və parçalardan ibarət pərdə
ilə başdan-başa şüşəbənd olan bu uzun və
geniş sahəni anası xüsusi bəzəyirdi. Yerə başdan-başa xalça, kilim döşəyirdi.
Kiçik ölçülü palazları
qapının kandarına sərərdilər. Bu kilim və palazların, xalçaların üzərindəki
təsvirlər Zərifə üçün sirli-sehrli,
maraqlı bir dünyanın simvolları idi. Uşaqlıqdan sual verməyi
xoşladığı üçün həmişə
anasından bunların mənalarını, ifadə etdiyi gizli
kodları soruşurdu. Nənəsinin
toxuyub anasına hədiyyə etdiyi kilimlərin üstündə
uzanıb o qədər kitab oxumuşdu ki. Xalçanın
üstə qarnı üstə uzanıb oxuduğu kitabın
səhifələrinə alnını dayayıb
yatdığı vaxtlar da vardı. Xüsusən,
qış tətili vaxtı bədii ədəbiyyat
sarıdan əlinə nə keçsə, oxuyardı. Bəzən xalça üzərində oturub
oxuduğu sehrli nağıllar onu həmin
nağıllardakı ölkələrə, dövrlərə,
qərinələrə aparardı, sanki uçan xalça ilə
oraları dolaşıb gələrdi. Qayıdardı
doğma, isti ata evinə. Lakin o isti,
doğma ab-havanı indi hiss etmirdi. Soyumuşdu
hər tərəfi aynabəndin. Bir də
Zərifənin gözləri tamam başqa bir xalçanı
axtarırdı. Zərifənin
uşaqlığından anasının sevimli xalçası
"Karvan”ı. İndi bu xalça ona daha çox şeylər
danışa bilir, bu xalça daha çox şeylərdən
söz açır ona hər dəfə...
- Ana, bu
xalça çox ağırdır. O biri xalça bunun qədər
ağır deyil. Bu, həm də
qalındır.
-Onu sənin
nənən toxuyub. Öz əlləri ilə.
O birisi isə sonra alınıb.
-Doğurdan?
Necə toxuyub?
-Hana qurub
toxuyub. Mənə cehiz vermək
üçün.
-Bəs
bu üzərindəkilər nəyi ifadə edir?
-
Karvanı... Adı da elə "Karvan” dır.
Üzərindəki naxışları nənən
öz əli ilə vurub.
...Aşağıdan
qardaşının səsi gəlir:
-
Düşürsən aşağı? Sonra yenə
qalxarsan, soyuqdur, orda çox dayanma.
-
Yaxşı, gəlirəm.
Amma ayaqları onu qapıya doğru deyil, içəridəki
otağa aparır. "Karvan” içəridəki otaqda,
yükə yaxın yerdə divara söykədilib.
- "Karvan”ı da düşürüm, ana? Bunu ver
aparım öz evimə.
-Yox, olmaz
-Axı
niyə? Mənim olsun da bu xalça.
-O birisi
xalçanı apar. Təzə
aldığımı.
-Yox, bunu
istəyirəm
-Onu verə
bilmərəm. Öləndə onun üstə
gedəcəm. Öz "Karvan”ımda.
-Ana, belə
danışma.
-Bilirsənmi,
qızım. Bu bizim adət-ənənəmizdir.
Xalça xalqımızın maddi-mənəvi
irsi olmaqla yanaşı, həm də adət-ənənələrlə,
qayda-qanunumuzla, yaşam tərzi ilə bağlıdır.
Xalça Azərbaycan xalqının həyatında
böyük məna daşıyır. Bizim
üçün xalça təkcə istilik vermək, estetik
gözəllik bəxş etmək üçün deyil.
Qədim zamanlardan analar qızlarına
xalça cehiz verməlidirlər mütləq. Xalça mütləq təzə gəlinin
otağına sərilməli idi. Bax, o
xurcunu görürsən? Onun qotazları,
üzərində olan rənglər anamın öz
seçimi ilə, öz zövqü ilə mənim
üçün hazırladığı xurcundur. Heybə və xurcunlar da, xalçalarımız kimi
bizim milli mənəvi irsimizdir.
-Mən
başa düşmürəm, sən müəllimsən,
yoxsa xalçaçı?
- Mən xalça toxuya bilmirəm, amma
anamın xalça toxumasının şahidi olmuşam.
Xalça toxumadan öncə xalamla anam, bibim buna xüsusi
hazırlıq görürdülər. Mən onda uşaq
idim. Bilirsənmi, hərdən görürdüm ki, anam
xalça toxuya-toxuya kövrəlir, ağlayır. Mənim anam, yəni sənin nənən öz iki
subay qardaşını və ərini, yəni sənin
babanı, mənim üzünü görmədiyim atamı II
Dünya müharibəsi zamanı müharibəyə yola
salıb və onların heç biri geri qayıtmayıb.
Hərdən elə yanıqlı zümzümə edirdi ki. Hərdən
də, hananın qarşısında çox sevincli otururdu.
Bunlar hamısı mənim gözümün
qarşısında olub. Bu xalça mənə çox əzizdir,
anamın əllərinin izi var, onun hədiyyəsidir. Mənim
cehizim bu evə gələndə həmin xalça cehizimin
içində olub. Bax, o kilimlər var ha, onları da anam mənə cehiz
verib.
...Divara
söykədilmiş xalçaya yaxınlaşdı, əlləri
ilə ona toxundu, sığalladı, xalçanın bükülmüş
yerlərindəki naxışların üzərində
ehmalca barmaqlarını gəzdirdi. Hər dəfəsində
sanki anasını hiss edirdi, ona toxunurdu. Sanki
istilik barmaqlarının ucu ilə süzülərək əllərindən
bütün bədəninə yayıldı. Hər tərəf isindi. Elə
bil ki, hardansa bir işıq otağın içərisinə
yayıldı, ətrafı aydınlatdı. Hər şey əvvəlki kimi idi,
uşaqlıqdakı kimi. Naxışların
sehri onu məhrəm, doğma, isti bir sığınacağa
aparmışdı. Bir anlıq fərəhi
saniyədəcə keçdi. Özünə
gələndə hər iki əli ilə xalçanı
qucaqladığını, sinəsinə sıxdığını
hiss etdi. Gözündə gilələnən
yaşlar yanağından aşağıya doğru
süzüldü. Dodağının altda
pıçıldadı: "Anamın "Karvan”ı”...
Əli ilə gözünün yaşını silib
aynabəndə döndü. Anasının fotosuna
yaxınlaşdı. Dodağını
fotonun üstündəki şüşəyə
yapışdırdı. Soyuq idi. İsti səhralarda lövbər salan karvanlardan
qopan, nənəsinin əllərinin məhrəm, doğma nəfəsini
özündə saxlayan, anasının cehiz
"Karvan”ının istisi isə canına hopmuşdu.
Zeynab Kazımova
Kaspi 2018.- 27-29 yanvar.- S.10.