“Nar ölkəsi. Əndəlüsün son illəri”

 

Yazar, tədqiqatçı alim, türkçü ideoloq və kulturoloq kimi fəaliyyət göstərən Muhsin Kadıoğlunun– "Nar ölkəsi. Əndəlüsün son illəri” (Türk Dünyası Araştırmaları Vakfı, İstanbul, 2017) adlı tarixi romanı əhatə etdiyi mövzu dairəsi, müasirlik ruhu, ifadə etdiyi ideyası ilə əhəmiyyətli bir əsərdir. Tarixin müxtəlif mərhələlərində dünya ictimai-siyasi və mədəni həyatında türklərin rolu Muhsin Kadıoğlunun bir çox kitablarında öz əksini tapmışdır. Araşdırmaçı yazarın "Poloniyada Türk izləri” (2011) "Turan Yolunda” (2014) və digər kitablarında türk tarixi, mədəniyyəti, ədəbiyyatı və dünyagörüşünün çeşidli tərəfləri öyrənilmiş, ayrı-ayrı dünya ölkələrində qədim türk izləri tədqiq olunmuş, türklərin dünya xalqlarının həyatı və mədəniyyətindəki yeri dəyərləndirilmişdir. "Nar ölkəsi. Əndəlüsün son illəri” romanı da Muhsin Kadıoğlunun önəmli əsərlərindən biri olaraq çox vacib məsələləri əks etdirir.

Romanda yazar mühüm bir tarixi dövrü və hadisəni qələmə almışdır. Məlum olduğu kimi, indiki İspaniya ərazisinə daxil olan müsəlmanlara məxsus Qranada Əmirliyi 1482-ci ildə başlayan və 10 il davam edən müharibədən sonra İspaniyanın nüfuz dairəsinə daxil olmuşdur. Müəllifin də yazdığı kimi, "Qranada əmiri XII Məhəmməd ilə əldə edilən razılıqda "din azadlığı”na açıq şəkildə zəmanət verilsə də, əvvəlcə yəhudilərdən dinlərini dəyişdirmək və katolikliyi qəbul etmək tələb olunmuşdur. Sülh müqaviləsinin heç bir maddəsində belə bir hökmün olmamasına baxmayaraq, dinini dəyişdirməyən yəhudilərə İspaniya torpaqlarını tərk etmək üçün sadəcə üç ay vaxt verilmişdir”. Bu əmirlikdə yaşayan müsəlmanların da eyni təzyiqə məruz qaldığı tarixi həqiqətlərdir. Belə bir vəziyyətdə isə Qranada Əmirliyində yaşayan yəhudilər və müsəlmanlar ayrı-ayrılıqda o dövrün nüfuzlu türk və müsəlman imperatorluqlarından biri olan Osmanlı dövlətinə yardım üçün müraciət etdilər. Yəhudilər İspaniyadan qovulan millətdaşları üçün vətən, torpaq, can və mal əmniyyətinin mühafizəsi üçün Osmanlı dövlətindən kömək istədilər.

Qranada Əmirliyindəki müsəlmanların yardım istəmələrini də M.Kadıoğlu kitabın ön sözündə tarixi faktlara əsaslanaraq şərh edir: "Qranada əmiri Məhəmməd Sultan Bəyazidə elçi göndərərək yardım istədi. Qranada əmirinin səfiri Sultan Bəyazidin, Şeyxülislamın və paşaların hüzurunda Qranada müsəlmanlarına edilən zülmü göz yaşları içində nəql etdi. Eyni zamanda, Məmlük İmperatorluğundan dəfələrcə yardım istədiklərini, lakin, təəssüf ki, yardım ala bilmədiklərini bildirdi”. Nəticə olaraq Sultan Bəyazid Granada Əmirliyindəki müsəlmanlara yardım etmək və dönərkən sığınacaq istəyən yəhudiləri Osmanlı torpaqlarına gətirmək üçün Osmanlı donanmasının məşhur admirallarından biri olmuş Kamal Rəisin başçılığı ilə ordu göndərdi və böyük bir tarixi missiyanı uğurla həyata keçirdi: "Osmanlı donanması müsəlmanların şəhərlərində daş üstə daş qoymayan İspaniya donanmasına həddini bildirəcək, İslambola dönərkən də yəhudilərdən və müsəlmanlardan ora getmək istəyənləri gətirən gəmiləri müşayiət edəcəkdir”. Bütün bunlar M.Kadıoğlunun tarixi romanında öz bədii əksini tapmışdır.

"Nar ölkəsi. Əndəlüsün son illəri” tarixi romanının müasir dövrümüz üçün də bir çox əhəmiyyətli cəhətləri mövcuddur: Hər bir türk insanına qürur verən milli keçmişini bədii-tarixi qəhrəmanların həyatındakı ən önəmli özəlliklərə diqqət edərək öyrənmək; Türklərin dünya xalqları ilə münasibətinin dərinliklərinə varmaq, digər millətlərin tarixindəki həlledici rolunu önə çıxarmaq; Gənc nəslə türk örnəkləri təqdim etmək, humanizm, qəhrəmanlıq, ədalət, dövlətçilik prinsipləri nümunələrini göstərmək; Türk-islam düşüncəsinin əzəmətini ifadə etmək; Türkləri, ilk növbədə, türk mənbələrindən öyrənməyin vacibliyini ön plana çəkmək.

M.Kadıoğlu türk tarixini qələmə alsa da, burada sadəcə türklər deyil, haqsızlığa uğramış digər xalqların həyatında baş verən çox mühüm hadisələr   öz əksini tapmışdır. Türklərin qeyri millətlərin tarixinin müəyyən mərhələsində onların xilaskarı kimi çıxış etməsi gerçəkliyinə şübhə olmasa da, bu məsələlər çox zaman diqqətdən kənarda saxlanılmışdır. Məlumdur ki, tarixin dolaşıq yollarında unudulmağa, yanlış dəyərləndirilməyə məruz qalmış faktları gənc nəslə öyrətməyin və bütün dünyaya izhar etmənin ən mühüm yollarından biri də ədəbiyyatdır. Ona görə də M.Kadıoğlunun romanı çağdaş dünyamızın zəruriyyəti kimi meydana gəlmiş, yaddaş və ədəbi diskurs problemini bir tarixçi və yazar məharəti ilə həll etmişdir.

Türklərin digər millətlərin tarixindəki rolu baxımından yəhudilərə münasibət əsərdə mühüm yer tutur. Əsərin kiçik nümunəsində sözügedən məsələlərə diqqət edək: "Bursaya yerləşən yəhudilər adətlərini, ənənələrini və dini inanclarını rahat yaşaya bilmək üçün onlara məxsus olacaq bir məhəllə təsis edilməsini rica etdikdə Sultan Orxanın fərmanı ilə yəhudi məhəlləsi qurulmuşdur. Yenə böyük atanız Sultan Murad Ədirnəni aldığı zaman əsrlərlə Bizans hakimiyyətində yaşadıqları üçün öz dillərini unudan və yalnız yunanca bilən Ədirnə yəhudilərinə hər cür rahatlıq yaradılmışdır. Bursa yəhudiləri Ali-Osman torpaqlarına gələn yəhudilərə türkcə öyrətmişdilər. Türklərin adət və humanizminə görə yüzillərcə xristian zülmündən bezmiş yəhudilər Sofya, Niş, Larisadan ayrılaraq Ali-Osmanın əlinə keçən Varna, Ruscuk kimi şəhərlərə köç etmişlər”. Yəhudilərin simasında yabançı bir millətə bu qədər qayğı göstərən, lakin tarixi həqiqətlər təkzib olunaraq soyqırımlarda, qətliamlarda günahlandırılan türk millətinin humanizminə kölgə salan insanlara bu roman ən yaxşı cavablardan biridir.

Burada, eyni zamanda, milli dilini, mənəvi dəyərlərini, kültürünü, xüsusilə, haqqı olan millətlərə öyrədən və onlardan türklərə qarşı hörmət gözləyən türk örnəyini təqdim etməklə M.Kadıoğlu müasir zamanımız üçün də vacib problemlərə toxunur. Romanda Musəvi Karay türklərini tarixi ilə bağlı faktlara istinad bu baxımdan maraq doğurur. Sultan Bəyazidin  hüzuruna qəbul edilən Ədirnə baş ravvini Sarfatinin dilindən söylənilir: "Konstantinopol Bizans zülmündən qurtarılan zaman Bizansda Baş ravvin olan Moşe Kapsalinin səlahiyyətləri eynilə verilmişdir. Sultan Mehmet Xan həzrətlərinin yəhudilərə verdiyi bəraət sinaqoqumuzun ən dəyərli xəzinəsidir. Baş ravvin olan Moşe Kapsali də irq və qan qardaşlarınız olan Musevi türkləri "Karayilər” olaraq ayrı bir cemaat kimi tanımışdır”. Yazar bu hadisəni xatırlatmaqla müasir dövrümüzdə əməl olunmayan həmin sözə diqqət çəkmək istəmişdir.

Digər bir nümunədə Sultan Bəyazidin dilindən yəhudi ravvinə söylənilən sözlərdə oxuyuruq: "Mən sizə "camaatınız arasında öz dilinizdə danışa bilərsiniz, təhsil edə bilərsiniz, dilinizə lazım olanları edə bilərsiniz” deyə izn verdim. Bu müqəddəs məkanları adlandırarkən türk dilindəki adlarını istifadə etməyiniz lazımdır”. Burada bir tərəfdən türklərin humanizmi ön plana çəkilirsə, digər tərəfdən də milli dəyərlərin qorunması zəruriyyəti ifadə olunur.

Romanın əsasında vahid türk idealı olan Qızıl Alma düşüncəsi dayanır. Bu idealın türklər üçün önəmi M.Kadıoğlunun bir sıra əsərlərində öz əksini tapmışdır. "Portretini yaradan ilk türk və müsəlman imperator. Dünyanın hakimi (Victor Orbis)” məqaləsində yazar Fateh Sultan Mehmet italyan rəssamı Q.Bellini tərəfindən çəkilmiş portreti əsasında bu məsələləri əhəmiyyətli şəkildə şərh etmişdir. "Nar ölkəsi. Əndəlüsün son illəri” romanında da sözügedən cəhətlər diqqət mərkəzindədir. Elçi kimi göndərilmiş Canpoladlı Bekri Həsən Ağa İspaniya kralı Fernando ilə söhbətində türklərin və müsəlmanların Qızıl Alma hədəflərini xatırladaraq söyləyir: "Biz türklər və müsəlmanlar üçün ruyı arzda altı qızıl alma vardır. Ən böyük Qızılalma Romadadır və Roma indi sizindir. Digər macar Qızıl alması Ustolni-Belqraddadır, necə deyərlər, "təşbehdə xəta olmaz”: Macarıstanın Kəbəsidir. Üçüncüsü Alaman Qızıl alması Viyana qalasıdır. Dördüncüsü Budin qalasıdır, beşincisi Esterqondur. Altıncısı isə Eğre qalasıdır. Ali-Osman bu qızıl almaları Allahın izniylə yaxında bir-bir ələ keçirəcəkdir. Şeyx Həzrəti Muhyiddin Arabi həzrətləri qızıl almaların bir-bir Ali-Osman tərəfindən fəthediləcəyinə işarət etmişdir. Biz istərik ki, atalarınızdan sizlərə yadigar qalan bu qızıl almalar zərər görmədən Ali-Osmana keçsin. Ali-Osmana keçsin ki, onlar gələcək nəsillərə  çatsın”. Göründüyü kimi, milli-mənəvi dəyərlərin gələcək nəsillər üçün mühafizə olunmasında türk dövlətinin rolu xüsusi vurğulanmışdır.

Romanda türk və islam dövlətlərinin birliyə çağırılması fikirləri də əsas yer tutur ki, bunun müasir dövrümüz üçün böyük əhəmiyyəti vardır. Ali-Osman, Roma, Trabzon və Rum imperatoru Sultan Mehmetin Məmlük sultanı Seyfəddin Xoşqədəmə yazdığı məktubunda türk və islam dünyasını parçalamağa cəhd edən xristian ittifaqının fəaliyyətinə diqqət çəkib, "kafir Venesiya bizimlə savaşdığına görə müsəlmanları müsəlmanlara qırdırmaq üçün Ağqoyunlulara elçi göndərərək ittifaq yaratdı” faktını da örnək gətirərək yazır: "İslambolu ələ keçirmək bəxtiyarlığını mənə yaşadan Tanrının verdiyi ağıl ilə iki böyük müsəlman sultanlığının xristianlarla ittifaq axtarmasını anlamaqda çətinlik çəkirəm”.

Digər bir nümunədə milləti parçalayan təriqətlər, məzhəblər tənqid hədəfi olaraq türk birliyinə çağırış ifadə olunur. Sultan Mehmet tərəfindən Məmlük sultanı və Osmanlı dövləti arasındakı problemlərin həll olunmasında vasitəçilik etmək üçün Dulkadiroğlu Süleyman bəyin yanına göndərilmiş Afşin bəyə Süleyman bəy "Ağqoyunlu şiəliyi qəbul etmiş və yaymaqla məşğuldur. Qırx ildir ki, Anadoluda şiəlik toxumları səpirlər” dedikdə yazar Afşin bəyin dilindən çox mənalı şəkildə söyləyir: "Biz sünniyik” desək, onlar da "biz şiəyik” deyərlər və beləcə ayrılıq başlayar. Halbuki hər iki tərəf də türkdür. Demək ki, türk olduğumuzu xatırlasaq, türklük üzərində qardaşlıq inşa etsək, bu ayrılıqlar ortaya çıxmaz”. Türk millətinin milli dəyərlərinin hər zaman qiymətli olduğu, bunun islama zidd olmadığı romanın fikir dünyasında aydın səslənir. Afşin bəyin dilindən oxuyuruq: "Hər millətin milli dəyərləri də vardır. Əgər islam millətlərin milli dəyərlərini qadağan etsəydi, heç bir millət müsəlman olmazdı. Çünki hər millət üçün milli dəyərləri son dərəcə önəmlidir, toxunulmazdır”.

M.Kadıoğlunun romanı qəhrəmanlıqları, ədalət örnəklərini, cəsarət nümunələrini, din, dil, irq və milliyyət ayrımı gözləməyən tarixi şəxsiyyətləri gənc nəslə rol-model kimi təqdim etmişdir. Əsərdə ən parlaq türk qəhrəmanlarından biri də Kamal Rəisdir. "Qranadadakı müsəlman qardaşlarını katoliklərin zülmündən” xilas etmək üçün hazırlanan donanmanın başında dayanan bu qəhrəman Osmanlı donanmasının böyük admirallarından biri olmuşdur.

Kamal Rəis obrazı tarixi şəxsiyyət olmaqla yanaşı, M.Kadıoğlunun türk simasının ən özəl keyfiyyətlərini qələmə aldığı, türklük ənənələrini ifadə etdiyi, cəsarət, ağıl və gözəl mənəvi sifətləri birləşdirdiyi bir qəhrəmandır. Həmin qəhrəmanın romandakı iştirakı bir sıra mühüm məqamların ifadəsinə doğru istiqamətləndirilmişdir.

Kamal Rəis yalnız müsəlmanları deyil, yəhudiləri də katoliklərin zülmündən qurtarmaq və Osmanlı ölkəsinə gətirmək üçün yola çıxır. Kamal Rəisin idarəçiliyindəki donanmanın Əndəlüsə doğru yola çıxdığını əks etdirən səhifələrdə yazar oxuculara türklərin donanma ənənələrini xatırlatmışdır. Kamal Rəisin komandalığındakı donanmanın yardıma getmək üçün dənizə açılmasının təsvirində Osmanlı dövlətinin gücü donanma üzərindən oxucuya belə ifadə olunur: "Bütün gəmilər durna qatarı kimi ard-arda dörd sıra şəklində düzüldü. Aralıq dənizinə doğru yola çıxmadan əvvəl elə bir yaylım top atəşi açdılar ki, ətrafı sanki Nəmrud atəşi bürüdü. Cəmi-İslambol əhalisi elə bir mənzərə içində qaldı ki, seyr edənlər bir-birinə nəql edirdilər”.

Kamal Rəisin əsərdəki rolu islam və türklüyün qovuşduğu məqamların ifadə olunmasına, milli düşüncənin daim hakim tutulmasına yardım edir: "…hər ləvənd "Məhəmməd Mustafa eşqinə” deyir, yanındakı ləvəndin biləyini biləngi ilə sərt bir şəkildə tutub digərinə keçirdi. Bu türk dənizçilərinin qardaşlıq andı idi”.

Romanda türk simvollarının önə çəkilməsində də sözügedən qəhrəman fəal iştirak edir: "Kamal Rəisin doqquz baş rəisi var idi. Ondan əvvəlki rəislər yeddi baş rəis saxlayırdılar”.

Kamal Rəis mənəvi dəyərləri yüksək tutan, cəsarətli və iradəli qəhrəmandır. Donanma Geliboludan dənizə açılmadan əvvəl ənənələrə uyğun olaraq bütün əsgərlər Azərlər namazgahında namaz qılırlar. Kamal Rəisə xristianların idarəçiliyində olan qalalardan hədiyyələr göndərilir, lakin o bunların heç birini qəbul etmir. Kamal Rəisin donanması savaşdığı İspaniya gəmisində kürək çəkən yəhudi və müsəlman əsirləri fərq qoymadan azadlığına qovuşdurur. İspaniya gəmisindən ələ keçirilən qənimətlər yəhudilər və müsəlmanlar arasında bərabər olaraq paylaşdırılır.

Kamal Rəis və sevgilisi Taçlı Sultanın dialoqlarında bir tərəfdən qəhrəmanın gözəl və mənalı eşq tarixçəsini öyrənirik. Digər tərəfdən də bu səhnələrdə türklərə məxsus milli-mənəvi abidələrin təsvirinə təsadüf edirik. Yazar Anadolunun ərənlərini, Anadoluda olan və dünyada başqa örnəkləri tapılmayan Alaaddin Camisi kimi daşınmaz kültür varlıqlarını iki sevən qəhrəmanının vasitəsilə oxuculara tanıdır.

Türk ölkələrində ərəb dilində yazmaq ənənələrinə də yazar romanda öz münasibətini bildirmişdir. Kamal Rəisin atası Hacı Əhməd Rəis ilə babası Hacı Əli Rəisin söhbətlərində bu məsələyə diqqət yetirilir: "Ölkədə hər kəs türkcə danışırkən kitabların ərəb dilində olmasının məntiqi nə ola bilər? Ərəbcə yazılan bu kitablarda nələrin yazıldığını türklər oxuya bilmir. Ərəbcə bilənlər isə çox azdır. Elə isə bu ağılsızlıq deyilmi?” Hacı Əhməd Rəis bu mühüm məsələ haqqındakı fikirlərini davam etdirərək əsas səbəbi də göstərir: "Ali-Osmana gələn ərəblər ərəbcə bilməyi fəzilət kimi göstərirlər. Halbuki fəzilət olan ərəbcə bilmək deyil, Quranda yazılanları və onların ruhunu qavramaqdır. Ərəbcə bilməyən Quranın ruhunu anlaya bilməz deyirlər. Çünki xalq ərəbcə bilmədiyinə görə, ərəblərə sormağa məcbur olacaqlar. Beləcə də, ərəbcə bilənlər və ərəblər daim soruşulan və danışan kimsələr olacaq”.

Kamal Rəisin babasının sözləri ilə türk dilində "Quran”ın Fateh Sultan Mehmetin babası II Murad tərəfindən yazıldığı da oxuculara çatdırılır: "Nə yazıq ki, Sultan Muradi-Saniyə qədər Ali-Osmanda ərəblərin bu hiyləgərliyini fərq edən olmamışdır. Cənnət məkan Sultan Murad xalqın Tanrıdan istərkən nə istədiyini bilməsi, Allahın əmrlərini anlaması üçün alimlərdən türkcə yazmalarını tələb etmişdir. Bunun ən gözəl meyvələrindən biri də Yazıçızadənin Muhammədiyəsi olmuşdur. Türk dilində yazıldığı üçün xalq bu kitabı elə mənimsədi ki, şeriül qələmlər gecə gündüz yazmaqlarına baxmayaraq, Muhammədiyə yetişdirə bilmədilər”.

Romanın maraqlı bölmələrindən biri də yüksək vergiləri ödəyə bilmədikləri üçün İspaniya gəmisində kürək çəkmək məhkumu edilən müsəlman qadınları təsvir edən səhnələrdir. Bu qadınlar azadlığa qovuşunca məmləkətlərinə dönmək əvəzinə, dəniz savaşçısı olmaq istəyirlər. O zamana qədər müsəlman gəmilərində dəniz savaşçıları arasında qadınlara təsadüf olunmamışdır. İslam xəlifəsindən bununla bağlı fitva istəməyə gedildiyi zaman xəlifənin hüzurunda çox əhəmiyyətli bir söhbət, qəhrəmanların mühakimələri baş tutur. Bu söhbətlər nəticəsində qadınlar fitva almağa nail olurlar. Burada milli-mənəvi dəyərlərə bağlı olan Kamal Rəisin ağıl, cəsarət, gözəl əxlaq sahibi olduğunu görürük, eyni zamanda, o, yenilikçi və zamanın şərtləri ilə ayaqlaşa bilən bir şəxsiyyət kimi təsvir olunur.

Kamal Rəisin müxtəlif şəxslərlə dialoqlarında M.Kadıoğlunun zəkası, intellekti, dünyagörüşü, tarix və mədəniyyəti dərindən bildiyi görünməkdədir. Bu baxımdan Q.Bellinini Misirə apardığı zaman gəmidə Kamal Rəis ilə italyan rəssamı arasındakı Avropada "İkinci Batlamyus” kimi tanınan Battani, 1487-ci ildə Afrikanın cənubunu kəşf edən Barthelmo Dias haqqında edilən söhbətlərdə yazarın zəngin dünyagörüşü ortaya çıxır. Eyni zamanda, Əlhambra Sarayında Əndəlus və ərəb ədəbiyyatının öndə gedən şairlərinin şeir məclisinə yer verilməsi romana intellektual bir dərinlik gətirmişdir.

İslam və xristianlıq problemi və onun müxtəlif tərəfləri də romanda öz əksini tapmışdır. Bütün dünyada barışın hakim olması fikrini irəli sürən romanda papaya göndərilən məktubda onun "Avropada bir müsəlman da qalmamalıdır”  sözlərinə "Türk və müsəlman ölkələrində də xristianların yaşadığını, sizin müsəlmanlara etdiklərinizi onların da xristianlara edə biləcəklərini heç düşünmürsüzmü?” deyə cavab verilir. Burada Osmanlı ölkəsinə gəlmək istəyənlərin "sadəcə müsəlmanlar və yəhudilərdən ibarət olmadığı, Fransadakı və Avropadakı bəzi xristian təriqətlərin mənsublarının da Osmanlı sultanının mərhəmət və şəfqətinə sığınmaq istədikləri” xatırlanmaqdadır.

Romanda Azərbaycan türklərinin böyük qəhrəmanlarından biri olan Babəkin təsviri ilə yazar islam inancı xaricində digər inanclara da sahib olan türklərin zəngin tarix və dünyagörüşünə məxsus olduqlarını göstərməyə çalışmışdır. "Ərəblərdən başqa digər müsəlman xalqlar tərəfindən milli bir qəhrəman kimi qəbul edilən Babək və Cavidan islam əvəzinə ərəb mədəniyyətinin Azərbaycanda, İranda və digər türk ölkələrində yayılmasına əngəl olmaq üçün var gücləri ilə vuruşmuşlar”.

Türkiyə və dünyanın digər ölkələrindəki türk məkanları, fərqli türk cəmiyyətlərinin müxtəlif dini inancları ilə bağlı məlumatlar verərək bu müxtəlifliyi "Türklük” qazanında qarışdırmaq, islam adına günümüzdə də mübahisə doğuran məsələlərə aid tarixi keçmişdə mövcud olan, lakin unudulan çözümləri gündəmə gətirmək M.Kadıoğlunun romanının əsas xüsusiyyətlərindəndir.

Yazar türk tarixini doğru öyrətmək cəhdində oxucuların, ilk növbədə, öyrənmək arzusuna sahib olmaları zəruriyyətini ifadə edir, türklərin mənsub olduğu və qərar verilməsində çətinliklərlə qarşılaşdığı məsələlərdə "ağıl yolu”nu göstərən İmam Maturidi fəlsəfəsinə müasir baxışın əhəmiyyətini önə çəkir. Eyni zamanda, "dünyanı idarə etmək idealı daşıyan bir millət "millət” qavramı ilə özünü məhdudlaşdırmaz” fikirləri ilə yazar türklərin və müsəlmanların "Dünya hakimiyyəti məfkurəsi” olan "Qızıl Alma” və "İlay-i Kelimatullah” ideallarının "Türk kimliyinin” mərkəzində olduğu halda mümkün olacağını ifadə etmişdir.

Romanda tarixi hadisələrdən biri digərinə keçid o qədər mənalı şəkildə qurulmuşdur ki, M.Kadıoğlunun tarixi hadisələri, onların mahiyyətini, incəliklərini dərindən bildiyi və romanda ustalıqla ifadə etdiyi bəlli olur.

M.Kadıoğlunun "Nar ölkəsi. Əndəlüsün son illəri” romanı Türk-İslam Dünya Hakimiyyəti düşüncəsinin milli, fəlsəfi və dini qaynaqlarını oxuculara bir daha təqdim etmişdir.

 

Bəsirə Əzizəli

 

Kaspi  2017.- 27-29 yanvar.- S.18-19.