Mənim bir yazı günüm – Xanəmir Telmanoğlu
"Kaspi” qəzetinin "Mənim bir yazı günüm” layihəsi davam edir. Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız şair Xanəmir Telmanoğludur.
İllərdir sabahın kəramətinə, vaxtın ruha verimlilik iffətinə sığınaraq erkən yerimdən qalxdığımda ya yazaram, ya da oxuyaram.
Sübhün erkən saatlarının şövqünə, süsünə vurulub yazı alətimi "silah edərək” bu kainatın zaman dövriyyəsinə qoşulub göylərin bağrından qaranlığın yerini işığa verməsində mən də öz qədərimlə qatqıda bulunur və bu hüsuməti bir az bilincli, bir az hələ də bilincsiz şəkildə davam etdirməyimdəyəm.
Xüsusi olaraq bir neçə dağ otlarının qarışımından hazırladığım çayın verdiyi həyəcan doğrultusunda, vaxtın doğmalığı eşliyində erişəcəyim ucalıqdakı cəhdlərimi bu dünyada həm də özüm üçün çarə olaraq bildiyim və üzü sonsuzluğa doğru bu kainat dənizinin sularında qayığımla üzüb keçərək əbədi köç uğrundakı yazının bir eşsiz cazibədarlığını da hiss edirəm.
Ta o uzaqlarda qalan gəncliyimin heç bir fürsət tanımayan yazı sevdasına düşmək fərasətimlə bahəm, alışqanlıq elədiyim bəzi fiziki hərəkətlərimi öz yaşam intuisiyamın hakimiyyətində heç vaxt gözardı etmədim.
Davam edən bu 2-3 saatlıq zaman kəsiminin ardınca varlığımın gün ərzindəki İZAHIMDAN biri də uşaqların məktəbə yollanmağında kəsinliklə qatqım qaçınılmaz olmasıdır.
Bəzən çay üzərindən kimyagərliyimin iştahımdan uzaq durduğunu gördüyümdə, həmən bir almanın azalması yolundakı çabamı gecikmədən mədəmin himayəsinə ötürməklə əhvalımın hilalına göylərin hənirini halal edirəm.
İki ilə yaxındır ki, işsizlikdən ağır əziyyət çəksəm də, ev şəraitində də müəyyən keçim şərtlərimi həll etməyə səylə çalışıram. Bəzi saytlara yazılar yazmaqdan usanmıram. Sadəcə olaraq bildirim ki, mən işləməyəndə yazı yaza bilmirəm, yaradıcılıqla məşğul olmağım müşkülə çevrilir. İndinin özündə də bir yazı yazılması konusundakı ağrıdan əziyyət çəkdiyimi gizlətmirəm.
Nə olursa olsun, dəxli yoxdur, uşaqların bütün sorunlarından xəbərim olmalıdır. Üstəlik, çöllə bağlı bütün işlər və bazar-dükan məsəlləri də mənim sevərək yapdığım işlər sırasındadır.
Getdikcə həm vaxtın, həm də sənə verilən vaxtın Yazı üzərindəki sitəmini dərk etməyə çalışaraq az, qısa və konkret yazmağa üstünlük verirəm. Çalışıram ki, olduqca lap az yazım. Çalışıram ki, nə qədər gücüm yetirsə, heç yazmayım, yazı üçün burnumun ucu göynəsin. Yazılarımı bir nəfəsə yazmaqla azğınlığımın qarşısını alıram. Yoxsa min il keçsə belə.... mövzunu soyudandan sonra yazmağın verdiyi qıvraqlıq, şuxluq, şahənşahlıq məni həyatın günlük əsarətindən əsla qurtara bilməz.
Yollarda kitab oxuma vərdişimdən əl çəkə bilmirəm. Mövzu o andakı cəhalətimi kamına çəkib gəldisə, məni özünün QƏZƏBİNƏ tuş gətirib bağlaya bildisə, o mətni istənilən ortamda yaza bilərəm. Çünki elə zənn edirəm, o yazının hardasa məni örtə bilən bir yerində gizlənməyə artıq yerim hazırdır, kimsə istəsə belə utancverici bu tərsliyimi görməkdə acizdir.
Oturmaq qərarımı sabit qılan bir mühitdə dostlarımla da söhbətləşməyi gün ərzində unutmur, ihmal etmirəm.
Saatların getdikcə daha sürətlə irəliyə doğru səni də cənginə alıb apardığının hər an, artıq hər an fərqində olursan. Nə etməli, artıq nə bədənimizi donduracaq, nə də dirilik suyu əldə edəcək bir halımız yox. İnancımızın girdiyi dövriyyədə imanımızla "dondurmaq”dan, "dirilik suyu”ndan da ötədə bir sonsuz həzlə dəvamızı bulub gedirik. Ən gözəl olanı elə buymuş deyərək, üstəlik də, qəbul elədiyin ortamda yolun səni olğunluğa çəkən sınağındakı şirincə caynağında(n) gerçək bildiyin şərt odur ki, geridə heç bir azğınlıq yaratmadan, haramlıq izi buraxmadan özünün inhisarından heç vaxt çıxmamış səmimiyyətinin dozasıyla da olsa, yüngülcə qımışa biləsən. Beləcə, baxarsan ki, gün axşam olmuş, kölgələr ardınca qaranlıq ətrafı sarmış, ancaq sənin içinin dərinliyində gecəylə gündüzü bir-biriylə yoğurub yapan yazar kimliyindəki tərifə sığmaz anıların varlığında bütün qovğalara qarşı erişilməz bir savaş açmışdır. Mən o əbədi içsəl savaşı, özünlə dözülməz qovğanın aşiqi olmuş bu məmləkətdə biçarə "əhmədi biqəm”lərdən biriyəm.
Kaspi 2017.- 27-29 yanvar.- S.15.