Hər daşında tarix yatan Kastamonu

 

Tarixi məkanları və təbiət gözəlliyi insanları bu şəhərə heyran qoyur

 

II yazı

 

Türkiyənin tarixi şəhərlərindən olan Kastamonu həm də təmiz havası, səfalı təbiəti, gözəl mənzərələri, yay-qış turizmi ilə seçilir. Türkiyənin, Anadolunun ən qədim şəhəri ilə tanışlığımız onun TÜRKSOY tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsindən sonra başladı. Və nə yaxşı ki, yolumuz bu şəhərdən düşdü...

 

Şəhər bizi Şeyx Şaban Vəlinin:

 

"Gəlişiniz gülə-gülə

Gedişiniz gülə-gülə

Hər işiniz gülə-gülə”...

 

- misraları ilə qarşıladı. Demək olar ki, şəhərin hər küncündə bu sözlərin əks-sədası bizi izlədi, getdiyimiz hər məkanda qulaqlarımız bu ifadələri eşitdi.

 

Kastamonu şəhərinin 114 min, kəndləri ilə bərabər isə vilayətin 370 min əhalisi var. 258 kəndə bağlı məhəllələri mövcuddur. 1461-ci ildə Fateh Sultan Mehmet tərəfindən tikilib. İki milli parkı var - Ilqaz və Küre dağları. Küre dağları insan ayağı dəyməyən bir yerdir. Ora 1998-ci ildə Dünya Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən "Yaşayan planet” adı verilib.

 

Şəhəri gəzdikcə, ona heyran qalmamaq olmur. Hər tərəf tarix qoxuyur. Qalası, məscidi, özünəməxsus yeməkləri, şirniyyatı, xalq sənəti, mədəniyyəti və dünyaca məşhur Şeyx Şaban Vəlisi var, bu şəhərin. Elə reportajıma Şeyx Şaban Vəli Vəqfindən başlamağım da təsadüfi deyil.

 

Şeyx Şaban Vəli Vəqfi

 

Səfərimiz çərçivəsində Şeyx Şaban Vəli Vəqfi Muzeyinin qonağı olduq. Muzey Kastamonunun tarixi və mədəniyyəti baxımından ən önəmli abidələrdən biridir. Burada məscid, külliyyat, türbə, kitabxana və dərgah evləri mövcuddur. Tarixi və mənəvi özəlliklərini bir arada tutan külliyə Kastamonunun ən çox ziyarət edilən məkanlarındandır. Malikanə e.ə.1900-cü ildə Azdavaylı Mahmud Paşa tərəfindən tikilib. Bura karxana, selamlık (cümə mərasimi keçirilən məkan) və mərkəzdəki mətbəx bölümündən ibarətdir.

Muzeyə daxil olmamışdan əvvəl Şeyx Şaban Vəlinin həyatı ilə maraqlandıq. Bizə geniş məlumat verən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi ilə hələ Kastamonuya getməmişdən əvvəl bir dialoqumuz gerçəkləşmişdi. O, Şeyx Şaban Vəlinin kökünün Yəhya Şirvaninin qolundan gəldiyini söyləmiş və xəlvətilik təriqətinin qısa bir tarixini nəql etmişdi: "Xəlvətiliyin qurucusu Pir Ömər Xəlvətidir. O, Şamaxıdandır. Xəlvətilik təriqətinin ikinci qurucusu, mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya Bakuvi də tanınmış filosof, alim və şairlərdən biridir. Bu adamlar bizim filosoflarımızdır. Bu gün Qərb dünyası üçün Afinalı Tomas, Kamp, Hegel kimdirsə, bizim üçün də Yəhya Şirvani, Şeyx Şaban Vəli, Həzrəti Mövlana o insanlardır. Yanlış odur ki, bizim gənclərimiz bunları anlamadığı üçün gedib Nitşeni oxumaqla fikirlərini qarışdırırlar”.

 

Xəlvəti təriqətinin Şabaniyyə qolunun qurucusu olan Hz.Pir Şeyx Şaban Vəli e.ə.1481-ci ildə Kastamonunun Daşkörpü qəsəbəsində dünyaya gəlib. O doğulmamışdan öncə atasını, 3 yaşında olarkən anasını itirib. Xeyirsevər bir qadın ona sahiblənib, təhsilində ona maddi və mənəvi köməyini əsirgəməyib. İlk dərslərini Daşkörpüdə aldıqdan sonra Kastamonu və İstanbul Fatih Sahn-ı Səman Mədrəsəsində təhsilini davam etdirir. Belə nəql edirlər ki, bir gecə ona hatifdən səs gəlir: "Əsl vətəninizə dönün!” - deyə əmr verilir. Doğulduğu torpağa dönmək üçün işarə alan Şaban əfəndi müəllimləri ilə halallaşaraq iki dostu ilə birlikdə Bolunu keçərək, Kastamonuya getmək üçün yola çıxır. Yolda Xeyrəddin Tokadi Həzrətlərini ziyarət edirlər. Şeyx Şaban Vəli axtardığı kamil mürşidini tapır. 12 il Tokadi həzrətlərinin tabeliyində qalır və sədaqətlə xidmət edir. Sonunda Məzhər xəlifəsi olur. Xeyrəddin Tokadi ona "sizə xilafət verildi, vətəninizə dönə bilərsiniz” – deyə icazə verir. Şeyx Şaban Vəli Kastamonuya gəldikdən sonra ziyalı mövqeyini davam etdirir. O, vəfatına qədər 360 xəlifə yetişdirib. Onun qurduğu Şabaniyyə təlimi islam dünyasının bütün bölgəsinə yayılıb. Anadoludan başqa, Misir, Hicaz, Pakistan, Liviya və başqa ölkələrdə bu təriqətin şöbələrini açan alim, şeyxlər təssəvüf əhlinə ilahi eşqin zövq və həyəcanını təqdim edərkən Avropa və Amerika qitələrində bir çox insan islam dinini qəbul etmək qərarı verib.

 

Bütün bu bilgilərə sahib olduqdan sonra Şeyx Şaban Vəli muzeyini gəzdikdə o dövrlə daha yaxından tanış oluruq. İlk olaraq, onun otağını ziyarət etdik. Burada xəlvəti təriqətinin Şabaniyyə qolunun qurucusunun xüsusi əşyaları nümayiş olunur. Otaqda şeyxin gündəlik geyimləri, o cümlədən bel və baş sarğıları, onun üçün yazılmış yazılar sərgilənir. Otaqda eyni, zamanda xəlvəti təriqətinin müridlərinin sarıqlarını görmək olar. Xalça və kilim bölümündə isə Anadolunun müxtəlif yerlərinə aid xalçalar nümayiş olunur. Burada Kırşehir xalçaları başda olmaqla, Kayseri, Niğde, Malatya, Konya, Çankırı və Sivasa aid xalça və kilimləri seyr etmək mümkündür.

 

Muzeyin Qurani-Kərim bölməsində isə müqəddəs kitabın Osmanlı dövründən qalma əl yazmaları nümayiş etdirilir. Burada bir sədəqə daşı da var ki, üzərinə "bu daşa nəzir qoymaq olmaz” yazılıb. Əvvəllər maddi vəziyyəti yaxşı olan insanlar bura pullar qoyardılar ki, kasıblar oradan pul götürsünlər. Bu, eyni zamanda, bir növ köməkləşmək idi.

 

Muzeydə xəttatlıq sənətinin inciləri də mövcuddur. Bu sənət türklərdə çox inkişaf edib. Nümayiş olunan əsərlərin çoxu da Hz.Pir Şeyx Şaban Vəlini vəsf edən, yazılarla xəlvəti təriqətindən bəhs edən əsərlərdir. Bundan başqa, muzeydə padşah fərmanları, Kəlimey-i tevit və icazənamələr sərgilənir.

 

Mahmut bəy məscidi, Kastamonu muzeyi

 

Mahmut bəy məscidi 1366-cı ildə Candaroğlu bəylərindən olan Adil bəyin oğlu Əmir Mahmud bəy tərəfindən tikilib. Onun inşasında bir mismardan da istifadə edilməyib.

Çanakkala savaşlarından başlayaraq, Milli mücadilə illərində Kastamonu sakinlərinin göstərdiyi fədakarlıqları nəzərə alan Mustafa Kamal Atatürk yolunu buradan salıb. Belə ki, Atatürk 1925-ci ilin 24 avqust tarixində Kastamonu İnəbolu ərazisində "Şapka və qiyafət” ilə mükafatlandırılıb. Burada onun geyimləri və şapkası qorunub saxlanılır.

 

Daş basqı, toxuma sənəti

 

Kastamonuda 600 illik yaşı olan "daş baskı” deyilən bir sənət növü var. Belə ki, bəyaz bezlərin üzərinə vurulan və naxışlarla həkk olan bu bəzəklərin bir özəlliyi var. Bu gün yuyulduqda rəngini dəyişən geyimlərdən fərqli olaraq, daş basqı ilə hazırlanan naxışlar üzərindən illər keçsə də, rəngini dəyişmir, əksinə, yuyulduqca gözəlləşir.

 

Səfər zamanı Xalq Təhsil Mərkəzi və Axşam Sənət məktəbinin də qonağı olduq. Bizi toxuma üzrə peşəkar müəllim Sevgi Güngör qarşıladı. Böyük bir komanda ilə xanımları ətrafına cəm edən Sevgi xanım onlara bu sənətin sirlərini öyrətməkdən yorulmur. Köhnə taxta tikiş maşınlarının köməyi ilə süfrə, kəlağayı, xanımlar üçün cehizlik nümunələri hazırlayırlar. Sevgi xanım  deyir ki, toxuma sənəti, sadəcə Kastamonuya məxsusdur: "Biz bu örtükləri əl əməyi, göz nuru ilə ərsəyə gətiririk. Toxuma sənətinin ölməyini istəmirik, onun üçün yeni-yeni tələbələr yetişdiririk. Çünki bu sənət bizə əcdadlarımızdan ərməğan qalıb”.

 

Halva evi, Etnoqrafiya muzeyi

 

Növbəti səfərimiz isə Kastamonuda kifayət qədər tanınan Halva evi oldu. Burada hazırlandıqdan sonra Osmanlı sarayına aparılan "çəkmə halva”nın adı 1800-cü illərə gedib çıxır. Sonrakı zamanlarda  isə bazarda "saray halvası” adı ilə məşhurlaşıb. Hazırlanması əsrlər öncəyə dayanan bu halva Türkiyənin bir çox bölgələrində fərqli adlarla hazırlanmaqdadır.

 

Etnoqrafiya muzeyi Kastamonunun tarixi ilə daha yaxından tanış olmaq üçün bizə geniş imkan yaratdı. Muzey 1997-ci ildə restovrasiya olunduqdan sonra insanların istifadəsinə verilib. Muzeyin tikilməsi 1887-ci ilə təsadüf edir. Zirzəmisi ilə birlikdə 4 mərtəbəli olan bu malikanənin 3 mərtəbəsi aktiv şəkildə istifadə edilir. Birinci mərtəbədə Kastamonunun yaxın keçmişi ilə bağlı şəkillərə aid sərgi və muzey kitabxanası mövcuddur. İkinci mərtəbədə isə Kastamonunun minlərcə illik xalq mədəniyyəti və incəsənətinin nümunələri sərgilənir. Toxuculuq, daş basma, ağac işləri, ayaqqabı və ipçilik kimi bölmələrin mövcud olduğu məkanda Kastamonu mədəniyyətinin dərin kökləri və inkişafı nəzərə çarpır. Bu bölümdəki bir-birindən dəyərli əsərlərin içərisində ən diqqətçəkəni isə Mahmud bəy Camiyə aid qapının varlığıdır. Bu qapı əsl sənət əsəridir. Muzeyin üst mərtəbəsi isə Kastamonu malikanəsinin yerləşiminin, otaqların dizaynının kuklalarla canlandırıldığı bölümdür. Bu bölüm Kastamonudakı şəhər mədəniyyətinin göstərilməsi məqsədini daşıyır.

   

Cümhuriyyət meydanı, Ilqaz Dağı Milli Parkı

 

Cümhuriyyət meydanı şəhərin ən böyük mərkəzidir. Türkiyənin ən gözəl üç meydanından biridir. Qurtuluş savaşı illərində könüllü olaraq insanlar İnebolu-Ankara nəqliyyat mərkəzinə silah-sursat daşıyıb. Bələdçinin sözlərinə görə, verdikləri dəstəklər sayəsində müharibənin taleyi əhəmiyyətli dərəcədə dəyişib. Meydanda heyvana qoşulan qoşqunun içərisində övladı ilə birlikdə silah daşıyan Şərifə Bacının və burada şücaət göstərən qəhrəman kastamonuluların heykəli qurulub.

 

 

 

Kastamonunun turizm üçün ən təbiət məkanlarından biri Ilqaz Dağı Milli Parkıdır. Bura Qara dənizin qərbində Ilqaz dağları üzərində 1976-cı ildə qurulub. Dağ ilə yamacların arasında gözəl bir mənzərə canlanır. Yanvar ayında bura səfər etdiyimiz üçün, meşə ilə getdiyimiz yol boyu üzəri qarla örtülmüş ağaclar, möhtəşəm mənzərə insanları bizləri heyran etdi. Parka çatdıqda isə, buranın qış idmanı və turizm imkanlarının nə qədər böyük olduğunu gördük. Bu dağın ən yüksək nöqtəsi hündürlüyü 2587 metr olan böyük Hacet təpəsidir.

Qarla örtülü olan bu dağlarda iki yerdə xizək sürmək imkanı, kanat və istirahət üçün əlverişli şərait yaradılıb. Bura həm yay, həm də qış aylarında gözəl istirahət keçirmək üçün ideal məkandır. Ərazidə bir çox otellər var.

  

Kastamonu qalası

 

Kastamonuya gəlib də Kastamonu qalasına çıxmamaq günah olar deyirlər ki, həqiqətən də elədir. Bu qalaya qalxanda, Kastamonu ayaqlarınızın altında qalır, bütün şəhər ovcunuzun içinə sığır. Burada şanlı Türk bayrağı sanki dünyaya meydan oxuyur, külək onu vüqarlı şəkildə dalğalandırır. Kastamonunun ən mühüm tarixi irslərindən biri olan bu qala Kommenler sülaləsi zamanında türklərin regiona etdikləri hücumlar qarşı müdafiə rolunu daşıyıb.

 

112 metr hündürlükdəki təpənin üzərində yerləşən qala cənubdan şimala 155 metr, şərqdən qərbə 30-50 metr enində, dördkünc formadadır. İlk tikilişində 15 böyük bürc və qüllə ilə gücləndirilmişdir. Qala içərisində müxtəlif tikililərin qalıqları var.

 

Vaxt tamam olur və bizi çox mehriban və gülərüzlə qarşılayan, insanları, torpağı sevgi və tarixlə dolu Kastamonuya səfərimiz başa çatır. Buraya bir gələn bir də gəlmək istəyir. Bu qədim şəhərdən unudulmaz xoş xatirələrlə ayrılırıq. 

 

Xəyalə Rəis

 

Kaspi.-2018.-31 yanvar.-S.12.