Omanda mətbuat
Omanda kütləvi informasiya vasitələrinin
yaranması 23 iyul 1970-ci ilə, əlahəzrət Sultan Qabus
bin Səidin hakimiyyətə gəlməsindən sonraya təsadüf
edir ki, bu, həm də Oman tarixinə müasir mətbuatın
yüksəliş çağı kimi düşdü. Artıq
informasiya vasitələrinin inkişaf etdirilməsi yeni Oman
hökumətinin xüsusi diqqət verdiyi birinci dərəcəli
layihələr sırasında idi. Çünki
mətbuat vasitəsilə iqtisadi, siyasi və ictimai sahələrdə
tərəqqinin əsası qoyulur, əldə olunan
uğurlar nümayiş etdirilirdi. Yarandığı ilk
vaxtlardan bu yana informasiya vasitələri
xaricdəki omanlıları vətənə qaytarmaq, quruculuq
və inkişaf proseslərində iştirak etmək
üçün çağırışlar edir, bu məsələyə
böyük əhəmiyyət verirdi.
1 avqust
1970-ci ildə – 23 iyul 1970-ci il dirçəlişindən
bir həftə sonra Sultanlıqda bir kilovat gücünə
malik ilk radio-televiziya stansiyası işə düşdü və
verilişlər yayımlanmağa başlandı. Bu verilişlər əvvəl yalnız paytaxt Məsqəti
əhatə edirdi. Vaxt ötdükcə
verilişlərin texniki göstəriciləri
yaxşılaşır, yayım gücü
artırılır, texniki və peşəkar səviyyəsi
yüksəlir, proqramlarda zənginlik sezilirdi.
Bu gün
Oman Sultanlığında televiziya verilişləri paralel 5
istiqamətdə və proqramda yayılır: 1) ümumi
proqram, 2) xarici proqram, 3) gənclər proqramı, 4) Qurani-kərim
proqramı, 5) klassik musiqi proqramı. Oman
televiziyası ilk verilişini 17 noyabr 1974-cü ildə Məsqət
şəhərini və ətrafları əhatə etməklə
yayımlamağa başladı. 1975-ci ildə
isə yayım dairəsi Səlal şəhərini də əhatə
elədi. İlk vaxtlar gündə 4 saat
yayımlanan və yalnız paytaxtı əhatə edən
televiziya verilişləri bu gün ölkənin əksər
bölgələrində fasiləsiz şəkildə
translyasiya edilir.
1986-cı ildə Sultanlıqda xəbərlərin,
müxtəlif fəaliyyətlərin və mövqelərin rəsmi
ötürücüsü kimi Oman Xəbərlər Agentliyi
təsis edildi.
1996-cı ildə isə rabitə sistemində
yüksək texniki avadanlıqla təchiz olunmuş Oman
Elektron Şəbəkəsi (OMANT) yaradıldı. 1997-ci ildə Beynəlxalq İnternet Şəbəkəsindən
kütləvi şəkildə istifadə edilməyə
başlandı.
Mətbuat işçilərinin professional
bacarıqlarını artırmaq və Omanda mətbuat
işinin inkişafını təmin etmək məqsədilə
2004-cü ildə Oman Jurnalistlər Cəmiyyəti fəaliyyətə
başladı.
2007-ci ildə isə elektron informasiya sahəsinə,
radio və televiziyaya özəl sektor da sərmayə qoydu. İlk özəl
radio "Hala” FM adı ilə öz verilişlərini
yayımlamağa başladı. 2008-ci ildə "Sabko”
şirkətinin radio qovşağı, 2011-ci ildə daha 2
radio qovşağı və "Merge” radio stansiyası
yaradıldı, nəhayət, 2017-ci ildə böyük Məsqət
Radio Verilişləri Stansiyası təşkil edildi. Qeyd etmək lazımdır ki, Sultanlıqda ilk özəl
telekanal olan "Macan” televiziyası 2009-cu ildə fəaliyyətə
başlayıb.
İndiyədək
yazılanlardan belə nəticə
çıxarılmamalıdır ki, Oman və omanlılar
1970-ci ildən əvvəl mətbuatla tanış
deyildilər. Sadəcə, ölkə daxilində
1970-ci ildən sonrakı hərtərəfli münbit şəraitin
yaranması yeni Oman mətbuatının və digər
informasiya vasitələrinin təşəkkül tapması
baxımından əsaslı tarixi mərhələdir.
Bütövlükdə Oman mətbuatı, ən
azı, iki tarixi mərhələ keçib. Birinci mərhələ
Şeyx Nasir bin Salim bin Ədim Ər-Rəvahinin 1911-ci ildə
Zənzibarda nəşr etdiyi "Ən-Nəcah”/
"Uğur” qəzetinin
nəşri ilə başlanır. Bu mərhələ
1964-cü ilə qədər davam edir ki, bunu Afrikada mühacir
mətbuatı da adandırmaq olar. İkinci
dövr XX əsrin əllinci illərindən
altmışıncı illərin sonuna qədərki
dövrdür və bu dövrdə xeyli başqa fərdi təşəbbüslər
edilir. Bəzi hallarda bu təşəbbüslər
ictimai və siyasi qrupları da əhatə edir, onların da
öz fikir və traktatlarının həmin mətbuat vasitəsilə
yayılmasına imkan yaradır. Bu cürə
mətbuat Omandan başqa daha bir neçə ölkədə
– Birləşmiş Ərəb Əmirliklərində, Yəməndə,
Əlcəzairdə, Misirdə və Suriyada da vüsət
alır. BƏƏ-dəki bəzi mənbələrin
məlumatına görə, İbrahim Məhəmməd
Əl-Mədfə 1927-ci ildə Əş-Şariqə şəhərində
"Oman” qəzetini təsis edir. 1964-cü
ildə isə Həmid Naser Əl-Uveys və İmran
Əl-Uveys "Əd-diyar əl-Omaniyyətu”/"Oman
diyarı” adlı qəzet nəşr etməyə
başlayırlar. 1969-cu ildə Zofar
Azadlıq Cəbhəsi tərəfindən
"Sovtuş-şəb”/ "Xalqın səsi” qəzeti,
habelə 1970-ci ildə "9 iyun” jurnalı nəşr edilməyə
başlayır. Təəssüf ki,
obyektiv və subyektiv səbəblərdən həmin mətbuat
orqanları elmi şəkildə öyrənilməmişdir.
Ona görə Oman mətbuatı tarixini elmi-tənqidi
şəkildə öyrənməyə və təhlil etməyə
ehtiyac vardır. Şübhəsiz, belə
bir şəraitdə mətbuat tarixi problemlərinin öyrənilməsinə
həssaslıqla yanaşma tələb olunur.
Oman mətbuat tarixinin əvvəldə
danışdığımız üçüncü mərhələsi
1970-ci ildə Omanın müasir dirçəlişi ilə
başlanıb. Məhz bu dövrdə Oman ərazisində
ilk Oman gündəlik qəzeti "Əl-Vətən”/ "Vətən”
işıq üzü görür. Qəzetin
ilk nömrəsi 28 yanvar 1971-ci ildə nəşr edilir.
Dördüncü mərhələ 1975-ci ildə
"Oman mətbuatı və yayımı haqqında qanun”un qəbul
edilməsindən sonra başlayır. Beşinci mərhələ
1984-cü ildə mətbuat haqqında "ikinci qanun”un qəbul edilməsi, sonuncu mərhələ
isə 1997-ci ildə Omanda geniş əhali kütləsinin
internetdən istifadəyə keçməsiylə əlaqəlidir.
Həmin vaxtdan Oman mətbuatı yeni tarixi mərhələyə
qədəm basdı.
Üçüncü
mərhələ haqqında bir az da
danışaq. 1971-ci ildə Omanda ilk nömrəsi
çıxmış "Vətən” qəzeti, Beyrutda
"Əl-Cumhuriyyə” qəzetinin mətbəəsində
müvəqqəti nəşr olunan "Camiə”/
"Universitet” və başqa mətbuat orqanlarının nəşri
dərin tarixi yanaşma və mühüm peşəkarlıq
vərdişləri sərgiləyən öncül mətbuat
təcrübələri sayıla bilər.
"Vətən”
qəzetinin təsisçisi və ilk redaktoru Nəsirəddin
Məhəmməd Ət-Tai birinci nömrənin baş məqaləsində
ərəb şairi Əbulqasim Əş-Şabinin
aşağıdakı məşhur beytini təqdim edir:
Xalq
yaxşı həyat istəyi ilə ayağa durarsa,
Tale gərək cavab versin.
Onda gecə
aydın səhərə dönməli,
Zəncirlər qırılmalıdır.
Tai həmin baş məqalədə yazır ki, "Vətən”
qəzeti öz üzərinə götürdüyü məsuliyyəti
dərk edərək mətbuat vasitəsi ilə ictimai rəyi
istiqamətləndirmək istəmiş və həqiqəti
göstərməyə çalışmışdır.
Həmin
birinci nömrədə Oman şairi Abdulla bin Məhəmməd
Ət-Tainin şeiri də verilmişdir. Şeirin əvvəli
belədir:
Vətənim,
biz səndən uzaq düşməmişik,
Biz qayıtdıq və görüşdük.
Bəzi yaxınlarımızı unutduq.
Qayıdanda isə xoşbəxtlikdən ağladıq.
Qəzetin baş redaktoru eyni zamanda istedadlı şair,
yazıçı və safniyyətli tənqidçi olan gəncə
ehtiramını bildirir. Tai yazır: "Bu gözəl ədəbi nümunə
bütün vətəndaşlar tərəfindən qəbul
ediləcək. Burada bizim məqsədimiz
ümumi mənafeyə xidmət etmək, Oman oxucusunu
düzgün istiqamətləndirməkdir. Bu məqsəd hər şeydən
üstündür. Allah hamıya uğur və
rahatlıq bəxş etsin”.
Ölkədə quruculuq işlərində iştirak
etmək üçün qürbətdən dönmək və
omanlıları Vətənə qayıtmağa
çağırış mövzusu "Vətən” qəzetinin
ilk saylarında, habelə ilk dörd ildəki saylarında əsas
mövzu olmuşdur. Sonrakı saylarında qəzet bir sıra
ərəb ölkələrindəki Oman nümayəndəliklərinin,
dostluq qruplarının fəaliyyətinə geniş yer
vermişdir.
Bir
müddət sonra İnformasiya və İctimai İşlər
Nazirliyi dövlət qəzetinin nəşr edilməsi ilə
bağlı İnformasiya və Turizm İdarəsinə
göstəriş verir, nəticədə 18 noyabr 1972-ci ildən
etibarən dövlət qəzeti olan "Oman” nəşrə
başlayır. İlk vaxtlar qəzet bir sıra
tanınmış ərəb jurnalistinə – o cümlədən
Əmin Əbu Şerə, Süleyman Quzata, Məhəmməd
Naci Əmayizə əməkdaşlıq üçün
müraciətlər edir. Qəzetin ilk
sayları 8 səhifə olmaqla həftəlik nəşr
edilir. Materiallar "Xəbərlər”, "Müsahibələr”,
"Məqalələr” və "Şəkillər”
adlı bölmələrdə təqdim edilir.
Nazirliyin İnformasiya və Turizm İdarəsinin baş
direktoru eyni zamanda qəzetin redaktoru təyin edilir ki, hamı
üçün belə nüfuzlu nəşrin rəhbərinin
omanlı olması da çox vacib məqam idi.
Beləliklə, ilk saydan başlayaraq, İnformasiya və
Turizm İdarəsinin baş direktoru Naser Bin Seyf Buəli həm
də "Oman” qəzetinin baş redaktoru təyin olunur. O, ilk sayda yazdığı
məqalədə qeyd edir ki, bu qəzet Omanda dərc edilən
ilk dövlət qəzeti və ilk qəzetlərdən biri
olaraq xüsusi əhəmiyyətə malikdir. O da çox
mühümdür ki, qəzet ölkədə öz mətbəəsində
nəşr edilir. Sonralar "Oman diyarı” ifadəsi
məqalələrdə, xəbərlərdə, şəhər
və kəndlərin fotoşəkli verilən rubrikalarda
tez-tez işlədilməyə başlayır.
1973-cü ildən isə qəzetə nazirliyin mətbuat
və yayım idarəsinin müdiri Əhməd Səlim
Al-Cumə redaktor təyin edilir.
"Oman” qəzetinin ilk saylarında daha çox
xalqı maraqlandıran məsələlərlə
bağlı çoxlu xəbər, məqalə və
müsahibə yer alır. Qəzetdə ilk dəfə
olaraq "Omandan bir surət” adlı rubrika açılır.
Omanın görkəmli şəxsiyyətləri
haqqında yazılar "Oman surətləri” guşəsində
təqdim edilir. I-XI saylarda həmin guşədə
eyni zamanda görkəmli Oman qadınları barədə
yazılar təqdim edilir. Qəzet həm də
həftədə bir dəfə Oman radio və televiziyası
verilişlərinin proqramlarını da oxuculara
çatdırır.
Bütövlükdə Oman mətbuatının tarixi və
əhatə etdiyi yazılar, məqalələr və məsələlər
çoxdur, burada göstərilənlər yalnız
onların çox kiçik bir hissəsidir. Oman mətbuatında
işıqlandırılmış məsələlərin,
müxtəlif materialların daha əsaslı və obyektiv
şəkildə öyrənilməsini bizdən sonrakı nəsillər
daha uğurla davam etdirəcəklər.
Bu məqalədə isə Oman mətbuat tarixinin təklif
olunan bölgüsü ölkə daxilində və xaricində
mətbuatın nəşri ilə bağlı
ayrı-ayrı şəxslər və ya qruplar tərəfindən
başqa cəhdlərin olmadığını göstərmək
kimi qəbul edilməməlidir. Belə cəhdlər,
şübhəsiz ki, olub, sadəcə indiyə kimi həmin
mətbuatın və əsaslı sənədlərin əlimizdə
olmaması səbəbindən bu faktlar heç bir
bölgüdə təsniflənməyib. Əlbəttə,
gələcəkdə Oman mətbuat tarixini araşdıranlar
bütün bunları nəzərə alacaqlar.
Məqalə müəllifin "Vəfa Əl-Kəliməti/"Sözün
sədaqəti” (Məsqət, 2010) kitabından (səh.187-197)
götürülüb. Abdulla Əl-Nuveysin "BƏƏ-də
rabitə vasitələri” ( Əbu Dabi, 1984) və Məhəmməd
Səid Duzeybinin "Müasir Oman tarixində inqilabın qələbəsi”
(Beyrut, 1904) məqalələrindən istifadə edilib.
Abdulla Bin Xəmis Əl-Kindi
Sultan Qabus Universitetinin ədəbiyyat
və ictimai elmlər
fakültəsinin professoru
Kaspi.-2018.-31 yanvar.-S.11.