Azad mətbuatımızın ilk təminatçısı

 

Cümhuriyyət dövründə mətbuatın inkişafı üçün hüquqi bazanın yaradılması istiqamətində mühüm işlər görüldü

 

İstər arxiv sənədləri, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti  dövrünü əks etdirən əksər tədqiqat əsərlərində belə bir fikir vurğulanır ki, Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. Sözsüz ki, mətbuatın belə yüksək səviyyədə inkişaf etməsinə səbəb ilk növbədə hökumətin ona qayğı ilə yanaşmasında idi. Bu qayğının nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olundu. İlk dəfə Azərbaycan yazarı və oxucusu azad sözün, azad mətbuatın nəfəsini duydu. Senzuranın ləğvi ölkədə azad mətbuata yol acmaqla yanaşı, milli mətbuatın qarşısında yeniçox müqəddəs vəzifələr qoydu. Mətbuat da Xalq Cümhuriyyətinin qorunub saxlanması, yaşanması üçün ideoloji mübarizəyə qalxdı. Milli ruhlu mətbuatda aparıcı mövzulardan birincisi Azərbaycan xalqının əldə etdiyi müstəqilliyi qorumaq, istiqlal düşüncələrini dərinləşdirmək, demokratik şüuru möhkəmləndirmək, ona qarşı çıxan qüvvələrə layiqli cavab vermək idi. Demokratik prinsiplər üzərində qurulan AXC müstəqil və azad jurnalistikanın zəruriliyini anlayaraq, mətbuatın və nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq üçün hüquqi bazanın yaradılması istiqamətində mühüm işlər gördü, bir-birinin ardınca bir necə qanun və sərəncamlar qəbul etdi. Mətbuata dair verilən əmr və göstərişlərin, qanun və qərarların geniş məsələlərə toxunması, aparılan işin ciddiliyindən xəbər verirdi. Belə sənədlər arasında özünün siyasi-hüquqi, sosial-mədəni əhəmiyyətinə görə, xüsusi diqqət çəkən, ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən ilk qanunverici akt "Mətbuat haqqında Nizamnamə” oldu. 1919-cu ilin 30 oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul edilən bu Nizamnamə uzun illər çar imperiyasının zülmü altında sıxılan xalqa azad şəkildə fikirlərini ifadə etmək imkanı verdi. Mətbuat da ölkənin hər sahəsinə müdaxilə etmiş, problemlərin həllinə çalışmış, yeniliyi təbliğ etmiş, ölkə həyatını tam dolğunluğu ilə əks etdirməyə səy göstərmiş və sonda buna nail olmuşdur. Mətbuat tam obyektiv şəkildə ölkənin nailiyyətləri ilə yanaşı, iqtisadi, siyasi, mədəni həyatındakı problemlərdən, nöqsanlardan də bəhs edən mövzulara öz səhifələrində yer vermişdir. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə mətbuatla bağlı məsələləri "Mətbuat Haqqında Nizamnamə” adlı normativ sənəd tənzimləyib.

 

         1918-1920-ci illərə aid arxiv sənədləri və dövrü mətbuatın materialları ilə tanış olarkən aydın olur ki, iki hissədən (birinci hissə 20 bənd, ikinci hissə 3 bənd) ibarət olan Nizamnamə qəbul edilməzdən əvvəl, Parlamentin bir necə iclasında müzakirə olunub. Bu müzakirə və mübahisələrdən də göründüyü kimi, "Mətbuat Haqqında Nizamnamə” heç də asanlıqla qəbul olunmayıb. Müzakirələr zamanı "Hümmət”, "Sosialist fraksiyası, "Əhrar” partiyalarının nümayəndələri nizamnaməyə qarşı kəskin etiraz edirlər. Həsən bəy Ağayevin sədrliyi ilə keçən 25 oktyabr 1919-cu il tarixli iclasda S.Ağamalıyev ("Hümmət”) qanun layihəsi əleyhinə uzun bir nitq söyləyib. İ.Əbilov da ("Hümmət”) həmkarının qərəzli fikirlərini dəstəkləyib: "Mən güman edirəm ki, bu qanun layihəsi bizə təqdim olunduğu şəkildə mətbuat azadlığına zərbə vuracaq. Birinci bənddə deyilir ki, respublikanın hər bir vətəndaşı qəzet, jurnal, kitab nəşr edə bilər. Amma on birinci bənddə deyilir ki, qəzet nəşr edən, qəzeti buraxmazdan yeddi gün əvvəl mətbuat müfəttişliyini bu haqda xəbərdar etməlidir”.

 

         Ə.Qarayev ("Hümmət”) və A.Pepinov ("Sosialist fraksiyası”) da Nizamnamənin qəbul edilməsinin əleyhinə çıxış edərək, bunu söz azadlığının qarşısının alınması kimi qiymətləndirərək, qərəzli fikirlərindən dönmədilər. Sosialist fraksiyasından İ.Əbilov və A.Pepinov yenidən etiraz edərək Nizamnamənin bir daha komissiyaya qaytarılmasını tələb etdilər. Q.K.Sanıyev ("Hümmət”) isə daha qərəzli çıxış edərək bildirir ki, Nizamnamə hakimiyyətdə olan partiyanın mətbuat azadlığını boğmaq istəyini aydın göstərir. Çox qəzəbli çıxış edən natiq sözünü belə tamamlayır: "Biz belə qanun istəmirik”.

 

      Bütün çıxışları səbir və diqqətlə dinləyən M.Ə.Rəsulzadə mətbuat azadlığı ilə anarxiya mətbuatını qarışdıran natiqlərə irad tutaraq deyir: "Bu Nizamnamə azad mətbuatla anarxiya mətbuatı arasında sərhədi müəyyənləşdirir. Eləcə də yazılı və şifahi sözün fərqli olduğunu, onlardan birinciyə nəzarətin mümkünlülüyünü, ikinciyə isə qeyri-mümkün olduğunu aydınlaşdırır”.

 

         Çox gərgin keçən iclasın yekununda təkliflər səsə qoyulur; 29 səs lehinə, 27 səs isə əleyhinə verilirqanun qəbul olunur. Azlıq səsvermənin düzgün olmadığını göstərir. İkinciüçüncü dəfə səsə qoyulurParlament ikinci oxunuşa keçidi qəbul edir. Nəhayət, 1919-cu il oktyabrın 30-un da "Mətbuat Haqqında Nizamnamə” qəbul olunur. Bununla da bir daha sübut olunur ki, dövlət mətbuat işinə son dərəcədə həssas yanaşaraq, siyasətində ona xüsusi əhəmiyyət verib. Real tarixi şəraiti dəqiq qiymətləndirən AXC hökumətinin mətbuat haqqında siyasətini demokratik əsaslarla qurmasının bir sıra səbəbləri var. Bunlardan bir necəsini sadalamaq yerinə düşərdi.

 

          Birincisi, ölkənin informasiya məkanının yad təsirlərdən qorunmasına yol açdı, KİV-i bir sistem kimi formalaşmağa yönəltdi, onu pərakəndəlikdən, qeyri-peşəkarlıqdan uzaqlaşdırdı. İkincisi, həmin dövrdə bolşevik, eser-menşevik, islams. təmayüllü mətbuat orqanları fəaliyyət göstərirdi ki, bununla da dövlətin ideoloji əsaslarını zəiflədirdi. Nizamnamə ciddi hüquqi sənəd olmaqla normativ aktları müəyyənləşdirirdi və mətbuatda məsuliyyətsiz çıxışların qarşısını alırdı. Üçüncüsü, bu Nizamnamə ölkədə normal KİV sisteminin yaradılmasına səbəb olmaqla yanaşı Azərbaycanda mütərəqqi jurnalistika ənənələrinin əsasını qoydu. Ən əsası, bu rəsmi sənəd mətbuata dövlətin hüquqi dəstəyini təmin edərək, dövlət anlayışlarının, dövlətçilik şüurunun möhkəmləndirilməsinə xidmət etdi. Bu Nizamnamə milli demokratik mətbuatımıza dair milli demokratik dövlətimizin ilk rəsmi hüquqi sənədidir. Elə ona görə də bu sənəd Azərbaycan jurnalistikasının inkişafına güclü təkan verdi, milli mətbuat tariximizdə silinməz bir iz qoydu. Müasir dövrümüzdə KİV sahəsində qəbul olunan qanunvericilik aktlarında da bu iz hiss olunmaqdadır. Belə ki, Azərbaycan Respublikası yenidən müstəqillik əldə edən kimi özünün müstəqil Konstitusiyasını yaratdı. Konstitusiyanın xalqa verdiyi azadlıq hüquqlarından biri mətbuat, söz, fikir azadlığı ilə bağlıdır. Ona görə də bu azadlığın hüquqi bazasını təşkil edən KİV haqqında Qanun hazırlandı və 1992-ci ildə Parlament tərəfindən qəbul edildi. "KİV haqqında Qanunun hazırlanmasında 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunan qanundan yetərincə istifadə olunub.         

 

Odur ki, bu gün mətbuatımızın ideya istiqamətinə nəzər saldıqda görürük ki, Azərbaycan Xalq Cümhuriyyəti mətbuatı ilə tam eyni bir siyasəti təbliğ edir. İstər 1918-1920-ci illərdə, istərsə də bu gün milli mətbuatımız müstəqil dövlət, demokratik vətəndaş cəmiyyəti qurmaqla yanaşı, sosial ədalətin təmin edilməsində, milli şüurun, milli özünüdərkin, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Zəngin, böyük bir tarixə malik olan milli mətbuatımızın bu müsbət xüsusiyyətləri öyrənilməli və əxz edilməlidir. Heç şübhəsiz, keçilmiş yolun öyrənilməsi, dəyərləndirilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, demokratik dəyərlərin tam bərqərar olmasına, cəmiyyətdə sabit, sağlam mühitin yaradılmasına və müstəqillik ideyalarının təbliğinə xidmət etməlidir. Əgər sələflərimizdən öyrənir və onların yolunu davam etdiririksə, əsas məqsədi xalqa təmənnasız xidmət, azadlığı və müstəqilliyi qorumaq, xalqı maarifləndirmək, məlumatlandırmaq, "türkçülük, islamçılıq, müasirlik” prinsipinə söykənərək, böyük Azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. Azərbaycançılıq Azərbaycan xalqının məfkurəsidir, məfkurəçilik isə bizim əsas siyasi xəttimizdir.

 

                  Bu zaman belə bir sual meydana gəlir: görəsən bu gün mətbuat azadlığının, mətbuat bolluğunun olduğu bir zamanda KİV-lər  bu siyasəti necə təbliğ edirlər? Bunun üçün düşünməyinə dəyməzmi?  Bu böyük amalları kiçik hisslərə, şəxsi maraqlara qurban vermək qələm əhlinə yaraşarmı? Axı bu gün Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından, MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Ölkəmizdə insan hüquqlarının, siyasi plüralizmin vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həmdemokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatda tapır. Bu mənada, Azərbaycanda söz və mətbuat azadlığının təminatı, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində, şübhəsiz ki,  KİV-inrolu böyükdür, danılmazdır.  

     

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

Kaspi.-2018.-31 yanvar.-S.15.