İKİ ÖMÜR, BİR SƏHNƏ
Əli Zeynalovla Mirvari Novruzova həyatda
da, səhnədə də nümunə idilər
Müxtəlif tamaşalarda baş rolların qabil ifaçısı Əli Zeynalov biz nəslin yaddaşında ən çox bədii qiraət ustası kimi qalıb. Hələ də onun aydın diksiyası, ürəyə yatımlı, yumşaq səsi qulaqlarımızdan getməyib. Azərbaycanın xalq artisti Əli Zeynalovun bioqrafiyasını əks etdirən yazıları oxuduqca bir məsələni dərindən dərk edirsən ki, o, həqiqətən, ötən əsrin səhnə korifeylərindən biri olub. Onu səhnədə görənlər həmişə böyük ehtiram və məhəbbətlə xatırlayırlar ki, Əli Zeynalov tamaşaya xüsusi ruh və cazibədarlıq gətirərdi. Bəzən də teatra məhz Əli Zeynalova görə gələrdilər.
Qəribə taleləri var aktyorların. Elə ki, səhnənin şahıdırlar, sanki dünyanın bütün sevgiləri, diqqətləri ancaq onlara məxsus olur. Elə ki, sənətin şahlıq quşu onların çiyinlərindən yerə endi, yəni, həyatın əbədi qanunları sahmanı pozdu, onda mərhəməti olmayan bu səltənətin qəribə acılıqları başlayır. Adam bəzən onların həqiqət və yaxud da yalan olduğunu kəsdirə bilmir. Rəssamın, yazıçının, şairin, bəstəkarın sonrakı ömrü yaratdıqları əsərlərin dəyərində davam edir. Bu sahənin yaradıcısı barədə min ildən sonra da söz demək mümkün olur. Çünki onlardan miras qalanlar sübut-dəlil kimi çox şeydən xəbər verir. Aktyor sənəti isə tamam bambaşqadır. Yaxşı ki, son zamanlar bəzi lent yazıları, kinofilmləri var. Yoxsa, yaddaşdan başqa heç harada heç nə qalmır.
Həm lent yazılarında, bədii filmlərdə, həm də yaddaşlarda həkk olunmuş müqtədir sənətkarlarımızdan biri də Əli Zeynalovdur. Onu görənlər yaxşı xatırlayırlar ki, zahirən çox yaraşıqlı bir insan olan böyük sənətkar öz həmkarlarından həm də ağ saçları, uca boyu, dərin, ifadəli, nüfuzedici baxışları və bir də qeyri-adi səsi ilə seçilirdi. Tamaşalarda yaratdığı obrazlar da bir-birindən fərqli və mürəkkəb idi. Onu səhnə fədaisi də adlandırmaq olar, sənət korifeyi də. Hər ikisi Əli Zeynalovun yaradıcılığını tam şəkildə əks etdirir. Elə obrazları var ki, Azərbaycan teatr sənətinin inkişafına təkan verən amil kimi səciyyələndirilir. Amma bütün bununla belə, xalq artisti Əli Zeynalov hər birimizin yaddaşında səsi ilə yaşayan sənətkar kimi daha unudulmazdır.
Əli Zeynalov 4 aprel 1913-cü ildə Salyanda ziyalı ailəsində anadan olub. Aktyorun atası Yusif Zeynalov Azərbaycanın maarifpərvər ziyalılarından, ilk pedaqoqlarından biri olmaqla bərabər, həm də son dərəcə xeyirxah, vətənpərvər şəxsiyyət imiş. Ötən əsrin əvvəllərində Salyanda ilk qız məktəbi açıb, 1937-1958-ci illərdə isə Azərbaycan ETPEİ-də elmi işçi vəzifəsində çalışıb. Onun yazdığı "Əlifba" 1932-1945-ci illərdə Azərbaycan məktəblərində istifadə edilib. Savadsızlığın ləğvində Yusif Zeynalovun böyük əməyi olub. O, hətta "Savad məktəbləri üçün əlifba", "Lal-karlar üçün əlifba" və s. dərsliklər də yazıb.
Yusif müəllimin oğlu Əli Zeynalov isə teatr sənətimizin əlifbasını yaradanlardan biri olub. 1933-cü ildə Bakı Teatr Texnikumunu bitirən Əli Zeynalov məhz İrəvana gedərək orada Azərbaycan Dram Teatrında çalışmağa başlayıb. Sonralar bu illəri xatırlayan Əli Zeynalov söhbətlərində deyərdi ki, ömrümün ən məhsuldar, yaradıcılığımın qızıl dövrünü məhz İrəvan teatrında keçirib. O vaxtlar İrəvan teatrının ən çox müraciət etdiyi dramaturq Cəfər Cabbarlı idi. Ədibin əsərlərinin əksəriyyəti bu teatrda tamaşaya qoyulmuşdu. Əli Zeynalov Cabbarlı əsərlərinin baş rollarının ifaçısı kimi məşhurlaşmışdı. O, İrəvan teatrında təkcə aktyorluq etmirdi. Ondan həm də öyrənirdilər. Əli Zeynalovun son dərəcə böyük istedad və aktyorluq məharətinə malik olması hələ tələbəlikdən hamıya məlum idi. O, psixoloji və fiziki təbiətini rollarına bağışlamağı bacarırdı. Əli Zeynalov hər bir obraza fərdi yanaşırdı. İnsan daxilindəki dəyişmələri, psixoloji döyüşmələri, hisslərin toqquşmasını çox ustalıqla aktyor sənətində nümayiş etdirə bilirdi. Onu başqa şey də sevindirirdi. Ardıcıllarını gördükcə fərəhlənirdi. Bununla yanaşı, qəlbində başqa bir istək duyurdu. Bakı onu özünə çəkirdi. Nəhayət, 1945-ci ildə Əli Zeynalov Bakıya qayıdaraq Milli Dram Teatrında aktyorluq fəaliyyətinin ikinci mərhələsinə başladı. Otuz il bu teatrın səhnəsində bir-birindən fərqli, maraqlı, ziddiyyətli obrazlara can verdi. Onun obrazlar qalereyasındakı adları çəkmək istəsək, uzun bir siyahı yaranar. Aktyorun xoş taleyindən, yoxsa istedadın diktəsinin nəticəsindən doğan məqamlardandır ki, Əli Zeynalov çox vaxt baş rolun ifaçısı olub. Bəzən əks qütblü rolları da elə ustalıqla yaradıb ki, tamaşaçı onun bu ikili təbiətindən - əsl aktyor məharətindən heyrətə gəlib. Şekspirin, Hüqonun, Lope de Veqanın, Cəfər Cabbarlının, Nazim Hikmətin, Tolstoyun, İlyas ƏfəndiyevinE əsərləri əsasında hazırlanmış tamaşalarda Əli Zeynalov yaratdığı obrazlara məhz öz möhürünü vurmuşdur. Onun iki əsərdəki rolu xüsusilə diqqəti cəlb edir. "Antonio və Kleopatra" tamaşasında Əli Zeynalov Antonio, unudulmaz aktrisa Hökumə Qurbanova isə Kleopatra rollarını yaradıblar. Bu tərəf-müqabillərin yaratdığı möcüzəni görənlər hələ də o tamaşanı xiffətlə xatırlayırlar. Sənətşünas İnqilab Kərimov söyləyərdi ki, Azəbaycan səhnəsi sonralar daha belə Antonio və Kleopatra obrazlarının şah ifaçılarını görmədi. Təsəvvürünüzə gətirirsiniz, iki nəhəng sənətkarın bir tamaşada oynaması nə deməkdir? Hələ 1964-cü ildə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin tamaşasında Əli Zeynalovun yaratdığı Həsənzadə obrazı tamamilə yeganə olaraq qaldı. Onun tərəf-müqabili səhnədə ilk addımlarını atan gənc aktrisa Amaliya Pənahova olub. Həsənzadə - Əli Zeynalov nə qədər təmkinli, səbirli görünürdüsə, Nargilə - Amaliya Pənahova əksinə, son dərəcə çılğın, emosional və şıltaq idi. Bu əks qütblərin can verdiyi obrazlar elə səmimi, təbii alınmışdı ki, yenə də təkrar edirik ki, onlarsız sonrakı tamaşalarda bu rollar o qədər də diqqət çəkmədi. Bəlkə də Əli Zeynalovu görməyənlər bəyəndilər, çoxu isə xiffət keçirdi. Sonralar "Sən həmişə mənimləsən"in televiziya tamaşası da oldu, hətta "Boy çiçəyi" adı ilə yeni quruluşda səhnələşdirildi də. Baş qəhrəmanı - Həsənzadə obrazını tanınmış aktyorlar yaratdılar. Açıq deyək ki, heç biri Əli Zeynalov kimi zirvə fəth etmədi. Azərbaycan kinosunun inkişafında da qüdrətli sənətkarımızın böyük xidmətləri var. 40-dan çox bədii və qısametrajlı filmə çəkilib. "Kölgələr sürünür", "Bir qalanın sirri", "Məhəbbət dastanı", "Səhər", "İstintaq davam edir", "Qanun naminə", "Leyli və Məcnun", "Romeo mənim qonşumdur", "Telefonçu qız", "Uzaq sahillərdə, "Bizim küçə", "Görüş" filmlərində biz Əli Zeynalovu müxtəlif rollarda görürük. Bəzən deyirlər ki, bənzərsiz adam yoxdur. Həyat sübut edir ki, var. Çünki Azərbaycan səhnəsində elə aktyorlar olub ki, onların yeri bu gün də görünür. Belə müqtədir, unudulmaz sənətkarlarımızdan biri də Əli Zeynalov idi. Onun yaradıcılığına xas olan əsas məziyyətlər psixoloji dolğunluq və emosionallıq idi. Yaratdığı obrazda fərdi və tipik xüsusiyyətləri o, hər bir səhnə, ekran görünüşündə, intonasiyada, jestdə, baxışda, yerişdə büruzə verə bilirdi.
Əli Zeynalovun həyat yoldaşı əməkdar artist Mirvari Novruzova da səhnəmizə yeni ab-hava gətirmiş, yaratdığı obrazlarla bir məktəbə, nümunəyə çevrilmiş istedadlı aktrisa olub. Görkəmli rejissorlarla işləyən müqtədir səhnə ustaları ilə tərəf-müqabil olan Mirvari Novruzova evdə də böyük, azman bir aktyorun özünəməxsus "kapriz"lərinə həssaslıqla yanaşır, ehtiram və məhəbbətlə qayğısına qalırdı. Səhnədə də, həyatda da eyni səmimilikdə, təbiilikdə olan Mirvari xanımı hamı çox sevirdi - sənət dostları da, iş yoldaşları da, ailəsi də, tamaşaçılar da. Bəlkə də elə bu qarşılıqlı sevgi və hörmətdən doğan uğurlardır ki, hər iki sənətkarın yaradıcılığı da, şəxsi həyatı da qibtəedici məqamlarla zəngindir.
Səhnəmizə yeni ab-hava gətirmiş, yaratdığı obrazlarla bir məktəbə, nümunəyə çevrilən Mirvari Novruzova libasına büründüyü surətin daxili aləmini özününküləşdirməyi məharətlə bacarırdı. Tamaşaçı aktrisanın təbii, canlı, şux oyunu qarşısında heyrətini, rəğbətini gizlədə bilmirdi. Xüsusilə də ziddiyyətli təbiətə malik, qəzəbli, məkrli obrazlar Mirvari Novruzovanın təqdimində çox inandırıcı alınırdı. Ən qəzəbli, kükrəyən qadın tipləri ilə yanaşı Mirvari Novruzovanın can verdiyi obrazlar da var ki, öz mülayimliyi, mehribanlığı ilə yaddaşlardan silinmir. Bu mənada unudulmaz aktrisamızın iştirakı ilə səhnə və ekran həyatı almış iki tamaşadan söhbət aşmaq istəyirəm. Bu, "Solğun çiçəklər”dəki Gülnisə, "Pəncərədə işıq” televiziya tamaşasındakı ana obrazlarıdır. Mirvari Novruzova yaratdığı ögey ana- Gülnisə qəddar, əzazil, acgöz, tamahkar və hiyləgərdir. Bu cür sərt bir obrazın ifaçısı başqa bir surəti- deyək ki, qaynananı elə həssas, qayğıkeş təqdim edib ki, bunları üz-üzə gətirəndə heyrətlənməyə bilmirsən. O, hər tamaşada başqalaşmağı gözəl bacarırdı. Hələ kiçik yaşlarından səhnəyə böyük həvəs və marağı olan Mirvari Novruzova Teatr Texnikumunu bitirəndən taleyini Dövlət Akademik Dram Teatrına bağlamışdı. Teatrşünaslar da, elə həmkarları da onun barəsində danışanda həmişə bir fikri dönə-dönə vurğulayırlar ki, Mirvari Novruzova üçün ancaq və ancaq obraz var idi. Onun böyük və ya kiçik, epizodik, yaxud müsbət və mənfi olmasının elə bir əhəmiyyəti yox idi. O, can verdiyi səhnə tiplərini mükəmməl və bitkin yaratmağa çalışırdı. Mirvari xanımda həm sənət məsuliyyəti çox yüksək idi, həm də canında, qanında Allahın əsirgəmədiyi bir istedad yuva qurmuşdu. O, məhz bu təbii gücün sayəsində istənilən mürəkkəb rolu məharətlə oynayırdı. Bu səbəbdən də onun səhnə obrazları həmişə yadda qalırdı. Özünəməxsus jestləri ilə danışıq və gülüşləri ilə uzun müddət tamaşaçı gözlərindən çəkilmirdi.
Ömrü boyu sənətkarlar arasında olan Mirvari Novruzova evdə də böyük, azman bir aktyorun nazını çəkir, onun qayğısına qalırdı. Əli Zeynalov söhbətlərinin birində etiraf etmişdi: "Mən xoşbəxtəm ki, sənətdə də, həyatda da qarşıma nəcib insanlar çıxdı. Tale məni Mirvari xanımla qoşalaşdırmasaydı, bəlkə də mən heç Əli Zeynalov olmazdım. Mənim bütün əziyyətlərimi, məişət qayğılarımı o çəkirdi. Səhnədəki əzəmətə fikir verməyin, məişətdə çox acizəm. Bu mənada xilaskarım xanımım olub. Halbuki Mirvari də öz sənətinin aşiqi idi". Səmimi bir etirafdır! Onlar həqiqətən, həyatda da, səhnədə də nümunə idilər. İki ömür yolu bir səhnədə birləşmişdi.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi 2018.- 30 yanvar.- S.11.