“İnsanların teatra münasibətinin dəyişməsinə ən böyük maneçiliyi media nümayəndələri törədir”

 

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu 15-20 mart tarixlərində Rusiya Teatr Sənəti İnstitutunda "QİTİS – ustad dərsi” adlı festivalda iştirak edib. U.Şeksprin faciəsi əsasında Gümrah Ömərin quruluşunda hazırlanmış "Otello əfsanəsi” adlı mistik balladada Otello rolunu oynayan Ziya Ağa "Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub.  Ziya Ağanı "Arzularının ardınca”, "Qız qalası”, "Dalan” filmlərindən daha yaxşı tanıyırıq. Ziya ilə söhbətimizdə də elə son uğurlarından danışdıq.

 

- Bu, təkcə mənim uğurum deyil. Mükafat mənə deyil, tələbə yoldaşlarımdan hər hansı birinə verilsəydi, təbii ki, heç bir fərq olmazdı. Ayrı-ayrılıqda hər birimizin uğuru bizim uğurumuzdur. Ümumi götürdükdə, bu,  Azərbaycan incəsənətinin, teatr kontingentinin uğurudur. Moskva bu gün teatrın beşiyi rolunu oynayır. Orda möhtəşəm bir teatr sferası var. O mühitdə olmağın özü belə, bizə gözəl təcrübə qazandırdı. 

  

- SABAH sizə nələr öyrədir?

- SABAH-la bir ailəyik.  Eyni məqsəd, amal üçün çalışır, nələrsə əldə etməyə cəhd edirik. Mərkəzin rəhbəri Bella Məmmədbəyova  SABAH-çılar üçün uğura doğru gedən bir  cığır açıb və bizə bu yolda nailiyyət əldə etməyin sirlərini öyrədir.

- Bu? festivallar sizə nə qazandırır

- Təbii ki, daha böyük maştablı teatr mühitləri ilə tanış oluruq, yeni sistemi görürük və içimizdə bir rəqabət hissi yaranır. SABAH qrupunun bu prinsipinin bizə çox xeyri dəyir. Bundan başqa, müəllimlərin  üzərimizdə çox əziyyəti var. Əgər o tamaşada mən Otellonu öz bildiyim kimi  oynasaydım, yəqin ki, uğur qazana bilməzdim. Tamaşaya Gümrah Ömər quruluş verib və uğurun böyük hissəsi ona, daha sonra Bella xanıma düşür. Çünki Bella xanım Dezdemona ilə münasibətlərimi daha aydın informativ vasitə ilə ötürməyimdə yardımçı olub. Bundan başqa,  Mehriban Zəki, Ceyhun Dadaşov, Nargilə Qəribovanın da üzərimdə haqqı var. Bu, bir nəfərin işi deyil. QİTİS  kimi böyük bir institutun  qəbul edəcəyi bu sistemi onlara tək çatdıra bilməzdim. Təbii ki, rolu oynayan mənəm, ancaq bunu tək edə bilməzdim. QİTİS-in dərslərində olduq, onların iş prinsipi ilə tanış olduq. Gördük ki, əslində bizim müəllimlərimiz pis müəllimlər deyillər. Belə qənaətə gəldik ki, biz o teatr mühitini qura bilməmişik. Hələ teatra insan olaraq həyatda varmamışıq. Bu gün heç kim istirahət üçün tamaşaya getmir.

 

- Sizcə, problem teatrlarımızdadır, yoxsa cəmiyyətdə? 

-  Cəmiyyət neynəsin?  Bu, kökdən gələn bir şeydir. Vaxtilə bizim dünyaya səs salan tamaşalarımız olub.  Ələsgər Ələkbərov, Səməndər Rzayev Rusiyada teatr sferasında tanınan şəxslər olublar. Ondan sonra teatrda qəribə bir boşluq yarandı. Qarabağ müharibəsi ilə əlaqədar iqtisadi problemlərimiz baş qaldırdı. Bu ərəfədə teatr sahəsində çalışan insanlar qurbana çevrildilər. Müharibədən yeni çıxmış ölkə idik, o zaman heç kimi teatr, əyləncə, istirahət maraqlandırmırdı. Həmin illər insanları yalnız öz problemləri maraqlandırırdı. Elə Bakının yarısı evsiz-eşiksiz insanlardan ibarət idi.  Çörək almağa pul yox idi, uzun-uzadı çörək növbələri vardı. O insanlar necə gedib teatra bilet alardı? Mən o dövrdə fəaliyyət göstərən, teatr mühitində sözünü deməyə çalışan insanları  fədai adlandırıram. Şükür ki, onlar bu yoxsulluq içində çalışdılar. Onların sayəsində bu gün Azərbaycan teatrı ayaq üstə dayanıb. Onlar zamanında işləməsəydilər, bu gün  Azərbaycan teatrı deyilən bir anlayış olmazdı. Vaqif İbrahimoğlu və onun kimi sənət fədailəri olmasaydı, bu gün onlardan bizə qalan Vidadi Həsənov, Gümrah Ömər, Mehriban Zəki, Pantomima Teatrı,  Bəxtiyar Xanızadə və onun öz yetirmələri (hansı ki, bu gün ali təhsil ocaqlarında onlar da yetişən gənclərə dərs deyirlər) olmasaydı, teatrımız bu gün iflasa uğrayardı. Bizim müəllimlərimiz dövrün  aktyorlarıdır. Məhz onların sayəsində bu gün nəsə edə bilirik. 

- 2019-cu il başlar-başlamaz, ulduzunuz daha çox parıldadı. Martın ilk həftəsində "Boş məkanın dolğunluğu” adlı festivalda rol aldığınız "Bir, iki, bizimki...” tamaşası qalib oldu, daha sonra SABAH-dakı uğurunuz. Bundan başqa, il başlar-başlamaz, baş rolları canlandırdığınız "Qız qalası”, "Dalan” filmi nümayiş olundu. 

- 2019-cu il mənim üçün uğurlu başlayıb. Ancaq bu uğurun əziyyətini 2018-ci ildə çəkmişdim. Bütün hadisələr ötən il yaşanıb. Sadəcə, nəticəsini bu il gördük. 2018-ci ilin əziyyətinin  bəhrəsini bu il gördüm desəm, yəqin ki, daha doğru olar. Mənim üçün  uğur, iş prosesində öyrəndiklərimdir. Hər tamaşa dünya görüşümü dəyişdirir, əlavə fikirlər yaradır, peşə dərəcəmi artırır, peşəyə lazım olan əlavə məlumatları öyrədir.

  

- Rol aldığınız filmlərin və tamaşaların hərəsini tərəzinin bir gözünə qoysanız, hansı daha ağır gələr?

 - Mən  onları tərəziyə qoymaq istəmərəm. Çünki mənim əsas peşəm teatr aktyoruluğudur.

- Teatr daimi qazanc yeri olduğu üçünmü bu düşüncədəsiniz?

-  Qətiyyən,  teatr o qədər də qazanc gətirən bir sahə deyil. Ən aşağı maaşı olan bir iş yeridir. Daimi iş yeri tapmaq mənim üçün çətin deyil. Rahat bir iş tapıb, artıqlaması ilə o pulu qazanaram. Teatrda xoşbəxt olduğum qədər, kinoda xoşbəxt ola bilmirəm. İndi çox xoşbəxtəm, çünki işimlə məşğulam və pulumu qazanıram. Bu, məni qane edir. Kino mənim cismani olaraq saçımı tumarlayır, teatr isə ruhuma sığal çəkir.

- Tamaşaçılar sizi, çəkildiyiniz serialdan,  filmlərdən tanıyır. Siz məhz onların sayəsində tanınırsınız.

- Bu, nə mənim, nə də cəmiyyətin təqsiridir. Bu, birbaşa media nümayəndələrinin problemidir. Bir çox tanınmış kanallarda reytinqli  verilişlərə dəvət almışam, ancaq imtina etmişəm.  Çünki mənim üçün orada çıxış etmək maraqlı deyil.

 

- Səbəb?

- Bilirəm ki, ora getsəm, kinodan danışmalı olacağam. Mən isə kinodan danışmaq istəmirəm. İstəyirəm teatr mühitindən danışsınlar. Nədənsə  media nümayəndələri düşünür ki, teatr cəmiyyətimiz üçün maraqlı deyil. Böyük mənada, insanların teatra münasibətinin dəyişməsinə ən böyük maneçiliyi media nümayəndələri törədir. Elə tamaşalarımız var ki, hələ Azərbaycanda elə bir film çəkilməyib. Ancaq bu tamaşalardan tamaşaçıların xəbəri yoxdur. Niyə? Çünki o tamaşa bizim media nümayəndələrimizin maraq dairəsində deyil.  Nə vaxt ki, aparıcılar mənə "Niyə çəkildiyiniz filmdə yataq və ya sevişmə səhnəsi var?” sualı verəcək, mən o qədər televiziyadan, mediadan uzaq qaçacağam. Məndən soruşurlar ki, bu səhnəyə görə sizi qınayacaqlarından qorxmursunuz?  Mən 2013-cü ildə "Arzularının ardınca” filmində  öpüşmə və yataq səhnəsinə çəkilmişəm. Buna görə tamaşaçı məndən üz döndərməyib, əksinə, izləyənlərimin sayı artıb ki, azalmayıb.

- Müsahibələrinizin birində sənətə məşhur olmaq üçün gəldiyinizi demişdiniz. Şöhrət  xətrinə aktyorluğu seçən  Ziyanın  istəyinə çatmasına nələr köməkçi oldu?

- İndiki istəyim o deyil.

 

 - İstəyiniz dəyişib?

- 100 faiz. Mən yalandan deyə bilmərəm ki,  bu sənətə teatr eşqinə gəlmişəm. Bəli, mən də hamı kimi məşhur olmaq üçün aktyorluğu seçdim. İnsan 19-20 yaşında hansı ali qutsal məqamdan danışa bilər ki? Təsadüfən "Facebook”da  şəklimi gördülər və bir filmə çəkdilər. Filmin qala gecəsi oldu, demək olar ki, bütün tanınmış kanallar televiziyalar, saytlar hamısı orda idi və məni çəkirdilər. Qarşımda 14 mikrofon, 6-7 kamera vardı, media nümayəndələri məndən müsahibə alırdılar, digər tərəfdə isə ömür boyu televiziyadan gördüyüm sənətkarlar mənə baxırlar. Mən də smokinqdə  jurnalistlərin suallarını cavablandırmağa hazır dayanmışdım. Hansı ki, ömür boyu bu səhnəni arzulamışam. Azərbaycanlı bir gəncin ən böyük arzusu nə ola bilərdi ki?  İçimdə dedim ki, Ziya, sevin, istədiyin oldu. İstədiyim olmuşdu, ancaq mən sevinə, xoşbəxt ola bilmirdim, sıxılırdım. Demək olar ki, jurnalistlərin suallarına cavab vermədim. Kənara çəkildim ki, mənə sual verməsinlər. Özümə gəlməyə çalışırdım. Mən  o filmə təsadüf nəticəsində çəkildim, ancaq mənim üçün bu, təsadüf deyil zərurət idi. Düşündüm ki, ortada təsadüf  yox zərurət varsa, demək bunu tanrı istəyir, tək mən istəmirəm. Ondan sonra 6 ay depressiyada oldum.

- Bəs sonra?

- Yenidən qapı satmağa qayıtdım. Mən kamera qarşısında deyil, kənara çəkiləndə daha xoşbəxt idim. Sonda Səidə Süleymanova ilə tanış oldum. O, məni "Yuğ” teatrına gətirdi. Burada çalışdıqdan sonra anladım ki, kinoda aldığım zövq ani bir hiss imiş. Ancaq teatrda bu zövqü bir saat da qopmadan, qırılmadan yaşaya bilərəm. A dan Z-yə bir neçə saatlıq bir şey yaşayırsan, qopmadan yaşayırsan. Hansı ki, bu hiss katarsis məqamına gəlib çata bilir. Teatrı sevməyə başlayırdım.

  

- Kinodan qaçdıqca, kino da sizin ardınızca qaçdı.

- Bəxtim gətirdi. Hər il 5-6 film təklifi alıram. Tanınmaq istəsəm, bir həftə verilişlərə gedib, məşhur olaram. Artıq o həvəs itib, yoxdur məndə. "Dalan” filminin təqdimatında çox görünməməyə çalışdım. Artıq məndə qıcıq yaranır. Ancaq ilk dəfə filmə çəkilməyə başlayanda, fikrim filmin qala gecəsində qalmışdı. Düşünürdüm ki, görəsən, necə olacaq? Media nümayəndələri ilə görüşəcəyimi, hamının məni çəkəcəyini xəyal edirdim.

 

- Qapı satanda daha çox qazanırdınız, yoxsa teatrda?

- Qapı satanda daha çox qazanırdım.

 - "Arzuların ardınca” gedə bildinizmi?

- İlk dəfə o filmlə üzə çıxdım.  Bu gün də arzularımın ardınca gedirəm.

 - Niyə məşhur olandan sonra İncəsənət Universitetində oxumaq qərarı verdiniz? Axı siz məşhur idiniz, sizin buna ehtiyacınız yox idi.

- Çəkildiyim ilk filmə baxanda, özümü bəyənmədim. Düşündüm ki, ordakı məndən qonşularımda doludur. Onlar da mənə oxşayır. Özümə baxdım, dedim ki, bu bayağı məişət varlığıdır? Belə də aktyor olarmı? "Yuğ  teatrına  getdim və orada sənətin sirlərinə yiyələnməyə çalışdım.  Əməkdar artist Vidadi Həsənov mənim ustadımdır, bu gün 5 manat qazanıramsa, buna görə ona borcluyam.   Universitetdə mənə dərs deyən sənətkarlar isə mənim müəllimlərimdir. Hamısından nələrsə öyrənirəm.

  

- Müsahibələrinizin birində  "aktyorun təməli təlxəklikdir” kimi fikir səsləndiribsiniz. Bu fikir heç də birmənalı qarşılanmır.

- Aktyor sənətinin təməli məhz elə təlxəklikdən yaranıb. Belə ki, təlxək  kralın yanında olan, ona diktə edən, kralı idarə edən adam olub. O biri mənada hamı başa düşdüyünə görə, heç zaman tamaşa bitdikdən sonra səhnəyə çıxanda baş əyə bilmirəm.

- Niyə?

 - Səhnəyə çıxanda özümü fərqli hiss edirəm. Söhbət ondan getmir ki, mən özümü sındırmıram, qətiyyən. Oynadığım tamaşanın biletinin qiyməti 7 manatdırsa, mən kiminsə 7 manatlıq əyləncə formasıyam. Bəzən səhnədə kiminsə dərdini nümayiş etdirirsən, faciəsini göstərməyə çalışırsan, amma görürsən ki, zalda əyləşənlərdən bir neçəsi telefonla oynayır.

 - Bu, sizi yayındırır?     

 - Deyirlər ki, kənardan deyilən söz, edilən hərəkəti aktyor görmür. Bu, absurd fikirdir. Əgər mən səhnədə hər şeyi təbii şəkildə göstərməyə çalışıramsa, adi səsə belə reaksiyam olmalıdır. Tamaşa bitdikdən sonra tamaşaçı səni alqışlayır. Belə məqamda özümü o dərəcədə sevə bilmirəm.

- Tamaşaçı ilə aranızda yaranan anlaşılmazlığın səbəbi nədir?

- Bilsəm ki, bu insanlar məni doğurdan sevir... Bilirəm ki, onlar məni yalnız etika xətrinə alqışlayırlar. Akademik Milli Dram Teatrında  mərhum sənətkarımız Fuad Poladov son tamaşasından sonra səhnəyə çıxanda, hamı ayağa qalxmışdı, ağlayaraq onu alqışlayırdılar. Mən onların gözündə bu sevgini, məhəbbəti gördüm. Bilsəm ki, tamaşaçılar həqiqətən doğurdan sevirlər... Bilirəm ki, bu alqışlar etika xatirinədi çünki mən axı çox zəif aktyoram hələ.

 

Xəyalə Rəis

 

Kaspi 2019.- 13-15 aprel.-  S.8.