Avropada gənclərin çoxluq təşkil
etdiyi ölkə
Gənc nəslin
çox olması Azərbaycana hansı
üstünlüklər qazandırır?
Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin
ən çox olduğu
ölkədir. Trend-in məlumatına görə,
bu barədə "Eurostat”ın hesabatında
deyilir. Hesabata əsasən, Azərbaycan
əhalisinin 9,4 faizi bu yaş
qrupuna aiddir.
Gənc
nəslin daha çox olduğu ölkələr arasında
həmçinin Malta (8,4
faiz), Albaniya (8,2 faiz) və İslandiya
(8 faiz) yer alıb. 25-29 yaşlı
gənclərin ən
aşağı faizi isə İspaniya və İtaliyada qeydə alınıb.
Bu ölkələrdə gənc
nəsil əhalinin 5,4 faizini təşkil
edir. Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir. Gənclərin çoxluğu, ümumiyyətlə,
bir ölkəyə hansı üstünlüklər
qazandırır? Bu mövzu ətrafında gənclər sektorunda fəaliyyət göstərən
şəxslərlə söhbətləşdik.
Milli Məclisin
Gənclər və idman komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev "Kaspi”yə
açıqlamasında bildirdi
ki, hər hansı bir ölkənin xoşbəxt
gələcəyə olan
ümidləri ilk növbədə
gənclərə bağlıdır,
bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir: "Azərbaycanın
da gənclər ölkəsi olması, əhalinin yarıdan çoxunu gənclər təşkil etməsi qürurverici haldır. Çünki hər bir ölkədə
dövlətçiliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı
təminatı intellektual
gənclərin yetişdirilməsindən,
onların aparıcı
qüvvəyə çevrilməsindən
çox asılıdır.
Bu gün Azərbaycanın
qazandığı ən
böyük uğurlardan
biri də hər cür innovasiyalara açıq, ideyalarla dolu zəngin gənclik potensialına malik olmasıdır. Gündən-günə çiçəklən, inkişaf
edən müstəqil
Azərbaycanda dövlətin
və xalqın gələcəyinə istiqamətlənmiş
siyasət və strategiya bu günün
gənclərinin qarşısında
böyük imkanlar, şəraitlər açıb.
Sabahını, parlaq gələcəyini
düşünən Azərbaycan
dövlətinin gənclər
siyasəti ilə bağlı məqsədyönlü
fəaliyyət proqramı
həmişə olub,
indi də var. Bu gün ölkə başçısı İlham
Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
böyük, vətənpərvər
gənclər ordusu yaranıb. Demək olar, indi ölkədə gedən bütün islahatların
mərkəzində gənclər
dayanır. Bu gənclər dövlət
müstəqilliyinin möhkəmləndirilməsində,
ölkədə uğurlu
islahatların həyata
keçirilməsində, dövlət
qarşısında duran
vacib problemlərin həllində öz sanballı töhfələri
ilə fəallıq göstərirlər”.
Cəmiyyətin aparıcı qüvvəsi
N.Həmzəyevin sözlərinə görə,
müstəqilliyinin 28 yaşını
qeyd edən Azərbaycan kimi bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında gənclər mühüm
rola malik potensial qüvvə kimi mühüm yer tuturlar: "Güclü, aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün
sahələrində öncül
yer tutmaqla, yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın
və modernləşmənin
operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə,
müasirləşmə, inkişaf,
tərəqqi və modernləşmə strategiyasının
təməl sütünları
deməkdir”.
Millət
vəkili deyir ki, dövlətin və cəmiyyətin birgə fəaliyyət göstərdiyi müstəqil
ölkəmizin bütün
sahələrində - dövlət
strukturlarında, təhsildə,
səhiyyədə, orduda,
sənayenin, kənd təsərrüfatının bütün
sahələrində aparıcı
qüvvə kimi gənclər öndə dayanırlar: "Gənclərin
sosial müdafiəsi,
məşğulluğunun təmin
olunması, hərbi-vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi,
yaradıcılıq axtarışlarının
stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər,
həyata keçirilən
çoxşaxəli tədbirlər
ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan gənclər siyasətinin məntiqi davamı kimi uğurla həyata keçirilir. Qürurverici haldır ki,
bu günün gəncləri Azərbaycanın
ictimai-siyasi həyatında
daim fəallıqları
ilə seçilir, öz düşüncə
və baxışları
ilə dünyada, ölkədə baş verən hadisələrə
münasibətlərini bildirir,
cəmiyyətin aparıcı
qüvvəsinə çevrilirlər”.
Müstəqil, bilikli və bacarıqlı
N.Həmzəyev qeyd etdi ki,
bugünkü gənclərin
ən böyük xoşbəxtliyi ondadır
ki, onlar müstəqil ölkədə
yaşayırlar. Müstəqillik
Azərbaycan gəncliyinin
önündə böyük
qapılar, yollar açdı, onların çoxşaxəli inkişafına,
azad və dinamik düşüncə
tərzinin formalaşmasına
təkan verdi:
"Azərbaycan gənclərinin
günümüzün müasir,
inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə
kimi formalaşmasında,
gənclər siyasəti
həmişə dövlət
siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Ulu öndər
Heydər Əliyev
"Bizim bugünkü
gəncliyimiz sağlam
düşüncəli gənclikdir,
vətənpərvər gənclikdir,
xalqını, millətini
sevən gənclikdir…”
deyərək həmişə
gənclərə güvənib,
onlara böyük etimad göstərib.
Azərbaycan gəncliyi
dövlətin diqqət
və qayğısını
hər zaman öz üzərində
hiss edib. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında,
demokratik dövlət
və cəmiyyətin
qurulmasında gənclərin
rolu əvəzsizdir.
Gənclik cəmiyyətin aparıcı
qüvvəsi olmaqla yanaşı, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün ölkəmizdə
yüksək intellektual
səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik
gənclər formalaşıb.
Bu günün gəncləri daha müstəqildirlər, daha
bilikli və bacarıqlıdırlar. Azərbaycan gəncləri
müxtəlif sahələrdə
qazandıqları uğurları
ilə ölkəmizi
mötəbər tribunalardan
yüksək səviyyədə
təmsil edirlər.
Onlar siyasi, ictimai, mədəni və idman sahələrindəki
nailiyyətləri ilə
xalqımızın əsl
qürur və iftixarına çevriliblər.
Bir gəncin uğuru isə müstəqil Azərbaycan dövlətinin
uğuru, bir gəncin güclənməsi,
müstəqil Azərbaycanın
güclənməsi deməkdir”.
Müstəqilliyin bəhrəsi
"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirdi ki, gənclərin
faizinin çox olması əmək qabiliyyəti olan əhalinin daha çox olması deməkdir: "Eyni zamanda da gənc
beyinlərin daha dinamik, inkişafa meyilli olması da əsas göstəricilərdən
biridir. Ölkədə gənclərə cənab Prezident tərəfindən böyük
diqqət ayrılıb.
Gənclərin bütün istiqamətlərdə
əsas strukturlarda yer alması, onların inkişafı üçün addımlar
atılır. Biz burada mədəniyyət,
incəsənət, elm, təhsil
və idman sahələrində parlaq
nailiyyətlər qazanan
gənclərimizi və
onların zəngin tarixi-mədəni irsimizin
qorunub saxlanması, inkişaf etdirilməsi üçün atdığı
addımları qeyd edə bilərik. Vətənpərvər ruhda yetişən
və Azərbaycan həqiqətlərinin dünya
miqyasında tanınması
üçün çalışan
gənclərimizin olması
qürurverici hisdir.
Çünki gənclər atılan
hər bir addımın vətən
üçün olduğunun
fərqindədir. Hazırkı gənclər müstəqil
Azərbaycanın yetirmələridir.
Nəzərə alsaq ki,
1991-ci ildə dünyaya
gələn bir gəncin hazırda 28 yaşı var, bu o deməkdir ki, ölkədəki bütün gənclər
müstəqilliyimizin bəhrəsidir.
Bu da onu
deməyə əsas verir ki, daha
müstəqil, daha yenilikçi bir gənclik Azərbaycanı
irəli aparacaq”.
M.Seyidovun
sözlərinə görə,
ölkə gəncliyi
Azərbaycanın sürətli
inkişafı üçün
lazım olan biliyə, savada və intellektə sahibdir: "Bu gün beynəlxalq arenada Azərbaycanı layiqincə
təmsil edən, idmanda uğurları olan, intellektual yarışlarda ilk sırada
yer alan
gəncliyin olması onu deməyə əsas verir ki, ölkəmizdə gənclərin inkişafı
var və bunun inkişafı üçün də addımlar atılır”.
Azərbaycan diasporunun ən
mühüm hissəsi
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, ölkədə gənclərin çox olması üstünlük hesab edilir. Çünki gənclər bütün dünyada dinamika, aktivlik rəmzi hesab edilir: "Gənclərin çox olması ölkədəki iş əmsalından, demoqrafik vəziyyətdən başlayaraq, bir çox sahələrdə yaxşı nəticələrə gətirib çıxarır. Bu gün Azərbaycan gəncləri ölkəmizin inkişafında, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. Gənclərimiz dövlətin çox mühüm postlarında ölkəmizin inkişafı naminə çalışırlar. Hesab edirəm ki, bu mənada gənclərimizin çox böyük potensialı var. Gənclərimizin səsini dünyanın nüfuzlu elm olimpiadalarından, musiqi yarışlarından, idman meydanlarından eşidirik. Bu gün Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir. Bunun nəticəsidir ki, gənclərimiz bütün sahələrində özlərini yaxşı mənada fərqləndirirlər. Azərbaycan gəncləri Avropada da, dünyada da intellektuallıqları, dil və müasir dünyanın çağırışlarına cavab verəcək elmi bilikləri ilə fərqlənməyi bacarırlar. Eyni zamanda Azərbaycan gəncləri vətənpərvərdirlər, olduqları hər yerdə bayrağımızı uca tuturlar, ölkəmizin maraqlarını müdafiə edirlər. Gənclərimiz Azərbaycan diasporunun ən mühüm hissəsidir”.
Aygün Asimqızı
Kaspi 2019.- 6 avqust.- S.7.