Xəyalların
gerçəkləşdiyi yer
Türkiyənin Çeşmə
bölgəsi, Alaçatı kəndi bütün dünyadan
turistləri cəlb edir
Çeşmə Türkiyənin zövqlü olduğu
qədər də bahalı kurortu hesab edilir. "Türk
kurortları arasında daha çox avropalaşan, qitə mədəniyyətini
mənimsəyən məhz Çeşmədir” fikri artıq
türklərin özləri tərəfindən də qəbul
olunub. Özünün termal qaynaqlarına
görə "Çeşmə” adlanan yarımada vaxtilə
yunan şəhəri Krini kimi tanınıb.
Çeşmə Aralıq dənizi ölkələri
kurortlarından təkcə öz təbiəti ilə deyil, həm
də görünüşü ilə seçilir. İzmirdən
89 km qərbdə yerləşən yarımadada 2018-ci ilin
statistikasına görə 42 min insan yaşayır.
Çeşməyə çatmaq üçün turistlər
Adnan Menderes adına İzmir Hava
Limanından və şəhər avtovağzalından hərəkət
edən avtobuslardan istifadə edirlər. Belə
ki, İzotaş avtovağzalında "Çeşmə səyahət”
şirkətinin avtobuslarından istifadə etməklə, səhər
saat 6.30-dan axşam 21.30-dək yarımadaya çatmaq
mümkündür. 1 saat 20 dəqiqəlik
məsafəni qət etmək üçün 25 TL ödəmək
lazım gəlir. Həmçinin İzmir
Hava Limanından hər saatdan bir hərəkət edən
Havaş şirkətinə məxsus avtobuslarla bir saat
yarıma Çeşməyə gəlmək olur.
Daha
çox türklərin sevdiyi yer
Bu gün Çeşmə unikal təbiətinə,
yüksək turizm infrastrukturuna görə məşhurdur. Şəhər
zahiri görünüşünə görə də digər
türk kurort şəhərlərindən fərqlənir,
xüsusən yunan arxitekturası motivləri diqqət çəkir.
Şəhər haqqında danışanda təmizliyini
və yaşıllığını xüsusi qeyd etmək
lazımdır. Evlərin quruluşu,
güllərlə örtülən
görünüşü insanın əhval-ruhiyyəsinə
müsbət təsir edir. "İnsanlar
bu məkana xəyallarını gerçəkləşdirməyə
gəlirlər” – çeşməlilər təbəssümlə
deyirlər. Təsadüfi deyil ki, şəhərin
dağlıq hissəsində - hündür qayalıqda
"Ən gözəl xəyallar Çeşmədə
gerçəkləşir” fikirləri yer alıb. Yarımadaya qədəm qoyanlar bu fikirlərə məmnuniyyətlə
inanırlar.
Həqiqətən də Çeşmə turistlərlə
qaynayır. Aralarında ərəblər də, ruslar da, Avropa
ölkələrindən olanlar da var. Amma daha çox gələnlər
Türkiyənin öz bölgələrindəndir. Yəni
yarımada turizm zonası kimi əcnəbilərə o qədər
tanış olmasa da, ölkə sakinləri
tərəfindən daha çox sevilir.
Çeşməyə gələnlər şəhərin
tarixi hissələrini gəzməyə də
üstünlük verirlər. Osmanlı sultanı II
Bəyazit tərəfindən tikilən, 16-cı əsrə
məxsus Çeşmə qalasına səfər edirlər.
Qala bir neçə dəfə
dağıdılsa da, hazırda təmir olunaraq ziyarətçilərin
ixtiyarına verilib. Qaladan Egey dənizinə
gözəl mənzərə açılır. Abidə aprel ayından oktyabradək hər gün səhər
9.00-dan 17.00-dək turistlərə açıqdır.
Çeşmə buxtası da turistlər
üçün çox maraqlıdır. Buxtanın
yaxınlığında rus və türk donanmaları
arasındakı məşhur dəniz döyüşünə
abidələr qoyulub. Məşhur
vuruşmada ruslar türk donanmasını məğlub edərək
Dardanel boğazına nəzarəti ələ keçiriblər.
Şəhərin görməli yerlərinə tarix
muzeyi və digər arxitektura tikililəri də aiddir. Egey dənizinin
füsunkar gözəlliyi isə öz yerində. Palma ağacları ilə örtülü sahillərin
əsrarəngiz görünüşü yarımadanın
qonaqlarını heyran edir. Sahil boyu kafe və
restoranlar çeşidli yeməklər, dondurmalar, çay və
digər içkilər təklif edirlər. Ən xoşagələn dar küçələrdə
fərqli dizaynlı kafelərin xidmətləridir. Rəngbərəng,
çeşidli görkəmləri ilə müştəriləri
səsləyirlər... Yay mövsümündə
xüsusən tələbələr Türkiyənin müxtəlif
bölgələrindən otellərdə işləməyə
gəlirlər.
İyuldan
sentyabradək
Şəhərin turizm infrastrukturu yüksək səviyyədədir. Çeşmə
ərazisindəki dəniz sahili boyunca 3-5 ulduzlu otellər
sıralanıb. Burda yay mövsümi
iyuldan sentyabra qədər davam edir. Həmin müddətdə
yarımadaya gələnlər burada turizm
mövsümünün bütün ləzzətini görə
və yaşaya
bilərlər. Bir şərtlə ki, otelləri və
ya qonaq evlərini öncədən bron etmək lazım gəlir.
Çeşmədə, həmçinin şəxsi
evlər də kirayə verilir. Demək olar ki, qəfil gələn
turistə otellərdə yer tapmaq çətin ola bilər. Otellərin və ya
qonaq evlərinin qiymətləri də ucuz deyil. Axşamlar otellər sanki canlı musiqi
yarışmasına qoşulur, bir-birindən gözəl
ifalar təqdim etməklə müştəri cəlb edirlər.
Ümumiyyətlə, Çeşmə
Türkiyənin bahalı kurort yeri hesab olunur. Varlı türklər buralarda istirahət etdiyindən,
ucuz qiymətlər gözləməyə dəyməz.
Həmçinin Çeşmənin rus
oliqarxlarının yaxtalarının saxlandığı yer
olması ilə də bağlı sosial şəbəkələrdə
rəylər yer alır.
Çeşmədə məşhur çimərliklər
var ki, avtobuslar turistləri gün ərzində həmin
çimərliklərə daşıyır. Şəhər
mərkəzindən 10 km məsafədə yerləşən
Altınkum və Brilyant çimərlikləri turistləri
daha çox cəlb edir. Çeşmənin
küçələrində yarımada sakinlərinin
hazırladıqları əl işləri və yerli ərzaq
məhsulları satılır. Sızma
zeytun yağı, lokumlar, paxlavalar dadları ilə
seçilir. Türklər müxtəlif
bölgələrdən Çeşməyə gələrək
hazırladıqları məhsulları təklif edirlər.
Turizm mövsümü bitəndən sonra isə
Çeşməyə sanki sükut çökür. Otelçilərlə
söhbətimdə qazanclarının yalnız yay
mövsümündə olduğunu deyirdilər: "Sentyabrdan
sonra buralarda həyat donur. Qış
aylarında turistlər Çeşməyə gəlmirlər.
Yerli əhali dolanışığını
balıqçılıqdan çıxarır. Bir də Çeşmənin sənaye məhəlləsi
var ki, yerlilər orada çalışırlar.
Yarımadanın sakinləri Çeşmənin səs-küyü,
qonaq-qarası, ən əsası, insanlarının pul
qazanmasından ötrü növbəti yay
mövsümünü gözləyirlər...
Şirin
Egey kəndi
Çeşməyə ən yaxını
Alaçatı kəndidir. Bu kənd
Çeşmənin bir parçasıdır. Alaçatı dəyirmanları kəndin simvoludur.
Kəndin yuxarı hissəsində yerləşir.
Adamla qaynayan küçələri,
güllü daş evləri, suvenir dükanları,
çeşidli yeməklər təqdim edən zəngin kafe və
restoranları ilə hər mövsüm turist gözləyir.
Türklər söyləyir ki, Alaçatı
deyəndə ilk ağla gələn külək, sörfinq
(yelkənli qayıq) yarışları, damla saqqızlı
dondurma olur.
Qədim Egey kəndi olan Alaçatı hazırda
Türkiyənin ən elit turizm nöqtələrindən
sayılır.
Təkcə ölkənin dörd bir yanından
deyil, Avropa ölkələrindən də buranı görməyə
gələnlər, tətillərini bu nağılvarı kənddə
keçirənlər hədsiz saydadır. Dar küçələri, yunan dövründən
qalma köhnə evləri ilə diqqət çəkir
Alaçatı. Kəndin daş evlərində
Roma və Osmanlı memarlığının izləri yer
alıb. Tarixi tikililər əslinə
uyğun biçimdə restavrasiya edilərək
qonaqlarını heyran etməkdədir. Alaçatı
axşamüstünə qədər səssiz, sakit, axşamlar
isə qələbəlikdir. Ən məşhur
yeri Hacı Memiş sokağıdı – hər şey bu
küçənin ətrafındadır. Mağazalar,
barlar, restoranlar, Hacı Memiş və paralel küçədədi.
Bir gündə hamısını görmək
mümkündür. Alaçatıya gələnlər
həftənin altıncı günü açılan
Alaçatı bazarına baş çəkirlər ki, bu
bazar bölgədə çox məşhurdur.
Alaçatı təkcə dəniz həvəskarları
üçün deyil, həmçinin sörfinq
yarışı həvəskarları üçün də
sevimli məkandır. Alaçatının mərkəzi dənizdən
aralıdır. 5 km məsafədə Port
Alaçatı yerləşir. Yelkənli
qayıq həvəskarlarının mərkəzi də
burdadır. Maraqlıdır ki,
Alaçatıda bu yarışlar üçün dalğalar
var. Alaçatı yarış iştirakçıları
üçün türk kurortları arasında ən ideal yer
hesab olunur. Bu ərazidə tez-tez beynəlxaq
yarışlar keçirilir.
Alaçatının turizm məkanı kimi digər
üstünlüyü saqqız ağaclarının
Türkiyə üzrə yalnız bu kənddə yetişməsidir. Sayları
300-ü keçməyən bu ağaclar Alaçatı bələdiyyəsinin
qoruması altındadır. Bu ağaclardan
ləzzətli saqqız cemi və rakı hazırlanır.
Saqqızlı dondurmaların da fərqli
dadı var.
Alaçatı öz tarixi mədəniyyətini qoruyub
saxlamaqla, onu qonaqlarına yüksək səviyyədə təqdim
edir. Qədim dövrlərə qədər uzanan
keçmişi isə dünyanın bir çox ölkələrindən
turistləri bu gözəl kəndə gəlməyə
sövq edir. Çeşmədən fərqli
olaraq, bura turistlər soyuq aylarda da gəlir, ölkə
insanları həftə sonlarını Alaçatıda
keçirməyə üstünlük verirlər.
Alaçatı Çeşmənin bir kəndi olsa da,
yerli sakinlər maraqla turistlərə "Çeşmə
xoşunuza gəldi, ya Alaçatı” sualını verməkdən
çəkinmirlər.
Yunan
adasına doğru
Çeşmə həm də liman olduğu
üçün gəmilər insanları adalara səyahətə
aparır. Gün ərzində davam edən səyahətlər
3-4 ada daxil olmaqla 80-150 TL arası dəyişir. Ən əhəmiyyətlisi isə yunan adalarına
turlardır. Ən yaxını Xios
(Saqqız) adasıdır ki, 35 avroya gündəlik turlar təşkil
olunur. Təbii ki, açıq Şengen
vizası olanlar bu fürsətdən yararlana bilirlər.
Xios adasına – Homerin vətəninə səfər
etmək isə hər kəs üçün
maraqlıdır.
(Ardı var)
Təranə Məhərrəmova
Çeçmə-Alaçatı-Bakı
Kaspi 2019.- 6 avqust.- S.6.