Atasının vəsiyyətinə
əməl etdi, şöhrət tapdı
Türkmən Vəli
Məhəmməd: “Hardan biləydim ki, 2 dollara
aldığım kitab məni bütün türk
dünyasında məşhur edəcək?”
Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtım müşavirliyinin dəstəyi ilə Bayburtda iştirak etdiyimiz 25-ci Beynəlxalq "Dədə Qorqud” festivalında tarixçilər, alimlər, "Dədə Qorqud” dastanın araşdırmaçıları da iştirak edirdi. Festivalda "Dədə Qorqud” dastanının üçüncü əlyazmasının sahibi, kitab kolleksiyaçısı kimi tanınan Türkmən Vəli Məhəmmədlə söhbət etmək imkanımız oldu. Onu dünyaya tanıdan, dastanın üçüncü əlyazması olub. Türkmən Vəli Məhəmmədlə bu barədə danışdıq. O, hər şeyin bir təsadüf nəticəsində baş verdiyini, əslində, özünün belə bir əlyazma tapdığına hələ də inanmadığını dedi.
Söhbət əsnasında, yeni tapılmış nüsxənin Azərbaycanın
güney hissəsində
yazıldığı ehtimal olunduğunu da vurğulayan müsahibimiz,
Əlişir Nəvai, Əhməd Yəsəvi və Məhəmməd
Füzuliyə aid əlyazmaların əslinin
məhz onun kitabxanasında mövcud olduğunu da bildirdi.
- Vəli bəy,
25-ci "Dədə Qorqud” festivalında sizi xoş gördük.
"Dədə Qorqud” dastanının üçüncü əlyazmasının sahibi kimi tarixə düşdünüz. Hansı hissləri keçirirsiniz?
- Dədə Qorqud bütün türk
dünyasının ortaq dəyəridir.
Sizləri belə bir festivalda
görməkdən məmnunluq hissi duyuram. Məni isə bu festivala gətirən "Dədə Qorqud” dastanının üçüncü
əlyazmasını tapmağım oldu. Bunun üçün çox sevincliyəm. Həm əlyazmanı
tapdığıma, həm də sizlərlə birlikdə olduğuma görə. Fürsətdən
istifadə edib, Azərbaycana buradan qucaq dolusu
salam göndərirəm.
- Nə zamansa ağlınıza gələrdi ki, kitab
kolleksiyaçısı olaraq "Dədə
Qorqud” dastanının üçüncü
əlyazmasını tapıb, türk
dünyasına təqdim edəcəksiniz?
- Heç zaman.
Düzdür, "Dədə Qorqud”a böyük
sevgim vardı, amma bir gün belə bir nüsxə tapacağımı
ağlımın ucundan da keçirməzdim. Mən İranda tanınmış fabriklərin birində
mühəndis olaraq
çalışırdım. Atam alim idi. O, mənə
artıq qocaldığını və türk
dünyası ilə bağlı araşdırmalar etdiyini və kitab
topladığını dedi. Bildirdi ki, heç
zaman başladığı işi yarımçıq qoymayıb. Onun topladığı qədim kitabların
davamını mənim toplamağımı, özüm
üçün böyük
bir arxiv
yaratmağımı istədi.
Və dedi ki, elə
bir arxiv yarat ki, insanlar
sənin qədim kitablardan ibarət
topladığın arxivdən bəhrələnə bilsin. Atamın arzusunu
yerinə yetirmək qərarına gəldim. Atam
deyirdi ki, türklər
öz tarixlərindən bəhs edən
kitabların hamısına sahib
olmayıblar. Sən çalış, qədim əlyazmalarla
hazırlanan köhnə kitabları tap,
onları qaydaya sal,
nüsxələ və kitabxana yarat. Mən də 132 qədim kitab tapdım. Onların
arasında basma kitablar da var. Çevrəmdəki insanlara
səs saldım ki, türk ədəbiyyatı,
tarixi ilə bağlı qədim və önəmli
nə kitab və ya əlyazma
olsa, onu məmnuniyyətlə alaram.
Hansı qiymətə
verirlərsə versinlər,
əgər o kitabda türkdilli millətlərdən
bəhs edilirdisə, həmin kitabı alacağımı dedim. Artıq öz kitabxanamı yaratmışdım. Orada köhnə
kitabları yerləşdirir
və onları alimlərə göstərirdim.
Ancaq kitabları hədiyyə vermirdim, kimsə hər hansı kitabı çox istəyəndə, surətini
çıxarıb hədiyyə
edirdim.
- Bəs necə oldu ki, ədəbiyyatdan, elmdən heç bir anlayışı olmayan bir mühəndis,
özü də bilmədən "Dədə
Qorqud” dastanının
üçüncü nüsxəsini
tapdı?
- Atamın nəsihətindən sonra
türk və türkmən dilində olan kitablar toplamağa
başladım. Onları çoxaldıb
tədqiqatçılara göndərir
və fikirlərini öyrənməyə çalışırdım.
Ravi adlı bukinist dostum mənə Tehranda yaxşı kitabların olduğunu və onların mənim marağımı
çəkəcəyini dedi.
Mənim
də maşınım
yox idi və
bilmədim gedim, yoxsa yox. Çox düşündüm və
avtobusa oturub, Tehrana getdim. Bu kitabı əldə
etmək üçün
500 kilometr yol qət etməli oldum. Yaxşı xatırlayıram, 2018-ci ilin
dekabr ayı idi...
Ravi türkcə bilmirdi
və ona görə, bu kitabdan heç nə anlamamışdı. Ətrafımdakı tarixdən anlayışı
olan insanlardan soruşduqda isə dedilər ki, bu kitabın heç bir dəyəri yoxdur. Hətta "Bu
kitabda "Dədə
Qorqud”u tərifləyib
bir dastan yazıblar”- deyənlər
də oldu. Mən ona dedim
ki, belə kitabları toplayıram. Gördüm
ki, bu kitab
basma kitabdır.
Dedilər yox, bu basma deyil, çapdan
çıxıb. Sonra kitabı
əlimə aldım.
Tehranda köhnə əlyazmalarla
məşğul olan bir mütəxəssisə
göstərdim. O dedi
ki, bu, həqiqətən
basmadır. Və o kitabı satan
adamdan 3 nüsxəsini
2 dollara satın aldım.
- 2 dollar çox
ucuz deyil?
- Satıcı onu 10 dollara satırdı və mən onu endirib bu qiymətə aldım. Günbətdə əsəri bir neçə şəxsə göstərdim, kompüterdə elektron nüsxəsini yaradıb Tehrandakı alimlərə bir neçə səhifə göndərdim. Ancaq onlar da nə olduğunu başa düşmədilər. Kitabı bir tarixçinin yanına apardım. O dedi ki, bu, pis kitabdır, ona pul verməyinə belə dəyməz. Kitabı oxuyan bəzi alimlər Dədə Qorqudun bütün abır-həyasının bu kitabda əldən getdiyini dedilər. Bəziləri isə bu kitabda Dədə Qorqudu lağ obyektinə çevirdiklərini deyərək, onu atmağımı məsləhət gördülər. Onların fikirlərinə əhəmiyyət vermədim və kitabın surətini çıxardım. Türkiyədə tanınmış dostum Şahruz Akatabay tarixi çox sevirdi və düşündüm ki, bəlkə o, bu kitabdan bir şey anlaya. Kitabı ona göndərdim. 3 gündən sonra mənə dedi ki, sən bir xəzinə tapıbsan. Əvvəlcə nə olduğunu anlamadım, sadəcə, kolleksiyama türk dilində yeni əlyazma daxil olduğunu sandım. Ancaq mən hardan biləydim ki, 2 dollara aldığım kitab məni bütün türk dünyasında məşhur edəcək.
- Siz
hardan bildiniz ki, bu kitab
məhz "Dədə Qorqud”
dastanının üçüncü
nüsxəsidir?
- Tədqiqatçıların söylədiklərinə görə, 200-300 yaşı var. Şahruz Akatabay mənə bu kitabın "Dədə Qorqud” la bağlı olduğunu və mühafizə edilməsinin vacibliyini söylədi.
Əslində mənim də kitab barədə heç bir anlayışım yox idi. Əlyazmanın nə olduğunu ilk anlayan şəxs Türkiyədə yaşayan araşdırmacı Şahruz Ağ Atabəyin özü idi. Mən kitabı tapdım, bəli. Amma həqiqəti tapan adam Şahruz Ağ Atabəydir. Çünki biz ondan qabaq kitabın dəyərsiz olduğu nəticəsinə gəlmişdik. Şahruz bunu tanıtdı və yüksəltdi.
O, kitabın əslini istədi. O sahə
üzrə mütəxəssis Səməd bəyin yanına
aparıb, o da dostuma deyib ki,
bu kitab çox dəyərli kitabdır. Mənə dedi ki, bu
kitabı göz bəbəyin kimi qoru, çünki
bu kitab səni dünyada məşhur edəcək. Doğrudan da, 2 dollara aldığım kitab
məni bütün türk
dünyasına tanıtdı. "Dədə Qorqud”
dastanının üçüncü əlyazması
kimi məşhurlaşan kitab
haqqında çox söz-söhbətlər
gəzdi. Kitabı mənə satanlar dedilər
ki, onu biz
tapmışıq, halbuki deyirdilər ki, çox dəyərsiz
kitabdır. 9 aydan sonra
bizi Ankaraya dəvət
etdilər, daha sonra Təbrizə
getdik. Kitabla
bağlı tədbirlər keçirildi,
layihələr başlandı. Birdən birə özümü bu
sferanın içərisində tapdım. İndi
isə Bayburtdayam və insanların Dədə
Qorquda olan sevgisinə
heyranam. Bu kitab məni daha
da qiymətləndirdi və insanlar tərəfindən hədiyyələrə
tuş gəldim. Əgər kitabı oxuyan son dostum
deməsəydi ki, bu kitab həqiqətən dəyərlidir, mən
onu atacaqdım. Çünki
hər kəs mənə deyirdi ki, bu kitabda
Dədə Qorqudu ələ
salıblar. Kitab satan dedi ki, mən 50-60 tarixçiyə müraciət
etsəm də, bunu məndən heç kim almadı.
Əgər sən bu kitabı məndən
alıbsansa, təşəkkür edirəm sənə. 2 dollara aldığım kitaba
görə, mənə Türkiyədə minlərcə dollar təklif etdilər. Bu
kitaba belə hörmət bəslədiniz
və dünyaya təqdim etdiniz.
Mən buna
görə məhz mediaya təşəkkür
edirəm.
- Türk
dünyasına mesajınız nədir?
- Dədə Qorqud ortaq tariximizin və ədəbiyyatımızın məhsuludur. Gələcəkdə qurulacaq birliyimizə də vəsilə ola bilər. Kitabı almaq üçün bir neçə nəfər yüksək məbləğ təklif etdi, amma heç birinə satmayacağam. İki əlyazma Avropadadır, heç olmasa biri türk torpaqlarında qalsın. Tapdığım kitabları alimlərlə, tədqiqatçılarla paylaşıram. Qazaxıstanın Tehrandakı səfiri hörmət göstərib ziyarətimə gəldi. Nüsxəni yaxından araşdırdılar. Türkmən səhra xalqı, Azərbaycan türkləri və xüsusilə də, Türkiyədəki qardaşlarımız əlyazmanın tapılmasını böyük sevinclə qarşıladılar.
Qədim nüsxələri tapıb ortaya çıxarmağı mənə nəsihət edən atamdır. Atama təşəkkür edirəm. Məni məşhurlaşdıran isə onun vəsiyyəti oldu.
Xəyalə Rəis
Kaspi 2019.- 7 avqust.-
S.8.