Nağdsız hesablaşmalar
dövlətə də sərfəlidir, vətəndaşa da
Ekspertlər deyir ki, dövriyyədə
pul kütləsi artması ilə gözlənilən
kiçik inflyasiya dövlətin nəzarətində olacaq
Azərbaycanda dövriyyədə
olan nağd pul kütləsinin manatla geniş pul kütləsində
xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin iyun
ayının sonuna 52,9 faizə enib ki, bu
da şəffaflaşma və
nağdsız ödənişlərin genişləndirilməsi
nəticəsində mümkün olub. Trend-in məlumatına
görə, bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü
aktiv vergi ödəyicilərinin, o cümlədən
ƏDV ödəyicilərinin və aktiv obyektlərin
sayında da büruzə verir. Cari ilin iyul ayının
1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz,
aktiv obyektlərin sayı isə 14 faiz artıb.
M.Cabbarov
əlavə edib ki, "kölgə” iqtisadiyyatının miqyasının
azaldılmasına yönəlmiş
vergi islahatları sırasında iqtisadiyyatda
əmək münasibətlərinin
şəffaflaşması mühüm
yer tutur: "Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək
olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin
tətbiqi nəticəsində
cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində
77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin
dövr ərzində
101 mindən çox artmış əmək müqavilələri sayının
75 faizini təşkil
edir. Ən son məlumata görə, cari ilin 7 ayının
yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin
sayında ilin əvvəlindən 109 minə
qədər, o cümlədən
qeyri-dövlət bölməsində
84 minə qədər
artım olub”.
Bu azalmanın səbəbini
və iqtisadiyyatın
inkişafına necə
təsir edəcəyini
öyrənməyə çalışdıq.
İqtisadçı Elçin Bayramlı deyir ki, dövriyyədə pul kütləsi artarsa, istər-istəməz,
bir qədər bahalaşma olar: "Hazırda manat möhkəmlənib və
manatdan istifadəyə
üstünlük verənlərin
sayı artıb. Həmçinin vergi sahəsində
şəffaflığın artmasının da təsiri olub. Üstəlik də, hökumət
yeni emissiya etmək, yəni dövriyyəyə pul kütləsi buraxmaq istəyir. Belə ki, maaşların,
pensiyaların və digər sosial ödənişlərin artması
ilə bağlı dövriyyəyə yeni pul kütləsi daxil olacaq. Amma bu, cüzi şəkildə
olsa da inflyasiya
riski yarada bilər. Təbii ki, burada tələb-təklif məsələsi
əsasdır. Onu qeyd edim ki, təklif
tələbdən daha
çoxdur. Hökumət pul kütləsini artırdığı halda,
müəyyən qədər
inflyasiya müşahidə
oluna bilər. Bu da təbiidir,
maliyyə əməliyyatlarının
bir qanunudur. İnflyasiya riskinin qarşısını
almaq üçün
bəzi addımlar atılmalıdır. Hazırda ölkədə
aktiv dövr hökm sürür, ərzağın, meyvə-tərəvəzin
bolluğudur. Ona
görə də inflyasiya elə də ciddi hiss olunmur. Amma üzü
payıza doğru ola bilər
müəyyən bahalaşma
müşahidə edilsin.
Hökumət bəzi maliyyə
alətləri ilə
bunun qarşısını
ala bilər”.
İqtisadçı ekspert Ramin Rəhimov bildirir ki, Vergilər
Nazirliyinin də əsas təşəbbüsü
nağdsız hesablaşmalara
əhalinin təşviq
edilməsi və stimullaşdırılmasından ibarətdir və belə olan halda, vergidən yayınma halları azalır, şəffaf vergi siyasəti həyata keçirilir:
"Yəqin ki, xatırlayırsınız, prezidentin
nağdsız hesablaşmalar
barədə fərmanı
var idi. Elə həmin fərmanın qüvvəyə minməsi
və bu yaxınlarda da nağdsız hesablaşmaların
artırılması ilə
bağlı xüsusi
tapşırığı oldu. Bundan irəli gələrək
demək olar ki, əksər iri marketlər, mağazalar şəbəkələri,
pərakəndə və
topdan satış nöqtələri artıq
nağdsız ödəmələr
həyata keçirməyə
başladı. Yəni, hansısa
satış məntəqəsi
alğı-satqı işini
həyata keçirərkən
bunu nağdsız qaydada həyata keçirir. Bu da nağdsız ödəmələrin həcmini
genişləndirdi və
artıq hər kəs başa düşməyə başladı
ki, nağd yolla alış-veriş əməliyyatları çətinləşir.
Dolayısı ilə əhalinin
banklardakı hesablarında
artım müşahidə
edildi. Yəni, biz burada adi
depozit yox, cari hesabları nəzərdə tuturuq.
Bütün əhali əməliyyatları
cari ödəmələr
üzərindən həyata
keçirməyə başladı.
Bunlar da nağdsız hesablaşmaların həcmini
artırdı. İnsanlar artıq
nağd pulla alış-veriş etməyə
yox, kartlarla ödəniş etməyə
üstünlük verirlər.
Vergilər Nazirliyinin də
əsas təşəbbüsü
nağdsız hesablaşmalara
əhalinin təşviq
edilməsi və stimullaşdırılmasından ibarət idi. Belə olan halda, vergidən
yayınma halları azalır, şəffaf vergi siyasəti həyata keçirilir, eyni zamanda hökumət
pulun hərəkətini
doğru şəkildə
izləyə bilir.
Hazırda bütün alış-satış
obyektləri nağdsız
ödənişi dəstəkləyən
yeni avadanlıqlarla təmin edilirlər.
Yəni,
əhalinin rahat şəkildə nağdsız
şəkildə ödəməni
həyata keçirə
bilməsi üçün
hər cür şərait yaradılır.
Nəticə etibarı ilə
bütün bunlar nağd pulun dövriyyəsinin azalmasına
gətirib çıxaracaq”.
Ekspert qeyd edir ki, baş verəcək inflyasiya dövlətin nəzarəti ilə olacaq: "İnflyasiya tələb-təklif əsasında formalaşır. İnsanlar nağd pulla alış-veriş edəndə daha ehtiyatlı yanaşır. Çünki pulun varlığını onda daha çox hiss edir, nəinki nağdsız əməliyyatlar zamanı. Nağdsız alış-veriş ümumilikdə mallarda qiymət artımı ilə müşahidə oluna bilər. Amma ümumi götürsək, nağdsız əməliyyatlarda tələb-təklif kəsişməsi olmursa, yəni biri digərini üstələmirsə, burada inflyasiyadan söhbət gedə bilməz. Əksinə, Mərkəzi Bankın sədri çıxışlarından birində qeyd etmişdi ki, dövlət artıq inflyasiya hədəfindən narahatdır. Çünki faktiki inflyasiya proqnozlaşdırılan inflyasiya göstəricisindən aşağı səviyyədədir. Bu da iqtisadiyyatın stimullaşdırılmasının qarşısını alır və bir növ inflyasiya müəyyən qədər idarə olunan səviyyədə buraxıla bilər. Yəni, baş verəcək inflyasiya dövlətin nəzarəti ilə olacaq”.
Günel
Kaspi 2019.- 8 avqust.- S.7.