Atamla bağlı xatirələr
“Anna Karenina”da həyat təsvirləri
Romançının
işi, əlbəttə ki, əgər o yamsılamaqla məşğul
deyilsə, indiki və ya keçmiş bir zamana aid gerçəklərə
olan münasibətini və ideyalarını ifadə etməkdən
ötrü ona həyatdan tanış olan müxtəlif hadisələrin,
obrazların kombinasiyasından ibarətdir. "Anna Karenina”
kimi realistik bir romandan hər
şeydən öncə dürüstlük tələb
olunur. Ona görə də onun
yazılmasında həm iri, həm də xırda faktlar
material kimi istifadə olunmuşdu. Bu faktların hardan
götürülməsi barədə düşüncələr
nəinki müəllifin həyat və
yaradıcılığını öyrənmək
üçün maraqlıdır, bu həm də romanla
çağdaş olan məişəti, həyatı da bilməkdən
ötrü lazımdır.
Ədəbiyyatda
"Anna Karenina”da müxtəlif həyat həqiqətləri
faktlarının olmasıyla bağlı qeydlər var.
Tolstoy
yaradıcılıq prosesi barəsində
danışmağı sevməsə də, müəyyən
şeylər haqqında bir-iki kəlmə danışıb.
Volkonskiyə yazdığı məktubda (3 may 1864-cü il)
sualına cavab olaraq "Hərb və sülh” əsərindəki
Andrey Bolkonski obrazı haqqında yazmışdı:
"Andrey Bolkonski şəxsiyyətlər haqqında və
memuarlar yazan adam yox, hər bir romançının obrazı
həyatdan bir adam deyil. Əgər işim portretlər
yazmaqdan ibarət olsaydı, mən çap olunmaqdan
utanardım”.
N.N.Straxova
olan məktubunda (26 aprel 1876-cı il) Tolstoy yazırdı:
"Əgər mən demək istədiklərimi romanda
("Anna Karenina”) sözlə yazsaydım, onda gərək əvvəldən
yazmağa başladığım romanı ortalığa
çıxarardım. Və əgər tənqidçilər
indi felyetonu da başa düşə, dərk edə bilirlərsə,
deməli, mən demək istədiklərimi də başa
düşərlər. Və mən ancaq onları təbrik və
əmin edə bilərəm ki, qu’ils savent plus long que moi (məndən
çox bilirlər)... Hər şeydə, demək olar ki, hər
şeydə məni özümü ifadə etmək
üçün birləşən fikirlərimi cəmləmək
tələbatı idarə edib. Lakin sözlə ifadə
olunan hər bir fikir öz mənasını itirir,
toxunduğu hörgüdən ayrı götürüləndə
dəyəri dəhşətli dərəcədə
aşağı düşür.
Hörgünün
özü isə (məncə) fikirlərdən yox, nədənsə
başqa bir şeydən hörülüb və onun əsasını,
özəyini birbaşa sözlərlə ifadə etmək
olmaz. Ancaq obrazları, hadisələri, vəziyyəti
sözlərlə təsvir etmək olar.
Q.A.Rusanov
(Tolstoyun yaxın dostu, 1845-1907) 1883-cü ilin avqustunda Lev
Nikolayeviçlə Yasnaya Polyanadakı söhbətini
xatırlayır. O soruşdu: "– Nataşa Rostova həqiqətən
də, həyatda olan bir insandanmı götürülüb? –
Bəli. Müəyyən qədər naturadan
götürülüb. – Bəs knyaz Andrey? – Onusa heç kimdən
götürməmişəm. Mənim obrazlarımın bir
qismi naturadan, götürülüb, bir qismisə yox. Birincilər
o birilərdən daha üstündürlər. Naturadan
"köçürülmə” onlara təsvirlərdə rəng
parlaqlığı versə də, bu təsvirlər birtərəfli
olmaqdan çıxa bilmirlər”. Rusanovun yazısındakı
Tolstoyun bu sözlərinin nə qədər dəqiq
olduğu məlum deyil. Amma Lev Nikolayeviçin naturadan da
"köçürdüyü” obrazların olduğunu
etiraf etdiyi aydın olur. O, çox vaxt obrazlarına
özünə tanış adamlardan adlar götürüb
verirdi. "Anna Karenina”da Oblonski
– Obolenski, Levin – Lev, Vronski – Vorontsov, Şerbatskilər –
Şerbatovlar və s. misal çəkmək olar. Qaralama və öz variantlarında
bəzən qəhrəmanlarını elə həyatdakı
adlarıyla qeyd edirdi. Lakin bu o demək deyil ki, Tolstoy
onların portretini yazırdı. Belə deyək də,
Tolstoy onların ancaq skeletini götürürdü. Onların qanı, canı bir adamdan yox, hətta
bir-birinə uyğun olan, oxşar olan bir neçə adamdan yığılırdı.
Ona görə də Tolstoyun əsərlərindəki
əsas obrazların portret yox, ümumi bir (sanki
toplanmış) obraz olduğunu əminliklə demək olar.
"Anna Karanina” necə yarandı?
S.A.Tolstaya (Tolstoyun həyat
yoldaşı) gündəliyində yazır: "Seryoja məndən
kitab istəyirdi. Onu yaşlı xalası
üçün oxumaq fikrinə düşmüşdü.
Mən ona Puşkinin "Belkinin povestləri”ni
verdim. Amma baxdıq ki, xalanı yuxu
aparıb. Və mən kitabı
aşağı düşüb kitabxanaya aparmağa tənbəllik
etdiyimdən pəncərənin qırağına qoydum.
Ertəsi günü səhər qəhvə
içən zaman Lev Nikolayeviç həmin bu kitabı
götürdü və yenidən heyrətlə oxumağa
başladı”.
Bu,
1873-cü il 19 martında olmuşdu. Mənim on yaşım vardı. Uşaqlıq
xatirələri daha çox yaddaşda qalır. Mən o günü yaxşı xatırlayıram və
tez-tez yada salıram. Yuxarıda qonaq
otağında yox, xalanın otağında kitabı oxuyandan
sonra mən getmədim və Puşkinin kitabını vərəqləməyə
başladım. "Qonaqlar bağ evinə
yığışırdılar” parçası mənə
darıxdırıcı gəldi və ardının
olmadığını görə qanım qaraldı. Mən kitabı bu parça olan hissədə
açıq stolun üstünə qoydum. Atam
otağa daxil oldu. Kitabı götürüb baxdı və
dedi: "Belə yazmaq lazımdı!” Bu sözlər
xüsusilə ona görə yadımda qalıb ki, həmin
vaxtda o parçanın niyə bəyəndiyini anlaya bilməmişdim.
Lev Nikolayeviç həmin zamanlarda ailə həyatını
ideallaşdırırdı və kişinin qadına xəyanətini
böyük əxlaqsızlıq olduğunu hesab edirdi. Romanında da
elə bunu göstərmək istəyirdi. Həminki dövrdə o, çoxlu ingilis ailə
romanlarını oxuyurdu. Arada onlara gülərək
deyirdi: "Bu romanlar kişinin qadının round her waist (belinə)
sarılaraq evlənməsi, malikanəyə və baronluğa
sahib olması ilə bitir”.
Hamıya məlumdur ki, Annanın intiharı Tolstoyun
Yasnaya Polyanadakı qonşusu A.N.Bibikovun evində
çalışan Anna Stepanovna Piriqovanın 6 yanvar 1871-ci ildəki
intiharından doğmuşdu. (Bəzi mənbələrdə onu soyadını
Zıkova yazırlar, amma qəbrinin üstündə belə
"Piroqova” yazılıb.)
S.A.Tolstaya
bu hadisə haqqında
bacısı
T.A.Kuzminskayaya (rus yazıçısı, memuarist –
1846-1925) yazırdı: "Bizdə çox faciəvi bir
hadisə baş verib. Bibikovgildəki Anna
Stepanovnanı xatırlayırsan? Bax həmin Anna Stepanovna Bibikova
bütün mürəbbiyələri qısqanırdı. Sonuncu dəfə Anna Stepanovnanı elə pis
qısqanmışdı ki, Aleksandr Nikolayeviçin ona
acığı tutmuşdu.
Buna görə Annayla
dalaşmışdı. Və Anna birdəfəlik
Tulaya çıxıb getmişdi. Üç
gün ortalıqda görünməyəndən sonra o, saat
altı radələrində Yasenkaya (sonradan Şyokina
stansiyası) əlində balaca bağlama ilə gəlib.
Burada o, yamçıya Bibikova yazdığı
məktubu və bu məktubu ona çatdırmaq
üçün də 1 rubl pul verir. Bibikov məktubu qəbul
etməmişdi, yamçı stansiyaya geri qayıdanda öyrənib
ki, Anna Stepanovna özünü vaqonların altında atıb
və qatar onu əzib-keçib. O da
dünyasını dəyişib”. Bu faciənin epiloqu
A.N.Bibikovun Anna Stepanovanın qısqandığı mürəbbiyəylə
evliliyi oldu. S.A.Tolstaya gündəliyində Anna
Stepanovananı bu cür təsvir edir: üzü və
xarakteri rus tipi olan, qarayanız, boz gözlü, hündür,
dolu, xoşagəlimli olsa da, gözəl olmayan bir qadın.
Tolstoy təkcə Piroqovanın intihar faktından istifadə
etmişdi. Nə xarakteri, nə zahiri, nə ictimai mövqeyi
Anna Karenininaya oxşaydı. Piroqova kiçik burjua aləmindən
idi, yaxşı evdarlığı vardı, az
savadlı və imkansızı idi. O, Bibikovun evində təsərrüfat
işçisi kimi qalırdı.
T.A.Kuzminskaya xatirələrində yazırdı: "Anna
Kareninanın xaraktercə yox, zahirən tipi A.S.Puşkinin
qızı Mariya Alkeksandrovna Qartunqdan
götürülmüşdü. Bunu Lev
Nikolayeviç özü də etiraf edirdi”. Tolstoy onunla 1868-ci ildə general Tulubyevin evində
qonaqlıqda görüşüb. O. Anna
Karenina kimi balda qara paltarda olubmuş. "Onun
xəfif yerişi, qıvraq, düz və gözəl qaməti
vardı. Məni onunla tanış
etdilər. Onda Lev Nikolayeviç hələ
stolun ətrafında oturmuşdu. Onun
qızı necə diqqətlə nəzərdən
keçirdiyini görürdüm. – O kimdir? – məndən
soruşdu. – Madam Qartunqdur, şair Puşkinin qızı. – Həəə,
– uzatdı, – indi başa düşdüm. Boynundakı
ərəb qıvrımlarına bir bax. Nəsildən
gəlir”. M.A.Qartunqun krujevalı qara
paltarda olduğunu, Lev Nikolayeviçin onun boynundakı
qıvırcıqlara diqqət etdiyini mən həm də
anamdan eşitmişdim. Ola bilər ki,
Tolstoy Annanın zahirini təsvir edəndə başqa
qadınları da xatırlayırmış, məsələn,
bir zamanlar ona qarşı müəyyən hisslər
yaşadığı Aleksandra Alekseyevna Obolebskayanı və
ya onun bacısı Mariya Alekseyevnanı
xatırlayıbmış. Tolstoyun prototiplərinə
aid fikirlərin romanın qaralama və müxtəlif
variantlarına baxaraq obrazların yazı prosesində həm
daxilən, həm də zahirən nə qədər dəyişildiklərini
əyani şəkildə görəndən sonra nə qədər
təxmini olduğunu anlaya bilərik. Romanın
inkişafı boyu Anna obrazı mənəviyyatca yüksəlir,
Karenin və Vronski obrazları isə əksinə,
alçalırlar.
Romanın
Annaya aid olan süjeti ola bilər ki, əvvəllər Sergey
Mixayloviç Suxotində (ordu poruçikı, Yasnaya
Polyananın ilk komendantı – 1887–1926) ərdə olmuş və onu 1868-ci
ildə tərk edərək S.A.Ladıjenskiylə ailə
qurmuş Mariya Alekseyevna
Dyakovanın tarixçəsindən də gəlib. Təbii ki, Tolstoya bu cür başqa sevgi tarixçələri
də məlum idi. Məsələn,
P.A.Valuyevdə ərdə olub qraf Stroqanova aşiq olan knyaz
P.A.Vyazemskinin qızı. O, 1849-cu ildə vəfat edib. Deyirdilər ki, guya zəhərlənib. Bir başqa misal da çəkmək olar. 1872-ci ilin yayında ailəlikcə atamın yenicə
aldığı Samaradakı malikanəmizə yollandıq.
Nijnıdan Samaraya gedəndə gəmidə Y.A.Qolitsina və onunla vətəndaş
nikahında olan N.S.Kiselyovla tanış olduq. Yadımdadır
ki, anam Kiselyovla ərini atan Qolitsinanın
açıq-aşkar bir yerdə yaşamağının cəmiyyətdə
rüsvayçı bir iş kimi
qarşılandığını deyirdi. Bunu ona ərinin pis
olduğuna görə bağışlayırdılar. Amma əri pis olub neyləmişdi, onu bilmirəm.
Kiselyov həmin vaxtda vərəm idi. Qolitsina onu kumısa aparırdı. Onun ağır öskürək səslərini və
yerişini xatırlayıram. Sonralar
öldüyünü də eşitdik. Onun
ölümüylə bağlı "Anna Karenina”da Nikolay
Levinin ölüm təsvirlərində istifadə olunan bir
detalı danışırdılar. Ölümündən
əvvəl Kiselyov sakitcə uzanıb tərpənmirmiş və
hamı elə bilib ki, o artıq dünyasını dəyişib.
Ordakılardan biri deyib: "O artıq ölüb”. Və o bircə dodaqlarının tərpənişi
ilə "Hələ yox” deyib. Romanda (5-ci hissə, XX fəsil)
keşiş can üstündə olan Nikolay Levin
üçün deyir: "O artıq ölüb”. "...birdən
onun yapışmış bığları tərpəndi,
sakitlikdə sinəsinin dərinliyindən bu sözlər
eşidildi: – Hələ yox... Az qalıb”.
Karenin soyadı hardan gəlib?
Lev Nikolayeviç 1870-ci ildən yunan dilini öyrənməyə
başladı və tezliklə də onu elə gözəl mənimsədi
ki, artıq Homeri orijinaldan oxuyurdu. 1876 ya da 1877-ci ildə
mən onun köməkliyiylə "Odissey”dən iki
parça oxudum. Bir dəfə mənə demişdi:
"Karenon – Homerdə başdır. Karenin
soyadı bu sözdən yaranıb”. Bəlkə
də, o, Annanın həyat yoldaşına Karenin
soyadını həmin obrazın hislərlə, ürəklə
yox, başla düşündüyü üçün
vermişdi.
Bəzi tənqidçilər Karenin prototipinin S.M.Suxotin
olduğunu təxmin edirlər. Onlar ortaq cəhəti
bircə buydu ki, Suxotinin də arvadı onu atıb
Ladıjenskiyə ərə getmişdi. Suxotin
bir o qədər yadımda deyil, onun Kareninə nə qədər
oxşadığını deyə bilmərəm. Amma mənə elə gəlir ki, o adi, tipik bir məmur
olmayıb. O, çox
varlı bir mülkədar idi və Peterburqda nazirlikdə deyil, Moskvada saray
kontorunda xidmət edirdi. Belə bir ehtimal var ki, Karenində
P.A.Valuyevin də müəyyən əlamətləri var.
Valuyev yaxşı təhsil görmüş, liberal və
bununla yanaşı, həm də quru formal bir adam
idi. Nazir olanda Valuyev də Karenin kimi əcnəbilərlə
bağlı işlərlə məşğul idi. Onun zamanında başqırd torpaqlarının
oğurluq satışı ortaya çıxmışdı,
bu da onun istefaya getməsinin səbəblərindən biri
olmuşdu. Bu
işlə Tolstoyun uşaqlıq dostu, Dövlət Mülki
nazirliyində xidmət edən arvadının əmisi Vladimir
Aleksnadroviç İslavin də məşğul idi. İslavinlə də Kareninin ortaq cəhətlərini
tapmaq olar. İslavin ömrü boyu xidmət
etmiş və axırda gizli müşavir çininə qədər
yüksəlmişdi. Karenində Tolstoyun qohumu –
şöhrətpərəst məhkəmə işçisi A.M.Kuzminskinin də müəyyən
cəhətləri görünür.
Karenin həm
də Tolstoyun tanışı, mülkədar və məmur,
Dövlət Sovetinin üzvü olana qədər xidmət göstərmiş baron Vladimir Mixayloviç Menqdenə
(1826 – 1910) də müəyyən qədər bənzəyirmiş.
Onu tanıyanların dediyinə görə, fəal və nəzakətli,
işə can yandıran, amma həm də kobud, laqeyd və
daşürəkli bir adam idi. Deyirdilər ki,
ağır xasiyyətinin və ciddiliyinin nəticəsində
uşaqları da bədbəxt, uğursuz olublar. Mənim
yadımda bircə onun bəstəboy, görkəmsiz,
xoşagəlməz bir adam olduğu
qalıb. Onun həyat yoldaşı Yelizaveta
İvanovna isə (1822 – 1902) gözəl qadın idi.
Tolstoy gündəliyində onun haqqında yazırdı:
"O, çox gözəldi, münasibətimizdən də
məmnunam. Bacımla ünsiyyətdən belə
zövq ala bilmirəm. Bəlkə, bu,
sevginin bir addımlığında dayandığına
görə belədir”. Kareninləri təsvir
edəndə o, Menqdenovları da təsəvvürünə
gətirə bilərdi.
Kareninin
prototipinin K.P.Pobedostsevin (yazıçı, tərcüməçi,
kilsə tarixçisi – 1827-1907) olduğu fikri həqiqətə
az yaxındır.
Obolonskinin özü də ümumiləşdirilmiş
tipdir. Adətən,
onun Vasili Stepanoviç Perfilevdən (Rus dövlət xadimi,
Moskva qubernatoru – 1826-1890) götürüldüyünü
zənn edirlər. O, "amerikanlı” ləqəbi ilə məşhur
olan, Lev Nikolayeviçin əmisi Fyodor Tolstoyun qızı
Praskovya Fyodorvnayla evli, Tolstoyun da dostu idi. 70-ci illərdə
Pefilyev Moskva mülki vitse-qubernatoru, 1878-ci ildən isə
qubernator olub. Onun Obolonskiylə ünsiyyəti
vardı. Əyləncə və komforta meylli, xeyirxah,
müəyyən qədər liberal, yaxşı tərbiyə
almış, düzgün və namuslu bir adam
idi. Amma bu xüsusiyyətlər ali zadəgan
dairələrinə aid, yaxşı həyata öyrəşmiş
insanlardan çoxunda vardı. Stiv Obolonskidə knyaz Obolinskilərin
bəzi nümayəndələrinin xüsusiyyətlərini
də görmək olar: A.A.Dyakovanın əri Andrey
Vasileviç, liberal əyan Dmitri Aleksandroviç, onun
qardaşı – uğursuz işlərin ucbatından müflis
olan Dmitri Dmitryeviç, Leonid
Dmitriyeviç və b.
Leonid
Dmitriyeviç Obolenskinin (1844 – 1888) zahiri görünüşü Stepan Arkadyeviçə
oxşayırdı. Onun əməlli-başlı
hündür boyu, ağ saqqalı, enli
çiyinləri vardı. Xeyirxahlığı, vaxtı
xoş keçirmək
həvəsi də Obolonskini xatırladır. Bu həm də onunla öz təsdiqini tapır ki,
romanın bəzi qaralama varianlarında Obolonskini adı Leonid
Dmitriyeviç kimi qeyd olunub. Obolonskinin xüsusiyyətlərində
Dmitri Dmitriyeviçin əlamətlərini görmək
düşüncəsi həqiqətə az
yaxındır. Bildiyimə görə, Dmitri Dmitriyeviç
qadınlara qarşı maraq göstərmirdi, xeyirxah ailə
başçısı, uğursuz iş adamı və Stiva
Obolonski kimi kefcil biri idi.
Steva Obolonskinin arvadı Darya Aleksandrovna (Dolli) Tolstoyun
tanıdığı bir çox çoxuşaqlı analara
bənzəyirdi. Onda həmçinin 1872-ci ilə qədər artıq beş uşaq anası olan S.A.Tolstoyun da müəyyən
cizgiləri vardı. D.A.Obolenskinin arvadı Dolli
də vardı. Amma onda daha çox
knyaginiya Myaqkayanı daha çox görmək olardı, nəyinki
Dolli Obolonskini.
Vronski – varlı kübar ailəsindən olan tipik ordu
zabitidir.
Orduda xidmət
zabitlərdə müəyyən bir izlər
buraxırdı. Vronski üçün məşhur
simanın individual xüsusiyyətlərindən də – onun
enerjili olması, dürüstlüyü, yoldaşlarına və
qadınlara qarşı münasibətinin də
götürülüb-götürülmədiyin bilmirəm.
Tolstoy yazanda
Krımdan tanıdığı ordu zabitlərini və
ya Peterburqda olduğu zaman gördüklərini də
yadına sala bilərdi. Levinin energetik, güclü və eybəcər
bədən quruluşlu olması, onun paradoksları, avtoritetlərə
qarşı çıxmaq istəyi, səmimiyyəti, bələdiyyə
və məhkəməyə qarşı mənfi münasibəti,
kəndlilərlə rəfdarı, elmdə məyusluğu,
dinə münasibəti və bir sıra başqa şeyləri
ola bilər ki, elə Tolsoyun özünə
məxsusdur. Bu, sanki 70-ci illərdəki Lev
Nikolayeviçin pis fotoqrafik portretidir. Amma
elə foto kimi də təsvir olunmuş insanın ancaq bir
anını tuta bilir. Levində də
Tolstoyun həyatının ancaq bir mərhələsi təsvir
olunub. Bu fotoda Tolstoyu Levindən ayıran ən
başlıca amil yoxdur: Tolstoyun yaradıcılığı.
Bunun yerinə Levin kənd təsərrüfatı
işçilərindən diletant məqalə yazır.
Onda Tolstoyun "Anna Karenina”nı yazana qədərki kənd təsərrüfatına marağı öz əksini
tapıb.
Koznışevdə
B.N.Çiçerinin (filosof, tarixçi, publisist – 1828-1904)
xüsusiyyətləri var. Ortaq cəhətləri geniş erudisiya, liberal
baxışlar, özünəinam və düzgün insan
olmaqlarıdır. Lev Nikolayeviç bir ara
Çiçerinlə çox yaxın idi. Amma
bir müddət sonra onun Hegelçi olmağına və elmi
görüşlərinə mənfi münasibət bəsləyərək
ondan məyus oldu. Çiçerinin dövlət
haqlarıyla bağlı apardığı elmi tədqiqatlar
Koznışevin kitabı kimi geniş kütlə
qarşısında uğur əldə etmədi.
Nikolay Levin obrazını romandakı başqa obrazlardan
daha çox portret adlandırmaq olar. Tolstoy bu obrazı
yaradanda onun həyatını, xarakterini və zahiri
görünüşünü də qardaşı Dmitri
Nikolayeviçdən götürmüşdü. Bu haqda
geniş bir qədər irəlidə romanın
ayrı-ayrı epizodları ilə gerçəklik
arasında müqayisə aparanda danışacağıq.
Şerbatskilər ailəsi qışını Moskvada
keçirən, qızlarını "göstərişə”
çıxaran, mülkədar ailələri tipiydi. Fabrik
müdiri, knyaz Sergey Aleksandroviç Şerbatovun da ailəsi
belələrindən idi. Bir ara Tolstoy onun qızı Praskovya
Sergeyevnayla görüşürdü. O da sonradan tanınmış arxeoloq
S.A.Uvarova ərə getdi. Və bir müddət
Moskva şəhər başçısı olmuş knyaz
Aleksandr Alekseyeviç Şerbatovanın da ailəsi eynən
belə ailə idi. Buna oxşar başqa ailələri də
– Tribetskilər, Lvovlar, Olsufyevlər, Suxotinlər, Perfilyevlər,
Qorçakovlar və s. xatırlayıram. Şerbatski
ailəsinin təsvirində Bers ailəsinin də müəyyən
xüsusiyyətləri var. Romanın bir variantında
Şerbatskilərin kasıb ailə olduqları yazılıb.
Bers ailəsi də kasıb idi. Bers ailəsinin həm də üç qızı
vardı. Lakin Bers ailəsi Moskva ali
zadəgan cəmiyyətinə aid deyildi.
Kitidə gənc Sofya Andreyevnanın, onun anasında isə
Sofya Andreyevnanın anası Lyubov Aleksandrovnanın əlamətlərini
görmək olar.
Ayrı-ayrı epizodların yaranması ilə
bağlı fikirlərdən və romanın ikinci dərəcəli
obrazlarının prototiplərindən danışaq.
Birinci
hissə
V fəsil
Levin də
Tolstoy kimi zemstvoya (inqilabdan qabaq: tərkibinin çox hissəsi
zadəganlardan ibarət olan seçkili yerli idarə)
qarşı çox pis münasibətdədir. Məsələ burasındadır ki, zemsto
bütün quberniya və qəza silklərinə torpaq və
başqa vergilər qoymaq haqqına sahib idi. Bu cür vəziyyətdən
sonra zemstvo upravalarına sədr və üzvlüyə,
dünyəvi hakim və başqa vəzifələrə adətən,
çox da varlı olmayan mülkədarlar seçilirdi.
Onlar çox vaxt pis işləyən və çox yüksək
maaş alanlar olurdu. Levinin "zemstvo xidməti
qəza coterie (dairə) üçün pul toplamaq vasitəsidir"
sözü xüsusən, Krapivensk qəzasını bəzi
mülkədarlara, keçmiş təhkimçilik tərəfdarlarına
şamil olunurdu. Tolstoyun barışdırıcı münsif
(Çar Rusiyasında 1861-cı il kəndli islahatından
sonra kəndlilərlə mülkədarlar arasında törəyən
torpaq mübahisələrini qaydaya salmaq üçün
yaradılan vəzifə) olduğu vaxtlarda onlar Tolstoya qarşı düşmənçilik
mövqeyində idilər. Bunun da səbəbi
bu idi ki, Tolstoy mülkədarlar və kəndilər
arasında torpaq bölgüsü zamanı onların xeyrinə
deyil, işini qərəzsiz, tam ədalətli şəkildə
aparırdı.
V Fəsil.
Levinin
Karazin qəzasında "üç min desyatini (1,092 hektara-bərabər
yer ölçüsü) var”. 70-ci illərin əvvəllərində
Tolstoyun da böyük dədə-baba malikanələri –
Yasnaya Polyanada 750 desyatin yaxın, 1200 desyatin yaxın
Nikolsk-Vyazemsk kəndi ətrafında
1200 desyatinə yaxın və Samara quberniyasında 1871-ci ildə
aldığı böyük bir (2500 desyatin) malikanəsi
vardı. Daha sonra o, Samara quberniyasında daha
4000 desyatin ərazi almışdı.
VI Fəsil
Levin özü barəsində belə düşünürdü
ki, o, "kübar təbəqənin fikrincə, inəklərin
artımı, cüllütlərin vurulması və tikinti
işi ilə məşğul olan, yəni, əlindən
heç nə gəlməyən, bir şey bacarmayan, cəmiyyətin
düşüncəsində heç nəyə yaramayan
adamların etdiyini edən bir adamdır". Əvəllki
zamanlarda yüksək zadəgan dairələrində xidmətdə
olmayan zadəganlara qarşı müəyyən
etinasızlıqla, laqeydliklə yanaşırdılar. Bir yaşlı mülkədarın
mənə dediyi sözləri xatırlayıram:
"Özünə hörmət qoyan zadəgan
çalışmalıdır ki, əlli yaşına kimi ya
həqiqi mülki müşavir vəzifəsində olsun, ya
da ki istefada olan polkovnik və ya general olsun".
X Fəsil
Obolonski "ona yapışan tatarlara əmrlər
verirdi” Həmin dövrlərdə Moskva restoranlarındakı
ofisiantlar əksərən Qasim və Kazan tatarları olurdu.
X Fəsil
Obolonski
deyir: "Siz Levinlər kobudsuz”.
Lev Nikolayeviç 1865-ci ilin oktyabrnda A.A.Tolstoya məktubunda
yazırdı: "Sizdə biz Tolstoylara xas olan kobudluq var.
Fyodor İvanoviç də (amerikalı Tolstoy) əbəs yerə
bədənə şəkil döydürməmişdi”.
XIV Fəsil
Tolstoy da Levin kimi spiritizmə (dini-fəlsəfi doktrina)
qarşı münasibəti mənfi idi. Və
danışıqlarında Levinin gətirdiyi sübutları, əsasları
gətirirdi. Sonralar "Maarifin meyvəsi”ndə
spiritləri lağa qoyur.
XXII Fəsil
Romanda təsvir olunan bal
o zamanlarda eyniylə bir çox evlərdə keçirilən
ballar kimi keçirdi. Rəqslərin
ardıcıllığı belə idi: bal
yüngül bir valsla başlayırdı. Ardınca
dörd kadril rəqsi, sonra da mazurka səslənirdi. Mazurkadan sonra fasilə olurdu; mazurkanı rəqs edən
cütlüklər bir yerdə nahar edirdilər. Sonuncu rəqs isə kotilon olurdu. Kotilon müxtəlif fiqurlar – məsələn,
grand-rond (böyük xorovod), vals, mazurka,
qalop, qrassfater kimi rəqslərdən – chaîne (zəncir) və
s. ibarət
kadrildir. Xanımlar daha çox mazurkaya üstünlük
verirdilər: bəylər ən çox bəyəndikləri
xanımları dəvət edirdilər.
Yeqoruşka
Korsunkinin
simasında Tolstoy S.A.Rimski-Korsokov və əmisi
qızı A.s.Qriboyedovanın oğlu Nikolay Sergeyeviç
Rimski-Korsokovu (1829—1875) təsvir etmişdi. O, varlı,
yaraşıqlı, eleqant, iti ağıllı və şən
oğlan idi. Peterburq və Moskvanın ilk aslanlarından biri,
kübar təbəqənin sevimlisi, bütün bal və şən məclislərin ürəyi
idi. O, Moskva Universitetini bitirmiş, zadəganların
seçilmiş nümayəndəsi işləmiş,
Krım kampaniyası zamanı hərbi xidmətə qəbul
olunmuş və Sevastopolun müdafiəsində iştirak
etmişdir. Tolstoy onu da, həyat
yoldaşını da yaxşı tanıyırdı.
Varvara Dmitriyevna
Moskvanın ilk gözəllərindən biri
sayılır.
XXIV fəsil
Nikolay Levinin prototipi, qeyd etdiyimiz kimi, Lev Nikolayeviçin
qardaşı Dmitridir. Nikolay Levin kimi o da gəncliyində kilsə
qanunlarına ciddi riayət edərək, bütün əyləncə
və şənliklərdən, xüsusən də,
qadınlardan uzaq qaçmış, rahib kimi
yaşamışdır. Onu hamı ələ
salır, Nuh adlandırırdılar. Qəfil
o öz yolundan çıxır, ən pis adamlara qoşularaq ən
avara həyat yaşamağa başlayır. Bundan başqa, o, əsəb gərginliyi vaxtı
oğlanı döyür, hansısa vicdansıza veksel verir.
Sonralar onun əsasında qardaşları Lev və Sergey pul ödəməli
olurlar. Bundan başqa, fahişəxanadan pulla
aldığı Maşayla yaşayır, həddindən
artıq alkoqollu içkilər qəbul edirdi. Nikolay
Levinlə Dmitri Tolstoy arasında bircə fərq vardı:
Nikolay Levin müxtəlif sosialist ideyaları irəli
sürür və sosialist Kritskiylə kooperativ
başlanğıc əsasında çilingər arteli təsis
etmək fikrinə düşür. Bunu
1856-cı ildə dünyasını dəyişən Dmitri
Nikolayeviç edə bilməzdi. O, ancaq mülkədarlar
və kəndlilər arasında münasibətləri
yaxşılığa doğru dəyişilmək
haqqında bəzi şeyləri düşünürdü. Bu haqda onun qeydi (əlyazması) var.
I, XXVI və
XXVII fəsil
Levin malikanəsində
kabineti, maral buynuzları, atasının divanı, pudluq
gimnastik daşları, Laska adlı iti, Pava adlı inəyi və
s. – bütün bunlar Tolstoyun Yasnaya Polyanadakı subay həyatını
xatırladır. Tolstoyla yaşlı qohumu və tərbiyəçisi
Tatyana Aleksandrovna Yerqolskaya yaşayırdı. Son versiya kimi
çap olunmuş romanın mətn qaralamalarında Levinlə
bir yerdə analığın yaşaması haqda qeydlər
var. Yasnaya Polyanada Aqafya Mixaylovna da yaşayırdı. O,
Tolstoyun nənəsi Pelaqeya Nikolayevnanın keçmiş qulluqçusu idi. Lakin
Aqafya Mixaylovanın Levinin həyatında oynadığı
rolu o, Tolstoyun həyatında oynamamışdı.
Keçmiş zadəgan təbəqənin orijinal nümayəndəsi
Aqafya Miyalovna haqqında T.A.Kuzminskaya, T.L.Tolstaya ("Yasnaya
Polyananın dostları və qonaqları”) və İ.L.Tolstoy
xatirələrində yazırdı. "Levin anasını
güclə xatırlayırdı. Anasının xatirəsi
onun üçün müqəddəs bir xatirə idi...”
Tolstoy da anasını xatırlamırdı və onu belə
ideallaşdırırdı.
XXVIII Fəsil.
"Hər kəsin qəlbində öz
skeletons (skelet) var”, – Anna deyirdi. Bu ifadə
ingilis romanlarından götürülüb. Skeletons in the closet (anbarda skeletlər) ifadəsi
başqalarından gizlənən ailələrin, insanların
utanc sirləri deməkdir.
XXIX Fəsil
Anna qatarda gedərkən
silkələnmədən, istidən soyuğa keçən
temperaturdan narahat olur. Dəmir yollarında sonradan
yaradılan rahatlıq 70-ci illərdə hələ yox idi:
par istixanası, elektrik işıqlandırılması və
s. yox idi. Birinci klassda gecələr
açılan kreslolar var idi.
XXXII Fəsil
Qrafiniya Lidiya
İvanovna bəzi xüsusiyyətləriylə qrafiniya Antonina
Dmitriyevna Bludovanı (1812-1891) xatırladır. O, I
Nikolayın dövründə daxili işlər naziri, II
Alkeksandrın dövründə Dövlət
şurasının sədri olmuş D.N.Bludovun qızı
idi. O, slavyanpərəstliyə
yaxın idi, dini xarakter daşıyan xeyriyyəçilik ilə
məşğul olurdu. Gündəliyindən məlum
olduğu kimi, Tolstoy Bludovgildə 1856-1857-ci illərə olub.
XXXIV Fəsil
Zabit Buzulukovun (o zamanlar bu, çox pis bir hərəkət
hesab olunurdu) baldan götürdüyü meyvə və konfetləri
doldurduğu yeni kaskasıyla bağlı epizod hansısa zabitin
başına gələn bir hadisədir. Bu haqda lətifə
də eşitmişdim.
Sergey Lvoviç Tolstoy
Tərcümə edən: Xanım
Aydın
Kaspi 2019.- 10-14 avqust.-
S.14-15.