Təhsili olmadığı üçün fəxri ad
ala bilməyən aktrisa
“O tamaşa indi yenidən səhnələşdirilsəydi,
onu daha gözəl, daha fərqli oynayardım”
Teatr bir
məktəbdir. Kimisi bu
məktəbdə zəif performans
göstərdiyi üçün dərslərindən
geridə qalır, kimisi də bu məktəbi əla qiymətlərlə bitirib istədiyi zirvəyə doğru
yol alır. Müsahibim
Şarud Mehdiyeva da ömrünün 46 ilini Lənkəran Teatrına həsr edib. "Bundan sonra da canımda can durduqca ürəyim teatrla döyünəcək”
deyir. Onun həyat hekayəsini
dinlədim. Gözlərində qəm, ürəyində
övlad və teatr sevgisi ilə
alışıb yanırdı.
Arzuladığı həyatı yaşamaq
qisməti olmayıb.
Həyatda əsas qazancı
övladları, bir də ömrünü həsr etdiyi obrazlarıdır. Həyatının ən çətin illərində tutacağı,
ən böyük dayağı elə teatrın özü olub. Müsahibim, irili-xırdalı, bir çox obrazlara "can” verib. O, burada Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən”
tamaşasında ana, T.Məmmədovun "Gəlin
həsrəti”ndə Bəzəkcan,
Y.Edlisin "Kölgələrin
oyunu”unda Kleopatra, K.Kaldoninin "İki ağanın bir nökəri”ndə Beatriçe,
İ.Coşqunun "Ana laylası”nda
Bahar, Ə.Əmirlinin
"Onun iki qabırğası”nda Ceyran, Ə.Orucoğlunun "Pul
dəlisi”ndə Gülnaz,
S.S.Axundovun "Qaraca qız”ında Pəri Cahan xanım, H.Allahyarovun "Bir ovuc torpaq”ında Xumar, H.Mirələmovun
"Ləyaqət”in də
yaşlı qadın,
Y.Əzimzadənin "Nəsrəddin”ində Xeyrənisə,
B.Nuşiçin "Nazirin
xanımı”nda Nofa, Q.Fiqeyredonun "Ezop”unda Miletta, H.Muxtarovun "Mən nənə ilə evlənirəm”ində
Sədəf İmanova,
Q.Qorinin "Herastratı
unudun”unda Eritta, Ə.Əmirlinin "Köhnə
ev”ində Mələk
obrazlarını canlandırıb.
- Şarud xanım,
bölgə teatrına
gəlişinizi necə
xatırlayırsınız?
-
1973-cü ildə bir qəzetdə elan oxudum. Teatra işçi axtarırdılar.
O zaman 18 yaşım vardı, gənc idim, səhnə eşqi ilə alışıb yanırdım.
Həmin
illər qız uşağının teatra
getməsinə pis baxırdılar deyə, qorxumdan bunu valideynlərimdən gizlətmişdim.
Həm də mənə qədər nəslimizdə heç kim incəsənət
sahəsində çalışmamışdı.
Ona görə, məni hansı çətinliklərin
gözləyəcəyindən xəbərdar idim. Çevrəmdəki insanlar teatrda
çalışan qızlara
dırnaqarası baxırdılar.
Ona görə, istəmirdim kimsə mənim teatra getdiyimdən xəbər tutsun. Heyf o illərdən...
- İndi geriyə
baxanda peşmançılıq
hissi keçirirsiniz?
- Açığı elə
hissə qapılmamışam.
Ancaq əziyyətimin qiymətləndirildiyini
görməyi çox
istəyərdim. Həyatda o qədər
çətin, keşməkeşli
günlərim olub ki... İki övladım vardı,
teatrda qazandığım
pulla onları dolandırmaqda çətinlik
çəkirdim. Ancaq heç
kimə boyun əymir, kimsəyə ağız açmırdım.
İki uşağı kirayədə
çətinliklə də
olsa böyütdüm.
Hətta
çətinlik gördüyüm
o illərdə belə,
teatrı atmadım,
"maaşı azdır”
deyib başqa sahəyə getmədim.
Teatrın çətin gülərində
mən ona dayaq oldum. Teatrı çox sevirəm, ancaq elə şeylər var ki, məni teatrdan
uzaqlaşdırır və
həvəsdən salır.
46 ildir teatrda
çalışıram. Bu, bir sənətçi
üçün çox
böyük bir dəyərdir. Amma...
Çox
istəyərdim ki, birotaqlı da olsa, evim olsun.
Fəxri
adımın olmasını
arzulayıram. Müraciət etdikdə deyirlər
ki, diplomunuz olmadığı üçün
sizə fəxri ad düşmür. Teatrın
böhranlı vaxtında,
olduqda hər kəsin teatrdan uzaqlaşdığı bir
vaxtda Adil Zeynalovla mən 6 il teatrı
pis-yaxşı, öz
çiyinlərimizin üzərində
saxladıq. O dövrdə
teatrda çalışan
hər kəs bunu etiraf edə
bilər. O zamanlar məni 7 saylı məktəbə pedaqoji fəaliyyətlə məşğul
olmaq üçün
dəvət edirdilər.
Ancaq ora getmədim, çünki teatrı bu vəziyyətdə qoyub gedə bilməzdim. Maddi cəhətdən
vəziyyətim yaxşı
deyildi, ancaq teatrı tərk etmədim. O çətin
illəri Allah heç
kimə göstərməsin.
- 46 ildir teatrda çalışırsınız,
anaq sizi seriallarda, filmlərdə görə bilmirik.
- Açığı, seriallara
və filmlərə dəvət alıram, ancaq həyat yoldaşım buna icazə vermir. Yoldaşım qoysaydı, seriallara
çəkilərdim. Əslində filmdə çəkilməyi
çox istəyərdim,
çünki film tarixdir.
Tarixə düşməyi isə çox istəyərdim. Qadın üçün
ailə müqəddəsdir.
Mən də ailəmin sözündən çıxa
bilmərəm.
- Yəqin ki, bu 46 ildə teatrda maraqlı əhvalatlara da şahidlik edibsiniz.
- O qədər... Anaq elə hadisələr
var ki, onları
danışmaq düzgün
deyil. Unutmadığım hadisələr də
yaşamışam. Məsələn, bir dəfə səhnədə yıxılıb,
kəllə-beyin travması
almışdım. O hadisədən
sonra 10 gün özümə gələ
bilmədim. Yaddaşımı itirdim, çox
çətinliklə yenidən
həyata qayıtdım.
Öz üzərimdə çalışdım
və özümü
bərpa etdim. Davamlı olaraq kitablar oxuyur, tamaşaları izləyir və yenidən səhnə həyatına dönməyi
arzulayırdım. Nəticədə mən yenə teatra geri döndüm.
- Teatrda oynadığınız
hansı obraz sizin ruhunuza daha yaxındır?
- Valentin Rasputinin
"Sonuncu möhlət"
əsərində baş
qəhrəmanı - ana
rolunu canlandırmışdım.
O obrazım həyatım
boyu məni həyəcanlandırıb. Bu tamaşanı oynayanda mən çox gənc idim. Əsəri oxuduğuma görə, ana rolunu canlandırmağı rejissordan özüm istəmişdim.
Əslində tamaşada ananın
elə böyük bir performansı, sözü yox idi. Ana həyatını övladlarına həsr edir və bir
gün halı pisləşir, övladlarını
səsləyir, ancaq onun harayına səs verən olmur. Fədakar ana çarpayısında
tənha şəkildə
ölür. Hansı ki,
yan otaqda onun övladları şadyanalıq edir, analarının səsini belə eşitmək istəmirlər. Bu tamaşanı mən o vaxt – gəncliyimdə oynamışam. O tamaşa
indi yenidən səhnələşdirilsəydi, onu daha gözəl,
daha fərqli oynayardım. Bu, mənim
ən çox sevdiyim roldur. Teatrda Kleopatradan tutmuş, Qar kraliçasına qədər hər cür obrazlar canlandırmışam.
- Yəqin ki, "Sonucu möhlət”dəki
ana kimi ölməkdən qorxursunuz...
- Bu, faciədir... Valideynə hörmətsizlikdir, valideynin qədrini bilməməkdir. Qismətdir, gələcəyi
bilmək olmur. Həyatın insana nələr
yaşadacağını da
öncədən bilmək
olmur. Ancaq heç bir
anaya elə bir ölüm arzulamıram.
- Bəs bu illər
ərzində heç
tənqid olunubsunuz?
- Əgər həqiqi
tənqiddirsə, qəbul
edərəm. Ancaq bəzən insanlar
tənqidlə təhqiri
səhv salırlar.
Həyatım boyu təhqiri
qəbul etməmişəm.
Biz düşüncəli insanlarıq, ağı qaradan seçməyi bacarırıq. Ona görə,
bu günün insanına nəyin pis, nəyin yaxşı olduğuna deməyə ehtiyac yoxdur. Xalqın gözü tərəzidir.
- Səhnədə nisgilli olduğunuz obrazlar varmı?
- Demək olar ki, bütün obrazları oynamışam.
Artıq
64 yaşımı haqlamışam.
Ancaq bəzən mənə edilən hörmətsizliyi
və diqqətsizliyi görəndə peşman
oluram. Yarım əsrdən 14 il
çox yaşamışam.
Teatrda aktrisaların həsəd
apardığı hansı
rol varsa, onların hamısını
oynamışam. Məsələn, hər kəs
istəyər ki, Kleopatranı oynasın.
Onu da Lənkəran
Teatrında mən oynamışam. Bundan o tərəfi varmı?
- Hansı rejissorlarda işləmək sizin üçün rahatdır?
- Bu sferada tanınmış, ən məşhur rejissorlarla da işləmişəm, yeni
gələn gənc nəsillə də. Hüseyn Sultanov, Əşrəf Quliyevlə
o zamanlar gözəl işbirliyimiz olub. İndi isə teatrımızın
baş rejissoru Oruc Qurbanovun hazırladığı tamaşalarda
rol alıram. Rejissorlar hansı obrazı mənə həvalə ediblərsə, onların
öhdəsindən gəlməyə
çalışmışam.
- Səhnədə aktyorla rejissorun bir-biri ilə dil tapması
çox önəmlidir.
Və bu ünsiyyət bəzən tamaşalara da təsir edir.
- Elədir. Mən 43 yaşında 14 yaşlı bahar qızını oynamışam
və bu obrazım insanlar tərəfindən sevilib.
43 yaşında özümü
14 yaşlı qız
kimi hiss edirdim. O mənim ürəyimə
yatan rol idi ki, həmin
tamaşada səsləndirdiyim
ifadələr hələ
də yadımdadır.
- Deyirsiniz ki, yarım əsri 14 il geridə qoyubsunuz. Hər iki nəsil sənətkarlarla işləyibsiniz. Nəsilləri müqayisə etmə zamanınız olurmu?
- Əlbəttə olur. Bir zamanlar səhnədə çiyin-çiyinə çalışdığım sənətkarların çoxu indi həyatda yoxdur. Allah onlara rəhmət eləsin. Yeni nəsil aktyorlar yetişir, onlarla da çalışırıq, təbii ki, hamısı ideal deyil. Ancaq gənclər cəhd edirlər, çalışırlar, onları bu istəklərini də müsbət qiymətləndirirəm.
- Səhnəyə çıxdığınız ilk günü necə xatırlayırsınız?
- Çox həyəcanlı idim. Səhnə başıma fırlanırdı. Açığı, bu gün də səhnəyə çıxanda çalışıram ki, tamaşaçıların əyləşdiyi zala tərəf baxmayım. Səhnəyə çıxanda sanki mənimlə səhnə arasında böyük sədd olur və zalı görməməyə çalışıram. Tamaşa zamanı zalı görəndə həyəcanlanıram və əsməyə başlayıram. Bir dəfə bunu deyəndə Böyükxanım Əliyeva bildirdi ki, o da səhnəyə çıxanda zala baxmamağa çalışır. Çünki tamaşaçı qarşısına çıxmaq böyük məsuliyyətdir. Biz bu məsuliyyəti dərk edirik. Əlbət ki, istedad diploma bağlı deyil.
- Təhsil almağı heç düşünmədiniz?
- O zamanlar teatrın təqdimatı ilə təhsil almaq şansım vardı. Amma metroda bütün sənədlərimi itirdim. Onda sənədlərimi itirməsəydim, bəlkə də çoxdan oxuyub qurtarmışdım və indi Xalq artisti idim.
- Paytaxt teatrına gəlmək istəyibsiniz?
- Bakıda 2 gündən çox qala bilmirəm. Mən Lənkəranda doğulmuşam və torpağıma bağlı insanam. Biz bu torpaqlarda doğulmuşuq, burda çalışmışıq, ömrümüzün ən gözəl illəri burda keçib, elə bu torpaqlarda da öləcəyik.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.
Kaspi 2019.- 10-14 avqust.-
S.6.