Festivallarda filmlər üçün tələb olunan şərtlər

Elə film çəkilməlidir ki...

Bəllidir ki, kino hər bir ölkənin tanınması üçün əvəzedilməz faktordur. İnsanların dünyagörüşünü formalaşdıran, tarixi, milli adət-ənənələri yaşadan, həyatın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır. 

Sevindiricidir ki, son illər gənclərin və eləcə də kino sferasında sözünü deyən rejissorlarımızın beynəlxalq film festivallarına ayaq açdıqlarının şahidinə çevrilirik. Beynəlxalq film festivalında iştirakın özü isə rejissorlara yeni ideya, yeni fikir, dünya kino arenasında yaşanan proseslə, az da olsa tanış olmaq imkanı bəxş edir. İl ötdükcə komediya filmləri ilə yanaşı,  gənclərin qısametrajlı filmlər çəkdiyinin də şahidi oluruq. Filmin harda nümayiş olunacağını soruşduqda isə "Beynəlxalq festivallara göndərəcəyəm” cavabını alırıq.  Bəs görəsən beynəlxalq film festivalları hər filmi qəbul edirmi, bunun üçün hansı şərtlər tələb olunur? Hansı filmlər beynəlxalq film festivallarında iştirak edə bilər? Hansı filmlərin bu festivallarda iştirak etmək hüququ yoxdur? Suallarımızı ekspertlərimizə ünvanladıq.

"Əgər çəkilən film yaxşı sənət əsəridirsə...”

Çəkdiyi "Çölçü” filmi beş qitədə, 48 festivalda iştirak edən tanınmış kinorejissor və ssenarist Şamil Əliyev hər festivalın öz devizinin olduğunu, bəzi festivallarda şiddət səhnələri, milli ədavəti qızışdıran, narkotik aludəçiliyini təbliğ edən, parnoqrafik elementləri daha çox təbliğ edən filmlərə qadağa qoyulduğunu bildirdi: "Beynəlxalq festivallar bir neçə kateqoriyaya bölünür- "A”, "B”, "C”. "A” kateqoriyalı filmlərdə  iştirak etmək üçün film "Youtube”da yerləşdirilə bilməz. Misal üçün "Çölçü” iki "A” kateqoriyalı festivalda iştirak edib. "B” kateqoriyalı festivallar da ciddi tələblər irəli sürürlər. Ancaq ən ciddi tələbləri isə "A” kateqoriyalı festivallar tələb edir. Hansı ki, onlar filmin premyerasının, ilkin nümayişinin məhz onların festivallarında göstərilməsini tələb edirlər. Əgər film onlardan əvvəl hansısa festivalda iştirak edibsə, "A” kateqoriyalı festival onu qəbul etmir. Moskva beynəlxalq kino festivalı "Çölçü”nü əsas müsabiqəsi üçün istəmişdi, ancaq film Kan kino festivalına təqdim olunduğu üçün mən imtina etməyə məcbur olmuşdum”.

Ş.Əliyev qeyd edir ki, filmlərin nümayişi müddətində də müəyyən tələblər olur. Belə ki,  tammetrajlı film kateqoriyasında 60 dəqiqədən yuxarı olan filmlər qəbul olunur: "Bəzi festivallar 70 dəqiqədən çox olan filmləri qəbul edirlər. Festivalların ən önəmli şərtlərindən biri, filmlərin ingilis subtitri ilə təqdim olunması olur. Misal üçün, Berlin Beynəlxalq Film Festivalı ingilis dilində deyil, alman dilində olan filmləri qəbul edir. Kan Festivalı filmlərin fransız dilində təqdim olunmasını tələb edir. Bir də beynəlxalq festivallar, adətən, yaşı iki ildən çox olmayan filmləri qəbul edirlər. Ancaq "Çölçü” istisna olaraq uzun müddətdir beynəlxalq film festivallarında iştirak edir. Çünki filmin ötürdüyü ümumbəşəri dəyərlər cəmiyyət üçün aktual bir mövzudur. Bunun üçün "Çölçü” istisna şəkildə hələ də festivallarda iştirak etmək hüququ qazanır.  Festival üçün elə  film çəkilməlidir ki, 20 ildən sonra baxıldıqda, yenə də öz aktuallığını qoruyub saxla bilsin. Bəzən festivallar üçün günlük mövzulardan bəhs edən filmlər çəkilir və bir müddətdən sonra öz aktuallığını itirir. Əgər çəkilən film yaxşı sənət əsəridirsə,  bu günün tələbinə cavab verirsə, sabah da maraqsız olmamalıdır. O film daim öz aktuallığını qoruyub saxlamalıdır”.

"Ola bilər, mövzu və spesifik istiqamətləri var deyə...”

"START” Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev deyir ki, Azərbaycanlı kinematoqrafçıların beynəlxalq festivallarda müəyyən qədər uğurları  var və bu uğurlar təkcə filmlərin keyfiyyəti ilə deyil, beynəlxalq festivalların qaydaları ilə yaxından tanışlıqla da bağlıdır: "Təəssüf ki, ölkəmizdə beynəlxalq kinofestivallara qatılan, oradakı qaydaları bilən mütəxəssislər həddən ziyadə azdır. Xüsusilə qeyd etmək istəyirəm ki, festivallarda uğur qazanmaq üçün bir çox nüanslara diqqət etmək lazımdır. Məsələn, filmin mövzusunu, qaldırdığı problemi nəzərə alıb, uyğun festivala göndərmək şərtdir. Bundan başqa, dünyada həm forma, həm də mövzu etibarı ilə müxtəlif festivallar var. Debüt filmləri, döyüş filmləri, qorxu filmləri və s. Ancaq "A” kateqoriyalı festivallar daha çox son bir ildə istehsal olunmuş filmləri qəbul edirlər. "A” kateqoriyalı olmayan, amma dünyanın bir çox təşkilatları və kinematoqrafçıları tərəfindən qəbul edilən festivallar da son bir ildə istehsal olunmuş filmləri proqrama qəbul edirlər. İkinci dərəcəli festivalların şərtlərində isə son iki ildə istehsal olunmuş filmlərə üstünlük verirlər.  Son beş, on ildə istehsal olunmuş filmləri qəbul edən festivallar isə xüsusi proqram əsasında fəaliyyət göstərirlər. Ola bilər ki, mövzu və spesifik istiqamətləri var deyə, onlar iki ildən öncə də istehsal olunmuş filmləri müsabiqəyə qəbul edə bilirlər”.

Prodüser festivallara film təqdim edərkən müəyyən texniki məsələləri də bilməyin zəruriliyindən danışdı: "Filminizin tammetrajlı və ya qısametrajlı olmasından asılı olmayaraq, onu festivallara göndərməyi düşünürsünüzsə, ilk növbədə onu müəyyən internet portallarına yükləməlisiniz. Vimeo.com platforması bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq portaldır. Filminizi bu platformaya yükləyərək, xüsusi parolla linki bağlı etmək lazımdır. Ekran əsərini göndərdiyiniz  festivalın proqramına daxil edilib-edilmədiyini bildikdən sonra parolu dəyişə də bilərsiniz. Və ya elə o parolla başqa festivallara da göndərə bilərsiniz. Yeni istehsal olunmuş film, internetdə hər kəsə açıq olduqdan sonra onun festivala göndərilməsinə demək olar ki, səbəb qalmır. Ciddi festivallar bu məqama diqqət edirlər. Çox təəssüf ki, ölkəmizdə əsasən gənclər film çəkən kimi onu "Youtube” platformasına yükləyirlər. Bu, bəzən gənclərin tez bir zamanda məşhur olmaq istəyindən irəli gəlir. Onları festivallar, ciddi kinematoqrafiya maraqlandırmadığından, bu addıma üstünlük verirlər. Digər tərəfdən gənclər festivallara filmlərin göndərilməsi ilə bağlı kriteriyalardan xəbərdar olmadıqları üçün bu addımı atırlar. Film müəllifləri istehsal olunan məhsulun kinemotoqrafik baxımdan festivala göndərilməsi üçün yararlı olub-olmamasını peşəkar insanlarla məsləhətləşməklə də təyin edə bilərlər. Bu istiqamətdə həmişə çalışıram ki gənc kinematoqrafçılara lazımi köməkliyi göstərim”.

Gənclərin bu sahədə yetərincə informasiyalarının olmamasının onları dünya kino industriyası ilə tanışlıqdan məhrum etdiyini deyən F.Şamıyev, bizimlə təcrübəsini də bölüşdü: "Gənc kinematoqrafçılara məsləhət görərdim ki, çəkdikləri filmlər qısametrajlı və tammetrajlıdırsa, bunu ciddi hadisə hesab edib ciddi festivallara göndərmək istəyirlərsə, həmin materialları tez bir zamanda "Youtube”a yükləməsinlər. Yükləsələr belə, onu hamı üçün açıq qoymasınlar. Əgər ödənişli festivallara pulunuz çatmasa, həmin filmi ödəniş tələb etməyən onlarla festivallara göndərə bilərlər. Bunun üçün sadəcə, o festivalları internetdən tapıb qeydiyyatdan keçib, filmin linkini onlara göndərmək lazımdır. Əgər filminiz "youtube”da və ya "vimeo.com” platformasında açıq şəkildədirsə, festival təşkilatçılarında sizin haqqınızda müəyyən qədər qeyri-ciddi fikir formalaşır. Buna görə də, festivala film göndərərkən çalışın həmin film hər kəs üçün əl çatan olmasın. Film festival həyatını başa vurduqdan sonra onun linkini hər kəsə açıq etmək olar. Məlumdur ki festivallar əlaqə, yeni layihələrin maliyyələşməsi üçün şərait, müştərək layihələr, pitçinqlər üçün imkanlar yaradır. Bütün bunları hər il keçirilən BAKI Beynəlxalq Qısa Filmlər Festivalına film göndərməyi planlaşdıran gənclər də nəzərə almalıdırlar.  Sonda qeyd etmək istəyirəm ki, istehsal olunmuş filmin iki il ərzində festivallara göndərilməsi normal haldır, amma bu müddət ərzində onun internetdə yayımı məqsədəuyğun sayılmır”.

"Hər festivalın öz meyarı var”

Gənc rejissor Kamal Yaşar deyir ki, hər festivalın öz şərti var və o şərtlər ölkələrə, onların prinsiplərinə görə dəyişir: "Festivalların öz tendensiyaları olur və bu tendensiya hər ölkəyə, festivalın məğzinə uyğun olaraq dəyişir. 2017-ci ildə Berlin Film Festivalında ən çox miqrantlarla bağlı mövzu üstünlük təşkil etdiyinin şahidi oldum. Bu, zamana bağlanan sürətli tendensiyalardır. Suriya müharibəsi, Suriyadan Avropaya köçən qaçqınlar, onlarla bağlı mövzu çoxluğu yaranmışdı. Bu mövzu bütün festivallar üçün maraqlı idi. Bir də var ki, spesifik meyarlar. Hər festivalın öz meyarı var. Misal üçün, Sunless Festivalı film sektorunda nüfuzlu festival hesab edilir. Orada daha çox ssenarinin keyfiyyətinə və filmin ötürdüyü mesaja üstünlük verirlər. Əsas odur ki, hekayə orijinal olsun. Orada kamera, texniki vasitələrinin çox qüsurlu olduğunu görə bilərsən. Ancaq ssenarisi, hekayəsi təbiidirsə, Sunless Festivalı o filmi qəbul edir. Çünki bu festival üçün prioritet, mövzunun orijinallığı, hekayənin unikallığıdır. Bir də bir mövzuya həsr olunmuş festivallar mövcuddur. Misal üçün, bir festival qadın haqlarına həsr olunur və festivala təmayüllü filmlər göndərilir”.

K.Yaşar dünyaca məşhur, "A” kateqoriyalı festivalların ilkin şərtinin filmin ilk nümayişinin məhz onların festivallarında göstərilməsi olduğunu vurğulayır: "Filmi ilk olaraq onlardan başqa heç bir festivala göndərə bilməzsən. Hər ölkədə keçirilən festivalların öz fərqləri var”.

 

Xəyalə Rəis

Kaspi 2019.- 15 avqust.- S.8.