Xalq artistinin sözündən sonra aparıcılığın daşını atan aktrisa

Onu televiziyadan izləyirdim, rol aldığı serialın əsas qəhrəmanı olmağı bacarmışdı. İnsanları canlandırdığı obraza inandırmağı bacardığı üçün, rəğbətim yaranmışdı ona. Öyrəndim ki, Akademik Milli Dram Teatrının aktrisasıdır. Onunla görüşüb fikir və düşüncələrini öyrənmək istəyi yarandı. Müsahibimiz istedadlı gənc aktrisa Fəridə Şahbazovadır. İlk olaraq özünü aparıcı kimi sınasa da, özünü bu sahədə görməyib.

- Avqustun 2-si milli kinomuzun 121 illik tarixini qeyd etdik. Bu münasibətlə sizi təbrik edir fikirləriniz eşitmək istərdik.

-  Azərbaycan kinosunun böyük bir tarixi var. Azərbaycan kinosu illər ötdükcə daha da təkmilləşir inkişafa doğru gedir. Bu gün yeni seriallar, filmlər çəkilir, kinoteatrlarımızda yerli filmlərimizin sayı günü-gündən çoxalır. Təbii ki, bu, çox gözəl haldır. Ancaq yeni çəkilən filmlərimizə  balta vuranlarımız da az deyil.  Cəmiyyətdə bəzi insanlar tənqidlə təhqiri səhv salıb, yeni filmlər haqqında mənfi fikirlər səsləndirirlər. Bəzən filmlərdə yer alan neqativ halları göz önünə gətirmək onu ictimailəşdirmək üçün izləyirlər. Özlərini "ağıllıgöstərmək üçün filmdəki fraqmentləri müzakirəyə çıxarırlar. Mən bunu düzgün hesab etmirəm.   Kino industriyası inkişaf  edən hər bir dövlətdə keçid mərhələsi olub. Məsələn, bir neçə il bundan əvvələ nəzər salsaq, görərik ki, türk filmləri dünya bazarına çıxa bilmirdi. İndi isə dünya kino bazarında ən çox satılan izlənilən filmlər sırasında türk filmləri ön sıralarda yer alır.  Filmlərimizdə daha yaxşı nüanslar tapsaq, inanın ki, kinomuzu irəliyə doğru apara bilərik.

- Yaradıcılığınıza nəzər yetirdikdə, aparıcılıqdan başladığınızın şahidi oluruq. Niyə bu sənəti davam etdirmədiniz?

- Televiziyaya gəlişim universitet həyatımdan başlayıb. Bu gün teatrda televiziyada olmağımın səbəbi  müəllimim, Xalq artisti Azər Paşa Nemətovdur. Azər Paşa müəllim məni birinci kursdan teatra yönləndirdi. İkinci  kursda artıq mən televiziyada fəaliyyət göstərməyə başladım. Daha sonra özümü bu sahədə görmədim aktrisa olaraq yoluma davam etdim.  

- Fikrinizi dəyişməyə səbəb oldu?

- Verilişlərin birində mənim üçün dəyərli olan Xalq artisti Məmməd Səfa müəllimin  belə bir fikrini eşitdim: "Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar”.   Belə qənaətə gəldim ki, aparıcılıq peşəsi mənim işim deyil. Buna görə təhsil aldığım müəllimlərimin məni yetişdirdiyi aktyorluq peşəsinin arxasınca getdim. Fikrimcə, insan hansı işlə məşğul olursa-olsun, əsas odur ki, öz işini sevsin.

- Aktrisanın aparıcı olması çox çətin idi?

- Hər işin öz çətin tərəfi var. Aparıcılıq da onun kimi. Ancaq mən deyə bilmərəm ki, aktrisalar aparıcılıq edə bilməz. Bizim  o qədər  yaxşı aktrisalarımız var ki, televiziyada çalışırlar, aparıcılıq  edirlər. Tamaşaçı onları olduğu kimi, səmimiyyətinə görə sevir. Onlar aktrisalıqla bərabər, bu işin öhdəsindən layiqincə gəlirlər. Lakin təəssüf hissi ilə qeyd edim ki, mən bu sahədə yetərincə uğur əldə edə bilmədim.

- Müəlliminiz Azər Paşa Nemətovun çox sərt bir o qədər kaprizli olduğunu deyirlər. Doğurdan da elədir?

- Əsla belə deyil. Azər Paşa müəllim dörd il bizə dərs deyib. Bu dörd ildə nəinki  kurs rəhbərimiz olub, bir çox işlərdə bizə yardımçı olmağa çalışıb. Tələbələri ilə yaxından maraqlanıb, onların dərdinə şərik olmağa problemlərini həll etməyə çalışıb. Mənim fikrimcə, sərt insan heç vaxt bu  cür addım ata bilməz. O, rəhbər vəzifədə çalışır bəlkə buna görə zaman-zaman sərt görünmək məcburiyyətində qalıb. Bəlkə belə olmasa, işlər yolunda getməz, böyük bir kollektivi idarə etmək çətin olar. 

- Sizi serial filmlərdə, eyni zamanda ana teatrın səhnəsində görmüşük. Hansı sizin üçün daha çətindir?

- Ayrı-seçkilik etmək istəməzdim. Mənim üçün onların hər birinin öz yeri var. Teatrdan  başqa, serial filmlərdən isə tamam başqa zövq alıram. 

- Ancaq serial sizin simanızı daha tez məşhurlaşdırdı.

- Elədir, bu fikirlə razıyam. "İmtahanserialında tərəf müqabilim Sənan Əlləzin obrazımın sevilməsində  böyük rolu var. Çünki serialda bizdən bəhs edən xətdə mən tək oynamırdım. O ki, qaldı teatra, tear canlı sənət növüdür. Burada insanın ruhu qidalanır. Filmdə  isə obraz canlandırırsan, kadrlar montaj olunur arxivdə qalır. Teatrda isə elə vaxtlar olur ki, bir tamaşanı il boyu oynayırıq. Hətta elə tamaşamız var ki, 10 ildir ki, onu səhnədə canlandırırıq. Heç vaxt da onu oynamaqdan yorulmuruq. Açıq deyəcəyəm, serial çəkilişləri məni yorur, amma teatrdan yorulmaq mümkün deyil. Elə vaxtlar olub ki, özümü yaxşı hiss etməmişəm. Hər hansı tamaşada rol ala bilməsəm , tamaşaçı qismində həmin tamaşanı izləməyə getmişəm. Həmin gün teatrdan evə döndüyümdə, özümü çox yaxşı hiss etmişəm. Yəni deməyim odur ki, mən teatr mühitində daha yaxşı oluram. 

- Aktrisalıq peşəsinə yiyələnmək istəyən gənclərə məsləhətiniz?

- Gənclərə bu sənətlə bağlı tövsiyə verəcək qədər təcrübəli deyiləm. Əgər bir insanın daxili aləmi zəngindirsə, başqalarına yol göstərməyə ehtiyac duymur. İndi elə bir cəmiyyətdə yaşayırıq ki, nəinki tamaşaçını, heç azyaşlı uşağı belə aldada bilmirik. Bu günün insanının gözü açıqdır. Efirdən, səhnədən insanları aldatmaq mümkün deyil. Kənardan baxan insanlar özləri sənin necə aktyor olduğunu görür və hər şeyi çox yaxşı qiymətləndirirlər.

- Həm də anasınız. Övladınızın tərbiyəsində ən çox nələrə diqqət yetirirsiniz?

- Çalışıram ki, övladımın ruhunu incitmədən, onu istədiyim şəkildə yetişdirim. Bəzi valideynlər övladlarını bolluq içində böyüdürlər. Bu günün uşaqları hər şeyə hazır şəkildə nail olur. Heç bir çətinlik çəkmədən, yoxluğunolduğunu bilmədən inkişaf edirlər. Mən bunun tərəfdarı deyiləm. Çünki illər keçdikcə, artıq övladına nəyinsə yoxluğunu izah edə bilmirsən. Ona görə də, mən oğluma  bütün bunları izah etməyə çalışıram ki, gələcəkdə əziyyət çəkməsin.

-Bəs ailə və sənəti eyni anda necə idarə edirsiniz?

- Düzünü desəm, ikisini bir arada idarə etmək çox çətindir. Amma buna baxmayaraq, hər iki işin öhdəsindən gəlirəm. Və buna görə, özümlə fəxr edirəm. Onu da deyim ki, bu aralar başım çox qarışıqdır. Yeni bir layihə üzərində işləyirik. Bunu ilk dəfə olaraq sizə açıqlayıram. Yeni layihəmiz ARB kanalında yayımlanacaq. Rol alacağım serial dram janrındadır.  Serialın adı şərti olduğuna görə, açıqlaya bilməyəcəyəm.

 

- Sizi komediya janrında görə biləcəyik?

- Düzünü desəm, özümü komediya janrına uyğun olan bir aktrisa kimi görmürəm. Bilmirəm, bəlkə vaxtsa hansısa rejissor məni bu janrda görər həmin filmdə rol alaram. Amma hələ ki, belə bir fikrim yoxdur. Əslində düşünürəm ki, yumor hissi hər insanda olmur. Bu, insandan dərin intellekt tələb edir. Tamaşaçıları aldatmağı sevmirəm. Bunu özümə tamaşaçılara hörmətsizlik kimi qəbul edirəm. Yəni yalandan gülüb, tamaşaçını nəyəsə süni şəkildə inandırmağa çalışmaq kimi bir vərdişim yoxdur. Əgər rol aldığım səhnədə ağlamalıyamsa, bunu içdən edirəm. Bəzən bu, içimdən gəlməyib. Həmin səhnənin inandırıcı alınması üçün rejissor məni saatlarla gözləyib. 

- Gələcəklə bağlı hansı planlarınız var?

- Düzünü deyim ki, gələcəyə dair yüksək hədəflərim, böyük iddialarım yoxdur. Həyat mənə bəxş edəcəksə, onunla da kifayətlənəcəyəm. Mən bu günümlə yaşayan biriyəm.

 

Fidan Salmanova

Kaspi  2019.- 15 avqust.- S.8.