Klassik əsərlərin monopoliyasında olan teatrlar

Yeni əsərlərə rejissorlar maraq göstərmirlər, yoxsa dramaturqlar yazmırlar?

Hər bir teatrın tamaşaçı cəlb etməsi üçün zəngin repertuar seçiminə malik olması çox vacibdir. Xüsusən texnologiyanın sürətlə inkişaf etdiyi indiki zamanda yeni əsərlərə ehtiyac var. Müasir tamaşaçının zövqü 30-40 il bundan əvvəlki tamaşaçının zövqü ilə eyni ola bilməz. Deməli, teatrlar mütləq yeni nəslin düşüncə tərzini, zövqünü nəzərə almalıdırlar. Amma bunun üçün həm o zövqü, düşüncəni təmin edə biləcək əsərlər yazılmalıdır axı. Lakin hiss olunur ki, teatrlarımızın repertuarlarında bu yöndə qıtlıq yaşanır.

Bu gün teatrların repertuar seçiminə nəzər yetirsək, görərik ki, daha çox klassik xarici  əsərlərin səhnələşdirilməsinə üstünlük verilir. Belə olan halda insanların fikrində bir çox suallar yaranır. Nəyə görə teatr səhnələrində çox zaman klassik əsərlər tamaşaya qoyulur? Hansı səbəblərə görə müasir dövrümüzü əks etdirən yeni dram əsərləri yazılmır? Digər qonşu ölkələrin  teatr səhnələrində bu hal mövcuddurmu, yoxsa təkcə Azərbaycan teatrlarında bu problemlə qarşılaşırıq? Ümumiyyətlə, belə halın yaranmasına görə məsuliyyət kimin üzərinə düşür? Rejissorlar yeni əsərlərə müraciət etməkdə maraqlı deyillər, yoxsa belə əsərlər, ümumiyyətlə, yazılmır? Bu sualların cavablarını mütəxəssislərdən öyrənməyə çalışdıq.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovla söhbətimdə aydın oldu ki, yaxın gələcəkdə teatrda yeni səhnə əsərləri tamaşaya qoyulacaq: "Biz klassik əsər deyəndə, çox vaxt tarixi əsərləri nəzərdə tuturuq. Bu da hər zaman teatr səhnələrində oynanılır. Bu əsərlər bizim tarixdən gələn keçmişimizi, bu günümüzü və gələcəyimizi əks etdirir. Bu günə qədər bizim teatrın repertuarında görkəmli dramaturqlar - Cəfər Cabbarlının, Mirzə Fətəli Axundzadənin və digər dahi yazarların əsərləri yer alıb. Mən düşünürəm ki, yaxın gələcəkdə yeni səhnə əsərləri tamaşaya qoyulacaq. Düzünü deyə bilərəm ki, teatr səhnəsi üçün əsər seçimi etmək bir qədər çətin və problemli bir məsələdir. Qeyd edim ki, əsər seçərkən tamaşaçının da zövqünü nəzərə almaq lazımdır. Məsələn, qonşu dövlətlər olan Rusiyanın, Gürcüstanın özündə müxtəlif janrlarda tamaşalar səhnəyə qoyulur. Düşünürəm ki, həmin ölkələrdə insanlar daha savadlı olduqları, teatrın, tamaşaya qoyulan əsərlərin  mahiyyətini daha dərindən başa düşdüklərinə görə, onlar üçün teatra gəlib bu cür tamaşaları izləmək daha maraqlıdır. O ölkələrdə teatra gələn tamaşaçıların  mədəni səviyyələri də qat-qat yüksəkdir. Bir insanın savadı, düşüncə tərzi, mədəniyyəti nə qədər ali səviyyədə olarsa, izlədiyi teatr tamaşasından da zövq alar. Hazırda bizdə əhali teatra əvvəlki kimi maraq göstərmir. Bu da ondan irəli gəlir ki, tamaşaçı əsəri oxumayıb. Ona görə də səhnələşdirilən əsəri teatrda izləyəndə, bu, ona maraqsız görünür. Tamaşaçı tamaşadan zövq ala bilmir”.

Gənc tamaşaçılar teatrının baş rejissoru Bəhram Osmanov isə bildirdi ki, teatrın səhnəsində klassik əsərlərlə yanaşı müasir əsərlər də oynanılır. Rejissor eyni zamanda gənc yazarların da qələmə aldığı əsərlərin teatrın repertuarında yer aldığını qeyd etdi: "Gənc Tamaşaçılar Teatrında klassik əsərlərdən başqa, yeni, müasir dövrümüzün tələblərinə cavab verən əsərlər də oynanılır. Yaxın günlərdə teatrımızın səhnəsində istedadlı yazarlarımızdan olan İlqar Fəhminin qələmə aldığı pyes  əsasında bir tamaşa səhnəyə  qoyulacaq. Qeyd etmək istəyirəm ki, kifayət qədər yeni əsərlərimiz var  yaxın vaxtlarda bu tamaşaları teatrımızın səhnəsində görə biləcəksiniz”.

Bakı Uşaq Teatrının rejissoru İlhamə Əhmədovamövzu ilə bağlı  açıqlamasında bildirdi ki, müasir dövrümüzdə tetar səhnələrində daha çox bayağı mövzular yer alır: "Bu da gənclərimizin düşüncə tərzinin formalaşmasına öz mənfi təsirlərini göstərir. Belə əsərlər tamaşaçı zövqünü korlayır. Mən düşünürəm ki, bu cür xoşagəlməz hallara yol verməmək üçün elə klassik əsərlərimizə müraciət etməyimiz  daha məqsədəuyğun olardı. Çünki bu əsərlər zamanın sınağından keçmiş əsərlərdir”

Teatrşünas Məryəm Əlizadə isə bildirdi ki, teatrların repertuarında klassik əsərlərlə yanaşı, müasir əsərlər də tamaşaya qoyulur: "Teatr səhnəmizdə tarazlığın hər zaman qorunub saxlanılmasına önəm verilir. Yeni əsərlərə gəlincə isə demək istərdim ki, bu əsərlər sifarişlə yazılmır. Yazıçı istənilən mövzuda hər hansı bir əsəri yazır və teatrlara təqdim edir. Əgər rejissor bu əsəri bəyənərsə və tamaşaçı kütləsi üçün uyğun görərsə, əsər tamaşaya qoyulur. Dramaturgiya  bütün janrlara nisbətən ən çətin janrdır. Azərbaycan dramaturgiyası çox zəngin və geniş çeşidə malikdir. Bizim çox görkəmli dramaturqlarımız olub. Hal-hazırda da istedadlı gənclərimiz var ki, yeni dram əsərləri qələmə alırlar. Və mən inanıram ki, onlar da dram sahəsində öz layiqli yerlərini tutacaqlar. Bu, təbii ki, mürəkkəb bir prosesdir. Zaman keçdikcə bu cür gənclərimiz inkişaf edəcək və onların qələmə aldıqları dram əsərləri sayəsində teatrlarımız da öz inkişaf səviyyəsinə çatacaq”.

Teatrşünas Vidadi Səfərov da mövzu ilə bağlı açıqlamasında maraqlı fikirlər bildirdi: "Bunun başlıca səbəbi odur ki, klassik əsərlər müxtəlif dövrlərin sınağından çıxan əsərlərdir. Klassika heç vaxt ölmür, hər zaman öz  müasirliyini qoruyub saxlayır. İkinci bir səbəbi də odur ki, dram janrı ən çətin janrlardan biri hesab edildiyi üçün bu sahədə hər zaman çatışmazlıqlar özünü büruzə verir. Yazıçılarımız arasında dramaturqlar barmaqla sayılacaq qədərdir. Əsərləri səhnədə yer almağa layiq olan dramaturqlarımız da var. Əsərləri səviyyə baxımından aşağı olan dramaturqlarımız da var ki, onların yazdıqlarının teatrlarda səhnəyə qoyulmasını düzgün hesab etmirəm. Hər dram əsərini də səhnələşdirmək düzgün deyil. Teatrlarımızda bədii şuralar fəaliyyət göstərir. Onlarla yanaşı, rejissorlarımız da yazılan əsərləri qiymətləndirib teatr səhnələrində oynanılmasına icazə verirlər. Bununla yanaşı, əsər öz aktuallığını qoruyub saxlamalıdır, bədii cəhətdən yüksək səviyyəyə malik olmalı və səhnədə əsərdəki qəhrəmanları canlandırmağı bacaran, bu rolların yetəri qədər öhdəsindən gələn aktyoraktrisa heyəti olmalıdır. Bu səbəbdən də dramaturgiyamızın inkişafına çalışmaq lazımdır ki, yeni yazılan dram əsərləri də teatrların repertuarında öz əksini tapa bilsin. Onu da qeyd edim ki, klassik əsərlərdə də bizləri  müasirliyə səsləyən fikirlər tapmaq o qədər də çətin deyil. Buna görə də həmin əsərlərə daha çox müraciət olunur”.

 

Fidan Salmanova

Kaspi 2019.- 20 avqust.- S.8.