Cazla aşıq havalarını sintez edən musiqişünas

Cazla aşıq havalarını sintez edən musiqişünasFərdin Məmmədli: ““Mən musiqiçiyəm” deməkdən zövq alıram”

 

Musiqiçi ailəsində böyüyüb. Təhsilini demək olar ki, sırf musiqi sahəsində alıb. Pianino çalmağı, yeni kompozisiyalar üzərində işləməyi çox sevir. Aşıq havaları ilə cazı sintez edərək musiqi sahəsində yeni bir cığır açmaq istəyir və ən böyük arzusu bu musiqiləri beynəlxalq festivallarda ifa etməkdir.

Həmsöhbətim musiqişünas-pianoçu Fərdin Məmmədlidir.

 

Fərdin ilk musiqi təhsilini Vaqif Mustafazadə adına incəsənət məktəbində fortepiano sinfində alıb. 7 il orada oxuduqdan sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə, daha sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur. Oranı bitirdikdən sonra isə Azərbaycan Milli Konservatoriyasında magistr pilləsində təhsilini davam etdirib. Hər üç təhsil müəssisəsini fərqlənmə ilə bitirib. Eyni zamanda təhsil illərində fəaliyyətinə görə, Üzeyir Hacıbəyli adına təqaüdə layiq görülüb.

 

Hazırda isə Milli Konservatoriyanın doktorantıdır: "Baxmayaq ki, təhsilimi musiqi nəzəriyyəsi üzrə almışam, amma həmişə pianoçu olmaq istəmişəm. Pianino ifaçılığını kənara qoya bilmədim və özümə söz verdim ki, hər iki ixtisası – həm musiqişünaslığı, həmçinin də pianoçuluğu paralel şəkildə davam etdirməliyəm. Əgər içində o musiqi sevgisini yaşada, saatlarla pianino arxasında oturub ifa edə bilirsənsə, diplomda hansı ixtisasın yazılmağı önəmli deyil. İxtisasım musiqişünaslıqdır. Bunu dərk edirəm və bir musiqişünas kimi də yazıb-yaratmağa, musiqi elminə töhfə verməyə çalışıram. Onu da qeyd edim ki, böyük alimlərdən, peşəkar mütəxəssislərdən dərs alımışam. Bu mənada elmi rəhbərim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovanı xüsusilə qeyd etməliyəm. Eyni zamanda pianoçu kimi də fəaliyyətimi davam etdirirəm. Respublikanın xalq artisti Azər Zeynalovu, əməkdar artist Anar Şuşalını müşayiət etmişəm, xalq artisti Möhlət Müslümovun ansamblında çalışmışam. Hazırda isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında mahnı və rəqs ansamblında pianoçu kimi fəaliyyət göstərirəm. Həmçinin fərdi olaraq da yeni kompozisiyalar üzərində işləyirəm. Daim axtarışdayam, yeni nələrisə ərsəyə gətirməyə çalışıram”.

 

- Bir çoxları uşaqlıq illərində musiqi məktəbinə getsə də, növbəti mərhələdə bunu yarımçıq qoyur, davam etdirmək  həvəsində olmur. Siz isə təhsilinizi sırf musiqi sahəsində alıbsınız. Maraqlıdır, musiqiyə olan həvəsiniz haradan qaynaqlanırdı?  

 

- Musiqiçi ailəsində böyümüşəm. Atam Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, sonra Konservatoriyaya daxil olub. Uzun illər Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində tar ifaçısı kimi fəaliyyət göstərib. Həmçinin qardaşım da musiqi məktəbinə gedib. Yəni gözümüzü açandan evdə musiqi səsi ilə böyümüşük. Evimizdə hər gün xalq musiqisi, muğam səslənirdi. Düşünürəm ki, musiqi körpəlikdən ruhuma nüfuz edib. Uşaqlıqdan musiqiyə böyük sevgi yaranmışdı, ona görə də musiqi məktəbini bitirdiyim dövrdə qərara gəldim ki, musiqiçi olacağam. Nə yaxşı ki, valideynlərim məni bu sahəyə yönəldiblər. Mən bu gün də bunun sevincini yaşayıram.

 

- Hiss olunur ki, sənətinizi sevirsiniz.

- Əlbəttə. "Mən musiqiçiyəm” deməkdən zövq alıram (gülür). Məncə, musiqiçi insanlar tam fərqli düşünürlər, məsələlərə münasibətləri başqa cür olur. 

 

- Musiqiçilərdən kimləri izləyirsiniz?

- Bir musiqişünas kimi bu sahə ilə bağlı olan bütün ifaçılardan, kitablardan xəbərdar olmalıyam, ona görə, bacardığım qədər ifaçıları izləyirəm, kitablar oxuyuram, müxtəlif araşdırmalar edirəm. Amma öyrənmək və zövq almaq tamam başqadır. Bu baxımından klassiklərimizi daha çox dinləyirəm. Üzeyir Hacıbəyli, Qara Qarayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Tofiq Quliyev kimi sənətkarlarımızı dinləyərkən həm öyrənirəm, həm də zövq alıram. Şübhəsiz ki, bugünkü həm xalq, caz, həm də vokal ifaçılardan da dinləyib zövq aldıqlarım var.

 

- Musiqinin hansı növü ilə daha çox maraqlanırsınız?

- Musiqinin başlanğıcı klassikadır. Elə musiqi məktəbində də bu sahəyə klassik əsərləri ifa edərək başlayırıq. Amma zamanla zövqlər dəyişir, kimi xalq musiqisinə daha çox bağlanır, kimi estradaya yönəlir, kimininsə muğama, caza meyli olur. Bir musiqişünas kimi muğamı dinləyirəm. Çünki elmi işim muğamların tədqiqidir. Amma bir ifaçı kimi xalq və caz musiqilərini də dinləyirəm. Çalışıram ki, xalq mahnılarını yeni tərzdə, caz üslubunda təqdim edim.

 

- Deyəsən, caza marağınız daha çoxdur. Bunu sosial mediada etdiyiniz paylaşımlardan da görürük.

- Bəli, cazı, xüsusilə də etno cazı daha çox sevirəm.

 

- "Caz sərbəstlikdi” deyirlər. Caz janrında ifa etmək asandı, ya çətin?

- Bu suala cavab vermək, əslində, çox çətindir Caz deyəndə insanın ağlına azadlıq gəlir. Hər kəsin caza yanaşması fərqlidir. Kimisinə asan, kimisinə çətin gəlir. Əslində isə caz musiqisi həqiqətən çətindir. Çünki cazı ifa etməyin xüsusi qanunauyğunluqları var. Amma istənilən halda, ifaçılıqda insanın hissləri də çox mühüm rol oynayır. Əsas odur ki, musiqiçinin daxilən böyük sevgisi olsun. Çünki hər insan ən azı 4-5 saat hər şeydən təcrid olub pianino arxasında oturmağı bacarmır.

 

- Sizcə, günümüzdə gənclərin caz musiqisinə marağı necədir?

- Gənclərimizdə maraq çox böyükdür. İstər musiqi təhsili alanlar, istərsə də qeyri-musiqi sahəsində olan gənclərimiz caz musiqisini dinləyir, ondan zövq alırlar.

 

- Marağın belə böyük olmasına səbəb nədir?

- Məncə, əsas səbəb caz musiqisinin bir çox yerlərdə səslənməsidir. Qulaq eşitdikcə zamanla alışır və artıq mütəmadi olaraq onu dinləmək istəyir. Sosial şəbəkələrdə edilən musiqi paylaşımları, televiziyalarda, radiolarda musiqi saatlarında cazın səsləndirilməsi yavaş-yavaş maraq oyatdı. Yəni gənclərimiz cazın estetikasını dərk etməyə başlayırlar.

 

- Necə düşünürsünüz, cazı hansı alətdə ifa etmək, yoxsa oxumaq asandı?

- Açığı, heç vaxt oxumamışam (gülür). Amma caz vokal ifaçılarını müşayiət etmişəm. Mənə elə gəlir ki, hərəsinin öz çətinliyi var. İnsanın səsi hər hansı instrumental alətdən bir addım öndədir. Çünki boğazın musiqidə göstərdiyi elə detallar var ki, onu musiqi alətində ifa etmək mümkün deyil. İnsan boğazı ilkin musiqi alətidir. Təbii ki, burada ifaçının professionallığı da önəmlidir. Lakin musiqi alətlərinin də elə xüsusiyyətləri, məsələn, mürəkkəb akkordlar, arpeciolar, yaxud hansısa mürəkkəb cəhətlər var ki, insanın boğazında onları etmək ya çox çətindir, ya da mümkün deyil. Ona görə də, hər birinin asan və çətin tərəfləri var.

 

- Bildiyim qədəri ilə, gənc olmağınıza baxmayaraq, caz ifaçılığında yeni cığır açıbsınız. Bir qədər bu barədə məlumat verərdiniz:

- Təvazökarlıqdan uzaq olsa da, deyim ki, musiqi sahəsində hələ heç kimin etmədiyi yeniliyə nail olmuşam. Müxtəlif təfəkkür tərzində formalaşan iki möhtəşəm janrın - caz və aşıq musiqisinin sintezini etmişəm. Hələ Bakı Musiqi Akademiyasında oxuduğum illərdən, daha dəqiq desəm, 2012-ci ildən bu konsepsiya üzərində işləyirəm. Bu, olduqca mürəkkəb prosesdir. Doğrudur, təqdim etdiyim kompozisiyalarda bunu hələ ki, tam formada deyil, ara-sıra hər hansı xüsusiyyətləri tətbiq edirəm. Amma axtarışlarım davam edir və hər gün bu sintezin bütün detallarını tam formada əks etdirməyə bir addım daha yaxınlaşıram. Bununla bağlı böyük planlarım, arzularım var. Bu sintezlə əlaqədar müəllimlərimin, peşəkar musiqiçilərin müsbət rəyi və inamı məni daha da ruhlandırır.

 

- Böyük auditoriya qarşısında çıxış edirsiniz. Həmin an həyəcan olurmu, olursa, bunu necə aşırsınız?

- Təbii ki, həyəcan olur. Düzdür, ilk vaxtlar lap həyəcanlı olurdum, zamanla çıxışlarım artdıqca, auditoriya qarşısında ifa etməyə alışdım. Amma nə qədər alışsam da, məsuliyyətdən irəli gələn həyəcan, narahatlıq olur. Bir musiqi parçasını evdə, səhnə arxasında saatlarla məşq edirsən. Ancaq bunu səhnədə cəmi bir dəfə ifa edirsən. Ona görə, ortaya bacardığın qədər qüsursuz iş qoymalısan. Yəni günlərlə, aylarla çəkdiyin əziyyət bir çaşqınlıqla heç ola bilər. Zalda oturan dinləyici sənin ifandan zövq almaq istəyir. Sən onu bu zövqdən məhrum etməməlisən. Bütün həyəcanını, beynindəki düşüncələri bir kənara qoyub ifaya köklənməlisən. Nəticə etibarı ilə bu və ya digər səbəblərdən irəli gələrək, az da olsa, həyəcan olur.

 

- Maraqlıdır, fəaliyyət dövrünüzdə notun yaddan çıxması, barmaqların işləməməyi olubmu?

- Əlbəttə. Hətta, bu, bir neçə dəfə baş verib (gülür). Səhnədə hər hadisə qaçılmazdır. Elə vaxt olub, mikrofon işləməyib, elə olub, not yadımdan çıxıb. Bir dəfə ifa zamanı çaşdım, amma dinləyici hiss etmədi. Bunu sadəcə özüm bildim. Çox zaman da gözləmədiyin yerdə çaşırsan. Amma vəziyyətdən dərhal çıxmaq olur. Bu, bir az da professionallıq tələb edir. Eləsi olur, çaşan zaman özünü itirir və ifanı davam etdirə bilmir.

 

- Biliklərinizi inkişaf etdirmək üçün təhsilinizi xaricdə davam etdirməyi düşünürsünüz?

- Əlbəttə, xaricə gedib həm nəzəri, həm də təcrübi baxımdan özümü inkişaf etdirmək istəyirəm. Xüsusilə, caz musiqisi ilə bağlı biliklərimi inkişaf etdirməyi düşünürəm. Elm daima inkişaf edir. Yeni metodlar, sahələr, üslublar yaranır. Hazırda xaricə gedə bilməsəm də, internet vasitəsilə yeniliklərdən xəbərdar olmağa, özümü inkişaf etdirməyə çalışıram.

 

- Fərdin bəy, ifalarınızı harada dinləyə bilərik?

- Bəzən televiziya kanallarında çıxışlarım olur, konsertlərə dəvət edirlər. Həmçinin ifalarımı sosial şəbəkədə - "facebook”, "instaqram” "youtube” profillərimdə paylaşıram. Bəzən Filarmoniyadakı konsertlərdə də çıxış edirəm.

 

- Gələcək planlarınızdan danışaq.

-  Əsas planlarım, bir gənc musiqişünas kimi elmin inkişafına töhfə verə biləcək yeni elmi məqalələr, kitablar yazmaq, həm də qeyd etdiyim kimi, aşıq və caz musiqisinin sintezi ilə bağlıdır. Çox istəyirəm ki, bunu təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrinin böyük səhnələrində, beynəlxalq festivallarda, müsabiqələrdə səsləndirim. Ölkəmizi məhz belə bir musiqi ilə təmsil etmək ən böyük arzumdur.  

 

Günel Azadə

Kaspi  2019.- 1 avqust.- S.5.