Media
prinsiplərini pozmadan İP qazanmağın yolu
Onlayn media sahəsində
çalışanlar deyirlər ki, bu, çətindir, amma
mümkünsüz deyil
Onlayn media üçün İP
önəmli məsələdir, lakin mətbuat orqanları həm
də xəbər hazırlayarkən media prinsiplərini
qorumalıdırlar. Və tez-tez belə fikirlər
səsləndirilir ki, media prinsiplərini tam olaraq qorumaqla, yetərli
qədər İP toplamaq çətindir. Amma əksini
bizə göstərəcək nümunələr də var.
Maraqlıdır, media prinsiplərini pozmadan İP qazanmaq
üçün onlayn mediada nələrə diqqət edilməlidir?
Onlayn media mütəxəssisi Elvin Şirinovun sözlərinə
görə, onlayn mediada İP vacibdir. Çünki Kütləvi
İnformasiya Vasitəsi olmağı qarşına məqsəd
qoyubsansa, böyük kütləyə
açılmalısan. Bunun üçün isə iki
istiqamət var: qısamüddətli perspektiv, bir də
uzunmüddətli, daha strateji yanaşma tələb edən
istiqamət: "Bizdə bu gün saytların çoxunda
İP probleminin yaşanmasının səbəbi fəaliyyətlərini
hadisələrin üzərində qurmalarıdır. Yəni müəyyən hadisə baş verəcək,
maksimal dərəcədə kobud dildə desək, o hadisəni
"sağmağa” başlayacaqlar. Qurudana
kimi onunla idarə edirlər, sonra növbəti bir hadisənin
axtarışına çıxırlar. Bir
müddət İP yüksək olur, hadisə olmayanda
azalır. O saytlar daimi oxucu cəlb etməyə
çalışmırlar. Hadisə baş
verir, A, B, C saytı hamısı xəbəri eyni formada verir,
heç biri yeni təfərrüata maraq göstərmir.
Hadisəni yeni bir istiqamətdən
açıb göstərən təfərrüatdan söhbət
gedir. Bu yaxınlarda gənc qız intihar
etdi. Hamı vurğulayır ki, valideynlər
günahkardır, bəs onu ərə verirmişlər,
başqasını sevirdi və s. Amma heç kim
araşdırmır ki, son bir ildə neçə belə
hadisə baş verib? Ümumiyyətlə, Azərbaycanda
intiharla nəticələnən zorla ərə vermənin
statistikası varmı? İndiyə kimi
belə bir fakt olubmu ki, qızı kiməsə ərə
vermək istəyiblər, o da intihar edib, intihar həddinə
çatdırma maddəsi ilə cinayət işi
açılıb və həmin valideynlər həbsə
atılıblar? Bu tipli xəbər
oxuyubsunuz”?
Saytın
daimi oxucuları olmalıdır
İP
toplamağın rahat üsulları da var. E.Şirinov bildirdi
ki, bu yollarla uzağa getmək olmaz: "Rahat İP
yığmaq üçün birincisi,
açıq-saçıq xəbərlər lazımdır,
çünki oxucu mütləq onu klikləyəcək. Mən özüm də o xəbərləri klikləyirəm.
Bu, təbii şeydir. İkincisi,
baş verən hadisəni açıq-saçıq şəkillərlə
bəzəyib cəlbedici etməkdir. Üçüncüsü,
yalançı başlıqlar. Məsələn,
Azərbaycanda olmayan hadisəni bizdə olmuş kimi təqdim
etmək. Siz çox
açıq-saçıq xəbər verə bilərsiniz,
amma nə qədər çalışsanız da,
dünyanın ən böyük porno saytının gündəlik
qrafikinin milyonda bir faizini də götürə bilməyəcəksiniz.
Rəqabət apara bilməyəcəyiniz sahəyə
girirsiniz, bu, düzgün deyil. İngiltərənin
www.dailymail.co.uk saytı konkret olaraq sarı mətbuatdır, məqsədi,
hədəfi budur. Ancaq Azərbaycanda
ictimai-siyasi bir sayta daxil olanda qarşına ilk olaraq hansısa
maqazin xəbəri çıxır, sonra ciddi xəbər.
Şou xəbərləri həmişə
çox oxunacaq, dediyim kimi, bu, normaldır. Zövqlər bütün cəmiyyətlərdə
yüksək olası deyil. Açıq-saçıq
xəbərlərlə maksimal dərəcədə İP
yığmaq olar, ancaq daimi oxucu yox”.
Ekspert
deyir ki, saytın daimi oxucuları olmalıdır: "Mən
dünya xəbərləri oxumaq istəyəndə lenta.ru
saytını açıram. Hər gün 10-15
dəfə o sayta daxil oluram. Heç kim
buna görə mənə pul vermir, sosial şəbəkədə
reklam vasitəsilə məni cəlb etmirlər. Amma orda kifayət qədər keyfiyyətli məhsul
var. Onların xəbərlərinin arasında
açıq-saçıq xarakterliləri də olur, ancaq həmin
xəbərləri də çox peşəkarcasına
işləyirlər.
Oxucu bizim
ardımızca qaçmalıdır
Qarşıya baxmaq, oxucunu əldə saxlamaq, onu
yavaş-yavaş özünə öyrəşdirmək
lazımdır. Oxucunun rəyi sayt üçün
heç bir əhəmiyyət kəsb etmir. Bir müddət baş redaktor kimi
çalışmışam. Oxucumun
işim haqqında nə düşünməsi mənim
üçün qəti şəkildə maraqlı deyil.
Dünyanın heç yerində işinə
peşəkar yanaşan baş redaktor üçün bu,
maraqlı olmur. Amma hər bir baş
redaktor, jurnalist oxucusuna hörmət etməlidir. Yəni oxucu gəlib mənə deməməlidir ki,
xəbəri belə yaz, elə yaz. Yaxşı
bilirəm ki, nəyi necə etmək lazımdır, ona
görə, mən orda oturmuşam. Amma mən
oxucuya, onun zövqünə hörmət etməliyəm.
İP düşünəndə oxucunun
dalınca qaçırsan, amma oxucu bizim ardımızca
qaçmalıdır”.
Sosial şəbəkə üzərindən sayta daxil
olmanı artırmaq da bu gün İP qazanmaq üçün
istifadə olunan üsullardandır. E.Şirinov deyir ki,
birbaşa sayta daxil olma faizi hansı saytda çoxdursa, onun
göstəricisi daha yaxşıdır.
Keyfiyyətli
məhsul olmalıdır
Ekspertin
sözlərinə görə, media prinsiplərini pozmadan
oxucu toplamaq çətindir: "Bu, təkcə bizdə
deyil, dünyanın hər yerində çətindir. Keyfiyyətli məhsul olmalıdır. Yalançı başlıqla oxucunu bir-iki dəfə
aldada bilərsən, üçüncü dəfə linki
açmayacaq. Hansısa ölkədə
nazir vəfat edibsə, onu "nazir vəfat etdi” kimi
yazırıqsa, Azərbaycanda qurulan bir çadırın
şəklini qoyuruqsa, oxucu nəyə görə ikinci dəfə
o saytı açmalıdır? Media
prinsiplərini pozmadan İP qazanmaq mümkündür. Sadəcə burda bütün media kapitanları
arasında ümumi bir yanaşma olmalıdır. Çünki bir sayt həmin prinsiplə işləməyə
başlayacaq, digər 4 sayt kənarda separatçılıq
edəcək. Prinsipləri qoruyanlar da
görəcək ki, bu birilər irəli getdi, onlar İP
yığa bilmədi. Qarşıya məqsəd
qoymaq, keyfiyyətli oxucu hazırlamaq lazımdır. Bu, bizim bir nömrəli vəzifəmizdir. Jurnalist həmişə informasiya mənbəyi
rolunu oynayıb. Ancaq bu gün sosial şəbəkələrin
sayəsində hər kəs xəbər mənbəyi ola bilir. Hadisəni çəkir,
paylaşır. Adi jurnalistləri onlardan fərqləndirən
isə məlumatın keyfiyyətinə fikir verməkdir.
Bu gün biz oxucuların beyni uğrunda
mübarizə aparırıqsa, keyfiyyətli kontent verməliyik”.
Sarı xəbərlər
İP gətirən xəbərlər hesab edilir
"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli deyir ki, hər bir media qurumu həm də biznes strukturudur. Bu baxımdan, onlayn media resurslarının İP toplamaq, dolayısı ilə də özünün maddi imkanlarını yaxşılaşdırmaq istəyi normal qarşılanmalıdır. Bu, günün və reklam bazarının tələbidir: "Ümumilikdə isə nəinki internet media resurslarının, hər hansı bir KİV orqanının tam şəkildə medianın bütün etik normalarına əməl etdiyini söyləmək çətindir. Çünki bu, praktik olaraq mümkün deyil. Ancaq əlbəttə ki, fəaliyyətin boyunca medianın təməl prinsiplərinə riayət etməklə, İP toplamaq da mümkündür. Bunun üçün müasir dövrün çağırışları ilə səsləşən informasiya siyasəti həyat keçirmək çıxış yollarından biridir. Onlayn media resursları xəbər siyasətində forma dəyişikliyi edərək, xəbərlərin təqdimatına rəqəmsal olaraq yenidən nəzər yetirməlidirlər. Yəni daha çox video, foto, animasiya tipli xəbərlərə üstünlük verilərsə, media prinsiplərini pozmadan daha çox izləyicinin diqqətini cəlb etmək olar. Eyni zamanda xəbərlərin təqdimatı zamanı sosial media vasitələrinə inteqrasiya da daha çox İP toplamaqda yardımçı vasitədir. Ümumilikdə isə bir daha qeyd etmək istəyirəm ki, böyük informasiya axını şəraitində hər hansı bir xəbərin populyarlıq qazanması mövcud reallıqların diktəsi və oxucuların istəyidir. Dünya təcrübəsində də daha çox sarı xəbərlər İP gətirən xəbərlər hesab edilir. Təsadüfi deyil ki, həm Türkiyənin, həm ABŞ-ın, həm də İngiltərənin ən çox oxunan sayt və qəzetləri maqazin tipli olanlardır. İnsanlar dünyanın hər yerində bu cür xəbərlərə üstünlük verir. Ancaq hər bir saytın, qəzetin daimi oxucuları da var və onlar qəzetin istiqamətinə bələddir”.
Əgər İP problemi yaşamaq istəmiriksə...
H.Heydərli bildirdi ki, ümumilikdə İP
sadəcə olaraq daha geniş kütləyə çatmaq,
populyarlaşmaq imkanıdır. Bu gün Azərbaycan KİV-ləri
də sosial medianın imkanlarından, multimedianın
yaratdığı şəraitdən istifadə etsə,
İP məsələsi də həll olunar: "Eyni zamanda vətəndaş
jurnalistikasına da onlayn mediada yer ayırmaq dövrün tələbidir.
Bu gün CNN, BBC kimi kanallarda vətəndaşların çəkdiyi
və sosial şəbəkədə paylaşdığı
videolar efirdə yayımlanır. Ancaq 10-15 il öncə bu
kimi KİV-lərə çıxış
mümkünsüz görünürdü. Adıçəkilən
KİV-lər məhz dövrün tələbinə
uyğunlaşaraq, daha çox tamaşaçını ətrafında
saxlaya bilir. Biz də əgər İP problemi
yaşamaq istəmiriksə, mütləq bu şəraiti
insanlara yaratmalıyıq. Əgər vətəndaş
KİV-ə yaxın olsa, özünü də mətbuat
orqanının müxbiri kimi görə bilsə, oranın
daimi izləyicisinə çevrilər, bu da dolayı yolla
İP problemini həll edə bilər”.
Bəlkə orta
yolu seçək?
Media.az-ın baş redaktoru, blogger Həmid Həmidov
bildirdi ki, onlayn mediada İP qazanmaq cəhətdən hər kəsin
öz yolu var: "Media prinsiplərini pozmaqla İP qazanan media
orqanları bu gün çoxdur. Amma burda media prinsipi deyəndə
nəyin nəzərdə tutulmasına baxmaq lazımdır.
Aktrisa çılpaq şəkillərini paylaşırsa və
media o şəkilləri yerləşdirib İP qazanırsa,
buna necə baxılır? Bir qrup deyir ki, insanlar maraq göstərir,
media da yerləşdirib İP qazanır. Ancaq bəzi qrup pisləyir
ki, belə xəbərlərə ehtiyac yoxdur. Gəlin digər
bir məqama toxunaq. Bizdə çox gözəl məhsul təqdim
edən saytlar var ki, İP-ləri çox azdır. Gündəlik
300-500 baxış olur. Baxmayaraq ki, orda çılpaq şəkillər,
qeyri-ciddi yazılar deyil, keyfiyyətli məqalələr var.
Keyfiyyətli məqalələr yerləşdirirlər, ancaq
populyar deyillər. Hansı düzgün yoldur? Bəlkə
burda orta yolu seçək? Ondan da verək, bundan da. Biz orta yolla
getməyə çalışırıq. Həm kütlə üçün maraqlı olaq, həm
də sarı mətbuata çevrilməyək. Mən demirəm ki, ciddi xəbərlər oxunmur, əskinə,
elə ciddi xəbər var ki, heç bir şou xəbəri
o qədər İP gətirmir. Oxunma
sayı gündəmdən, mövzudan da asılıdır.
Heç bir hadisə baş verməyən günlərdə
hər hansı müğənninin çılpaq şəkillərinə
daha çox adam baxar, nəinki ciddi xəbəri
oxuyarlar. Maqazin xəbərlərini verməklə
İP toplamaq normal haldır. Amma baxır
hansı xəbəri verirsən. Elə
şou-biznes xəbəri var ki, onu verməklə İP
qazanmaq normal haldır. Eləsi var ki,
İP üçün onu vermək ayıbdır. Şəxsən mən özümə bunu ayıb
hesab edirəm. Ancaq İP yığmaq
üçün yalançı başlıqların,
oxucuların aldadılmasının əleyhinəyəm.
Elə başlıqlar olur ki, açıb
oxuyanda görürsən ki, Afrikadan, ya hardansa söhbət
gedir. Bu, oxucunu aldatmaq deməkdir. İP üçün buna getmək olmaz”.
Aygün Asimqızı
Kaspi 2019.- 22 avqust.- S.7.