Gənc
aktyorların əmisi
Məhərrəm
Qurbanov yaxşı sənətçi və gözəl insan
kimi xatırlanacaq
Mən
aktyoram,
Aktyor ekranda fironluq eylər.
İşıqları
yananda,
Səhnədə ağlayar-gülər.
Dondan dona girərik,
Sevilərik
sevərik
Milyon həyata
gəlib,
Milyon dəfə ölərik.
Vahid Əzizin "Aktyor” şeirində deyildiyi kimi,
aktyor səhnədə ağlayar da, gülər də, yeri gələndə
ağladar və güldürər də. Elə dünən
qəfil dünyasını dəyişən aktyorumuz Məhərrəm
Qurbanov kimi. Avqustun 19-da beyin insultu diaqnozu
ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən
Məhərrəm Qurbanov 21 avqustda dünyasını dəyişsə
də, 22 avqustda torpağa tapşırıldı. Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının aparıcı aktyorlarından olan M.Qurbanov 60
yaşında həyatla vidalaşdı.
30 ildən
çoxdur bölgə və paytaxt teatrlarında
çalışan mərhum sənətkar 1988-ci ildə Gəncə
Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə
başlayıb. 8 ilə yaxın bu teatrda
müxtəlif səpkili rollar oynadıqdan sonra, 1996-cı ildə
Bakıya gələrək Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının truppasına qəbul edilib. Mülayim səs tembri, obraza fərqli yanaşma
manerası və komik situasiyalardan ustalıqla çıxma
bacarığı ona bu sənət məbədinin səhnəsində
çoxsaylı obrazlar yaratmaq imkanı verib. Azərbaycan
teatr tamaşaçılarının yaddaşında
Əbülhəsən ("Subaylarınızdan görəsiniz”,
S. Ələsgəriov, İ. Məlikzadə), Kar kişi (”Hələlik”,
E.Sabitoğlu, R.Əhmədzadə), İnzibatçı
("Nəğməli könül”, E.Sabitoğlu, X.Hasilova),
Cangüdən ("Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva),
Xanış ("Məhəbbət oyunu”, C.Quliyev, Q.Rəsulov),
Cəfərqulu ("Məsmə xala dayımdır” ,
R.Mustafayev, C.Məmmədov), Totuş ("Talelər
qovuşanda”, R. Hacıyev), Sərxoş ("Bəydullanın
möhtəşəm toyu”, R.Əkbər), Parnak ("Bir
günlük siğə”, S.Fərəcov, R.N.Güntəkin),
Məlik ("Aldın payını, çağır
dayını”, V.Adıgözəlov, Anar), Səlim
("Şeytanın yubileyi”, O.Rəcəbov, A.Babayev), Eynulla
("Amerikalı kürəkən”, R.Mirişli, M.Haqverdiyev),
Poçtalyon (” Şəhərdə manyak var”), S. Fərəcov,
Ə. Nesin), Niyaz ("Matəm marşı və yaxud
gözünüz aydın”, M.Məmmədov), Stepan ("Evlənmə”,
N.V.Qoqol), Bibioğlu ("www. fərzəli-kef.com”,
E.Sabitoğlu, C.Məmmədov), Qəzetçi Rza ("O
olmasın, bu olsun”, Ü.Hacıbəyli),
Nağılçı ("Yatmış gözəl və
cırtdanlar”, A.Sadıqov), Axund ("Toya bir gün
qalmış”, Ə.Səmədli), Padşah ("999-cu gecə”,
F.Əmirovun musiqiləri əsasında), Əmirqulu
("Baladadaşın toy hamamı”, Elçin, F, Allahverdi), Qədir
("Molla Nəsrəddinin beş arvadı”, İ. Sadıqov,
tərc. D. Mustafayev), Molla və Naçalnik ("Hacı
Qara”, M.F. Axundzadə), Sərxoş ("Balaca Şahzadə” , A.S.Ekzüperi, R.Ağababayev) kimi
tamaşalardakı obrazları ilə yaddaşlara həkk oldu.
M.Qurbanov eyni zamanda həm də "Qız qalası” (2000),
"Qəmbər Hüseynli” (2007), "Ayrılıq
imiş” (2008) kimi sənədli filmlərdə, bir
çox seriallarda
irili-xırdalı müxtəlif səpkili obrazlar
yaradıb.
Onun vaxtsız ölümü
tamaşaçıları və dostlarını məyus
etdi. Dünən torpağa tapşırılan mərhumun
yaxın sənət dostları, birlikdə
çalışdığı incəsənət nümayəndələri
sənətkarla bağlı xatirələrini bizimlə
bölüşdülər.
Xalq
artisti İlham Namiq Kamal mərhum sənətkarla teatrda bir
çox tamaşalarda tərəf müqabili olduğunu, onunla
çalışdığı tamaşalardan məxsusi
zövq aldığını dedi. M.Qurbanovu nəinki bir həmkar,
yaxşı dost kimi hər zaman gözəl
xatırlayacağını qeyd etdi: "İstedadlı sənətkarları
tarix heç zaman unutmayacaq. Çünki bu
insanlar çox təvazökar və sadəlövh olurlar.
Məhərrəm Qurbanov da belə sənətkar
idi. Heç kimin ağlına gəlməzdi
ki, biz onu belə vaxtsız itirərik. 60
illik yubileyini qeyd etməyə hazırlaşırdıq.
Demək ki, qismətində yox imiş”.
2005-ci ildə
mərhum sənətkarla "Şeytanın yubileyi”
tamaşasında tərəf müqabili olduğunu
xatırlayan xalq artisti o illəri unuda bilmədiyini dedi: "Məhərrəm
Qurbanovla birlikdə bir çox tamaşalarda tərəf
müqabili olmuşam. Onunla bir səhnəni
paylaşmaq və tərəf müqabili olmaq insana zövq
verirdi. Musiqili
teatrın repertuarının 90 faizində Məhərrəm
Qurbanovun tamaşaları var idi. Çox zəhmətkeş,
yerini bilən, nurani biri idi. Belə insanlar
Azərbaycan teatrında azlıq təşkil edir. Bu
gün həyatda da özünü səhnədə hiss edən,
aktyorluq edənlərin sayı çoxdur. Ancaq
Məhərrəm bu qeyri-səmimilikdən uzaq biri idi”.
Məhərrəm
Qurbanovun yaxın dostlarından olan Elxan İsmayılov mərhum
sənətkarı göz yaşları ilə
xatırladı: "Torpağın üzü soyuq olur və
sən ora getdinsə, hər şey bitir. Ancaq elə
insanlar var ki, onlar unudulmur. İnsan bu
dünyadan özü ilə ancaq illər ərzində
yığdığı hörməti aparır və mən
bu gün Məhərrəm müəllimi torpağa
tapşıranda insanların gözündəki yaşın,
onun üçün sözün əsl mənada heyfsiləndiklərinin
şahidi oldum. Bu, Musiqili Teatr və mənim
üçün çox böyük itki oldu. Hislərimi sözlə ifadə etməkdə
çətinlik çəkirəm. O adam
yaxşı dostluğu və həmkarlığı
bacarırdı... Mənim ən çətin
günlərimdə Məhərrəm Qurbanov yanımda idi,
arxam-dayağım olub. Tez-tez
görüşürdük, dərdləşirdik və biz
onunla ailəvi dost idik. Dərdimiz ortaq idi və
onun xəstələndiyini eşidəndə bir də
gördüm ki, artıq xəstəxanadayam. Son günlərini onunla bərabər keçirdim.
Heç ağlımın ucundan keçirməzdik
ki, Məhərrəmi belə tez itirərik. Bilirdim ki, ayaqlarında ağrıları var, şəkəri
qalxmışdı və müalicə olunmasından da xəbərdar
idik. Amma heç ağlıma gəlməzdi
ki, damar tutular və beyninə qan sızar. Məhərrəm çox sağlam
görünürdü. Səhhətində
olan problemləri açıb-ağartmağı sevməzdi.
Onu keçmişdəki insan kimi xatırlaya
bilmirəm və biz onunla doğma qardaşdan da ötə
idik. Sanki doğmamı itirmişəm.
Mən onu heç zaman unutmayacam!”
20 ildir
ki, mərhum sənətkarla teatrda eyni otağı
paylaşdığını deyən E.İsmayılov onu hər
zaman xoş xatirələrlə anacağını deyir:
"Sərt fikirlərini belə o qədər şirin və
baməzə ifadə edirdi ki, qarşısındakı
insanın qəlbinə dəymirdi. Hər hadisəyə
bir baməzə cavabı var idi. Teatrın
gəncləri ona "əmi” deyə səsləyirdilər.
O bizim gənc aktyorların əmisi idi. İstedadlı aktyor
idi, özünü gözə soxmağı sevmirdi və «mən»
kəlməsindən çox az istifadə
edirdi. Ona hansı obraz həvalə olunurdusa, səssiz
çıxıb obrazını canlandırırdı və
bununla kifayətlənirdi”.
M.Qurbanovun
yaxın dostlarından tanınmış aktyor və rejissor
Elçin İmanov deyir ki, onunla dostluğu 1997-ci ildən
başlayıb: "Məhərrəmlə həm bir yerdə
işləyir, həm də teatrda eyni otağı
paylaşırdıq. Xeyrimiz-şərimiz,
sözümüz söhbətimiz bir idi. Yaxın
dostdan əlavə, oğlumun kirvəsi idi. Onunla doğma münasibətimiz vardı. Onu
dünyanın ən səmimi insanlarından biri kimi xatırlayıram və
ömür boyu da elə xatırlayacam. İyunun
24-də 60 yaşını ailəsi ilə birlikdə qeyd
etmişdi. Ancaq
planlaşdırmışdıq ki, oktyabrda teatrın kollektivi
və sənət dostları ilə birlikdə yubileyini
keçirək. 60 illik yubiley ona qismət
olmadı. Səhhətində problem olsa, vəziyyəti
ağır olsa, onu itirmək bizə belə təsir etməzdi.
Hadisə olan günü Əzizağa
Əzizovla birlikdə çay içmişdilər və o
gecə mənimlə görüşməli idi. Ancaq bəzi səbəblərdən
görüşümüz alınmadı. Axşam evə gedib və başının
ağrıdığını deyib. Anidən
yerə yıxılıb və beyninə qan sızıb.
Nə ailəsinə, nə də dostlarına
bir kəlmə də olsa son sözünü deyə bilmədi.
Onun yoxluğuna inana bilmirəm. Artıq onu dəfn etmişik. Ancaq
yaşadıqlarıma inana bilmirəm. Hər
zaman bizimlə və ürəyimizdə olacaq”.
E.İmanov
onu gözəl insan və peşəkar aktyor kimi
xatırlayır: "Bir serialda adi 10 dəqiqəlik epizod
canlandırdığı aktyor yoldaşları belə,
dünən onun dəfninə gəlmişdilər. Mən
dünən onun dəfnində elə insanlar gördüm ki… Bir dəfə gördüyü insanlar onun
üçün göz yaşı tökürdülər.
Bu, hər kəsə qismət olmur. Təəssüf ki, bir aktyor kimi onun potensialından
kifayət qədər istifadə olunmadı. Məhərrəm Qurbanov açılmamış
kitab idi. Ondan daha çox istifadə etmək
olardı. Bizim də alın yazımız
belədir. Məhərrəmin yeri teatrda çox bilinəcək.
Əsas də biz dostları üçün.
Onunla teatrda eyni otağı paylaşıram,
yoxluğunu hər zaman hiss edəcəm”.
"Ər quyusu” filmində baş rolunu canlandıran mərhum
sənətkar hər zaman bizimlə söhbətində bu
obrazını çox sevdiyini və çəkiliş
prosesində xeyli əyləndiyini deyirdi. Bildirirdi ki, bu
filmin 5 günlük çəkiliş prosesinə bir
çox xatirələr sığdırıb.
Filmin rejissoru Səidə Haqverdiyeva onu istedadlı aktyor
və müsbət xarakterə malik insan kimi yad edir: "Məhərrəm
Qurbanovla 3 il bundan öncə tanış olmuşdum. Çəkəcəyim
"Ər quyusu” filmində mənə ata obrazı
üçün məsum üzlü, gözlərində məhəbbət,
sevgi olan, qayğıkeş və gözəl ləhcə
ilə danışa biləcək aktyor lazım idi. Məhərrəm müəllim filmim
üçün ən uyğun aktyor idi. Gülümsəməsi,
təbəssümü gözlərimin önündən
getmir. Çox mehriban, səmimi, gülərüzlü
biri idi, danışmağı sevməzdi. Ömrüm boyu onu xeyirxah, mehriban, gülərüz
bir insan kimi xatırlayacam. "Ər
quyusu” ilk filmim idi və mən çox təcrübəsiz
idim. Filmin çəkiliş prosesində
onun heç bir kaprizini, şikayətini görmədim. Hər zaman üzü gülsə də gözlərində
kədər və hüzn vardı. Çox yumşaq
xasiyyəti vardı,
xüsusilə uşaqlara qarşı çox
mehriban idi”.
Mərhum
aktyorun yumor hissinin güclü olduğunu deyən S.Haqverdiyeva
onu hər zaman gözəl insan kimi
xatırlayacağını bildirir: "Filmdə Məhərrəm
müəllimin Rəsmiyyə xanımla yataq səhnəsi var
idi. Bu səhnə birinci dublda yaxşı
alınmadı və biz ikinci dublu çəkəsi olduq.
Bu dəfə çox gözəl alınmışdı və
mən sənətkara "bu səhnə əla
alındı, kifayətdir” dedikdə qayıtdı ki, bəlkə
yataq səhnəsini üçüncü dəfə çəkək.
Biz gülməyə başladıq. Rəsmiyyə
xanım dedi ki, deyəsən, Məhərrəmin yeri
rahatdır və bu səhnəni təkrar oynamaq istəyir. İndi bunları gülərək
xatırlayırıq. Çox heyf, Allah rəhmət
etsin, yeri cənnət olsun! Gözəl insan və
istedadlı aktyor itirdik”.
Sənətkarın cənazəsinə gələn
tamaşaçılar, sənət dostları onu son mənzilə
alqışlarla yola saldılar. M.Qurbanovun 60
yaşı olmasına baxmayaraq, fəxri adı yox idi. O,
rəsmən Xalq artisti olmasa da bu dünyadan xalqın artisti
kimi köç etdi. Vahid Əziz "Aktyor”
şeirində aktyorun səsinin və şəklinin çox
yaşayacağını demişdi. Artıq
M.Qurbanov da filmlərdə və şəkillərdə
yaşayacaq. Allah rəhmət etsin!
Xəyalə Rəis
Kaspi 2019.- 23 avqust .- S.7.