Uşaqların
arzularını yerinə yetirən “Xızır baba”
Vəfadar Babayev: “Yardım etdiyin
şəxsin gözlərindəki sevinci
görəndə, yaşadığın hiss
nəyə desən dəyər”
"Örnək” rubrikamızın budəfəki
qonağı "facebook”da
"Xızır baba” yardım səhifəsinin
yaradıcısı Vəfadar Babayevdir. Uzun müddətdir ki, səhifəni
izləyir və etdiyi yardımlardan xəbərdar
idik. Son günlərdə
isə məktəb ləvazimatlarına ehtiyacı olan uşaqlar üçün başlatdığı
yardım kampaniyası hər kəsin marağına səbəb
oldu. Belə ki, bir çox sosial media istifadəçisi
ona dəstək olmaq üçün öz
profillərində adını işarələyərək
paylaşım edir və bu
kampaniyaya daha çox şəxsi cəlb etməyə
çalışır. Biz də onu daha yaxından
tanımaq və dəstək olmaq üçün redaksiyamızda qonaq edib həmsöhbət
olduq. Vəfadar Babayev
1991-ci ildə Kürdəmir rayonunda anadan olub. Ali
təhsilini Azərbaycan Memarlıq və İnşaat
Universitetində Biznesin təşkili və
idarə edilməsi ixtisası üzrə alıb. Universitet illərindən Gənclərə
Yarım Fondu ilə yolları birləşən
Vəfədar bəyin həmin dövrdən insanlara,
xüsusilə də uşaqlara yardım
etmək istəyi yaranıb. Hərbi xidmətə gedib gəldikdən sonra həmin
fondda işləməyə
başlayıb. Başı işlərə qarışsa da, uşaqlara yardım etmək
istəyindən dönməyib. Beləcə, yavaş-yavaş
istəyinə doğru addımlayıb. Sosial şəbəkə də
"Xızır baba” səhifəsini
açıb.
- Necə oldu belə bir yardım səhifəsi
açmaq qərarına gəldiniz?
- Gənclərə Yardım Fondunda işlədiyim dövrdən mən də kimlərəsə kömək etmək istəyirdim. Amma bunu hansı yolla edəcəyimi bilmirdim. Günümüzdə bir çox məsələni sosial şəbəkələr vasitəsilə həll etmək mümkün olur. Yəni etiraf etmək lazımdır ki, sosial media insanlara təsir gücünə malikdir və böyük əksəriyyət "Facebook” istifadəçisidir. Ona görə, düşündük ki, belə bir layihə üçün ən optimal variant sosial mediada səhifə açmaqdır. Sosial media üzərindən həm insanların bizə, həm də bizim insanlara çatmaq cəhdimiz daha asan olur.
- Sizi
sosial şəbəkədə
"Xızır Baba” olaraq
tanıyırıq. Maraqlıdır, nəyə görə bu adı seçdiniz?
- Uzun müddət idi ki, bizdə də uşaqlara hədiyyə verən bir milli babaya
ehtiyac olduğunu düşünürdüm. Qərbdə uşaqlara hədiyyələr verən Şaxta baba modeli var. Amma
biz istədik ki, milli ad olsun.
Ona görə Xızır baba adını seçdik.
Xızır baba türk,
islam coğrafiyasında insanlara
yardım edən personajdır. Yəni mənəvi bir qaynağı var. Amma onu qeyd
edim ki, ad seçimi bir az fərqli oldu. Səhifəni yaradan ərəfədə
hələ ki, konkret ad seçimi yox idi. Yəni milli olmasını istəyirdik, amma dəqiq hansı ad
olacağını bilmirdik. Bir dəfə "Facebook”
da Bakıxan Abdullayev
adlı şəxsin paylaşımını gördüm.
Bakıxan bəy müəllimdir. Statusunda
Xızır babadan
danışılırdı. Yazdıqlarını oxuyanda axtardığım adın bu olduğunu anladım.
Beləcə, səhifəmizin adını "Xızır baba” qoyduq.
- Hiss
olunur ki, yardım etməyi
sevən birisiniz. Bu
istək haradan qaynaqlanır?
- Əslində, gördüyüm
işlər haqqında danışmağı sevmirəm və
bu işdə sadəcə vasitəçiyəm.
Yardıma ehtiyacı olanlarla yardım etmək
istəyənlər arasında körpü
rolunu oynayıram. Bir
dəfə yardım edib, o
duyğunu yaşayan biri, artıq davamlı olaraq
bunu həyata keçirmək istəyir.
Yardım etdiyin şəxsin gözlərindəki
sevinci görəndə,
yaşadığın hiss nəyə desən
dəyər. Məncə, çox
insanın içində o duyğu
var. Sadəcə, onu oyatmaq lazımdır.
- Yardım etdiyiniz insanlar daha çox kimlərdir?
- "Xızır baba” layihəsinin
mahiyyəti əsas etibarı ilə 5-15 yaş
arası uşaqlara yardım etməkdir. Bu yaş
aralığında olan uşaqlar
bizə video və ya
yazılı müraciət edirlər. Biz
də onları səhifəmizdə paylaşırıq.
- Nəyə
görə 5-15 yaş aralığı?
- Başlanğıc üçün 5 yaşı ona
görə seçmişik ki, ən azından öz
istəyini ifadə edə, fikirlərini deyə bilən uşaqlar olsun. 15 yaşdan yuxarı isə uşaqların
müəyyən qədər əmək qabiliyyətli olduğunu, həm də babadan
hədiyyə istəmək yaşlarının keçdiyini nəzərə alaraq
bu yaş
aralığından kənara çıxmamağa
çalışırıq. Düzdür,
arada olur, 5 yaşdan aşağı uşaqların
adından valideynləri bizə müraciət edirlər. Təbii
ki, onların istəyini geri
çevirmirik, səhifəmizdə
paylaşırıq. İnsanlar da sağ olsunlar,
dəstək olurlar. Amma
bacardığımız qədər, 15 yaş
məhdudiyyətini keçməməyə
çalışırıq.
-
Maraqlıdır, müraciət necə olur,
sizlə necə əlaqə saxlayırlar?
- Sosial şəbəkə
istifadəçisi olanlar səhifəmiz
vasitəsilə əlaqə saxlayırlar. Amma
bu işdə müəllimlərin
köməyi daha çoxdur.
Sosial mediada olmayan uşaqlar,
onların ailələri haqqında müəllimlər xəbər
verirlər. Bəzi müəllim qruplarında elanlar
paylaşırıq, qeyd edirik
ki, kimin sinfində
yardıma ehtiyacı olan şagird
varsa, bizə yönləndirsin. Sağ olsunlar, çox fədakar müəllimlərimiz var. Hər biri şagirdləri
üçün əlindən gələn
yardımı edir. "Xızır baba” layihəsi sayəsində çox
yaxşı müəllimlər tanıdıq.
- Sizin
bu təşəbbüsə qoşulan, maddi yardım
göstərənlər olur?
- Əlbəttə, yardım etmək istəyənlər
çox olur. Məsələn,
bu gün səhifəmizdə
bizə müraciət edən uşaqların şəklini və
məktubunu paylaşdıq. Bir xanım görüb mənə yazdı ki, o uşaqların məktəbli
çantası ləvazimatları ilə təminatını öz üzərimə götürürəm.
Belə yardım edənlər çoxdur.
Kimisi pul şəklində,
kimisi əşya ilə dəstək olur. Əşya göndərməkləri bizim üçün daha rahatdır. Çünki
pul formasında olanda bizim də ləvazimatları almağa
vaxtımız gedir. Belə olan halda əşyaların
da hər birinin qəbzini,
hesabatını səhifəmizdə paylaşırıq. Hətta,
bizə Almaniyadan, Avstraliyadan,
Çindən dəstək olan həmyerlilərimiz
olur. Amma çox zaman bilmirik ki, hesaba
pul yükləyən kimdir.
- Qeyd
etdiniz ki, bəzən
pul köçürənlərin kim olduğunu bilmirsiniz. Amma bəzən
görürük ki, insanlar etdikləri yardımı açıq
şəkildə dilinə gətirir, hətta məşhur
simaların etdiyi yaxşılıqlar mediada günlərcə müzakirə mövzusu olur. Bu situasiyaya
yanaşmanız necədir?
- Bilirsiniz, istənilən işdə, eynən də burada niyyət önəmlidir. Əgər adamın niyyəti təşviqdirsə, çox yaxşı. Yox, lovğalanmaqdırsa, bu, düzgün deyil. Belə bir deyim var, sol əlin verdiyini, sağ əl bilməməlidir. Amma indiki dövrdə insanların təşviqə ehtiyacı var. Bəzən bizi də etdiklərimizi paylaşdığımız üçün qınayanlar olur. O zaman izah etməyə çalışıram ki, əgər bu edilənləri paylaşmasaq, insanlar verdikləri pulun ünvanına çatdığını necə bilə bilərlər? Yəni həmin prosesin getdiyini insanlara göstərmək lazımdır. Hətta bir dəfə izləyicilərimizdən biri yazmışdı ki, sizin paylaşımları görməsəydim, kiməsə yardım etmək ağlıma gəlməzdi.
- İşinizin
zövqlü tərəflərindən
danışdıq, bəs, çətinlikləri nədir?
- İstənilən işin çətin tərəfi var. Bizim işin ən böyük çətinliyi kiminsə şübhəsidir. İnsanı gördüyü işdən soyutmaq üçün müxtəlif sözlər deyirlər. Keçən dəfə yardım edən xanımlardan biri səhifəmizin rəy bölümünə yazmışdı ki, uşaqlara hədiyyə almaq adı ilə pul yığırlar, amma hədiyyələri çatdırmırlar. Bu, həqiqətən çox pis təsir etdi. Mən ona mesaj yazıb izah etməyə çalışdım ki, proses bir az uzun çəkir. 100-dən çox uşaq var və hər biri fərqli bölgələrdədir. İşin ərsəyə gəlməsi bir az zaman alır. Bizim işçilərimiz də çoxdur. Hər birimizin şəxsi işləri də var. Yəni bu qədər işin bir anda həll olması mümkün deyil. Elə uşaq olur bir, iki ay hədiyyəsini gözləyir. Amma hər nə olursa- olsun, çatdırırıq. Həmin sözü yazan xanımın da göndərdiyi pulu zərfə qoyub özünə qaytardıq.
-
Maraqlıdır, bu günə qədər
neçə uşağa yardım edibsiniz?
- Dəqiq rəqəm deyə bilmərəm, amma təxmini, bu günədək 130 uşaq müraciət edib. 90 uşağın hədiyyəsi alınıb, 70 nəfərin hədiyyəsi çatdırılıb. Qalan hədiyyələr bizdədir, bu yaxınlarda onlar da veriləcək.
- Danışarkən
"biz” deyirsiniz.
"Xızır baba” komandasında kimlər
var?
- Təbii ki, bütün bu işləri tək görə bilməzdim. Gənc dostumuz Murad Məmmədov var. O, bir çox işdə mənə kömək edir. Alış-verişə, hədiyyələrin çatdırılması üçün rayonlara mənimlə birlikdə gedir. Bundan başqa "facebook”da "Xızır baba könüllüləri” adlı qrupumuz var ki, orada olan gənclər də bizə yardım edirlər.
-
Maraqlıdır, "Xızır baba”nın öz
maddi vəziyyəti necədir?
- (Gülür) Dolanırıq da. Açığı, maddi vəziyyətimi necə ifadə edəcəyimi bilmirəm. "Xızır baba” zəngin deyil. Onu zəngin göstərən yardımsevər, pərdə arxasında görünməyən insanlardır. Yəni mən təkbaşına heç nə edə bilməzdim.
Günel Azadə
Kaspi 2019.- 24-26 avqust.- S.7.