Teatrlarımız tətildən
qayıdır
Ənənəyə
sadiq qalanlar da var, yeniliklər edənlər
də
Hər il yeni
mövsüm başlayanda
teatrlarımıza nəzər salır, bu
mövsümdən olan gözləntilərimizi,
istəklərimizi dilə gətirməkdən çəkinmirik.
Yeni mövsüm yeni ümid, yeni arzu doğurur.
Bu mövsüm də
teatrlarımız ötən mövsümdən
yarımçıq qalmış tamaşaları, qastrol səfərləri, premyeraları, yubiley tədbirlərini planlaşdırır
və yeni mövsüm
üçün illik
proqram hazırlayırlar. Artıq avqust ayının son həftəsini
yaşayırıq, yeni mövsümün
astanasındayıq. Bunu nəzərə
alıb paytaxt teatrları arasında sorğu keçirib, yeni mövsümə necə
hazırlaşdıqlarını soruşduq.
Aydın oldu ki, bu mövsüm bir çox
teatrlarımızın yubileyi qeyd olunacaq. Bəziləri
bunu dövlət səviyyəsində, bəziləri
isə fərdi şəkildə keçirəcəklər.
21 sentyabr - "Qarabağnamə”
İlk olaraq Akademik Milli Dram Teatrından başladıq. Ana teatrımız hər mövsüm olduğu kimi mövsümü açmaq üçün
eyni tamaşaya müraciət edib. Uzun müddətdir ki, mövsümü "Qarabağnamə”
tamaşası ilə
açan teatr bu il də
"kişinin sözü
bir olar” prinsipinə sadiq qalacaq. Belə ki, teatrın
yaradıcı heyəti
sentyabrın 21-də "Qarabağnamə”
tamaşası ilə
mövsümü açıq
elan edəcək. Xalq yazıçısı İlyas Əfəndiyevin
"Hökmdar və qızı” əsəri əsasında hazırlanan
tamaşanın rejissoru
Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Yeni mövsümün yeniliklərinə
gəlincə, bu mövsüm teatrın səhnəsində Cəlil
Məmmədquluzadənin "Dəli yığıncağı”
pyesi əsasında hazırlanan, yeni quruluşda səhnə həlli tapan klassik bir tamaşa
izləyə biləcəksiniz.
Bundan başqa, teatrda ölkə başçısının
imzaladığı Akademik
Milli Dram Teatrının
100 illik yubileyinin keçirilməsi haqqında
sərəncama əsasən,
təntənəli yubiley
tədbiri təşkil
olunacaq. Yubiley tədbirinin
oktyabrın sonları
keçirilməsi gözlənilir.
19 sentyabr - "Koroğlu”
Uzun müddətdir
ki, mövsümü Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı ilə açan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
da bu mövsüm
də ənənəsinə
sadiq qalacaq. Belə ki,
teatr sentyabrın 19-da
Üzeyir Hacıbəylinin
"Koroğlu” üçpərdəli
operası ilə mövsümü açıq
elan edəcək.
Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi
Festivalı çərçivəsində
təqdim olunacaq səhnə əsərində
Koroğlu obrazını
Əməkdar artist Ramil
Qasımov canlandıracaq.
Ötən mövsüm teatrda
hazırlanan Fikrət
Əmirovun "Nəsimi”
baleti bu mövsüm də repertuara daxil edilib. Teatrdan aldığımız məlumata görə, tamaşa sentyabrın 22-də
Ü.Hacıbəyli XI Beynəlxalq
Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. "Nəsimi” baleti
böyük şairin
650 illiyi münasibətilə
yeni quruluşda ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.
20 sentyabr - "O olmasın, bu olsun”
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrı üçün bu mövsüm yubiley ili hesab
edilir. Belə ki, sentyabrın
20-də teatr 110-cu mövsümünə
başlayacaq. Həmin gün
teatrda Üzeyir Hacıbəylinin ölməz
əsəri "O olmasın,
bu olsun” ikihissəli musiqili komediyası nümayiş
olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət
Səlimovadır. Musiqili Teatrda
yeni mövsümdə
Stanislav Stratiyevin
"Avtobus” pyesi əsasında "Çarəsiz
sərnişinlər” tamaşasının
premyerası keçiriləcək.
Hazırda tamaşaya Mehriban
Ələkbərzadə quruluş
verir. Bundan başqa, teatrın
yaradıcı heyəti
Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd
Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlin” komediyasının
üzərində məşqləri
davam etdirir. Tamaşa əməkdar incəsənət
xadimi Əsgər Əsgərovun quruluşunda
hazırlanır. Yeni mövsümdə
teatr yerli və xarici əsərlərə də
müraciət edəcək.
Məsələn, bu il Samir
Qulamovun quruluşunda
"Paris Noterdam kilsəsi”
tamaşası repertuara
daxil ediləcək. Bundan başqa, teatrın yaradıcı heyətinin
oktyabrda Albaniyaya qastrol səfəri gözlənilir. Səfər çərçivəsində
Samuel Bekkertin "Qodonu
intizarında” tamaşasını
nümayiş etdirəcəklər.
14 sentyabr- "Milyonçu"
Azərbaycan Dövlət Akademik
Rus Dram Teatrı yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda hazırlanan
"Milyonçu” tamaşasını
nümayiş etdirəcək.
Əsərin nümayişi sentyabrın
14-nə nəzərdə tutulub.
Tamaşada xalq artisti Natalya Şarovskaya, əməkdar artistlər Salman Bayramov və Fuad Osmanov,
həmçinin aktyorlar
Oleq Əmirbəyov,
Marina Litvinenko, Zaur Terequlov və başqaları rol alacaqlar.
26 sentyabr -"İt gəzdirən xanım”
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı
kollektivi mövsüm
açılışı üçün repertuara yeni daxil etdikləri
"İt gəzdirən
xanım”-ı təqdim
edəcək. A.P.Çexovun eyniadlı hekayəsi
əsasında hazırlanan
səhnə əsəri
sentyabrın 26-da tamaşaçıların
ixtiyarına veriləcək.
Leyla Atayevanın quruluşunda hazırlanan tamaşada rəsmlərin quruluşu
Nurlan Rüstəmova,
əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar
Xanızadəyə məxsusdur.
Səhnə əsərində
rolları Əməkdar
artist Bəhruz Əhmədli,
aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq. Qeyd edək ki, A.P.Çexovun "İt gəzdirən xanım” hekayəsi əsasında
1960-cı ildə "Lenfilm”
kinostudiyasında eyniadlı
film də ekranlaşdırılıb.
Ötən il
25 illik yubileyini qeyd edən teatrın yaradıcı heyəti bu mövsümdə digər
yeni tamaşalar da hazırlamaq niyyətindədir.
15 sentyabr- "Cırtdan”
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrı mövsümü "Cırtdan”
tamaşası ilə
açacaq. Onlar mövsümün açılışını sentyabrın 15-də edəcəklər.
Teatrın mətbuat xidmətinin
rəhbəri Həmidə
Rüstəmovanın sözlərinə
görə, yeni mövsümdə Dədə
Qorqud boylarından ibarət "Adını
doğruldan oğlan” tamaşası səhnələşdiriləcək.
Teatrın baş rejissoru
Qurban Məsimovun quruluşunda rus nağılları əsasında
"Qızıl xoruzun
nağılı” tamaşasının
da hazırlanması nəzərdə tutulur.
28 sentyabr- "Lənət”
Bu mövsüm yubileyini
qeyd edən teatrlardan biri də Azərbaycan Dövlət Yuğ Teatrıdır. Yeni teatr mövsümündə
teatrın 30 illiyi qeyd olunacaq. Onlar mövsümü sentyabrın 28-də U.Şekspirin
"III Riçard" əsəri
əsasında hazırlanan
"Lənət” tamaşası
ilə açıq elan edəcəklər. Həmin gün tamaşanın premyerası keçiriləcək.
Tamaşaya bolqar rejissoru
Xristo Stoyçev quruluş verib. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyir ki, 30 illik yubileylə
əlaqədar teatrda bir çox tədbirlər keçiriləcək.
Mədəniyyət Nazirliyinin dəstəyi
ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır. Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik
yubileyinə həsr olunmuş təntənəli
yubiley tədbirlərinin
keçirilməsi də
nəzərdə tutulur.
Sənət ocağı yaxın
aylarda xarici səfərlərini davam etdirəcək, tamaşaçılar
üçün yeni səhnə əsərləri
hazırlayacaq.
Xəyalə Rəis
Kaspi 2019.- 24-26 avqust.- S.8.