Məzuniyyəti istəməyin
həftə-həftə, gün-gün...
Və ya işə yorğun
qayıtmamaq üçün istirahəti
necə keçirmək lazımdır?
Belə bir fikir
var: "Məzuniyyətə ən çox ehtiyacı olan işçi, məzuniyyətdən yeni gəlmiş işçidir”.
Yəni nə qədər istirahət etsən də,
qayıdanda yenə məzuniyyət istəyirsən. Bəzi
işçilər məzuniyyətdən qayıdandan sonra da yorğun
olurlar, işə yüksək əhval-ruhiyyə,
bol enerji ilə gəlmirlər.
Burda sual yaranır: bəlkə
onlar istirahət müddətlərini doğru dəyərləndirmirlər? Təbii
ki, burada məzuniyyəti
necə keçirməyin rolu önəmlidir.
Bəs işə yorğun qayıtmamaq üçün məzuniyyəti necə
keçirmək lazımdır?
Psixoloq Vəfa Əkbər
"Kaspi”yə açıqlamasında bildirdi
ki, il ərzində
istirahətə çox az
vaxt ayıran adamlar məzuniyyətdən
yorğun qayıdırlar: "Çünki ilk növbədə
onların istirahətdən gözləntiləri çox olur. Bu gözlənti, istirahətdən tam dincəlmiş formada və
yeni təəssüratlarla gəlmək fikridir. Amma eyni anda ikisini
etmək heç də həmişə
alınmır. Yəni dincəlmək üçün
fərqli bir yerə səfər edilirsə
- bu, ölkə daxili
də ola bilər, xarici
bir ölkə də - düşünülür
ki, ora gedəndə bütün ağrıları unudacaq.
Ancaq getdiyin yerdə iqlim dəyişikliyi olursa,
bədən bir neçə gündən
bir neçə həftəyə qədər
uyğunlaşma dövrü
keçir. Biz iki həftəlik harasa gedib, dincəlməyib gələ bilərik. Bu, bizim bədənimizin həmin
iqlimə uyğunlaşa bilmədiyini
göstərir. Bir də, biz,
təəssüratlar arxasınca qaçırıq. Yeni təəssüratların
yaranmasını, gördüyümüz,
eşitdiyimiz hər şeyi
yadda saxlamaq istəyirik.
Və ilk gün beyin çox yüklü olur, səhəri
gün də baş
ağrıları başlayır. Çünki
biz özümüzü
gücümüz çatandan
çox yükləyirik. Bu,
qaynayan rutinin
içində günlərimiz gedir. Tətilin
hər günü qum
saatında axan quma bənzəyir.
Tətil sona yaxınlaşdıqca, həmin
insan gərginləşir. Çünki
yeni təəssürat, informasiya
istəyir, olmadığı təqdirdə, yeni
şəkillər axtarışında olur.
Bu da olmayanda
aqressiya yaranır. Daim
belə gərgin olan insan,
tətil bitəndə istirahətdən doymamış, dincəlməmiş
qayıdır və işə getmək istəmir.
Yaxşı olar ki, tətilə
gedərkən gözləntilərimizi azaldaq.
Sadəcə, hadisələri həmin anın axarına buraxaq”.
V.Əkbərin sözlərinə görə, istirahət dəbə görə deyil, hər kəsin öz zövqünə uyğun edilsə, sonda daha yaxşı nəticə əldə etmiş olarlar: "Getdiyiniz yerdə görmək istədiyiniz məkanlar varsa, planlı şəkildə onu bir neçə günə sığışdıra bilərsiniz. Məzuniyyətin qalan günlərini isə aktiv dincəlməyə sərf etmək yaxşı olar. Gəzməyə, sağlam qidalanmağa çalışmaq lazımdır. Doğru qidalanmadıqda, insan özünü diskomfort hiss edir. Bu da insana həm fiziki, həm də psixoloji olaraq ağrı verir. Ümumiyyətlə, istirahəti necə keçirmək bir az da zövq məsələsidir. Elə adam var ki, fərqli məkanlarda olmaqdan zövq alır, eləsi də var, dənizdən, təbiət qoynunda olmaqdan. Ona görə, istirahət edərkən dəbə uymaqdan çox, zövq almağa fikir vermək lazımdır. Dəbə uyğun istirahət etməyə çalışsan və bu, sənin zövq aldığın istirahət növü deyilsə, onda istirahət müddəti boşuna getmiş olacaq”.
İnsan resursları
mütəxəssisi Cabir Süleymanlı
deyir ki, belə problem yaşanmasının bir
səbəbi məzuniyyəti hissə-hissə götürmək
metodudur: "Bizdə çox
adam məzuniyyəti dar
gün üçün
saxlayır, hamısını tam
götürmək istəmir. Adətən bir
həftə, on gününü
götürürlər. Qısa müddət istirahətə
gedib qayıdanda da
dincəlmək olmur. Bir
həftəyə nə tam işdən
ayrılmaq olur, nə də dincəlmək.
Bir həftənin çoxu
da yollarda keçir. Yəni məzuniyyətə
alışmamış, qayıdırlar”.
C.Süleymanlı bildirdi ki, Azərbaycanın biznes
mühitində, məzuniyyətə gedən işçini
narahat etməmək kimi
bir mədəniyyət hələ tam olaraq
formalaşmayıb: "Ya müştərilər
əlaqə saxlayır, ya işdən
axtarırlar. İstirahətdə olsan da, hər hansı məsələni
araşdırmaq, nəyisə həll etmək lazım gəlir.
İşdən uzaqlaşıb dincəlmək olmur. Ona görə,
işdən uzaqlaşacaq bir
mühitə getmək lazımdır. Bizdə məzuniyyətə
gedərkən işçilərdə qəribə bir məsuliyyət olur, telefonu açıq saxlayırlar ki, birdən lazım olarıq, ehtiyac
olanda əlaqə saxlasınlar”.
Hazırda istirahətdə olan
"Hünər Group" şirkətinin
PR və marketinq departamentinin
direktoru Nəsimi Paşayevin
də bu mövzuda
fikirlərini öyrəndik. O deyir ki, istirahət və işə yanaşma insandan-insana
görə dəyişir: "İnsanlar
var ki, nə qədər
maaş alsalar, hətta
istirahətə getsələr də, getməsələr də
işdə özlərini yorğun hiss edirlər. Bu,
insanın psixologiyası ilə bağlı məsələdir.
Demək ki, insan o işdə özünü
xoşbəxt hiss etmir.
Amma insan var ki, illərlə məzuniyyətə
çıxmasa, istirahət etməsə belə, işə həvəslə
gəlir, özünü xoşbəxt hesab edir. Çünki
o, işini sevir”.
N.Paşayev bildirdi
ki, məzuniyyət və ya
qeyri-məzuniyyət günlərində istirahət edərkən,
bir növ, beynini yeniləməyə
çalışır: "Biz informasiya ilə bağlı sahədə
işləyirik, beynimiz hər zaman dolu olur.
Ona görə, istirahət etmək deyərkən
vücudumuzdan çox
beynimizi yeniləmək istəyirik.
Xüsusilə yay aylarında hər həftə
sonu demək olar ki, paytaxtdan kənara
çıxmağa üstünlük
verirəm. Hətta belə bir deyimim var ki,
Biləcəridən kənara çıxanda özümü
istirahət etmiş sayıram. Ailəmlə,
dostlarımla həftə sonları təbiət qoynuna gedirəm. Çünki
mən təbiətdə istirahət etməyi çox
sevirəm. İldə bir dəfə isə
ailəmlə birlikdə ölkə xaricinə
çıxmağa çalışıram. Təbii ki, bunun hansı ölkə
olması maddi duruma
bağlıdır. Gürcüstana gedirik, ordan da Türkiyəyə keçə bilərik. Bu il bir
həftəlik Antalyaya gəlmişik. Öz bölgələrimizdə istirahətin
öz yeri var, ölkə xaricinə
çıxmağın da öz
yeri”.
N.Paşayev deyir
ki, imkan tapdıqca, yay aylarında gəzməyə
çalışır: "Düşünürəm ki, həftə sonları və bayramlarda imkan yoxdursa, ildə iki dəfə,
ən pis variantda ildə
bir dəfə yayda
müxtəlif yerlərə getmək, görmək, gəzmək
lazımdır. Bu, yenidən iş başına qayıtmaq üçün
çox vacib amillərdən
biridir. Xüsusilə yay
aylarında mütləq gəzmək lazımdır. Son illər istirahət zamanı gəzməyə üstünlük verirəm. İstər Azərbaycan
olsun, istər yaxın qonşu
ölkələr. Gəzdikcə, dünyagörüşün
artır, özünü daha
rahat, gümrah hiss edirsən. Və bunlarla
yanaşı, özünü elə
hazırlamalısan ki, bu
istirahətin sonu var və
sən işə qayıdacaqsan. Bu iş də sənin sevdiyin
işdir, ailənin ruzi-bərəkət yeridir. İş də həyatın
bir mənasıdır. Hər zaman istirahət də sıxıcı ola bilər”.
N.Paşayev qeyd etdi ki, məzuniyyətdən fiziki olaraq yorğun dönsə də, mənəvi olaraq gümrah qayıdır: "Çünki özümü elə hazırlayıram. Məzuniyyət hər zaman üçün insana qısa gəlir. Bitməsini istəmirsən. Ona görə də, özünü buna hazırlamalısan”.
Aygün Asimqızı
Kaspi 2019.- 28 avqust.- S.6.