Abituriyentlərin aqrar ixtisaslara artan marağı
Ekspertin fikrincə, bu sahənin inkişafı milli kadrların hazırlanmasından çox
asılıdır
Azərbaycan Dövlət Aqrar
Universitetinin qəbul planının ilk mərhələdə
92,12% dolması təkcə bu sahənin prioritet istiqamətə çevrilməsindən
deyil, həmçinin
gənclərin sahəyə
marağının artmasından
xəbər verir. Kənd Təsərrüfatı
Nazirliyinin 2019/2020 tədris
ilində ADAU üçün
ayrılmış 1485 yerdən
1368 yerə tələbə
qəbul olunması ilə bağlı məlumatı da faktı təsdiqləyir.
Belə ki, bu, ADAU tarixində ən yüksək qəbul göstəricisidir:
"ADAU-da tələbə
qəbulu üzrə
son ən yüksək
göstərici 2018/2019-cu tədris
ilində qeydə alınmış, ötən
il bu
ali təhsil müəssisəsinə 1292 tələbə
qəbul olmuşdu. Yeni tədris ilində əyani və qiyabi şöbələr
üzrə 54 ixtisas üzrə qəbul aparılıb. Qəbul imtahanlarının
ilk mərhələsində 40 ixtisas üzrə qəbul planı tam dolub. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı
ixtisasları üçün
nəzərdə tutulmuş
yerlərin mütləq
əksəriyyəti dolub
ki, bu da
abituriyentlər arasında
aqrar ixtisaslara marağın artmasının
göstəricisi sayıla
bilər”.
Məlumatda Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması
üçün ötən
ildən başlayaraq bir sıra tədbirlərin
görüldüyü qeyd
edilir. Aqrar sahəyə aid ixtisasları
seçən tələbələrə
əlavə təqaüdlərin
şamil edilməsi də bu sıradandır.
"Bu ali məktəblərə
qəbul imtahanlarında
400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə
100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə
200 manat əlavə təqaüd verilir. Eyni zamanda, ADAU-da ingilis dilində
təhsil alan tələbələrə əlavə
olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş
tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə
tutulur”.
Qeyri-neft sektoru kimi, aqrar
sahənin inkişafı
ölkədə prioritet
vəzifə olduğu
bir vaxtda bu sahənin mütəxəssislərinin yetişməsi
də təbii ki, vacib məsələlərdəndir. Ancaq bu gün aqrar
sahədə mütəxəssis
qıtlığının, uzun illər kənd təsərrüfatı
sahəsinin diqqətdən
kənarda saxlanması
ilə bağlı olduğunu heç kim inkar
etmir. Nəticədə kənd təsərrüfatının
müxtəlif sahələrini
inkişaf etdirmək üçün xarici ölkələrdən mütəxəssislər
dəvət olunur.
Milli kadrların yetişməsi
üçünsə müəyyən
qədər vaxta ehtiyac yaranıb. Nəzərə alsaq ki, kənd təsərrüfatı
məhsullarının istehsalına
və emalına dair Strateji Yol
Xəritəsi çərçivəsində
aqrar sahədə ali təhsilin
inkişafı, o cümlədən
məzunların işlə
təminatına müvafiq
köməkliyin göstərilməsi,
«ikili diplom» proqramlarının tətbiqi
və s. nəzərdə
tutulub, onda məsələnin dövlət
üçün nə
qədər əhəmiyyətli
olduğunu görmək
olar. Aqrar sahədə kadr
çatışmazlığı ilə bağlı problem isə kifayət qədər ciddidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran
Regional Elmi Mərkəzinin
direktoru, Əməkdar
aqronom, professor Fərman Quliyev kənd təsərrüfatı
sahəsində kadr çatışmazlığı ilə bağlı narahatlığını uzun
illərdir dilə gətirdiyini deyir: "Bu sahəni inkişaf etdirmək üçün
mütəxəssislər olmalıdır.
Azərbaycan aqrar ölkəsidir.
Ancaq kənd təsərrüfatı sahələri
üzrə ali
məktəbləri, fakültələri
son illərdə açıblar.
Abituriyentlər daha çox hüquq, gömrük, iqtisadiyyat və s. sahələrə
üz tuturlar. Dövlət
aqrar sahəni inkişaf etdirmək üçün hər cür şərait yaradır. Ancaq bu sahə ilə məşğul olan mütəxəssis tapılmır”. Professor hesab
edir ki, aqrar sahə ilə məşğul olmaq üçün müəyyən güzəştlər
olmalı, təbliğat
işləri aparılmalıdır
ki, gənclər bu sahəyə üz tutsunlar: " Xüsusən, Kənd Təsərrüfatı
və İqtisadiyyat Nazirlikləri də gənclərin bu sahəyə yönəlmələri
üçün diqqət
göstərməlidirlər”.
F.Quluyev təəssüflə
qeyd edir ki, hazırda ölkədə
çayçılığın və subtropik
sahənin inkişafı ilə bağlı Dövlət Proqramı
olsa da, bu sahələr üzrə mütəxəssis
hazırlanmır: "Vaxtilə Lənkəranda
çayçılıq və sitrus sahələrinin
inkişafı üzrə mütəxəssislər, həmçinin
onları hazırlayan texnikum fəaliyyət
göstərib. Lənkəranda Subtropik
Bitkilər Texnikumu bu
sahələr üzrə layiqli kadrlar yetişdirirdi.
Bölgədə sitrus növləri,
çayçılıq və kənd təsərrüfatının
digər sahələrinin inkişafı üçün
şərait olsa da, kadr çatışmır. Düzdür,
hazırda Gəncədə Aqrar Akademiya var. Lənkəran
Universitetində aqrar fakültə fəaliyyət
göstərir. Bu sahədə oxumaq istəyən gənclər üçün də müəyyən təqaüdlər
nəzərdə tutulur. Ancaq
bütün bunlar indi baş verir.
Həmçinin tələbələrin məşğulluğu
üçün də gərək laboratoriyalar, təcrübə sahələri
və s. olsun. Dövlət
kənd təsərrüfatının inkişafı üçün pul
ayırır, kreditlər verir,
sahibkarlığa dəstək göstərir, aqrolizinqlər,
aqroservislər var, amma
mütəxəssis yoxdur”. Professor bildirir ki, kadrın yetişməsi üçün
müəyyən vaxt lazımdır:
"Bu addımların nəticəsi özünü beş ildən
sonra göstərəcək. Vaxtilə ulu öndər Heydər Əliyev subtropik sahənin,
çayçılığın inkişaf
etdirilməsi üçün mütəxəssisləri
Gürcüstana, Rusiyaya
təhsil almağa göndərirdi. Demək
olar ki, hər il 10-15 nəfər bu sahələr
üzrə xaricdə təhsil alırdı. Bu
gün də kadr
hazırlanmasına ciddi diqqət yetirilməlidir.
Çünki bu sahənin
inkişafı üçün
yaxşı mütəxəssislərə ciddi
ehtiyac var”.
Kənd
təsərrüfatı üzrə ekspert Nicat Nəsirli hesab
edir ki, problemin kökü əvvəlki illərlə
bağlıdır. Belə ki, biz bu sahədə mütəxəssis
yetişdirməmişik: "Kənd təsərrüfatı
torpaqla, bağçılıqla bağlı olduğu
üçün bu sahədə oxuyanlar da sonradan işləmək
üçün bu sferanı seçmirlər. Uzun illər
hesab edilirdi ki, kənd təsərrüfatı gəlirlik
baxımından perspektivsiz sahədir. Peşə
baxımından da kənd təsərrüfatı sahələrinə
azgəlirli sahə kimi yanaşılıb. Ancaq unuduruq ki,
qidanın strateji əhəmiyyəti bütün dünyada
artır. İnsan qidasız yaşaya bilməz. Bu qidanı
istehsal edən peşələrin də get-gedə əhəmiyyəti
artır. Dünyada trendlər belədir ki, ən nüfuzlu
ixtisaslar, karyeralar məhz qida strategiyası üzərində
qurulur. Amma bizdə tam əksinədir”. Ekspert hesab edir ki, aqrar
sahəyə münasibətdə get-gedə tendensiya dəyişməkdədir.
Yəni ictimai rəydə, yanaşmalarda köklü dəyişikliklər
hiss olunur: "Əgər bir neçə il əvvəl kənd
təsərrüfatı ölkədə hörmətdən
düşmüş bir sahə hesab olunurdusa, bu gün tədricən
məsələnin aktuallığı artır».
Ekspertin
fikrincə, aqrar sahə üzrə təhsil alan tələbələrin
xarici təcrübəni öyrənməsi isə mütləqdir:
"Müasir texnologiyalarla bağlı bilikləri, elmi
yeniliklərin hamısını universitet tələbəyə
verə bilmir. Ona görə, tələbə mütləq təcrübə
mübadiləsi keçməlidir ki, ölkənin əmək
bazarında rəqabətə davam gətirə bilsin. Digər
tərəfdən, bizim milli sahibkarlıq sistemi kadr
seçimində birmənalı olaraq yerli kadrlara
üstünlük verməlidir. Xüsusən sənayeləşmiş
istiqamətdə yerli kadrlara inamsızlığı və
onların əməyinə lazımlı qiymətin verilmədiyini
görürük. Bu da məsələyə çox ciddi təsir
göstərir. Dünyada yeni trend daşıyan aqrar ixtisaslar,
biotexnologiyaların, innovasiyaların tətbiqi, seleksiya elmi ilə
bağlı olanlar həm aqrar, həm də tədris
universitetlərinin təhsil proqramına
salınmalıdır. Çünki bunlar gələcəyə
ünvanlanan peşələr sayılır. Amma bizim ixtisaslar
qrupunda azlıq təşkil edir. Bu da gələcəkdə
bizim kadrların əmək bazarında rəqabətə davam
gətirə bilməməyini göstərir. Ümumilikdə
bu, qlobal mənada bizim cəmiyyətin problemidir”. Ekspert
bildirir ki, aqrar bazada kadr potensialımızın zəif
olması faktdır. Belə ki, Strateji Yol Xəritəsində
də kənd təsərrüfatı sahəsinin
inkişafı hədəf olaraq qoyulub: "Eyni zamanda da,
dövlət proqramlarında bu məsələ yer alıb.
Xüsusən aqrar sahə regionlarda işləyən milli
kadrların hesabına zənginləşdirilsin. Aqrar sahənin
inkişafı isə yaxşı milli kadrların
hazırlanmasından çox asılıdır”.
Təranə Məhərrəmova
Kaspi 2019.- 28 avqust.- S.5.