Toylarımızı “zəhərləyən”
səbəblər
Ekspertlər
kütləvi qida zəhərlənməsinin
qarşısını almaq üçün nəzarətin gücləndirilməsinin
vacib olduğunu
söyləyirlər
Bu günlərdə
İsmayıllıda baş verən zəhərlənmə
ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər
müraciət edib. Səhiyyə
Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, qidadan zəhərlənmə
ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər,
həkimlərə bildiriblər ki,
İsmayıllının Qəzili kənd sakini
Müşviq Sabəli oğlu
Hüseynovun oğlu
üçün keçirdiyi
kiçik toy məclisində
iştirak etdikdən sonra
özlərini pis hiss
ediblər. Bu hadisədən bir gün əvvəl isə
Şəkidə keçirilən toyda
kütləvi zəhərlənmə baş
verib. Səhiyyə Nazirliyindən verilən
məlumata görə, Şəkidə toyda
iştirak edən 21 nəfər zəhərlənib.
Çeşməbelli kəndində məclisdə olan şəxslər toydan
sonra Mərkəzi Rayon
Xəstəxanasına müraciət ediblər. Müraciət
edənləri müayinə edən həkimlər onlarda disbakterioz
aşkarlayıblar. Xəstələrə tibbi
yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Toylarda kütləvi zəhərlənmə
faktı demək olar ki,
artıq adi hadisəyə çevrilib.
Bəs görəsən bu zəhərlənmələrin
səbəbi nədir? Ümumiyyətlə, bu
məsələyə nəzarət edilirmi?
Azərbaycan Tibb Universitetinin qidalanma və
kommunal gigiyena
kafedrasının müdiri İbrahim Əhmədov deyir
ki, hələlik bu haqda araşdırma aparılır: "Adətən
kənd yerlərində toylarda toy sahibləri yeməkləri ev
şəraitində hazırlayırlar. Yəqin ki, bu dəfə də zəhərlənmənin
səbəbi məhz bundan qaynaqlanır. İndi yay fəslidir. Qidalar tez bir
zamanda xarab olur. Bildiyiniz kimi, bütün
ərzaq məhsullarında bağırsaq çöpləri olur. Çox vaxt belə yerlərdə gigiyenik
qaydalara lazımınca riayət olunmur. İcarəyə götürülən
şadlıq evlərində hazırlanan yeməklərin tərkibində
bağırsaq çöplərinin miqdarı həddindən
artıq çox olur.
Bu yeməkləri qəbul edənlərdə
yüngül formada qida zəhərlənməsi baş
verir. Belə zəhərlənmələr
zamanı tez bir zamanda xəstələr sağalır. Amma istənilən halda bu zəhərlənmələrin orqanizm üçün
müəyyən təhlükəsi var.
Xüsusilə, natamam müalicə olunduğu zaman bu problem gələcəkdə
daha da dərinləşə
bilir. Belə hallara zaman-zaman rast gəlinir. Məhsulların
düzgün şəraitdə
saxlanılmaması, xüsusilə, salatların hazırlanma
texnologiyasına əməl edilməməsi belə zəhərlənmələrə
gətirib çıxarır. Ona görə
də, isti aylarda bu məsələlərə ciddi
diqqət edilməlidir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovölkənin əmtəə bazarında olan təhlükəli və mənşəyi məlum olmayan məhsullar satıldığını vurğuladı: "Belə təhlükəli malların sayı çoxdur. Həmin məhsullardan şadlıq evlərində, restoranlarda geniş istifadə olunur. Qida Təhlükəsizliyi Agentliyi belə məsələlərə çevik reaksiya bildirməlidir. Şadlıq evləri, restoranlar insanların təhlükəli qida ilə qidalandığı yerlərdir. Orada, adətən ev şəraitində hazırlanan içkilərdən istifadə edilir. Bu məsələdə ictimaiyyət də böyük rol oynayır. Əhali bilməlidir ki, vaxtı keçmiş və mənşəyi məlum olmayan qidalardan istifadə etmək olmaz. Xüsusilə, riskli qidalardan uzaq durulmalıdır. Bizdə əksinə olaraq, belə məhsullara tələbat daha çoxdur. Bu məsələlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Azad İstehlakçılar Birliyi olaraq biz həmin qurumlarla əməkdaşlıq etməyə çalışsaq da, hələlik bu, mümkün olmayıb. İctimai rəyin yaradılması bu məsələdə böyük rol oynayır. İctimai dəstək olmadan nəzarət gücləndirilə bilməz. Hər kəs bilməlidir ki, onun hüquqlarını qoruyan qanun var. Qidanın son istifadə müddəti, saxlanma şəraiti üzərində qeyd olunur. Amma şadlıq evlərində bu qaydalara əməl edilmir. Elə məhsullar var ki, günlərlə açıq şəraitdə saxlanılır. Ona görə də, bu məsələ ilə bağlı xüsusi mexanizm yaradılmalı və zəhərlənmə zamanı çevik reaksiya verilməlidir”.
AQTA-nın İnformasiya təminatı
və innovativ həllər şöbəsindən
"Kaspi”yə bildirildi ki,
hər iki məsələ ilə
bağlı araşdırma aparılır: "Şəkidə
baş verən hadisə qida
zəhərlənməsi deyil. Bu, disbakteriozdur. Yəni qida zəhərlənməsindən
söhbət gedə bilməz. İsmayıllıda həyətyanı
sahədə keçirilən kiçik toy məclisində qidadan
zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən
ibarət işçi qrupu
hadisə yerinə ezam olunub.
Hadisənin hansı səbəbdən baş
verməsinin müəyyənləşdirilməsi istiqamətində
araşdırmalara başlanılıb. Aparılan
araşdırmaların nəticələri ilə
bağlı geniş məlumat veriləcək”.
"Sağlam Toplum” İctimai Birliyinin rəhbəri Lalə Mehralı qeyd etdi ki, yay aylarında qida zəhərlənmə hallarına çox rast gəlinir: "Adətən bu zəhərlənmələr salatların tərkibinə vurulan xamadan və mayonezdən qaynaqlanır. Qeyd olunan rayonlardakı toylar mağar toylarıdır. Belə yerlərdə məhsulların saxlanma şəraiti əlverişli deyil. Amma şadlıq evlərində, restoranlarda belə bir problem olmamalıdır. Çünki onların məhsulları saxlamaq üçün əlverişli şəraiti var. Təəssüf ki, zəhərlənmələrin çoxuna elə restoranlarda rast gəlinir. Deməli, burada problem təkcə qidaların saxlanması ilə bağlı deyil. Yəni qidaların tərkibi də bu zəhərlənmələrdə mühüm rol oynayır. Elə qidalar var ki, onlar maksimum bir gün saxlana bilər, növbəti gün həmin qida vasitələrini istifadə etmək olmaz. Amma toylarda salatlar axşamdan hazırlanır. Belə olan təqdirdə, zəhərlənmə qaçılmazdır. Həmçinin yağların, meyvə sularının da tərkibi qaneedici deyil. Belə halların qarşısını almaq üçün nəzarət daha da gücləndirilməlidir. Şadlıq evlərinin zirzəmilərində saxta spirtli içkilər hazırlanır. Ucuz başa gəlsin deyə, xüsusi menyu tərtib edilir. Restoranlarda keyfiyyət tərkibi aşağı olan məhsullara daha çox üstünlük verilir. Belə məsələlərə nəzarət edilmir. İsti aylarda balıq məhsullarına diqqət edilmir. Bu aylarda balıq yemək xüsusilə təhlükəlidir. Qidadan əlavə, qabların təmiz yuyulmaması faktına da rast gəlinir. 9-10 il əvvəl Qazaxda sırf bu səbəbdən kütləvi zəhərlənmə olmuşdu. Səbəblər araşdırıldıqda məlum oldu ki, aşpaz qazanı göy sabunla yuyub. Nəticədə toya gələn qonaqların demək olar ki, hamısı qidadan zəhərləniblər. Gigiyena məsələlərinə diqqət edilmir. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı xüsusi nəzarət mexanizmi təşkil etməlidir”.
Şəbnəm
Mehdizadə
Kaspi 2019.- 29 avqust.-
S.7.