Özünü
Bakıda tapan bayburtlu “könül adamı”
Sehlan Burak: “Öz kökünü
bilməyən insan modern ola bilməz”
O, əslən
Türkiyənin kiçik tarixi şəhəri olan
Bayburtdandır. Uşaq
yaşlarından anasından eşitdiyi xalq mahnılarının sədaları ilə böyüyüb. Hazırda İstanbulda yaşayan və
ifaçılıq sənəti ilə məşğul olan
müsahibim Sehlan Burak, ölkəsində xalq
mahnılarının mahir ifaçısı kimi
tanınır. Amma təkcə ifaçı kimi yox, aparıcı
və aktyor kimi də fəaliyyət göstərir.
Deyir ki, hər
xalqın öz mədəniyyəti var və mədəniyyətindən,
kökündən qopan millətin gələcəyə
ümidi yoxdur. Müsahibim etiraf edir ki, gənc
yaşlarında xanımlarım könlünü almaq
üçün mahnı oxusa da, sonra bu sahədə təhsil
alıb və xalq musiqinin təbliği ilə məşğul
olmağa başlayıb.
- Sehlan bəy, özünüzü
necə təqdim edərdiniz?
- Bayburtlu
Sehlan. 2006-cı ildən bəri
"Könül adamı” adlı verilişin
aparıcısıyam. Bir az sevda və
könül adamıyam. Uzun müddətdir ki,
musiqi ilə məşğulam. Anamın mənim
üçün ifa etdiyi xalq mahnıları ilə
böyümüşəm. 86
yaşında dünyasını dəyişən anam, qoca
yaşında belə mahnı oxuyurdu. Musiqiyə
böyük həvəsi vardı. Bəzən məni
televiziyadan izləyir, ifa etdiyim xalq mahnıları tənqid
edirdi və ev gələndə "bu
mahnını yaxşı oxumadın, o, sənə uyğun
bir mahnı deyil” deyirdi. Onun hər kəlməsi
mənim üçün qanun idi. Məktəb
illərindən mahnı oxuyurdum, daha sonra Bələdiyyə
Konservatoriyasına daxil oldum, televiziyalara çıxdım.
- Qeyd etdiniz ki, ananız bəzən
səsləndirdiyiniz mahnıları tənqid edirdi. Bəs tənqidlə aranız necədir?
- Təhqir
olmazsa, tənqidə sonuna qədər açığam. Amma bilərəkdən və məni gözdən
salmaq üçün ünvanıma təhqir söylənirsə,
bunu qəbul etmirəm. Qarşı tərəf
tənqid məqsədi ilə sizi beldən aşağı
vurursa, bunu tənqid hesab etmirəm və həmin insanın
fikirlərinə diqqət yetirmirəm. Əgər tənqid
olmazsa, inkişaf
edə bilmərik və işimizdə heç bir irəliləyiş
olmaz.
- Bu
gün xalq mahnılarını ifa etmək o qədər də
məşhurluq gətirmir.
- Əslində bu gün pop musiqilər daha çox
inkişaf edib və əsas tələbat da həmin
mahnılaradır. Çox istəyirəm
ki, xalq musiqisinə bir dönüş olsun. Bugünün gəncləri
tamamilə başqa musiqilərə meyllidirlər. Bir insanı məhv etmək üçün onu mədəniyyətindən
qoparmaq lazımdır. Musiqi də
insanı öz mədəniyyətindən qopmaq
üçün ən ideal vasitədir. Demirəm
gənclər roku, popu dinləməsin, məsələn,
qızım da pop, rok qruplarını dinləyir. Nəyi dinləyirlərsə dinləsinlər,
kimliyini itirməsin, kökünün, hardan gəldiyini
unutmasınlar. Öz kökünü bilməyən insan modern ola bilməz.
Çox istəyirəm ki, gənclərimiz
oxusunlar, inkişaf etsinlər, tarixlərini
araşdırsınlar, dünyada yaşayan hadisələrə
açıq gözlə baxsınlar. Bir
mahnının təsirinə düşüb, onun arxasınca
getməsinlər. Azərbaycanı özünəməxsus edən
onun xalq mahnıları və milli-mədəni dəyərləridir.
Bunları kimlərsə qoruyub
saxlamalıdır və kimsə o xalq mahnılarını ifa
etməli, onu gündəmdən düşməyə,
unudulmağa qoymamalıdır. Biz bu
gün bu mahnılarımıza sahib çıxmasaq,
böyüyən gənclik onlardan xəbərsiz olacaq, elə
biləcəklər elə pop mahnıları onların xalq
mahnılarıdır. Bir dəfə araşdırma etdim və
acı reallıqla üz-üzə qaldım. Avropa
dövlətləri zəngin mədəniyyətə malik
olan ölkələr üçün viza məsələsini
ağırlaşdırıblar. Uüçün
uşaq vaxtı Amerikanın kosmik filmlərini izləyirdik.
Onlar olmayanları həqiqət kimi göstərirdilər.
İllərdir Amerika dünyanı "biz
möhtəşəm gücə sahibik” devizi altında
qorxutdu və idarə etməyə başladı.
Dünyaya "mənim görünməz silahlarım, kosmosa
uçan təyyarəm var” mesajlarını verdi.
Ancaq halbuki elə bir şey yoxdur.
Amerikanın elə də böyük tarixi yoxdur və mədəniyyətlərinin
içərisi bomboşdur. Adi Almaniyada
toyları bizim toylar kimi keçirməyə
başlayıblar. İndi-indi xına gecələri
keçirir, toylarının yaddaqalan olması
üçün bizim adətlərə keçməyə
başlayırlar. Yoxsa bir şampan və bir neçə dostla
toylarını idarə edirdilər. Bu el
şənliyini keçirməyin özü bir mədəniyyətdir
və onların belə adətləri yoxdur. Orada türk toylarının dizaynında el şənlikləri
keçirən şirkətlər belə var. Yəni deməyim odur
ki, gərək hər bir xalqın özünün adətləri,
musiqisi zəngin olsun. Baxın görün Azərbaycan və Türkiyə
xalq mahnıları insana necə gözəl duyğu bəxş
edir. O mahnılar bizə bizim kim
olduğumuzu xatırladır. Bir dəfə
Fransaya konsert verməyə gedəcəkdim. Bir məscidin
imamı ilə birlikdə Fransız konsulluğuna müraciət
elədim. Həmin imama viza verdilər, ancaq mənə
vermədilər. Mənim də bir dostum
Bayburtda icra başçısının köməkçisi
idi, onun tanışlığı ilə konsulluğa gəldik.
Mənə maraqlı idi ki, nə
üçün Fransada konsert proqramı ilə
çıxış edə bilmərəm. Konsulluqdan dedilər ki, siz niyə Fransaya getməyə
bu qədər inad edirsiniz? Onlar
düşünürlər ki, yüksək mədəniyyətə
məxsus olan dövlətlərin sənətçiləri
onların ölkəsinə gəlib öz ölkələrinin
mədəniyyətini təbliğ edərlər. Onlar isə bunu istəmirlər və təmiz
fransız xalqı yetişdirmək niyyətindədirlər.
Dil, din, yemək, musiqi bir ölkənin əsas
mədəniyyətidir. Onlar da öz
ölkələrində türk və başqa dövlətlərin
mədəniyyətini görmək istəmirlər. Bir dövlətin mədəniyyətinin zənginliyi
onun xalq mahnılarında görünür. Buna görə də musiqinin gücünü
heç də zəif görməyin.
- Hesab edirsiniz ki, musiqi ilə
tanınmaq mümkündür?
- Əlbəttə ki, bir sənətçini məhz elə
musiqinin gücü ilə tanıyırsınız. Zor tətbiq etməklə, pulun hesabına
edə bilməyəcəyimizi musiqilər və müğənnilər
edir. O musiqi bütün gəncliyi ələ alır. İnsanlar dünyaca məşhur müğənnilərin
sözlərinə daha çox inanır.
-
Bildiyimiz qədəri ilə sizin bir çox
albomlarınız var və Bakıya da elə albom
hazırlığı üçün gəlibsiniz.
- Bəli.
Yeni albom üzərində
çalışıram. Albomuma bir
neçə Azərbaycan xalq mahnıları da əlavə
etmək istəyirəm və bunun üçün burdayam.
Bundan başqa həmin mahnıya Bakıda klip
çəkdirəcəyəm. Hələ
ki, albomda 12 mahnı var, onların 4-nün sözü və
musiqisi mənə aiddir. Bir də
Bakıya aid şeir yazıb, ona mahnı bəstələyəcəyəm.
- Türkiyədə konsertlərdən
və albomlardan pul qazanmaq mümkündürmü?
- Əlbəttə ki, müğənninin əsas
qazancı konsertlərdir və ondan sonra el şənlikləri.
- Azərbaycanda
isə müğənnilərin əsas qazanc yeri toylardır.
- Bu, əslində
bütün dünyanın şou sektorunda belədir. Ancaq bu gün toylarda daha çox disklərdən
istifadə edilir. Müğənni toya gəlirsə,
diskini gətirib fonoqram oxuyur.
- İndiki dövrdə
albomdan pul qazanmaq mümkün olmadığı halda, niyə
bu qədər albom çıxartdırmağa
israrlısınız?
- Albom biz müğənnilərin
özünü ifadə etmək üçün bir vasitədir.
Bir növ müğənninin vizit kartıdır, şəxsiyyət
vəsiqəsidir. Albom çıxardacaqsınız, o alboma
klip çəkdirəcəksiniz, bu klip sizi tanıdacaq və
beləcə, sizə pul gətirəcək.
- Ancaq o
mahnılar internetdə var və onu pulsuz şəkildə
yükləmək mümkün olduğu halda, dinləyicilər
niyə pul verib albom alsınlar ki?
- Albomdakı mahnıların çoxu internetə
yükləmək üçün ifa olunur. Yaşı
40-ı keçən elə dinləyicilər var ki, onların internetdə istifadə
etmək imkanı olmur və hələ də mahnıları
CD-dən dinləyirlər. Bundan başqa maşınla yol gedəndə
sosial mediaya girə bilmirsiniz və diskdə olan
mahnıları dinləyirsiniz.
- İstanbulda nə
işlə məşğulsunuz?
- Sadəcə öz sənətimlə məşğulam.
Musiqi ciddi bir işdir. Bundan başqa bir işlə məşğul
olmaq mümkün olmur. Həm də musiqi ilə yanaşı
başqa sahələrdə işləmək sənətçi
üçün deyil.
- Yaradıcılığınıza nəzər salanda pop janrında mahnılara da rast gəlinir.
- Mənim ifamda pop mahnıları gözəl
alınır. Bu sahədə təhsilim də var. Pop musiqiçilərinin
mahnılarından da ifalar edirəm. Təəssüf ki,
xalq musiqisi gənclər tərəfindən çox da dinlənmir.
Amma rok və pop janrı gəncləri daha
çox cəlb edir. Ancaq pop janrından
pul qazanmaq istəmirəm. Məni xoşbəxt
edən milyonlarca pop və rok ifaçılarının
arasında mənim xalq mahnılarımın olmasıdır.
İstəmirəm yaşlanandan "sənətçi olub da cəmiyyətə
nə verdin?” sualı ilə üz-üzə qalım.
- Azərbaycanda ilk dəfə gəlibsiniz.
Təəssüratlarınız necədir?
- Əslində Azərbaycan haqqında başqa fikirdə
idim. Ancaq Bakıya gəldikdən sonra hər şeyin fərqli
olduğunu gördüm. Mən daha
dağınıq və köhnə sovetlər dövründən
qalma bir şəhər görəcəyimi
düşünürdüm.
Bakıda gördüyüm mənzərə
məni çox heyrətləndirdi. Məsələn,
nəqliyyatın sıx inkişaf etdiyi yollarda
maşınların ciddi nizam-intizamı var. Yollarda gedən və
gələn maşınların arasında hasarlanmış və
dəmirlərlə halqalanmış sərhəd yoxdur.
Sadə bir xətlə gediş və gəliş
yolu var. Və heç bir maşın digərinin yoluna
çıxmır. Mən bir türk olaraq bununla qürur duydum. Bakıda özümü tapdım. Ancaq məni narahat edən məsələlər də
oldu. Məsələn, Bakıda çox az
məscid var. Sabah azanını eşitmədim. Bu, məni məyus etdi. İnsanın
içərisindəki inanc hər şeydən önəmlidir.
Azərbaycana xüsusi sevgim var. Çünki Azərbaycan
bizim türklük şüurunun çox fərqli inkişaf
etdiyi bir məmləkətdir.
Uzun müddət müstəmləkə
altında qalıb, ancaq buna baxmayaraq öz adət-ənənələrini,
dilini qoruyub saxlamağı bacaran bir dövlətdir. Buna görə də ölkə rəhbərliyinə
və Azərbaycan xalqına böyük təşəkkür
düşür.
Xəyalə Rəis
Kaspi $2019.- 31 avqust.- S.8.